Karnegi Mellon Universiteti

 

Yerləşir:                                            ABŞ, Pensilvaniya ştatı, Pitsburq şəhəri   

Yaranma tarixi:                                Yaranma tarixi:    1900-cü il

Tipi:                                                   Özəl

İllik gəlirləri:                                    57929733 ABŞ dolları

İşçi heyəti:                                        4000 nəfər

Tələbələrin sayı:                              11371 nəfər

Rəsmi saytı:                                      www.cmu.edu

 

Karnegi Mellon Universiteti (Carnegie Mellon University) ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində yerləşən özəl ali təhsil müəssisəsidir.  Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının dünya universitetlərinin 2009-cu il üzrə apardığı reytinqinə əsasən, Karnegi Mellon Universiteti 27-ci yerdə qərarlaşıb. Yarandığı gündən universitet qəbul etdiyi yeni-yeni proqramlarla dünya universitetləri arasında əsas yerlərdən birini tutub. Amerika Birləşmiş Ştatlarının "U.S News and World Report" jurnalının 2009-cu il üzrə reytinqinə görə, Karnegi Mellon Universiteti ABŞ ali məktəbləri üzrə 22-ci, bu ölkənin universitetləri arasında kompüter elmləri üzrə 4-cü, mühəndislik elmləri üzrə 6-cı, biznes sahəsi üzrə 15-ci, dövlət siyasəti üzrə 10-cu, təsviri incəsənət sahəsi üzrə 7-ci, psixologiya elmi üzrə isə 17-ci yerə layiq görülüb.

 

Tarixi

 

1900-cü ildə Şotlandiyadan olan iş adamı və mesenat, məşhur "Mənim qəlbim işlə döyünür" (bu, sonradan universitetin şüarına çevrilir) sözlərinin müəllifi Endryu Karnegi öz vəsaiti hesabına Pitsburq şəhərində Karnegi Texniki Məktəbini yaradır. Məktəbin yaradılmasında məqsəd bu şəhərin aşağı təbəqəsindən olan insanlarının övladlarına texniki peşə təhsili vermək olur. 1903-cü ildə qızlar üçün Marqaret Morrison Karnegi Kolleci yaradılır və kollec 1973-cü ilədək fəaliyyət göstərir. 1912-ci ildə Karnegi Texniki Məktəbinin adı dəyişdirilərək Karnegi Texniki İnstitutu olur və burada 4 illik təhsil verilməsinə başlanılır. 1965-ci ildə Mellon Sənaye Tədqiqatları İnstitutu bu ali məktəblə birləşdirilərək Karnegi Mellon Universiteti adlandırılır.

1938-ci ildə Karnegi Texniki İnstitutu Forbes prospekti ətrafında yeni ərazi alır və 1952-ci ildə həmin ərazidə Sənaye İdarəçiliyi Ali Məktəbi, 1971-ci ildə isə Vin yataqxanası (Wean Hall) tikilir. Süni intellekt, robot texnikası və incəsənəti, eləcə də digər sahələrin inkişafı, tələbələrin sayının sürətlə artması  burada yeni-yeni obyektlərin tikilməsinə səbəb olur. Təhsil müəssisəsinin ərazisi Sinli Parkdan başlayaraq bütövlükdə Forbes prospekti daxil olmaqla xeyli genişlənir.

Riçard Seyertin 1970-1980-ci illərdə Karnegi Mellon Universitetində prezidentliyi dövründə bu ali təhsil müəssisəsi sürətlə inkişaf edir. 1970-ci ildə universitetin tədqiqat büdcəsi 12 milyon, 1980-ci ilin sonunda isə 110 milyon ABŞ dolları təşkil edir. 1980-ci ilin ortalarında Karnegi Mellon Universitetində hesablama şəbəkəsi yaradılır, universitetin kampusunda yerləşən bütün obyektlər kompüterləşdirilir. 24 aprel 1984-cü ildə universitetin cmu.edu internet səhifəsi yaradılır. Beləliklə, Karnegi Mellon Universiteti ali təhsil müəssisələrinin ümumi domeni olan edu-ya qoşulmuş ilk altı universitetdən biri olur.

1990-2000-ci illərdə Karnegi Mellon Universiteti ABŞ-ın elit universitetlərindən ibarət olan "Top 25" reytinqində əsas yerləri tutur. 1997-ci ilin aprelində Yel Universitetinin Meşə təsərrüfatı və ekologiya fakültəsinin dekanı Cared Cohon Karnegi Mellon Universitetinin Qəyyumlar Şurasının sədri seçilir. C.Cohon universitetin inkişafı məqsədilə yeni strateji plan qəbul edir. Karnegi Mellon Universiteti yeni proqram və mərkəzlər yaradaraq  hesablama  maliyyəsi, informasiya texnologiyaları, idarəetmə, davranış iqtisadiyyatı, insan və kompüterin qarşılıqlı təsiri, əyləncə texnologiyaları və hesablama elmləri  üzrə liderlik əldə edir. Son 20 ildə burada Universitet, Teatr və Drama Purnell  mərkəzləri, Biznes Məktəbinin Posner  binası    bir  neçə  yataqxana tikilib.

2004-cü il iyulun 1-dən Karnegi Mellon Universiteti "İlhamlandırmaq" adlı kampaniya altında 1 milyard dollar məbləğində vəsait toplayır. 31 oktyabr 2009-cu ildə kampaniyanın gəliri 605,5 milyon dollar təşkil edib. Bu məbləğin 252,4 milyon dolları Karnegi Mellon Universitetinin Fonduna verilib.

11 avqust 2009-cu ildə universitet Geyts Hillman kompleksinin tikintisini başa çatdırıb. Buraya 318 bölmə, laboratoriyalar, kompüter otaqları, mühazirə zalları, auditoriyalar və s. daxildir.  Geyts Hillman kompleksi Bill və Melinda Geyts Fondunun 20 milyon və Henri Hillman Fondunun isə 10 milyon dollar vəsaiti hesabına inşa edilib. 

 

Büdcə və təhsil haqqı

 

2009-2010-cu tədris ilində Karnegi Mellon Universitetində bakalavrların təhsil haqqı 40300-40920 ABŞ dolları təşkil edib. Təhsil haqqı, yataqxana, kitablarla təmin olunma və s. daxil olmaqla tələbələrin ümumi xərcləri 54160 ABŞ dolları dəyərindədir. Magistr və doktorantların təhsil haqqı isə fakültədən, proqramdan asılı olaraq 31750-71400 ABŞ dolları arasında dəyişir.

Dünyanın digər universitetlərində olduğu kimi, Karnegi Mellon Universitetində də tələbələr üçün müxtəlif təqaüdlər mövcuddur: Karnegi Mellon Ümumi Qeyri-Məhdud təqaüdü - 47452 ABŞ dolları, Karnegi Mellon Yardımı - 7687 ABŞ dolları,  Federal  Pell  Qrantı - 2226  ABŞ dolları, Federal SEOQ - 1890 ABŞ dolları və s.

2009-cu ildə universitetə edilən ianə və yardımların məbləği 16 918 360 ABŞ dolları, ümumi gəlirlərinin məbləği isə 57929733 ABŞ dolları təşkil edib. 2009-cu ildə universitet tədqiqatlara 320517 ABŞ dolları xərcləyib. Universitetin əməliyyat xərcləri ümumilikdə həmin ildə 852242 ABŞ dollarına bərabər olub. 

 

Universitet bu gün 

 

Karnegi Mellon Universitetinin əsas kampusu Pitsburq şəhərinin mərkəzindən 5 km aralı, Sinli, Şedisayd və Oklend ərazilərində yerləşir. Burada universitetin 81 binası mövcuddur. 1980-ci ildə universitet Şimal Qərb kampusunu əldə edib. Burada universitetin bir sıra yataqxanaları və Geyts Hillman kompleksi yerləşir.

Pitsburq şəhərindən başqa, Karnegi Mellon Universitetinin Yaxın Şərqdə, Qətərdə kompüter elmləri, biznes və informasiya sistemləri proqramları təklif edən filialları mövcuddur. Universitetin Kaliforniyanın Silikon Vadisində, Los-Ancelesdə, Şimali Hollivudda, Avstraliyanın Adelaida şəhərində, Afinada, Yaponiyanın Osaka şəhərində, Sinqapurda da filialları fəaliyyət göstərir. 

Karnegi Mellon Universiteti yeddi departamentdən ibarətdir: Karnegi Texnologiya İnstitutu, Təsviri İncəsənət, Humanitar və Sosial Elmlər, Heinz, Mellon Elm kollecləri, İnformatika Məktəbi, Federal təhsil portalı və ya Tepper Biznes Məktəbi.

Karnegi Texnologiya İnstitutuna Biotibbi mühəndislik, Kimya, Vətəndaş və ekologiya mühəndisliyi, Elektrotexnika və hesablama texnikası, Texnika və ictimai siyasət, Maşınqayırma, materialşünaslıq və mühəndislik elmləri məktəbləri, İnformasiya Şəbəkəsi və Kompleks Mühəndislik Sistemləri institutları daxildir.

Təsviri İncəsənət Kolleci Memarlıq, İncəsənət, Dizayn, Dram və Musiqi məktəblərindən ibarətdir.

Humanitar və Sosial Elmlər Kollecinə İqtisadiyyat, İngilis dili, Tarix, Müasir dillər, Fəlsəfə, Psixologiya, Sosial elmlər və Statistika məktəbləri daxildir. Kollec həmçinin tələbələrə beynəlxalq münasibətlər və siyasət proqramları təklif edir. 

Heinz Kolleci ictimai siyasət və idarəetmə, səhiyyə siyasəti və idarəetmə, tibbi idarəetmə, dövlət idarəetməsi, idarəetmə bacarığı, informasiya sistemləri idarəetməsi, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi siyasəti ixtisasları üzrə magistr proqramları təklif edir. Kollec İnformasiya sistemləri və idarəetmə, Dövlət siyasəti və idarəolunması məktəblərindən ibarətdir.

Mellon Elm Kolleci biologiya, kimya, riyaziyyat və fizika elmləri bölmələrindən ibarətdir. Hazırda bioinformatika, hesablama biologiyası, nanotexnologiya, bioloji fizika sahələrinin inkişafı gedir.

İnformatika Məktəbi dünyanın ən yaxşı kompüter elmi verən təhsil müəssisələrindən biridir.

Federal təhsil portalı (Tepper Biznes Məktəbi) tələbələrə işgüzar müdiriyyət (MBA) və iqtisadiyyat sahələri üzrə bakalavr,  işgüzar müdiriyyət, maliyyə hesablaması (MSCF) və s. sahələr üzrə  magistr, doktor proqramları təklif edir.

Tepper Biznes Məktəbinin nəzdində Karnegi Menecment və İqtisadiyyat Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz universitetin iqtisadçı alimləri tərəfindən yaradılıb. Mərkəzdə tələbələrə idarəetmə nəzəriyyələri, ilk növbədə, məhdud səmərəlilik və davranış nəzəriyyəsi öyrədilir.

Karnegi Mellon Universiteti həmçinin, istənilən şəxsə distant təhsil almaq imkanı verir. Distant təhsil yolu ilə onlarca ixtisasa, Federal FlexMode MBA biznes  sahəsinə yiyələnmək mümkündür.

Karnegi Mellon Universitetində departament və məktəblərdən əlavə, bir sıra elmi-tədqiqat mərkəzləri və institutlar fəaliyyət göstərir. Pitsburq Superkompüter Mərkəzi 1986-cı ildə Karnegi Mellon Universiteti, Pitsburq Universiteti və Vestinqhaus Elektrik Kampaniyasının birgə səyi nəticəsində yaradılıb.

Robot Texnikası İnstitutu İnformatika Məktəbinin əsas hissəsindən biridir və dünyada robot texnikasının tədqiqatı ilə məşğul olan mühüm mərkəzlərdəndir. Burada hazırlanmış bir neçə robot, xüsusilə H1ghlander Sandstorm robotu dünyada ikinci yerə layiq görülüb. İnformatika Məktəbinin bir hissəsi də İnsan-Kompüter Qarşılıqlı Təsir İnstitutudur. Bu institutda kompüter elmləri, dizayn və s. tədqiqatlar üzrə iş aparılır.

Texnologiya Dilləri İnstitutu texnologiya dilləri sahəsi üzrə tədqiqatlar aparır. Burada maşın tərcüməsi, nitqin tanınması, nitq sintezi, informasiyanın axtarışı,  əldə olunması, təhlil edilməsi və analizinə xüsusi diqqət yetirilir. 

Softveya Mühəndislik İnstitutu ABŞ Müdafiə Nazirliyinin federal büdcəsi tərəfindən maliyyələşir və Karnegi Mellon Universiteti tərəfindən idarə olunur. İnstitutun ABŞ-ın Virciniya ştatının Arlinqton, Almaniyanın isə Frankfurt şəhərində filialları var və dünya kompüter şəbəkəsinin sistem təminatı, keyfiyyət yüksəlişi, təhlükəsizliyi və s. məqsədlərə xidmət edir.

Karnegi Mellon Universiteti kampusunun yaxınlığında "Apple", "Intel", "Google", "Microsoft Disney", "General Motors", "Rand Corporation" şirkətlərinin filialları yerləşir. Universitet "Intel" şirkəti ilə birgə ilk olaraq kleytroniksin (kleytron atomları və ya katomlar, daha genişmiqyaslı maşın və mexanizmlərin hazırlanmasını nəzərdə tutan mühəndislik sahəsi üzrə nano fəaliyyət)  tədqiqatını həyata keçirib.

Karnegi Mellon Universitetində 4000-dən çox işçi çalışır. Universitetin professor-müəllim heyətinin 96%-i doktorluq (PhD) dərəcəsinə yiyələnib. 1997-ci ildən universitetin prezidenti Cared Cohondur. Rektorun təhsil məsələləri üzrə müavini əslən hindli olan xanım İndira Nairdir.

Karnegi Mellon Universitetində ABŞ-ın 50 ştatından və dünyanın 93 ölkəsindən olan tələbələr təhsil alır. Tələbələrin ümumi sayı 11371 nəfərə bərabərdir. Onların 5951-i bakalavr, 5420 nəfəri isə magistr və doktorantlardır.  Universitetin məzunlarının sayı 76322 nəfərdir.

Karnegi Mellon Universitetinin tələbələri çox rəngarəng və maraqlı həyat tərzi keçirir. Burada 225-dən çox tələbə təşkilatı (FBR, Alfa Fi Omeqa) və bədii qalereyalar mövcuddur. Universitet Endryu Karneginin irsi ilə ruhlandırılan güclü şotland ənənələrinə malikdir. Bunlar universitetin talismanı olan şotland teryeri (it cinsi), "Tartan" tələbə qəzeti, Skibo gimnaziyası və "Qanqal" illik məcmuəsidir. Tələbə təşkilatları tələbələrə sosial, tibbi, idman, dini, siyasi, mədəni, mənəvi və digər xidmətlər göstərir. Universitetdə həmçinin yunan ənənələri mövcuddur. Burada "Teta Si", "Çi Omeqa", "Delta Qamma" və s. 26-ya yaxın yunan tələbə təşkilatı fəaliyyət göstərir. Ümumiyyətlə, Karnegi Mellon Universitetində müxtəlif millətlərdən olan tələbələr öz ölkələrinin nümayəndələrindən ibarət olan təşkilatlar, ittifaqlar yaradırlar.

ABŞ-ın bütün universitetlərində olduğu kimi, Karnegi Mellon Universitetində də idmana xüsusi diqqət yetirilir. Burada idmanın, demək olar ki, bütün növləri inkişaf etdirilib və universitetin komandaları (hər komandanın ayrılıqda adları olsa da, bütövlükdə universitetin bütün idmançılarını "Tartanlar" - şotlandlar adlandırırlar) bir çox mühüm nailiyyətlər əldə ediblər. ABŞ-da onların əsas rəqibləri Sent-Luisdə yerləşən Vaşinqton Universiteti və UAA Case Qərbi Rezerv Universitetinin idman məktəbləridir.

Dünyanın bir çox universitetlərində olduğu kimi, Karnegi Mellon Universitetində də tələbələr kampusda və kampusdan kənar yerləşən yataqxanalarda qalır. Bakalavr pilləsində oxuyan tələbələrin çox hissəsi yataqxanalarla təmin olunur. Bunun üçün tələbələr universitetin Mənzil İdarəsinə müraciət etməlidirlər. Bu ali məktəbdə tələbələrin 75%-i universitetin kampusunda yaşayır. Universitet tələbələrə otaq, mənzil və ev təklif edir. Qiymətlər otağın, mənzilin, evin şəraitindən asılı olaraq dəyişir. Universitetdə yerləşən böyük yataqxanalardan Vebster, Feirfaks, Doerti, Donner, Morvud, Mac, Nevil və s. qeyd etmək olar.

Karnegi Mellon Universiteti bəşəriyyətin təhsil, tədqiqat və təbliğat yolu ilə formalaşmasında xüsusi xidmət göstərərək, dünyada innovasiyalar üzrə liderə çevrilib. Texnologiya, biznes, mühəndislik, idarəetmə və digər sahələr üzrə universitet dünyanın ən güclü ali təhsil müəssisələri sırasındadır. 

 

Universitetin məşhur məzunları

 

Karnegi Mellon Universitetinin əməkdaşları və məzunlarından 16-sı Nobel, 10-u Tyurinq, 4-ü Oskar mükafatına layiq görülüblər. Məzunlardan "General Motors" şirkətinin keçmiş direktoru və ABŞ-ın beşinci təhlükəsizlik naziri Çarlz Ervin Uilsonu, milyarder Devid Tepperi, "Java" proqramlaşdırma dilinin yaradıcısı Ceyms Hoslinqi, "Sun Microsistems" kampaniyasının yaradıcılarından Endi Bextolşaymı, məşhur pop-rəssam Endi Uorxolu və b. qeyd etmək olar. Eləcə də bu universiteti çoxlu sayda tanınmış aktyor bitirib. Bunlar aktrisalar Holli Hanter, Barbara Feldon, Meqan Hilti, Kot de Pablo, aktyorlar Ceyms Kromvell, Get Smart, Ted Denson, Van Hensis, Metyu Bomer, Bleyr Andervud və başqalarıdır.

 

 

Universitetin məşhur məzunları

 

  Klinton Devisson                                 fizika üzrə Nobel mükafatı laureatı  

  Otto Stern                                            fizika üzrə Nobel mükafatı laureatı  

  Pol Flory                                               kimya üzrə Nobel mükafatı laureatı   

  Herbert Simon                                     iqtisadiyyat üzrə Nobel mükafatı laureatı   

  Franko Modiqliani                               iqtisadiyyat üzrə Nobel mükafatı laureatı   

  Merton Miller                                      iqtisadiyyat üzrə Nobel mükafatı laureatı   

  Robert Lukas                                       iqtisadiyyat üzrə Nobel mükafatı laureatı   

  Con Popl                                               kimya üzrə Nobel mükafatı laureatı  

  Volter Kohn                                         kimya üzrə Nobel mükafatı laureatı  

  Pol Loterbur                                         tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  

  Finn Kidlend                                         iqtisadiyyat üzrə Nobel mükafatı laureatı   

  Edvard Preskott                                   iqtisadiyyat üzrə Nobel mükafatı laureatı   

  Ada Yonath                                           kimya  üzrə Nobel mükafatı laureatı   

  Nilofər Bəxtiyar                                    Pakistanın federal turizm naziri  

  Çarlz Ervin                                            Vilson ABŞ-ın keçmiş müdafiə naziri   

  Piter De Mut                                         Pensilvaniyadan olan konqresmen  

  Lerri Giammo                                       Merillend ştatının Rokvill şəhərinin meri  

  Kliford Şull                                            fizika üzrə Nobel mükafatı laureatı   

  Con Forbes Neş                                    iqtisadiyyat üzrə Nobel mükafatı laureatı   

  Finn Kidlend                                          iqtisadiyyat üzrə Nobel mükafatı laureatı   

  Edvard Preskot                                     iqtisadiyyat üzrə Nobel mükafatı laureatı   

  Con Holl                                                fizika üzrə Nobel mükafatı laureatı  

  Oliver Uilliamson                                  iqtisadiyyat üzrə Nobel mükafatı laureatı   

 

 

 Hazırladı: Lamiyə ƏLİYEVA

 

Azərbaycan müəllimi.- 2010.- 5 mart.- S.7.