Nəriman Həsənzadənin
Nizami poeması
Son illər poeziyamızda yeni bir ədəbi
hadisə kimi N.Həsənzadənin "Nizami"
poeması diqqəti cəlb edir.
Bu maraqlı əsərin
yazılması ilə
əlaqədar müəllifin özünəməxsus
bir səmimiyyətlə
etirafı çox maraqlıdır.
"Gənc dostum Nizami Cəfərovun 40 yaşı tamam olurdu. Məni dəvət
etmişdi. Bir şeirlə
getmək istədim.
İlk gəncliyindən
ürəyimdə ayrıca
yeri, bənzərsiz gülüşləri olan
bu insanın həyatı çox da nikbin keçməyib. Mərhum atası doğma
torpaqlarından zorla deportasiya edilənlərdən
olub". Elə bu
müqəddimədən aydın
olur ki, müəllifin əsərin
baş qəhrəmanı
seçdiyi Nizami Cəfərovun
mənsub olduğu
ailə Ermənistandan
köçürülən və o vaxtdan (1940-50-ci illər) Qazax torpağında məskunlaşan
sadə bir türk ailəsidir. Poemanın ayrı-ayrı kiçik fəsillərində biz əsas
qəhrəmanın körpəlikdən
bugünkü həyat
və fəaliyyətinə
qədərki çətin
və uğurlu yolun şahidi oluruq. Oxucuda tam təsəvvür yaransın
deyə, şair öz qəhrəmanının
ən ümdə cəhətlərini - vətənsevərliyini,
milli kök - soy, dövlətçilik və
türkçülük ideyalarına
bağlılığını önə çəkir və daha çox bu cəhətləri oxucusunun
nəzərində canlandırmağı vacib sayır.
Şair taleyüklü
məsələlərdə öz qəhrəmanının tutduğu
mövqeyə qəlbən
inanır və bundan böyük qürur hissi keçirir, çünki
ölkənin, Vətən
torpağının ağır
məqamlarında çevik
tərpənmək, səbatlı
mövqe və siyasət yeritmək ən ümdə məsələdir.
Seyrçi, müşahidəçi qalmaq heç kəsə şərəf
gətirməz və millət öz yerində sayar. Dünyanın güc sahibi olan dövlətlər
laqeyd qalanda, biganə yanaşanda, təzadlar, ziddiyyətlər
daha da kəskinləşəndə
azsaylı xalqlar,
tayfalar minbir müsibətlə üz-üzə
qalır, əzilib təhqir olunurlar. Elə buna görədir
ki, şair öz hiddətini bu misralarda sərrast
ifadə edir:
...İndi bu
dünyanın vardı qulağı,
Qarabağ deyəndə,
eşidə bilmir...
Poemanın, demək olar
ki, bütün hissələrində Azərbaycanın mənfur
düşmənlərinə qarşı ittiham və qəzəb
hissi özünü aydın göstərir. "Qələmi
qılıncdan kəsərli" kimi təqdim olunan əsər
qəhrəmanı Moskvanın "Qafqaz töhfəsi",
Yerevanın "İblis hiyləsi"nə qarşı
çıxır, millət vəkili olaraq bütün siyasi və
mədəni tədbirlərdə manqurtluğu, milli mənəvi
aşınmaları xalqın bəlası hesab edir,
sözünü ən ali kürsülərdən deməyi əsl
vətəndaşlıq borcu bilir.
Əsərdə Nizami
obrazı əsl türk vətəndaşı, milli patriot,
türk və islamçılıq ideoloji, kəskin və dəyişilməz
mövqe sahibi kimi xarakterizə olunur.
Oxucu bədii qəhrəmanın simasında həm də
bir fəlsəfi idraklı
filoloq obrazı görür. Şairin öz həyat və
yaradıcılıq yolu yaxından tanıdığı və
sevdiyi qəhrəmanın - Nizaminin həyat və sənət kredosu
ilə bir vəhdət təşkil edir. Alim Nizaminin dil-ədəbiyyat
haqqında düşüncə və elmi-nəzəri
mülahizələri ilə şair Nizaminin ədəbi-estetik
baxışları bir-birini gözəl tamamlayır. Bunu
poemanın bir çox yerlərində aydın hiss edirik:
Biz üç əlifbada,
bir dildə yazdıq,
"Əski"də,
"latın"da, "kiril"də yazdıq.
Bu nəsli o nəslə
qarşı qoydular,
Ayırıb qəsd ilə
qarşı qoydular.
Nizami Cəfərov
özünün bütün dilçiliyə, ədəbiyyata
dair yazdıqları əsərlərdə bu cür taleyüklü
məsələlərdən ürəkağrısı ilə
çox yazmışdır.
Bu sahədəki bəzi elmi əsərlərini yada salmaq, bizcə, yerinə düşər: "Şəxsiyyətin strukturunda XX yüzilin "böyük türklüyü", "Kitabi-Dədə Qorqudun dili", "Ümumtürk ədəbi dil", "Azərbaycan etnik-mədəni sisteminin yaranmasında qıpçaq türklərinin rolu", "Bir daha Füzulinin dili haqqında", "Azərbaycan dili, türk dili, yoxsa Azərbaycan türkcəsi", "Ümumtürk ədəbi dili yaratmaq mümkündürmü?" və s. elmi məqalələri dediyimizə sübut ola bilər.
Nəriman Həsənzadənin böyük ürək və səmimiyyətlə yazdığı "Nizami" poeması çağdaş dövrümüzün sadə və müdrik insanı Nizami Cəfərov haqqında qələmə alınan lirik bir salnamədir. Burada gənc və müdrik alimin, çox qabil dilçi və ədəbiyyatşünas - tənqidçinin həyat və fəaliyyətindən yığcam, lakin məna dolu səhifələrlə razılaşırıq.
Poemada Nizaminin qeyri-adi istedadına, səmimiyyət və mərdanəliyinə, söz sərrafı kimi hazırcavablığına, elmi məntiqi və təfəkkürünə, universal bilik sahibi olmasına dair xeyli misallar gətirmək olar.
Şair poemasında gənc istedad sahibi tək özünəməxsus zirvələrə
çatmış Nizamini
həm filoloq, həm türkoloq, həm də əsl vətəndaş,
böyük hərflə
yazılan İnsan kimi səciyyələndirir.
Onun sadəliyini,
humanist, xeyirxah əməllərini
və eyni zamanda fikrindən, əqidəsindən dönməzliyini,
ağayana və məğrurluğunu da xüsusi nəzərə
çarpdırır.
"Şeyxim, ey Nizami,
şairlər şahı" - deyərək qiymətləndirdiyi
XII əsrin böyük sənətkarını vəsf edən
N.Həsənzadə haqlı olaraq qeyd edir ki, hörmətli oxucu nəzərə
almalıdır ki, müasirim Nizamini dahi sələfi ilə
müqayisə etmirəm. Sadəcə, bu günün Nizamisi
özünəməxsus, yüksək xüsusiyyətləri
- idraki, təfəkkürü, qeyri-adi istedadı və vətəndaşlıq
mövqeyi ilə yaşıdlarından və ümumiyyətlə,
müasirlərindən xeyli dərəcədə zirvədə
dayanır və gəncliyə örnək bir şəxsiyyət
səviyyəsindədir. Onlarca alimlərin yetişməsində
müstəsna xidməti bu fikri
bir daha təsdiq edir.
Görkəmli şairin
poemasındakı bu misralar da əbəs yerə deyilmir:
Dünyaya Bəhmənyar
və Tusi gəldi,
İndi də onların varisi gəldi.
Mahmud Qaşqarinin
türkçü qələmi,
Sənin əlindədi
indi, Nizami!...
Poemanın qəhrəmanı
şairin fikrincə, həm istedadı, həm
də zəhməti, çalışqanlığı ilə yüksək kürsüləri
fəth edə bilib. Ulu öndər
Heydər Əliyevin onun həyatındakı mühüm rolunu şair incə və yığcam bir formada, özünəməxsus
sadəlik, müdrik misralarda canlandıra bilmişdir:
"O da
Görücüydü, insanı
bəzən,
Yaxşı tanıyırdı: üzdən
yox, içdən"
"Böyük
bir alimə vəzifə verdim,
Atatürk Mərkəzi!
- get, işlə, dedim"
"İstedad,
bilirəm, şərtdi
şübhəsiz,
Şərtdi, - istedadı
görmək özü
də"
Nizaminin təmkinli, ciddi görünüşü, hazırcavablığı,
aydın məntiqi, təsirli nitqi, eyni zamanda yüksək
mənəvi cəhətləri
şair tərəfindən
bir psixoloq - müəllim kimi çox yerində və tutarlı epizodlarda ifadə olunmuşdur.
Əsərdəki bütün bədii təsvir vasitələri Nizaminin dolğun, bitkin obrazını yaratmaqda poetik yardımçıdır. Bütün bunlar,
şübhəsiz ki,
bədii obrazın mənəvi dünyasının
yeni çalarlarını
üzə çıxarır.
Poemada Nizaminin
bütün mənəvi
keyfiyyətlərinin, o cümlədən
ədəbiyyat, ictimai
xadim kimi yaradıcılıq fəaliyyətinin
çoxtərəfli cəhətlərinin
şahidi olmuruq. Şair buna ehtiyac da
duymamışdır. Çünki qarşıya
belə məqsəd qoyulmamışdır, müəllif
ilk dəfə olaraq onun bir ziyalı
- türk obrazını
lirik ricətlərlə,
təbii və səmimi şəkildə
verməyə çalışmış
və bunu ustalıqla bacarmışdır.
Əmirxan XƏLİLOV
Azərbaycan müəllimi.- 2010.- 19 mart.- S.15.