Yetirmələri tərəfindən daim xatırlanmağın sevinci

 

Müdrik bir deyimə görə, bağ bağbansız, bəşəriyyət müəllimsiz keçinə bilməz. Kimliyindən, həyatda tutduğu mövqeyindən asılı olmayaraq, hər bir insan özündəki bir sıra keyfiyyətlərə görə dərs aldığı ilk müəlliminə borcludur. Alimdən, mütəfəkkirdən tutmuş sadə insanlaradək hər kəs ona ilk dərs deyən, əlifbanı tanıdıb ana, Vətən kəlmələrini öyrədən müəllimlərini bütün həyatı boyu əziz insan kimi xatırlayır, yada salır, heç vaxt unutmur.

Belə insanlardan biri, ömrünü balalarımızın təlim-tərbiyəsinə həsr edən, hazırda Salyan rayonunun Şorsulu kənd orta məktəbində sinif müəllimi işləyən Zeynəb Nəcəfova haqqında söz açmaq istəyirəm.

Zeynəb Niftulla qızı Nəcəfova 1950-ci il martın 13-də Salyan rayonunun Qırmızıkənd kəndində (hazırda Neftçala rayonu) dünyaya göz açıb. 1965-ci ildə Qırmızıkənd kənd səkkizillik məktəbini, 1967-ci ildə isə Əli Bayramlı şəhər (indiki Şirvan şəhəri) 10 nömrəli orta məktəbini müvəffəqiyyətlə bitirən Zeynəb müəllim olmaq arzusu ilə sənədlərini elə həmin il Əli Bayramlı Pedaqoji Texnikumuna verib və qəbul imtahanlarından müvəffəq qiymətlər alaraq bu təhsil ocağına qəbul  edilib.

Hələ kənd məktəbinin ibtidai sinfində oxuyarkən özünü sinif müəlliminə oxşatmağa çalışan balaca Zeynəb dərsdən sonra qonşu uşaqları başına yığıb, onlara "dərs keçərdi". Ən böyük arzusu əlinə jurnal götürub şagirdləri tərəfindən sevilən müəllim kimi sinfə girmək olub. Elə buna görə də savadlı müəllim olmaq üçün ilk gündən texnikumda yaxşı oxumağa, pedaqoji bilikləri dərindən öyrənməyə çalışır, texnikumun ictimai həyatında fəal iştirak edir.

1969-cu ildə orta ixtisas təhsilini yaxşı qiymətlərlə başa vurduqdan sonra Qırmızıkənd kənd səkkizillik məktəbinə sinif müəllimi göndərilir. Elə həmin il sentyabrın 1-də əlinə jurnal alıb sinfə girəndə isə sanki dünyanı ona bağışlamışdılar. Müəllimlik çətin sənət olduğundan onda asan uğur qazanmaq olmur. Gərək bu sənəti sevəsən, daim öz üzərində çalışasan. Öz metodikan olsun və onu daim zənginləşdirə biləsən. Zeynəb müəllim bu sadə həqiqətləri  texnikumda sevimli müəllimlərindən öyrənmişdi. Qalırdı onları diqqətdə saxlayıb əməl etmək. İşə cidd-cəhdlə girişdi. Öyrəndikləri nəzəri bilikləri təcrübəyə tətbiq etmək üçün səylə  çalışdı, təcrübəli həmkarlarının tövsiyələrinə əməl etdi. Müəllimlik üçün zəruri olan keyfiyyətləri - çalışqanlığı, məsuliyyəti, yeniliyə can atması tezliklə onu məktəbdə yaradıcı, fəal, yaxşı müəllim kimi tanıtdı, adı rayonun  ən yaxşı müəllimləri sırasında çəkilməyə başladı.

İctimai işlərdə də həmişə fərqlənən Zeynəb müəllim məktəbdə yaratdığı özfəaliyyət dərnəyinin rəhbəri kimi rayonda keçirilən tədbirlərdə fəal iştirak etdi. Yaxşı müəllim, fəal ictimaiyyətçi kimi fəxri  fərmanlarla, diplomlarla təltif olundu.

1974-cü ildə ailə qurması ilə əlaqədar Salyan rayonunun Şorsulu kəndinə köçdü. O vaxtdan bu günə qədər Şorsulu kənd orta məktəbində sinif müəllimi kimi fəaliyyət göstərir. Burada da şagirdlərinin sevimlisi olan Zeynəb müəllim pedaqoji kollektivin dərin hörmətini qazanıb. İşini günün tələbləri səviyyəsində qurur, təlim prosesində şagirdləri fəallaşdıran, yaradıcı qabiliyyətlərini, təfəkkürlərini inkişaf etdirən müasir üsullara geniş yer verir, kurikulumun tələblərini yüksək səviyyədə həyata keçirir, şagirdlərin şəxsiyyət kimi formalaşmasında bilik və bacarığını əsirgəmir. Təsadüfi deyil ki, Zeynəb müəllim uzun müddətdir məktəbdə ibtidai siniflər üzrə metodbirləşmənin sədridir.

41 il ərzində həyatını kiçik yaşlı şagirdlərin təlim-tərbiyəsinə həsr edən Zeynəb müəllim vaxtilə şagirdi olmuş, hazırda respublikanın müxtəlif elm və istehsalat sahələrində ləyaqətlə çalışan məzunları tərəfindən hörmətlə yad edilir. Keçmiş şagirdləri onunla əlaqə saxlayır, bəzən də görüşünə gəlirlər. Bu günlərdə qeyd ediləcək 60 illik ömrünü mənalı yaşadığına, vətənə layiq övladlar yetişdirdiyinə, şagirdləri tərəfindən heç vaxt unudulmadığına görə Zeynəb müəllimin sevinməyə haqqı var.

 

 

Nizami MİRZƏ

 

Azərbaycan müəllimi.- 2010.- 12 mart.- S.7.