Yeri görünən insan

 

Heç nəyin və heç kimin unudulmadığı bu dünyada hər kəs İlahi tərəfindən ona bəxş edilmiş özünəməxsus bir ömür yolu keçir.

Belə nəsillərə örnək insanlardan biri, bu yaxınlarda 100 illik yubileyi qeyd ediləcək, dövrünün görkəmli pedaqoqu kimi böyük hörmət və nüfuz qazanmış Möhsün Axundov haqqında söz açmaq niyyətindəyik.

Axundov Möhsün Həmid oğlu 1910-cu ildə Tovuz rayonunun Qovlar qəsəbəsində, axund ailəsində anadan olub. Möhsünün atası Həmid Axundlu Qahirə İslam Universitetini bitirmişdi. O, islam fəlsəfəsi üzrə mükəmməl təhsil almış alim kimi zamanına görə böyük nüfuz sahibi idi. Həmid Axundlu digər oğlanları ilə birgə Möhsünü əsl ziyalı gözəl insan kimi böyütmüşdü. O, dünyaya göz açandan evlərində yazı-pozu, kitab-dəftər görmüş, fəlsəfi söhbətlər eşitmiş, dünya sirlərini öyrənməyə onda maraq yaranmışdı. Zamanına görə mükəmməl təhsil sistemlərindən hesab olunan, dini dünyəvi bilikləri üzvi surətdə birləşdirən, xalq məktəbini əla qiymətlərlə başa vuran Möhsünü Sovet hakimiyyətinin ilk illərində savadlı adamlara ehtiyac olduğuna görə 1928-ci ildə Tovuza müəllim göndərirlər.

Bozalqanlıda müəllim kimi ilk əmək fəaliyyətinə başlayan Möhsün Axundov sonralar Tovuz 7 illik, Böyük Qışlaq, Aşağı Quşçu kənd məktəblərində də işləyir. Həmin məktəblərdə bacarıqlı direktor və savadlı müəllim kimi ad çıxarır, gənc olmağına baxmayaraq, qabiliyyət və davranışı ilə əhalinin dərin hörmətini qazanır. Həmin illərdə məktəbdə dərs deməklə yanaşı, rayon maarif şöbəsində inspektor vəzifəsində də çalışmışdır. Bunlarla yanaşı, Möhsün o zaman fəaliyyət göstərən İkiillik Müəllimlər İnstitutunu bitirmiş, coğrafiya müəllimi ixtisasına yiyələnmişdir.

1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsini bitirən Möhsün Axundov 1941-ci ildən 1961-ci ilə kimi A.S.Puşkin adına Tovuz şəhər orta məktəbinin inkişafında və şöhrət tapmasında əvəzsiz xidmət göstərmişdir. O, Tovuz Rayon Xalq Maarifi Şöbəsində pedaqoji kabinet müdiri işləməklə yanaşı, 7 il həmin məktəbdə coğrafiyadan dərs demiş, 1948-1950-ci illər isə bu təhsil ocağında tədris hissə müdiri vəzifəsində çalışmışdır.

Onun başlıca insani keyfiyyəti məsuliyyəti dərindən dərk etməsi, hər işə cidd-cəhdlə yanaşması idi. Dostluqda sədaqətli, incə və həssas olan Möhsün müəllim rayon gənclərinin də sevimlisi idi.

Möhsün müəllimin əməyi sağlığında yüksək qiymətləndirilmiş, hökumət və dövlət mükafatlarına layiq görülmüş, fəxri fərmanlar almış, "Qabaqcıl maarif xadimi", "Xalq maarifi əlaçısı" döş nişanları ilə təltif edilmiş, respublika müəllimlərinin bir neçə qurultaylarına nümayəndə seçilmişdir. Vətənə layiq övladların yetişdirilib tərbiyə olunmasında xidmətlərinə görə Möhsün Axundova "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı verilmişdir.

30-cu illərin repressiya maşını bu ailədən də yan keçmədi. Həmid başda olmaqla Axundlu nəslinin say-seçmə oğulları, tanınmış ziyalıları Qazaxıstan çöllərinə sürgün edildi. Nəslin digər üzvlərini təqiblərdən xilas etmək, ailə ənənəsini davam etdirib insanlara arxa durmaq, elin sözünü demək və gəncləri mənən sınmaqdan qorumaq Möhsün Həmid oğlunun üzərinə düşür.

Möhsün Axundov təkcə öz nəslinin və Qovların deyil, dərs dediyi kəndlərin əhalisinin də güvənc yeri, insanların məsləhət aldığı etibarlı şəxslərdən idi. Nüfuzlu bir şəxs kimi el-oba, ictimaiyyət arasında ən müşkül məsələlər onun timsalında tezliklə həllini tapardı. Onun müəllim dostları Cahangir Musayev, Rəhim Muradov və başqaları ilə dostluqları nəsildən-nəslə keçib və bu gün də davam etməkdədir.

Bir ömürdə sanki bir neçə ömür yaşayan, haqsız yerə repressiyalara məruz qalmış atasının, əmilərinin bəraət almaları üçün böyük əsəbi gərginliklər keçirən Möhsün müəllimin səhhətinə balta çalınırdı. Yeganə təsəllisi ailəsində böyüyən 3 oğlan və 4 qız övladının olması idi. Möhsün müəllim inanırdı ki, əməllərini övladları layiqincə davam etdirəcəklər. Övladlarının hamısı ali təhsil alıb layiqli ziyalı kimi yetişiblər.

Ölümündən uzun illər keçməsinə baxmayaraq, bu gün də işlədiyi məktəbdə, rayon ziyalıları arasında Möhsün Həmid oğlu Axundovun yeri görünür, qədirbilənlər tərəfindən hörmət və ehtiramla yad edilir. 

 

 

 Malik NOVRUZOV

 

Azərbaycan müəllimi.- 2010.- 12 mart.- S.7.