Görkəmli kinoşünasın yubileyi qeyd edilib

 

Martın 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris teatrında görkəmli kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadənin anadan olmasının 70 illik yubileyi təntənəli qeyd edilib.

Tədbiri giriş sözü ilə açan universitetin prorektoru, professor Rafiq Sadıqov yubilyarın həyat və yaradıcılığı haqqında qısa məlumat verib, onu ad günü münasibətilə təbrik edib.

Mərasimdə çıxış edənlər Aydın Kazımzadənin yüksək insani keyfiyyətindən, zəhmətsevərliyindən danışıblar. Qeyd olunub ki, o, həyatını bütünlüklə Azərbaycan kinosu tarixinə, onun dərindən öyrənilməsinə sərf edib.

Tədbirin bədii hissəsində tələbələrin, aktyorlar Arif Quliyevin, Qorxmaz Əlilinin, aşıq Əhliman Şirvanlının və başqalarının ifaları mərasimin iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda Aydın Kazımzadə çıxış edərək bu təhsil ocağında yubileyinin təntənəli qeyd olunmasına görə universitet rəhbərliyinə və hamıya minnətdarlığını bildirib.

 

 

Nizami MİRZƏ

 

Azərbaycan müəllimi.- 2010.- 12 mart.- S.5.