Aybəniz Vəkilovanın Səməd Vurğunla bağlı xatirələri

 

1944-cü ildə mən konservatoriyanın nəzdində olan 10 illik musiqi məktəbinin 1-ci sinfinə getmişəm. Fortepiano çalırdım, müəllimim məktəbin direktoru, professor Kövkəb xanım Səfərəliyeva idi. O illəri mən heç zaman unutmayacağam.

Musiqi məktəbində 7 il oxuduqdan sonra, VIII sinfin I rübündə artıq qət etdim ki, mən musiqiçi olmayacağam. Atamın kitabxanasındakı kitabların çoxunu oxuduğumdan məndə ədəbiyyata böyük həvəs oyanmışdı. Adi orta məktəbə keçib, sonra ADU-nun filologiya fakültəsində oxumaq arzusu qəlbimdə baş qaldırmışdı. Niyəsə bunu atama söyləməkdə çətinlik çəkirdim. Yaxşı xatirimdədi, 1952-ci ilin oktyabr ayının ortasında atamın kabinetinə girib ona bu arzumu dedim. O, əvvəl fikrə getdi, sonra gülümsəyib: ", deyəsən qızım pianoçu yox, alim olmaq fikrinə düşüb! deyirəm ki, səni ən yaxşı qız məktəbinə - 132 nömrəli məktəbə keçirdərəm". Elə oldu. Mən VIII sinfin II rübündən həmin məktəbin VIII "B" sinfinin şagirdi oldum. O gündən mənim çətinliklərim başladı. Humanitar fənlərdən çətinlik çəkmirdim. Lakin riyaziyyat, fizika kimya fənlərindən heç bir anlayışım olmadığını özüm , müəllimlərim tezliklə başa düşdük. Musiqi məktəbində bu fənlərin çox zəif keçilməsi mənim üçün böyük problem yaratdı. Çox savadlı olduqca ziyalı müəllimlərimiz var idi. Allah hamısına rəhmət eləsin. Ədəbiyyat müəllimimiz Bilqeyis Məmmədova (Təhmasib) məndə ədəbiyyata olan həvəsi daha da artırdı. Riyaziyyat müəllimlərimizi - Sadıq Sadıqovu, Əhməd Əhmədzadəni böyük məhəbbətlə xatırlayıram.

VIII sinfin II rübü qurtardıqdan sonra Sadıq müəllim məni yanına çağırıb dedi ki, qızım, sən riyaziyyatdan, həndəsədən, fizikadan özün bilirsən ki, çox zəifsən, belə getsə, biz səni sinifdə saxlamalı olacağıq. Başa düşürəm ki, çalışırsan, lakin əvvəldən bünövrə olmadığından heç alınmır. Atana de ki, məktəbə gəlsin, onunla da söhbət edib vəziyyəti başa salaq.

Mən evdə atama dedim ki, ata, səni məktəbə çağırırlar. Onun sifəti çox ciddi görkəm aldı, başını bulayıb dedi: "Məktəbdə neyləmisən?". Mən cavab verdim ki, heç bir pis görməmişəm, yalnız dərslərlə bağlı məsələdir.

Səhərisi gün atam məktəbə gəlib, müəllimlər otağında bütün müəllimlərlə çox mehriban görüşdü, hal-əhval soruşub onlara xoş sözlər dedi. Sonra Sadıq müəllim əhvalatı atama başa saldı. Sinifdə qalacağım barədə fikir atamın xoşuna gəlmədi... Bir az fikirləşəndən sonra: "Ay Sadıq müəllim, görürsünüz , təqsir Xavər xanımdadır. Mən ona dedim ki, bu uşaqların üçünü musiqi məktəbinə vermə. Bu da nəticəsi. Doğrudan da, orada bu fənlərə çox fikir verilmir, əsas musiqi fənləridir. Mən sizi başa düşürəm. Lakin gərək bir çıxış yolu tapaq. Əgər müəllim tutub Aybənizi evdə çalışdırsam necə olar? Dərs ili qurtarana qədər əgər xeyri olmasa, onda, neyləməli, sinifdə qalar..." dedi.

Sadıq müəllim atamla razılaşdı. Fizika müəllimimiz Bəhram Sultanov Azərbaycan Pedaqoji İnstitutunda da dərs dediyindən Şəfiqə adlı bir tələbəni atama məsləhət gördü. Şəfiqə hər dərsdən sonra mənimlə demək olar ki, iki saat  məşğul olurdu. III IV rüblərdə artıq mənim qiymətlərim düzəldi məni sinifdə saxlamadılar. Təəssüflə qeyd edirəm ki, kamal attestatımda qiymətlərimin hamısı "5", riyaziyyat, fizika, kimya fənlərindən "3" olmuşdu.

İllər ötdü... Atamın yubileyi ilə bağlı məktəblərdə keçirilən görüşlərdə mən bu xatirəni söyləyib, o zamanlar mənəvi dəyərlərimizin necə saf olduğunu vurğulayıram. Təhsilə münasibət o qədər ciddi idi ki, valideynlərə heç bir fərq qoyulmurdu. O zaman heç kəs təsəvvürünə belə gətirə bilməzdi ki, Aybəniz Vəkilova adlı şagirdə Səməd Vurğunun qızı olduğuna görə layiq olmadığı yüksək qiymət yazılsın. Bunu atamın özü, mən, ki, sinif yoldaşlarım başa düşə bilməzdilər. Yalnız müəllim şagird münasibətləri var idi.

Mən indi artıq 70 yaşa qədəm qoyuram. Həyatımda nəsə yaxşı bir görürəmsə, o məktəb illərini, atamı, müəllimlərimi xatırlayıram. Valideynlərimə müəllimlərimə xəyalən müraciət edib deyirəm: "Çox sağ olun! yaxşı ki, həyatımda sizin kimi insanlar olub!".

 

 

Bu yazını redaksiyamıza Səməd Vurğunun ev-muzeyinin direktoru Aygün Vəkilova (Aybəniz Vəkilovanın qızı) təqdim edib.

 

 Azərbaycan müəllimi.- 2010.- 19 mart.- S.6.