Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında)

 

Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyinin Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) ilə təhsil sahəsində əlaqələri, həyata keçirilən birgə layihə və proqramlar barədə fikirlərimi sizinlə bölüşəcəyəm.

YUNESKO BMT-nin ixtisaslaşmış qurumu kimi Təhsil Nazirliyinin uğurla əməkdaşlıq etdiyi tərəfdaşlardan biridir. Bu təşkilatla əməkdaşlıq razılaşdırılmış ikitərəfli proqramlar və birgə layihələr vasitəsilə həyata keçirilir. Bu isə o deməkdir ki, YUNESKO ilə əməkdaşlıq həm bu təşkilatın dünyada həyata keçirdiyi universal proqramları, həm də Azərbaycanda təhsilin bu və ya digər sahələri ilə bağlı layihələri əhatə edir.

YUNESKO ilə əməkdaşlığın istiqamətlərindən biri "Təhsil hamı üçün (THÜ)" Proqramı ilə bağlıdır. 1998-ci ildə YUNESKO-nun Daşkənddə keçirilən tədbirindən sonra Azərbaycan bu proqrama cəlb olunmuşdur. 1999-cu ilin mayında Nazirlər Kabineti THÜ üzrə milli qiymətləndirmənin həyata keçirilməsi qaydalarını təsdiq etmiş, Proqramın həyata keçirilməsi üçün Təhsil, İqtisadi İnkişaf, Maliyyə, Gənclər və İdman, Mədəniyyət və Turizm, Daxili İşlər, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə və Müdafiə nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Statistika Komitəsinin nümayəndələrindən ibarət işçi qrupu yaradılmış, milli koordinator təyin edilmişdi. İşçi qrupu Təhsil Nazirliyinin təşkilati rəhbərliyi altında fəaliyyət göstərirdi.

Proqram çərçivəsində 18 göstəriciyə əsasən qiymətləndirmə aparılmış, Azərbaycan üzrə Milli hesabat Azərbaycan və ingilis dillərində hazırlanmış, 2000-ci ilin yanvarında Tailandın paytaxtı Bankonqda YUNESKO-nun regional təhsil forumunda təqdim edilmişdir. Həmin ilin mayında isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti YUNESKO tərəfindən THÜ ilə əlaqədar Dakar şəhərində keçirilən Dünya Təhsil Forumunda iştirak etmişdir. Həmin forumda "Təhsil hamı üçün-2015" Proqramı qəbul edilmiş, dövlətlərin təhsil sistemləri qarşısında konkret hədəflər müəyyənləşdirilmişdir.

YUNESKO-nun digər ölkələrdə də həyata keçirdiyi bu Proqramın əsas məqsədi hər bir ölkədə təhsilin gələcək inkişaf prioritetlərini müəyyən etmək və THÜ-nün məqsədlərinin uğurla həyata keçirilməsinə zəmin yaratmaqdır. Azərbaycan üzrə hazırlanmış hesabat məktəbəqədər, xüsusilə də ümumi orta təhsil sahəsində həyata keçiriləcək islahatların əsas istiqamətlərini müəyyənləşdirmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi nümayəndə heyətinin 7-13 dekabr 1998-ci il tarixlərində Fransaya səfəri zamanı YUNESKO-nun Baş katibi Federiko Mayor ilə görüşünün və təhsil sahəsində əməkdaşlığın perspektivləri barədə aparılmış müzakirələrin Təhsil Nazirliyi ilə YUNESKO arasında əməkdaşlığın daha işgüzar və səmərəli xarakter almasında xüsusi rolu olmuşdur.

Təhsil sahəsində əməkdaşlıq çərçivəsində bilavasitə YUNESKO-nun dəstəyi ilə 1999-cu ildə Azərbaycanın 2 ali məktəbində kafedralar yaradılmışdır ki, həmin kafedralar "YUNESKO kafedraları" adlandırılır. Bunlar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yaradılan İnsan hüquqları, demokratiya və sülh kafedrası və Azərbaycan Dillər Universitetində yaradılan Tərcümə elmləri kafedrasıdır. Bu kafedralar bilavasitə ali təhsilin keyfiyyətinin yüksəldilməsinə, Azərbaycan ali təhsilinin beynəlxalq təhsil sisteminə inteqrasiyasına zəmin yaradır.

YUNESKO-nun beynəlxalq səviyyədə həyata keçirdiyi layihələrdən biri də İnformasiya və kommunikasiya texnologiyaları (İKT) layihəsidir. İKT-nin sürətlə inkişafı, onun təhsildə rolu və əhəmiyyəti, qabaqcıl ölkələrin bu sahədə əldə etdiyi nailiyyətlərin bütün regionlarda və ölkələrdə yayılması və tətbiqi zərurəti YUNESKO-nun diqqətindən kənarda qalmamışdır Bu sahədə dünyada nəzərəçarpan məsələlər onunla bağlıdır ki, təhsil nazirlikləri, təhsil sahəsində qərar qəbul edən şəxslər İKT sahəsində baş verən bu sürətli dəyişikliklərdən öz təhsil sistemlərinin yararlanması üçün konkret mexanizmə malik deyildirlər.

Təsadüfi deyildir ki, 2000-ci ilin aprelində Dakarda keçirilmiş Dünya Təhsil Forumunda təmsil olunan dövlətlər, o cümlədən Azərbaycan digər öhdəliklərlə yanaşı, informasiya və kommunikasiya texnologiyalarından istifadə, ən geci 2002-ci ilə qədər bu sahədə Milli tədbirlər planının hazırlanması sahəsində öhdəliklər götürmüşdü. İKT-nin təhsildə tətbiqi həmin planların tərkib hissəsi olmalı idi.

Bu məqsədlə 2001-ci ildə YUNESKO tərəfindən "YUNESKO-nun yeni informasiya və kommunikasiya texnologiyaları və təhsil proqramı" adlı strategiya da hazırlanmışdı. Həmin strategiyada 2002-2003-cü illər üçün təşkilatın fəaliyyətinin iki prioritetindən birinin təhsilin, elmin və mədəniyyətin inkişafında yeni informasiya və kommunikasiya texnologiyalarının rolu ilə bağlı olduğu bəyan edilmişdi.

Məhz YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu üzv ölkələrdə informasiya və kommunikasiya texnologiyalarının təhsilin bütün pillələrində tətbiqinə kömək göstərmək məqsədilə 26-28 aprel və 29-30 iyun 2002-ci il tarixlərində Moskva şəhərində seminarlar təşkil etmişdi. Bu seminarlarda Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti də iştirak etmişdi. Seminarların başlıca məqsədləri aşağıdakılardan ibarət idi:

-təhsildə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı məsələləri müzakirə etmək;

-müxtəlif ölkələrin bu sahədəki təcrübə və yanaşmaları ilə tanış olmaq, dünyada inkişaf tendensiyasını müşahidə etmək;

-iştirakçıları İKT-nin tətbiqi sahəsində milli siyasətin hazırlanması strategiyaları üzrə ideya və tövsiyələrlə tanış etmək.

Qeyd etmək lazımdır ki, məhz götürülmüş öhdəliklərin yerinə yetirilməsi istiqamətində Azərbaycanda İKT üzrə Milli Strategiya qəbul olundu və 2004-cü ildə ölkə Prezidenti tərəfindən Dövlət Proqramı təsdiq edildi, 2008-ci ildən başlayaraq isə bütün səviyyələrdə və pillələrdə təhsilin informasiyalaşdırılması istiqamətində əhəmiyyətli addımlar atıldı.

YUNESKO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən uğurlu layihələrdən biri də Assosiativ Məktəblər Layihəsidir (AML). 1953-cü ildən həyata keçirilməyə başlanmış bu layihə YUNESKO-nun nizamnaməsində qeyd olunan təhsil, elm və mədəniyyət vasitəsilə millətlər arasında əməkdaşlığın gücləndirilməsinə, sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım məqsədi daşıyır. Assosiativ Məktəblər şəbəkəsinin başlıca məqsədi pilot layihələr vasitəsilə dünyanın hər yerində sülh mədəniyyəti və dözümlülüyün təbliğ edilməsində məktəblərin rolunun gücləndirilməsidir. İştirakçı məktəblər arasında əməkdaşlıq əlaqələrinin yaradılması, tədris materialları, müəllim və tələbə mübadiləsi məsələləri də bu şəbəkənin tərkib hissəsidir.

AML milli, regional və beynəlxalq səviyyələrdə həyata keçirilir. Milli səviyyədə YUNESKO üzrə Milli komissiyalara və təhsil nazirliklərinə sülh mədəniyyəti və dözümlülüklə bağlı yeni və əlverişli tədris üsullarının tətbiqi sahəsində şəbəkə yaratmaq təklif olunur.

Regional səviyyədə təhsil sahəsində layihələr, təşəbbüslər və tədbirlər (regional seminarlar, milli əlaqələndiricilər səviyyəsində tədbirlər və sair) daxil olmaqla fəaliyyət planı tərtib olunur.

Beynəlxalq səviyyədə AML şəbəkəsində informasiya mübadiləsi, məktəblər arasında həmrəyliyin yaradılması və qarşılıqlı münasibətlərin dəstəklənməsi, habelə beynəlxalq pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Assosiativ məktəblər tədris üsullarının və materiallarının təkmilləşdirilməsi sahəsində beynəlxalq layihələrdə iştirak edirlər. Hazırda bu məktəblər dünyanın bütün regionlarını əhatə edir. Onlar həm şəhər, həm də kəndlərdə mövcuddur. Eyni zamanda AML şəbəkəsinə uşaq bağçaları, texniki peşə məktəbləri və pedaqoji ali məktəblər də daxil ola bilərlər.

Azərbaycan məktəbləri YUNESKO-nun bu layihəsinə 2000-ci ildən fəal surətdə qoşulmuşlar. Hazırda Azərbaycanın 18 təhsil müəssisəsi AML şəbəkəsinə daxildir. Bu tədris müəssisələrində layihə ilə işləmək üçün xüsusi əlaqələndiricilər təyin olunmuşdur ki, onlar da şəbəkə çərçivəsində işlədikləri təhsil müəssisəsində bu işə rəhbərlik etməklə yanaşı, müəllim və şagirdləri YUNESKO-dan alınmış materiallarla tanış edirlər. 2000-ci ilin sentyabrında YUNESKO-nun nümayəndəsinin iştirakı ilə Bakıda AML-ə daxil olan məktəblər üçün seminar təşkil edilmişdir.

Azərbaycanda AML şəbəkəsinə qoşulmuş məktəblərin şagird və müəllimləri regional və beynəlxalq tədbirlərdə respublikanı layiqincə təmsil edirlər. 2004-cü il mayın 12-dən 14-dək Bakı şəhərində YUNESKO-nun maliyyə dəstəyi ilə AML şəbəkəsinə qoşulmuş təhsil müəssisələrinin koordinatorlarının "Təhsilin keyfiyyəti təcrübədə" mövzusunda beynəlxalq seminar keçirilmişdir. Tədbirdə Avstriya, Almaniya, Fransa, Rusiya və Gürcüstandan, eləcə də YUNESKO katibliyindən nümayəndələr iştirak etmişlər.

2003-cü ilin oktyabrından başlayaraq respublikamızın AML şəbəkəsinə qoşulmuş ümumtəhsil məktəbləri YUNESKO-nun təşkil etdiyi "Mondialoq" layihəsində iştirak edirlər. 2004-cü il sentyabrın 17-dən 20-dək İspaniyanın Barselona şəhərində "Mondialoq" üzrə keçirilmiş simpoziumda Bakı şəhəri 220 nömrəli məktəbin "Dream" komandası Nigeriyanın Laqos Kankom Kollecinin "Lasmok" komandası ilə birlikdə təqdim etdikləri "Kontinental oyun" layihəsi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmiş, hər iki komandaya birinci dərəcəli diplom və pul mükafatı verilmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, 2004-cü ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi və həmin ilin sentyabrında bu fəxri adın verilməsi ilə bağlı YUNESKO-nun Qərargahında xüsusi mərasimin keçirilməsi, ölkəmizin YUNESKO ilə əlaqələri, xüsusilə təhsil sahəsində əməkdaşlığında yeni mərhələnin başlanğıcı olmuşdur. Məhz bundan sonrakı illərdə həmin təşkilatla Azərbaycan arasında əməkdaşlıq əlaqələri, xüsusilə təhsil sahəsində əməkdaşlıq daha intensiv xarakter almışdır.

2005-ci ilin 15 sentyabrında Azərbaycan Respublikasının Prezidenti "YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında" xüsusi sərəncam imzalamışdır. Sərəncamla YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyən edilmiş, təhsil naziri müxtəlif nazirlik, komitə və digər dövlət qurumlarının rəhbərlərindən ibarət 17 nəfərin daxil olduğu Milli Komissiyasının sədr müavini təyin olunmuş, bu sərəncam Təhsil Nazirliyinin YUNESKO ilə əməkdaşlığının daha da genişlənməsi üçün əlavə imkanlar yaratmışdır.

Texniki peşə təhsilinin inkişafı layihəsi. 2005-ci ilin martında Təhsil İslahatlarına Yardım Mərkəzi YUNESKO-nun maliyyə və ekspert dəstəyi ilə Azərbaycanda texniki peşə təhsili üzrə seminar keçirdi. Tədbirdə YUNESKO Baş direktorunun təhsil üzrə müavini Piter Smit, təşkilatın Moskva ofisinin mütəxəssisləri və xarici ekspertlər də iştirak edirdilər. Seminarda Azərbaycanda texniki peşə təhsilinin inkişaf perspektivləri, eyni zamanda YUNESKO Baş direktorunun Azərbaycana səfəri zamanı imzalanması nəzərdə tutulan qarşılıqlı anlaşma memorandumuna müvafiq sahə üzrə daxil ediləcək əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdu.

2006-cı ilin 19-20 dekabr tarixlərində Bakı şəhərində "UNEVOC (Texniki və peşə təhsili və təlim üzrə beynəlxalq mərkəz) şəbəkəsi vasitəsilə peşə təhsilinin inkişafı" mövzusunda beynəlxalq seminar keçirilmişdir. Seminarda UNEVOC təşkilatının rəhbəri, YUNESKO-nun Moskvadakı Regional Bürosunun nümayəndəsi, Rusiya, Belarus və Gürcüstandan olan mütəxəssislər iştirak etmişdilər. Seminarın məqsədi texniki peşə təhsilinin vəziyyəti və bu sahədə mövcud olan problemlərin müzakirəsi, eyni zamanda peşə təhsili sahəsində islahatların həyata keçirilməsində YUNESKO-nun və UNEVOC təşkilatının konkret rolu və potensial yardım imkanlarının müəyyənləşdirilməsi idi.

2007-ci il iyunun 18-də Azərbaycan Respublikası hökuməti və Heydər Əliyev Fondu ilə YUNESKO arasında "Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi" layihəsinin həyata keçirilməsi haqqında Saziş imzalanmışdır. Layihənin əsas məqsədi peşə təhsili sahəsində mehmanxana xidməti, turizm, informasiya və kommunikasiya texnologiyaları, ingilis dili üzrə müasir tələblərə cavab verən yeni kurikulumların və dərs vəsaitlərinin hazırlanması, texniki peşə təhsili üzrə kadrların ixtisasartırma və təlim resurs mərkəzinin yaradılmasıdır.

Layihəyə əsasən Təhsil Problemləri İnstitutunun tərkibində Texniki Peşə Təhsili Mərkəzi yaradılmış, müasir avadanlıqlarla təchiz edilmişdir. Mehmanxana inzibatçısı və kompüter üzrə operator ixtisasları üzrə müasir kurikulumların hazırlanması məqsədilə beynəlxalq və yerli ekspertlərin iştirakı ilə 2009-cu il 10-11 mart və 6-9 iyun tarixlərində seminarlar keçirilmiş, kurikulumların ilkin variantı hazırlanmışdır. Yeni kurikulumlar əsasında müasir tipli dərsliklər hazırlanmış, tərcümə edilmiş və qiymətləndirilmə üçün YUNESKO-nun Moskva ofisinə göndərilmişdir. Layihə çərçivəsində texniki peşə təhsilinin təkmilləşdirilməsi üzrə 2010-cu ildə Bakı şəhərində beynəlxalq konfransın keçirilməsi də planlaşdırılmışdır.

İnklüziv təhsil layihəsi. Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuş "Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı"nın icrası istiqamətində Təhsil Nazirliyinin YUNESKO ilə birgə layihəsi 2005-ci ildən başlanmış, Bakı və Sumqayıt şəhərlərində iki məktəbi və iki uşaq bağçasını əhatə etmişdir. Layihə Təhsildə İslahatlara Yardım Mərkəzi və UAFA qeyri-hökumət təşkilatlarının yaxından iştirakı ilə həyata keçirilir.

Təhsil Nazirliyi və YUNESKO-nun həyata keçirdiyi layihənin əhatə etdiyi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühiti yaradılmış, təhsil müəssisələrinə zəruri avadanlıqlar, o cümlədən uşaqların problemlərinə müvafiq xüsusi vasitələr (aparatlar, cihazlar, əlil arabaları və sair) alınmışdır. Bu layihə çərçivəsində ilk dəfə olaraq inklüziv təhsilə həsr olunmuş xüsusi veb-sayt yaradılmış, müəllimlər və valideynlər üçün vəsaitlər hazırlanmış və nəşr edilmişdir.

Layihə çərçivəsində 12-13 iyun 2006-cı il tarixlərində Bakıda "Azərbaycanda inklüziv təhsil təcrübəsi" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Bu, Azərbaycanın təhsil tarixində inklüziv təhsilə həsr olunmuş ilk beynəlxalq tədbir idi. Konfransın əsas məqsədi Azərbaycanda inklüziv təhsil üzrə həyata keçirilən layihələrin nəticələrini müzakirə etmək, həmçinin bu sahədə səmərəli siyasətin hazırlanması ilə bağlı məsələləri həll etmək idi.

YUNESKO ilə əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin xüsusi rolu olmuşdur. Belə ki, 5-9 iyul 2005-ci il tarixlərində YUNESKO rəhbərliyinin dəvəti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti Parisdə səfərdə olmuşdur. Səfərin məqsədi YUNESKO-da keçirilən "Davamlı gələcək üçün Azərbaycanda təhsil islahatları" mövzusunda Azərbaycana həsr olunmuş konfransda iştirak etmək, YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın Azərbaycana səfəri zamanı imzalanacaq Memoranduma daxil ediləcək prioritetləri müzakirə etmək olmuşdur. Qeyd etmək lazımdır ki, YUNESKO-nun tarixində ayrıca bir ölkəyə həsr olunmuş belə bir konfrans ilk dəfə məhz Azərbaycanla bağlı keçirilmişdir.

Səfər zamanı YUNESKO-nun Baş direktoru Koişiro Matsuura nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycanda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən inkişafyönümlü tədbirlərdən danışılmış, YUNESKO - Azərbaycan əlaqələrinin intensiv inkişafı diqqətə çatdırılmış, ölkədə təhsil sahəsində aparılan islahatlar, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təhsilin inkişafı ilə əlaqədar həyata keçirdiyi proqramlar barədə məlumat verilmişdir.

YUNESKO-nun Baş direktoru Koişiro Matsuura Azərbaycanla əlaqələrin, xüsusilə təhsil sahəsində əlaqələrin son illərdə xeyli inkişaf etdiyini vurğulamış, ölkə Prezidenti cənab İlham Əliyevin bu əməkdaşlığın inkişafında xidmətini xüsusi qeyd etmiş, xoşməramlı səfir Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin, milli dəyərlərinin təbliği istiqamətində uğurlu fəaliyyətini diqqətə çatdırmış, rəhbərlik etdiyi təşkilat tərəfindən gələcəkdə də Azərbaycanla bağlı layihələrin həyata keçiriləcəyini bildirmişdir.

İyulun 6-da Azərbaycana həsr olunmuş konfrans öz işinə başlamışdır. Konfransda YUNESKO Baş direktorunun müavini Piter Smit, təşkilatın təhsil sektorunun, onun şöbələrinin rəhbərləri və bütün əməkdaşları, üzv ölkələrin təşkilatdakı nümayəndələri, təhsil üzrə beynəlxalq ekspertlər, Azərbaycanın Fransadakı səfirliyinin və Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.

Konfransda "Azərbaycan təhsil sistemi: real vəziyyət, problemlər və islahat istiqamətləri" mövzusunda geniş məruzə edilmişdir. Məruzə Azərbaycanın təhsil tarixi, keçid dövrünün problemləri, təhsil pillələri, Təhsil Nazirliyinin beynəlxalq əlaqələri, xüsusilə YUNESKO ilə əməkdaşlığı, Azərbaycanda aparılan təhsil islahatları üzrə həyata keçirilən tədbirlər və sair məsələlər olmaqla ölkə təhsilinin bütün məqamlarını əhatə etmişdir.

Nümayəndə heyətinin üzvləri "Azərbaycanda ümumi orta təhsilin inkişafı: əsas xüsusiyyətlər və perspektivlər", "Azərbaycanın ali təhsil sistemində islahatlar" mövzusunda çıxışlar etmişlər. Bütün çıxışlar konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

İyulun 7-də və 8-də nazirliyin nümayəndə heyəti YUNESKO-nun təhsil sektoruna daxil olan orta və texniki peşə, ali təhsil, təhsilin keyfiyyəti, erkən yaş dövründə uşaqların inkişafı, inklüziv və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili, təhsil siyasəti və strategiyası departamentlərində görüşlər keçirmişdir. Görüşlərdə YUNESKO ilə əməkdaşlıq Memorandumuna daxil ediləcək prioritetlər müzakirə olunmuş, konkret təkliflər irəli sürülmüşdür.

YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın 23-26 avqust 2005-ci il tarixlərində Azərbaycana səfərini ölkəmizlə YUNESKO arasında təhsillə bağlı əməkdaşlığın daha da dərinləşməsində xüsusi mərhələ kimi qiymətləndirmək olar. Belə ki, bu səfər zamanı Azərbaycanda təhsilin inkişafına həsr olunmuş "YUNESKO - Azərbaycan: gələcəyə körpü" adlı ikinci beynəlxalq konfrans keçirilmişdir.

Konfrans zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyi və YUNESKO arasında təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Memoranduma əsasən aşağıdakı prioritet sahələr üzrə əməkdaşlıq nəzərdə tutulmuşdur:

-keyfiyyətli təhsilə bərabər imkanların yaradılması;

-təhsilin strateji planlaşdırılması və idarəolunması;

-təhsilin bütün pillələrində müəllimlərin ixtisasının artırılması və kurikulumun inkişafı vasitəsilə keyfiyyətin təmin olunması;

-texniki peşə təhsilinin təkmilləşdirilməsi;

-təhsildə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi.

Anlaşma Memorandumuna əsasən təhsil siyasətinin hazırlanması məqsədilə birgə işçi qrupunun yaradılması nəzərdə tutulmuş, Azərbaycan Respublikası Təhsil Nazirliyi və YUNESKO-nun nümayəndələrindən ibarət İşçi qrupu yaradılmışdır. Eyni zamanda əməkdaşlıq haqqında Qarşılıqlı Anlaşma Memorandumunda nəzərdə tutulan müddəaların həyata keçirilməsi məqsədilə birgə tədbirlər planı da hazırlanmışdır.

Onu da qeyd etmək lazımdır ki, beynəlxalq konfransın materialları əsasında Təhsil Nazirliyi tərəfindən xüsusi kitab hazırlanmış, Azərbaycan və ingilis dillərində nəşr olunmuşdur.

2006-cı ilin 18 dekabr tarixində YUNESKO-nun maliyyə və ekspert dəstəyi ilə "Azərbaycanın ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi" mövzusunda Milli seminar keçirilmişdir. Seminarda kredit sisteminin tətbiqi ilə əlaqədar görülmüş işlər, əldə edilən nəticələr, nəzərdə tutulan perspektivlər müzakirə edilməklə yanaşı, YUNESKO-nun dəstəyi ilə seminarda iştirak edən təcrübəli beynəlxalq ekspertlərin tövsiyələri nəzərə alınmaqla bu sahədə gələcək fəaliyyətin təşkili istiqamətləri müəyyənləşdirilmişdir.

YUNESKO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş ən mühüm tədbirlərdən biri 14-16 may 2008-ci il tarixlərində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda keçirilmiş YUNESKO-nun Dünyada Savadlılığın dəstəklənməsi üzrə Regional Konfrans olmuşdur. Bakıda keçirilən bu regional konfrans qlobal savadlılığın dəstəklənməsi məqsədilə dünyanın ayrı-ayrı regionlarında keçirilməsi nəzərdə tutulan altı silsilə konfransdan sayca beşincisi olmuşdur. Konfransda dünyanın 30-dan çox ölkəsinin 200-dək təhsil eksperti və nümayəndəsi iştirak etmişdir.

Ərəb ölkələrini əhatə edən I regional konfrans 2007-ci ilin martında Qətərin paytaxtı Dohada, Şərqi və Cənub-Şərqi Asiya bölgəsini əhatə edən II konfrans 2007-ci ilin avqustunda Çin Xalq Respublikasının paytaxtı Pekində, Afrika bölgəsini əhatə edən III konfrans 2007-ci ilin sentyabrında Malidə, Cənub və Cənub-Qərbi Asiya bölgəsini əhatə edən IV konfrans isə həmin ilin noyabrında Hindistanın paytaxtı Dehli şəhərində keçirilmişdir.

Konfransın əsas məqsədləri aşağıdakılardan ibarət olmuşdur:

-ölkələrin savadlılıq və yaşlıların təhsilinə dair problemlər haqqında məlumatlandırılması;

-savadlılığın və yaşlıların təhsili ilə bağlı maarifləndirmənin aparılması;

-savadlılıq və yaşlıların təhsili sahəsində əsas problemlərin və nailiyyətlərin müəyyənləşdirilməsi və müzakirəsi;

-savadlılıq və yaşlıların təhsili üzrə səmərəli təcrübənin təqdimatı və tətbiqi;

-ölkələr arasında əməkdaşlığın inkişafı;

-savadlılıq və yaşlıların təhsili sahəsində problemlərin həllinə yönəldilmiş milli strategiyanın müəyyənləşdirilməsi məqsədilə tövsiyələrin hazırlanması.

Mehriban xanım Əliyevanın da qatıldığı "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda keçirilmiş konfransda YUNESKO-nun Baş direktoru Koişiro Matsuura, Hollandiya şahzadəsi xanım Laurentien, YUNESKO-nun xoşməramlı səfirləri - İordaniya şahzadəsi xanım Firyal və İslandiyanın sabiq prezidenti xanım Viqdos Finboqadottir, Latviyanın təhsil naziri Koke Tatyana, o cümlədən Almaniya, Avstriya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Albaniya, Kipr, Çexiya, Estoniya, Gürcüstan, Yunanıstan, Macarıstan, Latviya, Lixtenşteyn, Litva, Moldova, Monteneqro, Polşa, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Slovakiya, Sloveniya, İsveçrə, Makedoniya, Türkiyə və Ukraynadan təhsil məsələləri üzrə ekspertlər iştirak etmişlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfransa ünvanlamış müraciətində deyilirdi: "Konfrans Avropada savadlılıq səviyyəsinin artırılması istiqamətində atılmış ciddi addım olacaq və YUNESKO-nun təhsillə əlaqədar strateji sənədlərində bəyan etdiyi məqsədlərə çatmaq istiqamətində yeni mərhələ təşkil edəcəkdir".

Konfransın təşəbbüskarı Mehriban xanım Əliyeva bu nüfuzlu tədbirdə çıxış edərək qeyd etmişdi: "Ümidvaram ki, dünya üzrə qlobal savadlanmaya dəstək məqsədilə keçirilən digər regional konfranslar kimi bugünkü konfrans da təhsil sahəsində strateji əhəmiyyəti olan proqram və layihələrin həyata keçirilməsinə öz layiqli töhfəsini verəcək, konfransda iştirak edən bütün dövlətlər arasında tərəfdaşlığın bərqərar olmasına, təhsil sahəsində yeni metodların tətbiqinə yardım göstərəcək, bu konfrans 2005-ci ildə keçirilmiş "Azərbaycan-YUNESKO: gələcəyə körpü" mövzusunda keçirilən konfransda müzakirə olunmuş ideyaların daha da inkişaf etdirilməsinə, o cümlədən qaçqın və məcburi köçkünlərin təhsili kimi mühüm problemlərin həllinə kömək edəcəkdir".

YUNESKO-nun Baş direktoru Koişiro Matsuura öz çıxışında demişdi: "Savadlılıq dünyanın gündəliyində duran və 2015-ci ilədək hamı üçün təhsili təmin etməyi qarşısına məqsəd kimi qoyan beynəlxalq layihənin əsasını təşkil edir. Lissabon strategiyasında qeyd edildiyi kimi, əgər Avropa 2010-cu ilədək dünyanın ən dinamik və rəqabətədavamlı biliyə əsaslanan iqtisadiyyata malik bir qitəsi olmaq istəyirsə, onda bu məqsədə çatmaq üçün öz əhalisinin lazım olan savad və bacarıqlara yiyələnməsini təmin etməlidir".

Azərbaycan Respublikasının təhsil naziri olaraq konfransda savadsızlığın ləğvinin vacibliyi məsələsinə toxunaraq qeyd etmişdim: "Müasir dövrdə savadlı olmaq dedikdə təkcə yazmaq, oxumaq və xarici dil bilmək deyil, həm də informasiya texnologiyalarından yararlana bilmək nəzərdə tutulur. Hazırda dünyada "Hamı üçün təhsil" konsepsiyasının 6 məqsədindən biri olan savadlılıq problemi geniş müzakirə olunur. Savadlılıq anlayışına yanaşma zaman keçdikcə öz mahiyyətini dəyişir və ayrı-ayrı kontekstlərdə müxtəlif cür şərh edilir.

Ənənəvi olaraq savadlılıq dedikdə oxu və yazı, dinləyib anlamaq bacarığı nəzərdə tutulur. Hazırkı dövrdə savadlılıq dedikdə isə qeyd edilənlərdən başqa, oxu və yazıdan müasir ünsiyyət modelləri çərçivəsində istifadə edə bilmək bacarığı düşünülür. Başqa sözlə, savadlılıq insanların cəmiyyətdə əldə etdiyi informasiyanı dərk etmək və ötürmək qabiliyyəti, öz funksiyalarını tam şəkildə yerinə yetirmək potensialı deməkdir. Bu isə təbii ki, həm ənənəvi anlamda oxu və yazı bacarığını, həm də müasir anlamda həmin bacarıqlardan istifadə edərək cəmiyyətdə öz yaşayışını maksimum tənzimləmə qabiliyyətini özündə ehtiva edir.

Ona görə də insanın bütün həyatı boyu fasiləsiz təhsil almasına şəraitin yaradılması, onun biliyinin, bacarıq və qabiliyyətlərinin daim təkmilləşdirilməsi ali təhsilin mühüm vəzifələrindən biri kimi qarşıya qoyulur. Təhsil ekspertləri fasiləsiz təhsili Avropanın gələcək inkişafında həyati məsələ səviyyəsində qiymətləndirirlər. Artıq belə bir fikir formalaşmışdır ki, universitetlərin və digər ali təhsil müəssisələrinin statusu yüksəldilməklə onlar tədricən elmi-tədqiqat, peşə hazırlığı fasiləsiz təhsil mərkəzlərinə çevrilməlidir. Burada əsas məqsəd ali məktəbləri əmək bazarında yaranan tendensiyaların, eləcə də elm, texnika və iqtisadiyyat sahələri üzrə yeniliklərin öyrənilməsi, tədqiq edilməsi yolu ilə mütəxəssis hazırlığının yeniləşdirilməsi prosesinə, bu sahədə təkmil formaların və innovasiyaların tətbiqinə, gələcəkdə cəmiyyətin rastlaşa biləcəyi problemlərin həllinə daha geniş cəlb etməkdən ibarətdir."

2009-cu ilin 6-10 oktyabr tarixlərində təhsil nazirinin rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti Fransada rəsmi səfərdə olmuşdur. Nümayəndə heyətinin tərkibinə Təhsil, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin nümayəndələri, o cümlədən YUNESKO üzrə Milli Komissiyanın rəhbəri daxil idi. Bu səfər YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın dəvəti ilə YUNESKO Baş konfransının 35-ci sessiyasında iştirak etmək məqsədi ilə həyata keçirilmişdir.

Konfransın əsas məqsədi YUNESKO-nun gələcək fəaliyyətinin müzakirəsi və əməkdaşlıq istiqamətləri üzrə tövsiyələrin hazırlanması, o cümlədən son iki il ərzində əməkdaşlıq haqqında hesabatların təqdimatı olmuşdur.

Sessiyanın başlıca məqsədlərindən biri də YUNESKO-nun Baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar təşkilatın yeni Baş direktorunun seçilməsi idi. Qeyd etmək lazımdır ki, YUNESKO-nun Baş direktoru vəzifəsinə Bolqarıstanın YUNESKO-dakı keçmiş nümayəndəsi xanım İrina Bokovanın namizədliyi təqdim olunmuşdu və sonradan İ.Bokova həmin vəzifəyə seçildi.

Konfrans plenar iclaslar, eləcə də nazirlər və nümayəndə heyətlərinin başçıları üçün təşkil olunmuş "dəyirmi masa"lar şəklində keçirildi. Plenar iclasların gedişində Azərbaycan nümayəndə heyəti tərəfindən konfrans iştirakçılarına aşağıdakı istiqamətlər üzrə üç məruzə təqdim olundu:

1.Dünya maliyyə böhranı şəraitində təhsilin əsas vəzifələri, problemləri və inkişaf istiqamətləri.

2.Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə YUNESKO arasında təhsil sahəsində əməkdaşlığın əsas istiqamətləri.

3.Azərbaycan ilə YUNESKO arasında təhsil, elm, mədəniyyət, informasiya texnologiyaları, idman və digər sahələrdə əməkdaşlığın strateji istiqamətlərinin inkişafı.

Konfransda Azərbaycanla YUNESKO arasında müxtəlif sahələrdə əməkdaşlığın strateji istiqamətləri, o cümlədən yaşlıların təhsili, İKT-nin təhsil sistemində tətbiqi və ixtisasartırma təhsili sahəsində layihələr, Avropa regionunda savadsızlığın aradan qaldırılması ilə əlaqədar 2008-ci ildə Bakıda keçirilmiş Regional Konfrans, 2009-2015-ci illərdə Azərbaycanda elmin inkişafı üzrə milli strategiya və digər məsələlərlə bağlı təqdimatlar keçirildi.

Təhsil Nazirliyinin YUNESKO ilə əməkdaşlığı hazırda dinamik inkişaf mərhələsindədir. İnanıram ki, növbəti illərdə həmin təşkilatla birgə layihə və proqramlar çərçivəsində əməkdaşlığımız daha da genişlənəcəkdir. 

 

 

(Ardı var)

 

Misir MƏRDANOV

 

Azərbaycan müəllimi.- 2010.- 5 mart.- S.1, 3.