Sinqapur Milli Universiteti
Yerləşir:
Yaranma tarixi: 1905-ci
il
Tipi:
Dövlət
İşçi heyəti: 8444 nəfər
Tələbələrin sayı: 33741 nəfər
Rəsmi saytı:
www.nus.edu.sg
Sinqapur Milli Universiteti (National University of Singapore) Sinqapur
Respublikasında yaranan ilk ali təhsil müəssisəsidir.
Universitet tələbələrin çoxluğuna və tədris
proqramının zənginliyinə görə də ölkənin
ali məktəbləri arasında birinci yeri tutur. Böyük
Britaniyanın "Times Higher Education Supplement - QS World
Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə
görə, Sinqapur Milli Universiteti 100 ən yaxşı ali məktəb
arasında 30-cu yerdədir. Bu ali təhsil müəssisəsi
dünyada biotibbi, ictimai, dəqiq elmlər və
maşınqayırma sahəsi
üzrə tanınıb.
Sinqapur Milli Universiteti mütəmadi
olaraq beynəlxalq elmi-tədqiqat konfranslarında iştirak
edir. Zəngin Asiya təcrübəsini özündə birləşdirən
universitet Sakit Okean regionu Universitetləri Assosiasiyasına, Beynəlxalq
Tədqiqat Universitetləri Alyansına daxildir.
Tarixi
1904-cü ilin sentyabrında
Tan Jiak Kim bir qrup Çin və digər icma nümayəndələrinə
rəhbər təyin edilir. T.J.Kim Streyts Settlmentsin
(Böyük Britaniyanın Cənub-Şərqi Asiyadakı
müstəmləkəsi)
qubernatoru Con Andersona müraciət edərək Sinqapurda
tibb məktəbi yaratmaq istədiyini bildirir. 3 iyul 1905-ci ildə
tibb məktəbi yaradılır və onun adı
bütövlükdə Streyts və Malayziya Federativ Hökumətinin
Tibb Məktəbi kimi qeyd olunur. Məktəbin binası ilə
birgə tibb kitabxanasının binası da tikilir. 1912-ci ildə
kral VII Edvard Tibb Məktəbinə 120000 dollar dəyərində
yardım edir. 1913-cü ildə Tibb Məktəbi Kral VII Edvard
adına Tibb Məktəbi, 1921-ci ildə isə təhsil
müəssisəsinin akademik statusunu vurğulamaq
üçün məktəb Kral VII Edvard adına Tibb Kolleci
adlandırılır.
1929-cu ildə malayziyalı gənclərə
incəsənət və ictimai elmlərin öyrədilməsi
məqsədilə Raffles Kolleci yaradılır. 20 il sonra, 8
oktyabr 1949-cu ildə Raffles Kolleci və Kral VII Edvard adına
Tibb Kolleci birləşdirilərək Malaya Universiteti
açılır. Bu iki təhsil
müəssisəsi Malayziya Federasiyası və Sinqapur sakinlərinə
ali təhsil vermək məqsədi ilə birləşdirilir.
Malaya Universiteti sürətlə inkişaf etməyə
başlayır, lakin 1959-cu ildə Sinqapurda və Kuala-Lumpurda
yerləşməklə iki hissəyə bölünür.
1960-cı ildə Malayziya Federasiyası və Sinqapur hökumətləri
universitetin statusunu dəyişmək qərarına gəlir.
1962-ci ildə Sinqapurda yerləşən Malaya Universiteti
Sinqapur Universiteti adlandırılır, Kuala-Lumpurda yerləşən ali təhsil
müəssisəsinin adı isə Malaya Universiteti olaraq
qalır.
1980-ci ildə Sinqapurda yerləşən
Sinqapur və Nanyanq universitetləri birləşdirilir və həmin
ali təhsil ocağına Sinqapur Milli Universiteti adı verilir.
Bu hadisə Nanyanq Universitetinin məzunları və Çin
icması tərəfindən etirazla qarşılanır.
Çin icması Nanyanq Universitetini Çin elminin, mədəniyyəti
və ictimai inkişafının istehkamı hesab edirdi. Nanyanq
Universiteti Çin və Tayvanın hüdudlarından kənarda yerləşən və Çin təhsili
verən yeganə ali təhsil müəssisəsi idi.
Sinqapur Milli Universiteti
Britaniya təhsil sisteminə uyğun yaradılıb. 2005-ci
ildə 1,9 km2 ərazidə "Şəhər
Universiteti" adlı plana əsasən universitetin yeni kampusu
tikilib. Buraya səkkiz kollec yataqxanası daxildir. 2007-ci ildə
universitetdə avtomobil və piyadalar üçün nəzərdə
tutulmuş, iki kampusu birləşdirən körpü və
keçid tikilib. Hazırda Universitet şəhərciyinin
inşası davam etdirilir və 2013-cü ildə də yeni
qurğuların tikintisi planlaşdırılır.
Büdcə və təhsil haqqı
Sinqapur Milli Universiteti
hazırda Sinqapur hökuməti tərəfindən yüksək
maliyyə yardımı alır. Universitetin əməliyyat və
infrastruktur xərcləri dövlət tərəfindən
ödənilir, toplanan yardımlar isə tələbələrin
təhsilinin yüksəldilməsinə sərf olunur.
Sinqapur Milli Universitetində
2009-2010-cu tədris ilində tələbələrin təhsil
haqqı bakalavr pilləsində təhsil alan tələbələr
üçün oxuduqları məktəb və fakültədən
asılı olaraq Sinqapur sakinləri üçün 25620
Sinqapur dollarından (S$) başlayaraq 69600 dollara qədər dəyişib.
Əcnəbi tələbələrin təhsil haqqı isə
28930-73700 Sinqapur dolları təşkil edib. Universitetdə ən
bahalı fakültələr Stomatologiya və Tibb məktəblərindədir.
Burada təhsil haqqı yerli tələbələr
üçün 107160 Sinqapur dolları, əcnəbi tələbələr
üçün isə 116640 Sinqapur dolları təşkil
edib.
Universitetin tələbə
yataqxanalarında ödənişlər, şəraitdən
asılı olaraq, biraylıq 325-605 Sinqapur dollarına başa
gəlir. Tələbənin biraylıq xərci, orta hesabla,
belədir: kitab və dəftərxana ləvazimatları
üçün 100-200 Sinqapur dolları, nəqliyyat
üçün (kampus daxilində) 52 Sinqapur dolları, ictimai
nəqliyyat üçün (kampusdan kənar) - 150-200 Sinqapur
dolları, qidalanması üçün (kampus daxilində)
250-350 Sinqapur dolları, şəxsi xərcləri
üçün (geyim, əyləncə və s.) 150-200
Sinqapur dolları.
Sinqapur Milli Universitetində
təqaüd almaq istəyən tələbə universitetə
yazılı ərizə ilə müraciət etməli,
sonradan isə bu təhsil müəssisəsinin seçim
meyarlarına cavab verməlidir. Tələbə bütün tələblərə
cavab verərsə, tələbənin ailə vəziyyətinə,
maliyyə durumuna uyğun olaraq ona təqaüd və kredit
ayrılır. Bununla yanaşı, tələbəyə tədqiqat
işlərində kömək göstərilir. Sinqapur Milli
Universitetində tələbəyə ayrılan kreditin məbləği,
təxminən, ildə 3600 Sinqapur dolları təşkil edir.
Ümumiyyətlə, dünyanın başqa universitetlərində
olduğu kimi, burada da tələbələrə müxtəlif
məbləğdə bir çox təqaüd və kreditlər
təklif olunur.
Universitet bu gün
Sinqapur Milli Universiteti
Sinqapurun qərbində yerləşən Kent Ric rayonu ərazisindədir.
Bu rayon dinc yaşayış mühitinə və bol bitki
örtüyünə görə seçilir. Sinqapur Milli
Universiteti Kent Ric rayonunda 1,5 km2 ərazini əhatə edir. Bu təhsil
ocağı üç kampusdan ibarətdir: Kent Ric, hüquq
fakültəsinin yerləşdiyi Bukit Timah və tibb məktəbinin
yerləşdiyi Outram kampusları.
Sinqapur Milli Universitetinin
şəhərciklərində tələbələr
üçün yüksək səviyyəli şərait
yaradılıb. Burada 3000 yerlik yataqxanalar, kampus daxilində həftə
boyu pulsuz hərəkət edən avtobuslar mövcuddur.
Yataqxanalarda tələbələrə bir və ya iki otaq təklif
edilir, hər bir otaq telefon, kabel televiziyası, İnternet,
istilik sistemi, paltaryuyan, qurudan maşınlar və s. ilə təmin
olunub. Universitetin ən
böyük yataqxanalarından Kouk Fond Evi, Şahzadə Corc
Park, Ric Vyu, Eusoff, Kent Ric, Kral VII Edvard, Raffles, Sheares, Temaseki
rezidensiyalarını qeyd etmək olar.
Sinqapur Milli Universiteti,
konservatoriya daxil olmaqla, aşağıdakı məktəblərdən
ibarətdir:
İncəsənət və
İctimai Elmlər Məktəbinə Çin dili, Çin
elmləri, media və kommunikasiya, iqtisadiyyat, ingilis dili, ingilis ədəbiyyatı,
fəlsəfə, siyasi elmlər, ictimai fəaliyyət,
psixologiya, sosiologiya, coğrafiya, tarix, Avropa, Yaponiya, Malayziya, Cənubi
Asiya elmləri, teatr fakültələri daxildir.
Biznes Məktəbi biznes idarəetməsi,
menecment (mühasibatlıq) fakültələrindən,
mühasibat, işgüzar siyasət, qərar elmləri, maliyyə,
idarəetmə və təşkilat, marketinq departamentlərindən
ibarətdir. Bu məktəb 1965-ci ildə yaradılıb. Məktəbin
proqramına MBA (biznes idarəetməsi masteri), beynəlxalq MBA
və s. daxildir. Sinqapur Milli Universitetinin Biznes Məktəbi dünyanın bir çox
universitetləri ilə (Pekin, Fudan, Koreya, Paris, Los-Anceles
universitetləri və s.) birgə MBA proqramları həyata
keçirir. Məktəb, həmçinin bütün bu sahələr
üzrə PhD dərəcəsi verir.
Kompüter (İnformatika) Məktəbinə
media və kommunikasiya, hesablama biologiyası, kompüter mühəndisliyi,
kompüter elmləri, hesablama texnikası, elektron ticarət,
informasiya sistemləri fakültələri
daxildir. Məktəb 1998-ci ildə yaradılıb və
altı bakalavr diplomu təklif edir.
Dizayn, Ətraf Mühit və
Memarlıq Məktəbi inşaat, sənaye dizaynı, layihə
və binaların istismarı, daşınmaz əmlak
fakültələrindən ibarətdir. Məktəb 1969-cu
ildə İnşaat və Daşınmaz Əmlakın
İdarəolunması Departamenti adı altında
yaradılıb, 2000-ci ildə isə məktəbə
hazırkı adı verilib. Məktəb, əsasən,
bakalavr dərəcəsi təklif edir.
Mühəndislik Məktəbinə
mühəndislik, biomühəndislik, mülki tikinti, kimya,
kompüter, elektrotexnika mühəndisliyi, layihələşdirmə
və texnologiya idarəetməsi, texniki elmlər, ətraf
mühit mühəndisliyi, sənaye və sistemlər mühəndisliyi,
materiallar elmləri, maşınqayırma fakültələri
daxildir. Mühəndislik Məktəbi universitetin ən
böyük məktəbidir və 1968-ci ildə
yaradılıb. Məktəb bakalavr, magistr və doktorluq dərəcələri
təklif edir.
Dəqiq Elmlər Məktəbinə
tətbiqi kimya, riyaziyyat, ümumi kimya, ümumi riyaziyyat, əczaçılıq,
hesablama biologiyası, qida elmi və texnikası, həyat
haqqında elmlər, fizika, miqdar maliyyəsi (quantitativ),
statistika fakültələri daxildir.
Tibb Məktəbi tibb və
tibb bacısı fakültələrindən ibarətdir.
Universitetin təməlini qoymuş bu məktəb 1905-ci ildə
açılıb. Tibb fakültəsi, öz növbəsində,
anesteziya, anatomiya, biokimya, ailə təbabəti, diaqnostik
radiologiya, mikrobiologiya, ginekologiya, oftalmologiya, ortopediya, otolarintologiya,
pediatriya, patologiya, farmokologiya, fiziologiya, psixiatriya, səhiyyə,
cərrahiyyə və digər bölmələrdən ibarətdir.
Bütün bu sahələr üzrə magistr və doktorluq
proqramları da təklif olunur, tibb üzrə alimlər
hazırlanır. Tibb Məktəbi Britaniya tibb sisteminə əsaslanıb,
tələbələr bütün gün ərzində
iş başında olurlar. Məktəb tibb bacısı sahəsi
üzrə bakalavr dərəcəsi verir.
Stomatologiya Məktəbi Uzaq
Şərqdə bu sahə üzrə yaradılmış
ilk təhsil ocağıdır.
Sinqapur Milli Universitetində stomatologiya fakültəsi 1929-cu
ildə açılıb. Tədris proqramı iki il klinikaya qədər
və iki il klinikadan sonrakı dövrü əhatə edir,
bakalavr, magistr və doktorluq dərəcələri verilir.
Hüquq Məktəbi
1956-cı ildə Malaya Universitetində yaradılıb.
2006-cı ildə təhsil müəssisəsi Bukit Timah
kampusuna köçüb. Burada mövcud olan fakültələrdən
hüquq, ictimai siyasət, qanun və həyat elmləri,
politologiya və s. qeyd etmək mümkündür. Məktəb
bir neçə xarici universitetlə əməkdaşlıq
edir və tələbə mübadiləsi aparır.
Yonq Syu Toh Musiqi
Konservatoriyası Sinqapur Milli Universiteti, Pibodi İnstitutu və
Con-Hopkins Universitetinin əməkdaşlığı çərçivəsində
fəaliyyət göstərir. 2001-ci ildə konservatoriya mərhum
doktor Yonq Lu Linin qızının şərəfinə Yonq
Syu Toh Musiqi Konservatoriyası adlandırılıb. Hazırda
məktəb dördillik (bakalavr) musiqi təhsili verir.
Konservatoriya musiqi performansı (orkestr musiqisi) və kompozisiya
fakültələrindən ibarətdir.
Doktorantlar üçün nəzərdə
tutulmuş məktəblərdən (graduate schools) Li Kuan Yu
İctimai Siyasət Məktəbi ən müasir və
savadlı siyasətçi və liderlər nəslinin
hazırlanması məqsədi ilə fəaliyyət göstərir.
İnteqrativ Elmlər və
Mühəndislik Məktəbi elmin bir sıra sahələri,
xüsusilə texnologiya və bununla əlaqəli tibbin digər
aspektləri üzrə dünya səviyyəli tədqiqatçılar,
doktorant və alimlər hazırlayır.
Dyuk-Sinqapur Ali Tibb Məktəbi
biotibbi elmlər üzrə yeni tədqiqatçı həkimlər
nəsli yetişdirir. Bu məktəb Sinqapur Milli Universiteti ilə
Dyuk Universitetinin sıx əməkdaşlığı
altında fəaliyyət göstərir.
Sinqapurdan kənarda
universitetin 5 kolleci fəaliyyət göstərir. Bunlar Silikon
Vadisində, Bio Valleydə, Şanxayda, Stokholmda və Banqalorda
yerləşən ali təhsil müəssisələridir.
Sinqapur Milli Universitetinin nəzdində
fəaliyyət göstərən digər təhsil mərkəzlərindən
Təhsil və Tədrisin İnkişafı, İngilis Dili
Kommunikasiyası, Genişlənmə (NUS Extension) mərkəzlərini, Sistemlər Elmi İnstitutunu qeyd etmək
olar. Təhsil və Tədrisin İnkişafı Mərkəzi
pedaqogika sahəsinin inkişafı, universitetdə tədrisin
səviyyəsinin qaldırılması məqsədlərinə
xidmət edir. İngilis Dili Kommunikasiyası Mərkəzi
universitetdə ingilis dilinin tədrisini, tələbələrin
müvəffəqiyyətli kommunikasiya bacarıqlarını
və effektiv tədqiqat bacarıqlarını inkişaf
etdirir. Sistemlər Elmi İnstitutu informasiya
texnologiyalarının tədrisini və onlayn təhsil təklif
edir. İnstitut informasiya texnologiyaları üzrə
professional fasiləsiz təhsili ilə seçilir. Genişlənmə
Mərkəzi fərdi və korporativ şəxslərə
professional, fasiləsiz təhsil təklif edir, təhsilin davam
etdirilməsi məqsədlərinə xidmət edir.
Bütün sadalananlardan əlavə,
Sinqapur Milli Universitetində 22 elmi-tədqiqat institutu
mövcuddur.
Sinqapur Milli Universitetinin
kitabxana sisteminə ümumilikdə 1,5 milyon cild kitab, 43000
elektron nəşr, 32000 informasiya proqramı, 26000 mikroforma və
s. daxildir. Universitetin ayrılıqda 8 kitabxanası var: Mərkəzi,
Çin, CJ Koh Hüquq, Suy Sen Memorial, Tibb, Musiqi, Elmi,Yuxarı
Məktəb. Hər bir kitabxanada öz sahəsinə
uyğun minlərlə kitab var. Kitabxananın İnternet portalı
fəaliyyət göstərir və gün ərzində 24
saat xidmət təklif edir. Universitetin zəngin kitabxanası
müxtəlif istiqamətlər üzrə tədqiqatlar
aparmağa geniş imkanlar yaradır.
Sinqapur Milli Universitetinin
kansleri Sinqapurun hazırkı Prezidenti Sellapan Ramanathan,
prezidenti isə professor Tan Çorh Kuandır. 2009-2010-cu tədris
ilində Sinqapur Milli Universitetində ümumilikdə 8444 nəfər
işçi heyət qeydə alınıb. Onlardan 2207 nəfəri
professor-müəllim, 2098 nəfəri tədqiqatçı,
qalanları isə inzibati işçilərdir.
Hazırda Sinqapur Milli
Universitetində dünyanın 100 ölkəsindən 33741-dən
çox tələbə təhsil alır. Onların 25391 nəfəri
bakalavr, 8350 nəfəri isə magistr və doktorantlardır.
Dünyanın bir çox ölkəsində universitetin
20000-dən artıq məzunu müxtəlif sahələr
üzrə fəaliyyət göstərir.
Sinqapur Milli Universitetinin
dünya elminə verdiyi nailiyyətlərdən
aşağıdakıları nümunə göstərmək
olar: 2-D karbon nanostrukturlarının kəşfi, NASA
üçün Delphipad portativ fərdi kompüterinin
yaradılması, kariyesin alçaq enerjili lazerlə müalicəsi,
üçölçülü (3-D) holoqrafik təsvirlərin
modelləşdirilməsi, 3-D nanostrukturlar üçün
proton şüasının mikroemalı, Kvant
kriptoqrafiyası, gövdə hüceyrələrinin kəşfi
və s. Burada uranın zənginləşməsi üzrə
geniş iş aparılır, nanotexnologiyanın öyrənilməsinə
xüsusi diqqət yetirilir. Elmi-tədqiqatların
aparıldığı əsas məkanlar Biomühəndislik
və nanobiomühəndislik koridoru, Antena şüa nümunələrini
ölçmək üçün yığcam diapazon,
Kiberart studiyası, Grid İnnovasiya Zonası, NUS (Sinqapur Milli
Universiteti) Hollivud laboratoriyası, Bioloji variativlik tədqiqatı
muzeyi, Parisdə yerləşən Sondra laboratoriyası,
Struktur Biologiya Tədqiqatı koridoru, Sinxrotron İşıq
Mənbəyi və digərləridir.
Sinqapur Milli Universiteti tələbələrə
savad verməklə yanaşı, onlara həyat dərsi verir.
Burada tələbə mübadiləsi, dünya ölkələrinin
tanınmış universitetləri ilə sıx əməkdaşlıq,
təcrübə toplamaq məqsədi ilə xarici səfərlər
həyata keçirilir. Bu
günədək topladığı zəngin təcrübəyə
əsaslanan ali təhsil müəssisəsinin gələcək
məqsədi geniş fənn spektri yaratmaq, qabaqcıl elmi
nailiyyətlərə yiyələnmək, ali məktəbdən
sonrakı təhsili, müdafiə tədqiqatlarını
gücləndirmək, həyat haqqında elmlərə daha
böyük diqqət ayırmaq və bəşəriyyətə
yüksək zəkaya malik şəxsiyyətlər bəxş
etməkdir.
Universitetin məşhur məzunları
Sellapan Ramanathan Sinqapurun
hazırkı Prezidenti, universitetin kansleri
Benjamin Henri Şeris Sinqapurun 2-ci
Prezidenti
Qo Çok Tonq Sinqapurun Baş naziri
Uolter Vun
Sinqapurun baş prokuroru
Lee Kuan Yu
Sinqapurun sabiq Baş naziri
Goh Keng Svi
Sinqapurun sabiq Baş nazirinin müavini
Toh Çin Çye
Sinqapurun sabiq Baş nazirinin müavini
S. Cayakumar Sinqapurun
sabiq xarici işlər naziri
Enq Hen Sinqapurun 2-ci müdafiə
naziri
Abdul Razak
Malayziyanın 2-ci Baş naziri
Mahathir bin Məhəmməd Malayziyanın 4-cü
Baş naziri
Linq Vern Fuk məşhur Sinqapur yazıçısı
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2010.- 2 aprel.-S.6.