Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə
bir baxış
(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli oxucular,
bu məqalədə Təhsil Nazirliyinin Alman Akademik Mübadilə
Xidməti (DAAD) və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti
(GTZ) təşkilatları ilə təhsil sahəsində əlaqələri,
həyata keçirilən birgə layihə və proqramlar barədə
fikirlərimi sizinlə bölüşəcəyəm.
Alman Akademik Mübadilə
Xidməti (DAAD) ilə təhsil sahəsində əməkdaşlığımız
iki ölkə arasında mədəni və humanitar əməkdaşlığın
tərkib hissəsidir. Qeyd etmək lazımdır ki, bu əməkdaşlığın
hazırkı səviyyəsi kifayət qədər yüksəkdir.
Azərbaycan və
Almaniya arasında təhsil mübadilə proqramları əsasən
DAAD tərəfindən həyata keçirilir. Bu təşkilatın
Azərbaycanda həyata keçirdiyi layihələr alman dilinin
öyrənilməsi və tələbələr
üçün yay məktəblərindən
başlamış, ali məktəblərin akademik heyəti və
elmi-tədqiqat işçilərinin Almaniyada elmi təcrübə
keçməsi və tədqiqat aparmasına qədər
çoxprofilli proqramları əhatə edir.
DAAD təxminən 300 alman
universitetinin birliyi olan qeyri-dövlət təşkilatıdır.
O, həmin universitetləri xarici ölkələrdə təmsil
edir. DAAD-ın əsas məqsədi Almaniya ilə tərəfdaş
ölkələr arasında akademik münasibətlərin
inkişafı, xüsusən elmin inkişafına yardım,
alman təhsil sisteminin, ümumiyyətlə, akademik təcrübənin
ölkə hüdudlarından kənarda
yayılmasıdır.
Bu gün DAAD dünyanın,
demək olar ki, əksər ölkələrində təmsil
olunur. Təşkilatın təqribən 200 milyon ABŞ
dolları həcmində illik büdcəsi vardır ki, bu da
Almaniyanın vergi gəlirləri, müəyyən miqdarda isə
Avropa Birliyindən gələn mənbədən
formalaşır. Bu büdcə Almaniya ilə dünyanın
digər ölkələri arasında mübadilə və
kooperasiya proqramlarına sərf olunur. Təşkilat hər il
60 minə yaxın təqaüd ayırır ki, bununla da
almanların xaricdə, əcnəbilərin isə Almaniyada təhsil
almalarına və tədqiqat aparmalarına geniş imkanlar
açılır. DAAD bir çox milli və beynəlxalq təşkilatlarla
əməkdaşlıq şəraitində Almaniya və
xarici ölkələrdə islahat layihələrini dəstəkləyir.
Bu qurum Almaniyada müxtəlif təsisatlar, birliklər, firma və
xarici ölkə nümayəndəlikləri ilə əməkdaşlıq
edən ən böyük təşkilatdır.
1925-ci ildə yaradılan
DAAD 85 ildir ki, fəaliyyət göstərir və onun
böyük təcrübəsi və zəngin ənənələri
mövcuddur. Birinci Dünya müharibəsindən sonrakı həmin
dövrdə Almaniyada, digər sahələrdə olduğu
kimi, təhsil sahəsində də ciddi çətinliklər
yaranmışdı. Belə bir şəraitdə Almaniya təhsilini
inkişaf etdirmək və onu xaricdə tanıtmaq zərurəti
meydana çıxmışdı. DAAD məhz həmin zərurətdən
yaranmışdır. İkinci Dünya müharibəsi illərində
öz işini dayandıran DAAD 1950-ci ildə fəaliyyətini
yenidən bərpa etmişdir. Bir çox dövlətlərin,
xüsusilə də ABŞ-ın köməyi sayəsində
Almaniya artıq yenidən öz təqaüdlərini verməyə
başlamış, Avropa və Amerikada mübadilə
proqramları həyata keçirilmişdir.
DAAD-ın Azərbaycandakı
fəaliyyətinə gəlincə, onun tarixi ötən əsrin
60-cı illərinə - Sovet İttifaqı dövrünə
təsadüf edir. Moskvada fəaliyyət göstərən
nümayəndəlik vasitəsilə təşkilat Sovet
İttifaqı ilə əməkdaşlıq edirdi. Bu əməkdaşlıq
çərçivəsində 60-cı illərdən Azərbaycana
da təqaüdlər verilmişdir. Əsasən mühəndislər
və alman dili mütəxəssislərindən ibarət olan
bu təqaüdçülərin sayı o qədər də
çox olmamışdır.
1988-ci ildə təşkilat
ilk təmsilçisini Bakıya göndərmiş və o,
1990-cı ilədək Azərbaycanda fəaliyyət göstərmişdir,
lakin ölkə müharibə şəraitində olduğu
üçün nümayəndəlik öz işini
dayandırmalı olmuşdur. Sovet İttifaqı
dağıldıqdan sonra DAAD müstəqillik əldə
etmiş yeni dövlətlərlə əməkdaşlıq
proqramları həyata keçirməyə
başlamışdır. 1990-1997-ci illərdə Azərbaycanda
DAAD-ın təmsilçiliyi olmamışdır. Azərbaycanla
əməkdaşlıq Moskvadakı nümayəndəlik
vasitəsilə həyata keçirilmişdir. Mübadilə
proqramlarının həyata keçirilməsi Almaniya səfirliyi
və keçmiş Təqaüdçülər Birliyinin fəaliyyəti
ilə bağlı olmuşdur. 1997-ci ilin fevral ayında DAAD
Bakıda yenidən nümayəndəliyini
açmışdır və hazırda fəaliyyətini
uğurla davam etdirir.
DAAD-ın üç əsas
fəaliyyət sahəsi vardır. Bunlardan biri informasiya,
ikincisi yardım, üçüncüsü isə maliyyələşdirmədir.
Təşkilat Almaniyada təhsil sistemi və ali məktəblər,
xaricdəki ali məktəblərdə tədris kursları,
yardım imkanları və təqaüdlər haqqında
informasiya yayır, tələbələrə, ali təhsilli
gənc mütəxəssislərə, Almaniyadan və xaricdən
olan alimlərə mindən çox proqramla yardım göstərir.
İllik qısamüddətli təqaüdləri, qrup şəklində
proqramları, tələbə praktikasını və tələbə
gəzintilərini, alimlərin, habelə xarici məktəblərin
dəvəti ilə işləyən müəllimlərin
mübadiləsini, alman ali məktəbləri arasında elmi əməkdaşlıq
layihələrini maliyyələşdirir.
DAAD, ilk növbədə,
ali təhsilin bütün pillələri üzrə akademik
mübadilələri təşkil edir. Mübadilə, əsasən,
ayrı-ayrı şəxslərə verilən fərdi təqaüdlər
şəklində həyata keçirilir. Bu təqaüdlər
elmi işlərini davam etdirmək istəyən professorlara,
elmi işçilərə və aspirantlara təqdim olunur.
Qurum ali məktəblərdə akademik dairədə fəaliyyət
göstərən elmi işçilərə
üstünlük verir. Təşkilat, eyni zamanda
ayrı-ayrı qurumlar, universitetlər arasında olan
mübadilə proqramlarını da maliyyələşdirir.
DAAD Azərbaycana hər il təqribən
70-ə qədər təqaüd ayırır. Təqaüd
proqramlarında tədqiqat səfərləri, yay
kurslarının təşkili, illik təqaüdlər, qrup səyahətləri
üstünlük təşkil edir. Təqaüd
proqramları nəticəsində Azərbaycanın dörd
ali məktəbi ilə alman ali məktəbləri
arasında səmərəli əməkdaşlıq əlaqələri
qurulmuşdur. Bu, Azərbaycan Dövlət Neft Akademiyası ilə
Zigen İnstitutu, Azərbaycan Dillər Universiteti ilə Boxum
Universiteti, Azərbaycan Texniki Universiteti ilə Köln Tətbiqi
Elmlər Ali Məktəbi, Bakı Dövlət Universiteti ilə
Hamburq Universiteti arasında olan əlaqələrdir.
DAAD-ın fəaliyyəti
yalnız təqaüd proqramları ilə məhdudlaşmır.
Bunlarla yanaşı, aşağıdakı istiqamətlər
üzrə layihələr də həyata keçirilir:
-alman və Azərbaycan tədqiqat
və təhsil müəssisələri arasında əlaqələrin
yaradılması (institut və ali məktəb əməkdaşları,
elmi işçilər üçün tədqiqat əlaqələri);
-germanistikanın
inkişafına yardım və onun yenidən qurulması
(xüsusən Azərbaycan Dillər Universitetində müəllimlərin
təkmilləşmə məqsədilə Almaniyaya göndərilməsi,
yeni tədris materiallarının əldə edilməsi);
-universitetlərdə alman
dilinin tədrisinin inkişafına yardım (dil
kurslarının təşkili, alman dili dərslərinin təşkili
metodikasının təkmilləşdirilməsi, fakültələrdə
dil dərslərini təşkil edəcək Dil Tədris Mərkəzinin
yaradılması);
-qeyri-alman dili fakültələrində
alman dilinin və ya alman dili ixtisas bölmələrinin
inkişafına yardım (məsələn, beynəlxalq
münasibətlər və ya tətbiqi riyaziyyat fakültələrində);
-regional səviyyədə əməkdaşlığın
yaradılması;
-Almaniya ali məktəbləri
haqqında informasiya, Almaniyada öz hesabına təhsil almaq
istəyənlərə kömək (həftədə iki dəfə
olmaqla Almaniyada təhsil və təqaüd almaq imkanları
haqqında məsləhət saatları);
-Almaniyada Azərbaycanın təhsil
sisteminə dair məlumatların yayılması (Azərbaycan
ali məktəbləri haqqında alman dilində
broşüra hazırlanmışdır);
-elmin inkişafına
yardım (müxtəlif sahələr üzrə alman-Azərbaycan
və Azərbaycan-alman lüğətləri çap
olunmuşdur).
DAAD-ın Azərbaycanda həyata
keçirdiyi təqaüd proqramları geniş və əhatəlidir.
Aspirantlar və gənc alimlər
üçün tədqiqat təqaüdləri. Bu təqaüdlər
dərəcə verilməsini nəzərdə tutmur. Təqaüdlər
üçün yaşı 36-ya qədər olan, alman dilini
bilən və ali məktəbdə, tədqiqat
institutlarında çalışan gənc tədqiqatçılar
müraciət edirlər. İddiaçı alman dilini
yaxşı bilmirsə, ona əlavə olaraq 2-4 ay ərzində
dil kursları təşkil olunur. Proqramın müddəti 36
yaşadək olanlar üçün 1-6 aylıq, 32 yaşadək
olanlar üçün isə 7 ay və bundan artıq ola bilər.
Proqram üçün müraciət edən şəxs
Almaniyada keçirəcəyi tədqiqat proqramının
alman professoru tərəfindən
razılaşdırılmış iş planına malik
olmalıdır. Təqaüdü almış namizədlərin
təhsil, yaşayış və gündəlik xərcləri
ödənilir.
Ali məktəb müəllimləri
və alimlər üçün tədqiqat səfərləri
təqaüdləri. Bu təqaüdlər ali məktəblərdə
və elmi-tədqiqat institutlarında çalışan,
Almaniyanın dövlət və yaxud hökumət tərəfindən
tanınmış qeyri-dövlət tədqiqat müəssisələrində
tədqiqat layihəsini həyata keçirmək imkanına
malik olan namizədlərə verilir. Ərizə sahibinin
iş cədvəlindən asılı olaraq bu təqaüdlər
1 aydan 3 aya qədər olan müddəti əhatə edir.
Proqrama müraciət edənlər elmlər namizədi (Phd)
elmi dərəcəsinə malik olmalı, Almaniyada yerinə
yetirilmək üçün yaxşı tərtib olunmuş
tədqiqat layihəsi təqdim etməlidirlər. Bu layihə
də Almaniyadakı tərəfdaş müəssisə tərəfindən
təsdiq olunmalıdır. Hər bir tədqiqatçı
üç ildə bir dəfə bu proqramın
imkanlarından yararlana bilər.
Bütün istiqamətlər
üzrə magistratura təqaüdləri. Proqram bütün
ixtisaslar üzrə Almaniya ali təhsil müəssisələrində
magistratura pilləsində təhsil alıb magistr dərəcəsi
qazanmaq imkanını verir. İxtisasdan asılı olaraq təqaüd
10 aydan 24 aya qədər olan müddəti əhatə edə
bilər. İlkin olaraq təqaüd tələbəyə 1
il üçün verilir və onun təhsil göstəriciləri
yaxşı olduğu təqdirdə seçilmiş dərəcə
proqramının sonuna qədər uzadılır. Belə tələbələrə
DAAD tərəfindən aylıq 715 avro məbləğində
təqaüd verilir. Bundan əlavə, onların tibbi
sığortası, yol xərcləri DAAD tərəfindən
ödənilir. Bu proqrama bakalavr dərəcəsini uğurla
bitirmiş məzunlar müraciət edə bilərlər.
Uğurlu təhsil göstəricilərindən əlavə,
iddiaçı Almaniyada təhsilini davam etdirmək
üçün akademik və şəxsi səbəbləri
əsaslı surətdə təqdim edə bilməlidir.
Proqramın ən mühüm tələblərindən biri də
ərizəçinin konkret Almaniya ali məktəbi tərəfindən
qəbulu haqqında rəsmi bildirişin təqdim
olunmasıdır. Bu o deməkdir ki, proqramın
imtiyazlarından Almaniya ali məktəblərində magistr
pilləsi üzrə təhsil almaq hüququ qazanmış
şəxslər bəhrələnə bilərlər. Xüsusən
humanitar və incəsənət ixtisasları
üçün müraciət edənlər alman dilini
yaxşı bilməlidirlər. Alman dilini bilməyib ingilis
dilini bilən şəxslər də proqrama müraciət edə
bilərlər. Belə ki, Almaniyanın bir çox ali məktəblərində
ingilis dilində də təhsil verilir.
İddiaçıların maksimum yaş həddi 32-dir.
Keçmiş təqaüdçülər
üçün yenidən dəvət proqramı. Bu proqram
DAAD-ın birillik təqaüdünü almış məzunları
üçün nəzərdə tutulmuşdur.
Keçmiş təqaüdçülər tədqiqat, yaxud
iş layihəsini tamamlamaq üçün Almaniyadan yenidən
dəvət aldıqları təqdirdə bu proqramdan yararlana
bilərlər. Proqramın müddəti bir aydan üç
aya qədər ola bilər. Proqramda iştirak edən ali məktəb
müəllimləri 1840, dosentlər 1990, professorlar isə
2240 avro məbləğində aylıq təqaüd, əlavə
olaraq yol xərcləri də ala bilərlər. Bu təqaüdü
almaq üçün Almaniyadakı hər hansı qəbul edən
ali məktəb tərəfindən tədqiqat və yaxud
iş layihəsinin yazılı təsdiqi və iş şəraiti
ilə təmin olunacağı barədə bildiriş təqdim
olunmalıdır.
Ali məktəb müəllimlərinin
ikitərəfli mübadiləsi proqramı. Proqram tədqiqat,
yaxud təhsil səfərlərini dəstəkləmək məqsədi
daşıyır. Bu proqram mühazirə üçün səfərləri
və konfranslarda iştirakı maliyyələşdirmir və
onun müddəti üç aydan artıq olmur. Bu təqaüdlər
bu və ya digər ölkədə mədəni mübadilə
proqramları və digər ikitərəfli razılaşmalar
əsasında çalışan alimlərə verilir.
İncəsənət sahəsində
çalışanlar üçün təqaüdlər. Bu
tədris təqaüdləri incəsənət, dizayn, kino,
musiqi, arxitektura, o cümlədən dram, rəqs və
xoreoqrafiya sahəsində Almaniyada dövlət və ya
dövlət tərəfindən tanınmış
qeyri-dövlət ali təhsil müəssisələrində
bu və ya digər kursları dərəcə almadan tamamlamaq
imkanında olan şəxslərə verilir. Proqramın
müddəti adətən 1 akademik ili əhatə edir, lakin fərdi
qaydada onun müddəti artırıla bilər. Bu proqramda
iştirak etmək istəyənlər də Almaniyanın təhsil
müəssisələrindən dəvət
almalıdırlar.
Alman dili ixtisası üzrə
təhsil alan tələbələr üçün
birsemestrlik təqaüd. Bu təqaüd alman dili ixtisası
üzrə təhsil alan tələbələrə bir semestr
ərzində alman dili xarici dil kimi, yaxud alman dili üzrə tərcümə
ixtisasları üzrə təhsil almaq imkanı yaradır. Təqaüd
adətən qış semestri üçün beş ay
müddətinə verilir və onun vaxtı uzadılmır.
Bu təqaüd sahiblərinə aylıq 615 avro təqaüd,
birdəfəlik başlanğıc üçün
yardım, birdəfəlik dərs ləvazimatı
üçün ödəniş, tibbi sığorta və
yol xərcləri DAAD tərəfindən ödənilir. Bu
proqramda təqaüdçüləri qəbul edən ali məktəblər,
adətən, DAAD tərəfindən seçilir,
ayrı-ayrı hallarda mümkün olduğu təqdirdə
ali məktəbin seçimində təqaüdçülərin
rəyi də nəzərə alına bilər. Proqram
üçün müraciət edənlər yaxşı təhsil
göstəricilərinə malik olan, Almaniyadakı birsemestrlik
təhsillərini əsaslandırmağı bacaran, 2-ci və
3-cü kursları bitirmiş, yaşı 32-dən yuxarı
olmayan tələbələr ola bilərlər.
DAAD/Açıq Cəmiyyət
İnstitutu proqramı. Proqram DAAD və Açıq Cəmiyyət
İnstitutu tərəfindən ali təhsilin
diplomdansonrakı dərəcələrinə malik olanlar və
gənc ali məktəb müəllimləri üçün
nəzərdə tutulur. Təqaüdlər Almaniya universitetlərində
təhsil almaq və yaxud doktoranturanı bitirmək istəyənlərə
verilir. Bu proqramın məqsədi yerli ali məktəblərdə
humanitar, sosiologiya və sosial elmlər sahəsində tədrisin
və tədqiqatın təkmilləşdirilməsi, həmçinin
bu ali məktəblərin əməkdaşlarının
Almaniyadan olan həmkarları ilə beynəlxalq əməkdaşlıq
yaratmalarına yardım etməkdir. Təqaüdlər ikiillik
magistr kurslarına, üçillik doktorantura proqramlarına və
iki-üç aylıq tədris səfərlərinə
verilir. Təhsil pilləsindən asılı olaraq, proqram
iştirakçıları 715-1840 avro məbləğində
aylıq təqaüd ala bilərlər.
Qabiliyyətli tələbələr
üçün universitet yay kursları. Bu proqram alman dilini və
ya regionşünaslığı öyrənən tələbələrə
Almaniya ali təhsil müəssisələrində yay
dövründə kurslar keçməyə imkan yaradır.
Proqram yay aylarında iki-üç həftəlik
dövrü əhatə edir. Bu proqramın xərcləri qismən
DAAD tərəfindən ödənilir. Proqramda iştirak edən
tələbələr yaxşı akademik göstəricilərə
malik olmalı, alman dilini mühazirə və seminarlarda
iştirak səviyyəsində bilməlidirlər.
İqtisadiyyat və biznesin
idarəolunması üzrə təhsil alan tələbələrə
birillik təqaüd proqramı. Bu təqaüd, adından
göründüyü kimi, iqtisadiyyat və biznesin idarəolunması
üzrə təhsil alan tələbələrə iki semestr
ərzində Almaniyada təhsil almağa imkan yaradır. Bu
müddəti tələbələr dissertasiya və ya diplom
işini tamamlamaq üçün deyil, yalnız
ixtisaslarına aid gərəkli fənlər üzrə təhsil
almaq üçün sərf edə bilərlər. Bu proqramda
iştirakın bütün xərcləri DAAD tərəfindən
ödənilir. Qəbul edən ali məktəbin təklifindən
asılı olaraq tələbələr Almaniyada təhsilə
başlamaq üçün hazırlıq kursu keçə
bilərlər, lakin bu hazırlıq dil ilə bağlı
deyildir. Proqramın maraqlı cəhətlərindən biri də
budur ki, tələbələr qeyd olunan ixtisaslar üzrə
Almaniyada təhsil proqramı ərzində hər hansı
alman müəssisəsində iş, yaxud sənaye təcrübəsi
keçməlidirlər. Bir qayda olaraq, bu təcrübə
qış və yay semestrləri ərzində təklif
olunur. Proqrama yalnız alman dilini yaxşı bilən,
dördillik bakalavr pilləsi üzrə təhsil alan ikinci
kurs tələbələri müraciət edə bilərlər.
Xarici tələbələr
üçün Almaniyaya tədris səfərləri/təhsil
seminarları və praktika proqramı. Proqram universitet müəllimi
tərəfindən rəhbərlik edilən xarici tələbə
qruplarına təklif olunur. Proqramın məqsədi tələbələri
müvafiq səfərlər, səyahətlər və
informasiya görüşləri, yaxud Almaniya universitetinin dəvəti
ilə ixtisas üzrə seminarlar və praktik kurslar təşkil
etməklə ixtisasları üzrə daha dolğun bilgi ilə
təmin etməkdir (tədris səfərləri). Qəbul edən
universitet həmçinin digər universitetlər, şirkətlər,
ictimai müəssisələrlə birlikdə praktik kurslar da
təşkil etməlidir (tədris seminarları və
praktika). Proqram həmçinin alman tələbələri,
alimləri və tədqiqatçıları ilə yeni əlaqələr
qurmağa, tələbələrə Almaniyanın iqtisadi,
siyasi və mədəni həyatının incəliklərini
öyrənməyə şərait yaradır. Bu cür səfərlər
yeddi gündən on iki günədək müddəti əhatə
edir. Burada yalnız tibbi və həyat sığortası DAAD
tərəfindən verilir, lakin beynəlxalq səfər xərcləri
ödənilmir. Belə qruplarda iştirak edənlərin
sayı 10-dan 15-ə qədər olur.
İnkişaf etməkdə
olan ölkələr üçün diplomdansonrakı dərəcə
kursları. Bu kurslar ticarət, biznes və idarəetmə sahələrində
öz ölkələrində işləyən
ixtisaslaşmış mütəxəssislər
üçün nəzərdə tutulur. Bu diplomdansonrakı
dərəcə kursları iştirakçılara
çalışdıqları sahələr üzrə təlim
vasitəsilə təcrübələrini artırmaq
imkanı verir. Kurslar magistr dərəcəsinin verilməsi ilə
nəticələnirsə, onun müddəti 12 aydan 24 aya qədər,
əgər doktor dərəcəsi qazanılacaqsa, bu müddət
36 ay, yəni 3 il olur. Təqaüd üçün müraciət
edənlər ən azı iki il təcrübəyə malik
olan sənaye, biznes və idarəçiliyin müxtəlif
sahələrində çalışan və yaşı
36-ya qədər olan iddiaçılar olmalıdırlar. Bu
proqramda iştirak edənlər ya ingilis dilindən TOEFL, yaxud
İELTS imtahanları üzrə müvafiq olaraq 550 və 6
ballıq şkaladan yuxarı sertifikata malik olmalıdırlar.
İngilis dilində təhsil almaq istəyənlər
ikiaylıq intensiv dil kursu keçə, alman dilində təhsil
almaq istəyənlər isə altıaylıq alman dili
kursunda iştirak edə bilərlər.
1998-ci ildən DAAD tərəfindən
həyata keçirilən proqramlar üzrə Azərbaycan vətəndaşlarına
bütövlükdə 680 təqaüd verilmişdir. Bu təqaüdlərin
böyük əksəriyyəti DAAD, bir hissəsi isə
DAAD/ACİ tərəfindən birgə maliyyələşdirilən
təqaüdlərdir ki, onların da maliyyələşdirilməsinə
hər il yüz minlərlə avro məbləğində vəsait
sərf olunur.
Son on il ərzində
DAAD-ın müxtəlif proqramları üzrə Azərbaycana
680 təqaüd ayrılmışdır. O cümlədən,
1998-ci ildə 40 təqaüd, 1999-cu ildə 47 təqaüd,
2000-ci ildə 57 təqaüd, 2001-ci ildə 86 təqaüd,
2002-ci ildə 55 təqaüd, 2003-cü ildə 95 təqaüd,
2004-cü ildə 43 təqaüd, 2005-ci ildə 62 təqaüd,
2006-cı ildə 55 təqaüd, 2007-ci ildə 68 təqaüd,
2008-ci ildə 72 təqaüd üzrə azərbaycanlı
Almaniyada təhsil almış, təcrübə mübadiləsində
iştirak etmiş, tədqiqat aparmış, ixtisasını
artırmışdır.
Qarşılıqlı səfərlər
nəticəsində DAAD-la Təhsil Nazirliyinin əməkdaşlıq
əlaqələri daha da inkişaf etmişdir. 2003-cü ildə
DAAD-ın prezidenti Teodor Barxemin dəvəti ilə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinin
Almaniyaya səfərindən sonra bu təşkilatın Azərbaycanda
fəaliyyəti daha da genişlənmişdir.
16-29 may 2003-cü il tarixlərində
həyata keçirilmiş səfər zamanı Azərbaycan
Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinin
DAAD və Almaniyanın müxtəlif təhsil müəssisələri,
o cümlədən Köln, Zigen və Düsseldorf universitetlərinin
rəhbərləri, Nord Reyn Vestfaliya torpağının
elmi-tədqiqat və təhsil naziri ilə səmərəli
görüşləri olmuş, faydalı
danışıqlar aparılmışdır. Bu səfər
Azərbaycanın Almaniya ilə gələcək əməkdaşlığının
prioritetlərini müəyyən etməyə və təhsil
əlaqələrinin qurulmasına əsaslı zəmin
hazırlamışdır. Ali məktəblər və
Almaniyanın təhsili idarəetmə strukturlarında
keçirilmiş görüşlər zamanı Almaniya tərəfi
Azərbaycanın mühəndis və təbiət elmləri
sahələrində mütəxəssis hazırlayan ali məktəbləri
ilə birbaşa əməkdaşlıqda maraqlı
olduqları və mövcud əlaqələri daha da genişləndirmək
niyyətlərini Azərbaycan Respublikası Təhsil
Nazirliyinin nümayəndə heyətinə bildirmişlər.
Görüşlər zamanı Azərbaycandan gənc mütəxəssislərin
Almaniyanın ali məktəblərində ixtisasartırma,
stajkeçmə və tədqiqat aparmaq imkanları müzakirə
edilmiş, nəticə olaraq qərara gəlinmişdi ki,
alman dilini mükəmməl bilən gənc alimlərimiz
elmi-tədqiqat işlərini Almaniyada davam etdirmək üçün
DAAD-a müraciət edə bilərlər.
Azərbaycan Respublikası Təhsil
Nazirliyi nümayəndə heyətinin Almaniyaya növbəti
səfəri Köln Tətbiqi Elmlər Ali Məktəbinin dəvəti
əsasında həyata keçirilmişdir. Təhsil
Nazirliyinin nümayəndə heyəti 9-17 oktyabr 2007-ci il
tarixlərində Almaniyada rəsmi səfərdə
olmuşdur. Səfərin əsas məqsədi Almaniya-Azərbaycan
təhsil əlaqələrinin genişləndirilməsi, azərbaycanlı
gənclərin Almaniyanın ali məktəblərində təhsil
imkanları barədə müvafiq müzakirə və
danışıqların aparılması olmuşdur.
Səfər zamanı
nümayəndə heyəti Köln Tətbiqi Elmlər Ali Məktəbində
"Azərbaycanda mühəndis təhsili sistemində islahat
prosesi" mövzusunda keçirilən tədbirdə
iştirak etmişdir. Tədbirdə Köln Tətbiqi Elmlər
Ali Məktəbinin rektoru, professor Yoaxim Metsner çıxış
edərək Azərbaycanın ali məktəbləri ilə əməkdaşlıq
barədə məlumat vermiş, Almaniya Federativ Respublikası
Bundestaqının Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri
Şteffen Rayxe Azərbaycanın Almaniyada daha geniş təbliği
sahəsində səylərin artırılmasının
vacibliyini bildirmiş, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında ölkəmizdə təhsil və mədəniyyət
sahələrində son illərdə həyata
keçirilmiş tədbirləri yüksək qiymətləndirmişdir.
DAAD-ın Baş katibinin
müavini Vilfrid Berqman iki ölkə arasında həyata
keçirilən akademik mübadilə barədə məlumat
vermiş, Almaniya-Azərbaycan Forumunun sədri Otto Hauzer təhsil
və mədəniyyəti iki ölkə arasında əməkdaşlıq
körpüsünün əsas sütunları kimi səciyyələndirmişdir.
Köln Tətbiqi Elmlər Ali Məktəbinin professoru Reza
Talebi-Deryani Azərbaycanın müstəqillik əldə
etdiyi dövrdən indiyədək TEMPUS proqramı çərçivəsində
Azərbaycan və Almaniya ali məktəbləri arasında həyata
keçirilən əməkdaşlıq barədə məlumat
vermişdir.
Səfər proqramında nəzərdə
tutulduğu kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyi
nümayəndə heyətinin rəhbəri "Azərbaycan
və Boloniya prosesi" mövzusunda əsas məruzə ilə
çıxış etmişdir. Tədbirdə "Təhsil
sahəsində Azərbaycan-Almaniya əməkdaşlığının
məqsədləri və imkanları" mövzusunda elm və
sənaye nümayəndələrinin
çıxışları dinlənilmiş, Almaniyanın
BMW, Siemens və digər şirkətlərinin nümayəndələri
ilə elm və sənayenin əlaqələndirilməsi, Azərbaycan
mühəndislərinin təkmilləşdirilməsi məsələləri
müzakirə olunmuşdur.
Səfər çərçivəsində
11-14 oktyabr 2007-ci il tarixlərində DAAD-ın Baş katibi
Kristian Bode, Almaniya Ali Məktəbləri Rektorlar Konfransı
Prezidentinin müavini, Berlin Azad Universitetinin rektoru, professor
Dieter Lenzen, Almaniya Federativ Respublikası təhsil nazirinin
müavini, Dövlət Katibi Andreas Stormla ikitərəfli
görüşlər keçirilmişdir.
DAAD-ın Baş katibi
Kristian Bode ilə aparılmış müzakirələrdə
razılaşdırılmışdır ki, rəhbərlik
etdiyi təşkilatın Almaniyanın bütün ali məktəbləri
ilə əlaqələri və dünyanın 150-dən
çox dövləti ilə tələbə və alim
mübadiləsi sahəsində zəngin təcrübəsi nəzərə
alınaraq, azərbaycanlı gənclərin Almaniyada təhsil
alması barədə Saziş layihəsinə yenidən
baxılsın, xaricdə təhsil üzrə Dövlət
Proqramı çərçivəsində Almaniyaya göndəriləcək
azərbaycanlı tələbələrlə bağlı
DAAD-ın təcrübəsindən daha geniş istifadə
edilsin. Kristian Bode DAAD-ın Azərbaycanla təhsil sahəsində
indiyədək uğurla əməkdaşlıq etdiyini
vurğulayaraq, bundan sonra da rəhbərlik etdiyi təşkilatın
əməkdaşlığa səy göstərəcəyini
bildirmişdir.
Səfər zamanı
aparılmış müzakirələrin nəticəsi olaraq
qərara alınmışdır ki, 2008-ci ilin fevralında təhsillə
bağlı Almaniya-Azərbaycan birgə beynəlxalq
konfransı keçirilsin. Konfransda digər məsələlərlə
yanaşı, Azərbaycan gənclərinin xaricdə təhsili
üzrə Dövlət Proqramına dəstək kimi
DAAD-ın təcrübəsi və imkanlarından istifadə
də nəzərdə tutulmuşdu.
Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramının icrası çərçivəsində
2008-ci ilin iyun ayında Azərbaycan Respublikası Təhsil
Nazirliyi nümayəndə heyətinin rəhbəri və
DAAD-ın vitse-prezidenti Maks Huber tərəfindən Dövlət
Proqramı hesabına DAAD ilə Azərbaycan Respublikası Təhsil
Nazirliyi arasında Azərbaycan tələbələrinin
Almaniyada təhsili üzrə təqaüd proqramı ilə
bağlı Saziş imzalanmışdır. Dövlət
Proqramı çərçivəsində 2007-ci ildə 5,
2008-ci ildə 21, 2009-cu ildə 45 nəfər Almaniyada təhsil
almağa göndərilmişdir.
DAAD-ın dəstəyi
ilə Azərbaycan Dillər Universitetinin Almaniyanın Höte
İnstitutu ilə əməkdaşlığı çərçivəsində
ADU-da Alman oxu zalı yaradılmışdır. Bu oxu
zalında Almaniyanın tarixi, ədəbiyyatı,
iqtisadiyyatı, beynəlxalıq münasibətləri və
mədəniyyəti ilə bağlı çoxsaylı ədəbiyyat
toplanmışdır. Oxu zalından həm universitetin tələbələri,
həm də digər oxucular istifadə edirlər. Almaniyanın
Azərbaycandakı səfirliyinin dəstəyi ilə burada
vaxtaşırı olaraq seminarlar, danışıq
saatları və mədəni tədbirlər keçirilir.
DAAD-la əməkdaşlıq
çərçivəsində Azərbaycan Dillər
Universitetinə qısa və uzunmüddətli layihələr
üzrə alman alim və professorlar cəlb edilmişlər. DAAD-la
səmərəli əməkdaşlığın nəticəsidir
ki, əgər əvvəllər alman dili üzrə mütəxəssislərin
hazırlanması yalnız Azərbaycan Dillər Universitetində
həyata keçirilirdisə, indi Azərbaycan Dövlət
Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Gəncə
Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti
və Naxçıvan Dövlət Universitetində də
müvafiq ixtisaslar açılmışdır.
Almaniya Texniki Əməkdaşlıq
Cəmiyyəti (GTZ) də Təhsil Nazirliyinin sıx əməkdaşlıq
etdiyi beynəlxalq təşkilatlardan biridir. Almaniya İqtisadi
Əməkdaşlıq və İnkişaf üzrə Federal
Nazirliyinin Texniki Əməkdaşlıq Cəmiyyəti Azərbaycan
da daxil olmaqla, 7 ölkədə (Mərkəzi Asiya və Cənubi
Qafqaz respublikaları) texniki peşə təhsili müəssisələrinin
ixtisas fənn müəllimi və istehsalat təlimi
ustalarının ixtisasının artırılması sahəsində
layihələr həyata keçirir. Azərbaycan bu layihələrə
2003-cü ildən qoşulmuşdur. Təşkilatla əməkdaşlıq
çərçivəsində respublikada milli seminarların
keçirilməsi üçün peşə təhsili sahəsində
təcrübəsi olan 4 nəfər mütəxəssis
Daşkənd, Bişkek və Düşənbə şəhərlərində
keçirilən xüsusi kurslarda olmuş və onlar Alman
Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən
milli seminarı aparmaq hüququ verən sertifikatlar
almışlar.
Cəmiyyətin xəttilə
2004-cü ilin mart-aprel aylarında (2 həftəlik) və
2005-ci ilin aprel-may aylarında (2 həftəlik) peşə təhsili
müəssisələrinin 50 nəfər müəllimi
texniki peşə təhsili sahəsində alman təhsil
texnologiyalarını öyrənmək üçün
Bakı şəhərində ixtisasartırma kurslarında
iştirak etmişdir.
İxtisasartırma kurslarını
keçmiş müəllimlər 2004-cü ildə
respublikanın 50 peşə məktəbi və liseyində
kurslar təşkil etmişlər. Bu kurslarda 1093 nəfər,
o cümlədən 383 fənni müəllimi və 710
istehsalat təlimi ustası ixtisasını
artırmışdır. 2005-ci ildə keçirilmiş
kurslarda isə 1086 nəfər, o cümlədən 375 fənn
müəllimi və 711 istehsalat təlimi ustası iştirak
etmişdir.
2005-ci ilin sentyabr -
oktyabr aylarında 50 nəfərdən ibarət qrupun birhəftəlik
5-ci seminarı keçirilmişdir. Layihə 2006-cı ildə
2 həftəlik seminarla başa çatmışdır.
GTZ ilə əməkdaşlığın
istiqamətlərindən biri də Azərbaycanda təhsil
müəssisələrinin tikintisi və bərpası sahələrini
əhatə edir. Belə ki, Almaniya hökuməti və
Almaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi
ilə kiçik qrantlar çərçivəsində
2001-ci ildə Kürdəmir şəhərində 5 nömrəli
orta məktəb, Ağcabədi şəhərində orta məktəb
əsaslı təmir edilmişdir. Həmin ildə orta məktəblər
üçün Azərbaycan dilində 1890, rus dilində 1260
kitab, o cümlədən dərslik alınmış,
Xaçmaz, Şamaxı, Kürdəmir və Beyləqan
rayonlarının orta məktəblərinə
paylanmışdır.
Almaniyanın GTZ şirkəti
ilə birgə əməkdaşlıq proqramı çərçivəsində
1999-2003-cü illərdə bu təşkilat tərəfindən
Xızı, Dəvəçi, Siyəzən, Ağstafa,
Tovuz, Qazax və Gədəbəy rayonlarında 58 məktəb
təmir edilmiş, 4 yeni məktəb tikilmişdir. Sonuncu yeni
məktəb Siyəzəndə 2003-cü ilin sentyabr
ayında istifadəyə verilmişdir. Təşkilat
ümumilikdə bərpa və tikinti işlərinə 500000
ABŞ dolları məbləğində vəsait xərcləmişdir.
Son illərdə Azərbaycanla
Almaniya arasında təhsil əlaqələrinin inkişafı,
eyni zamanda təhsil sahəsində nou-hau və təcrübələrin
ötürülməsi məqsədilə GTZ tərəfindən
təhsil sahəsində əməkdaşlığın yeni
fəaliyyət istiqamətləri təklif olunur. Belə ki, təklif
olunan əməkdaşlığın əsas hissəsini təcrübə
mübadiləsinin təşkili, təhsil sahəsindəki
ixtisaslı və aparıcı kadrların
ixtisaslarının artırılması təşkil edir. Bununla
əlaqədar olaraq Almaniya tərəfindən uşaq
bağçalarının, uşaq evlərinin, sosial xidmətlərin,
məktəblərin, ixtisasartırma müəssisələrinin,
kütləvi idman növlərinin dəstəklənməsi
üzrə müəssisələr və təşkilatların
iqtisadi və təşkilati modelləri təqdim
olunmaqdadır.
Azərbaycandakı
ixtisaslı və aparıcı işçilərin təlim
məqsədilə Amaniyada təhsil müəssisələrinə
və xidmət birliklərinə səfər etməsi, iş
şəraiti ilə yerində tanış olması gələcəkdə
GTZ ilə əməkdaşlıq baxımından səmərəli
olacaqdır.
Hazırda Azərbaycan
Dövlət Aqrar Universiteti GTZ-nin "Cənubi Qafqaz aqrar təhsilin
və regionların inkişafına dəstək" layihəsi
çərçivəsində Almaniyanın Vaynştefan
Universiteti ilə sıx əməkdaşlıq edir. Belə
ki, 2003-cü ildən başlayaraq ADAU-nun tələbələri
hər il Vaynştefan Tətbiqi Elmlər Universitetində təhsillərini
davam etdirmək və elmi təcrübə keçmək
üçün oraya göndərilir və eyni zamanda həmin
universitetin müəllim və professorları ADAU-da treninqlər
və seminarlar keçirirlər. Bu əməkdaşlıq
çərçivəsində indiyədək Vaynştefan Tətbiqi
Elmlər Universitetinin Trisdorf bölməsində magistraturada
14 tələbə təhsilini başa vurmuş, hazırda 4 nəfər
II kursda, 3 nəfər isə I kursda təhsil alır. Bundan başqa,
indiyədək 27 tələbə bu proqram çərçivəsində
Almaniyada təcrübə keçmişdir. ADAU-da 2005-ci ildən
başlayaraq Alman proqramı ilə aqrar-menecment ixtisası
üzrə mütəxəssis hazırlanır.
(Ardı var)
Misir MƏRDANOV
Azərbaycan müəllimi.- 2010.- 12 mart.- S.1, 3.