Honq Konq Elm və Texnologiya Universiteti
Yerləşir:
Honq Konq, Yeni Sahə, Say Kunq rayonu
Yaranma tarixi: 1991-ci il
Tipi: Dövlət
İşçi heyəti: 3062 nəfər
Tələbələrin sayı:
9515 nəfər
İllik gəlirləri: 2780000 Honq Konq
dolları
İllik xərcləri: 2401000 Honq Konq
dolları
Rəsmi saytı: www.ust.hk
Honq Konq Elm və Texnologiya Universiteti (Hong Kong University of Science
and Technology)
Honq Konqun Yeni
Sahə adlanan ərazisində, Say Kunq rayonunda yerləşir. Böyük Britaniyanın
"Times Higher Education Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Honq Konq Elm və
Texnologiya Universiteti 100 ən yaxşı ali
məktəb arasında 35-ci yerdədir. 1991-ci ildə
yaradılan Honq Konq Elm və Texnologiya Universiteti az bir müddətdə Asiyanın ən
nüfuzlu universitetlərindən birinə çevrilib. MBA proqramının tədrisinə görə,
universitetin Biznes Məktəbi Asiyada 1-ci, dünyada isə 9-cu
yerdə durur.
Honq Konq Elm və
Texnologiya Universiteti Şərqi Asiya Universitetləri, Sakit
okean Regionu Universitetləri Assosiasiyalarının
üzvüdür.
Tarixi
1980-ci ilin sonlarında Honq
Konqda iqtisadiyyat yönümlü ali təhsil
müəssisəsinə böyük ehtiyac duyulurdu. Bu məqsədlə
Honq Konqun qubernatoru Edvard Youde və ser Non Tze-Yun Çunq burada
yeni ali məktəb açmaq qərarına
gəlirlər. 1986-cı ildən universitetin
yaradılması işlərinə başlanılır.
Tikinti Böyük Britaniyanın keçmiş
qarnizonu olmuş Kohima düşərgəsində Təmiz Su
Körfəzi yarımadasında həyata keçirilir. 1986-cı ildə planın reallaşmasının ən
qızğın vaxtında Edvard Youde vəfat edir.
Universitetin 1994-cü ildə açılması nəzərdə
tutulsa da, bu ali təhsil müəssisəsi
1991-ci ildə fəaliyyətə başlayır.
Beləliklə,
1991-ci ilin oktyabrında Honq Konq Elm və Texnologiya Universitetinin
rəsmi açılışı baş tutur. Yeni
yaradılmış universitetin əsas uğuru buraya yüksək
səviyyədə ixtisaslaşmış alimlərin cəlb
olunması ilə bağlı olur. Universitetə
Şimali Amerikadan, Avropadan, Asiyadan elmi işçilər dəvət
edilirlər. Ali məktəbin ilk
vitse-kansleri ABŞ-ın ən nüfuzlu universitetlərində
rəhbər vəzifələrdə
çalışmış ilk çinli Çia Vey Vu təyin
edilir. San-Fransisko Dövlət Universitetindən
qayıdan professor Vu burada "Universitet şəhərciyi"
yaradılması, beynəlxalq tədris proqramlarının həyata
keçirilməsi, Sakit okean regionu ilə əlaqələrin
gücləndirilməsi üzrə fəaliyyətə
başlayır. Professor Vunun universitetin inkişafı yolunda səylə
çalışması nəticəsində ali
məktəb qısa müddət ərzində çoxlu
sayda yüksək səviyyəli çinli alimlər nəsli
yetişdirməyə başlayır. Bunlardan aeronavtika və
struktur dinamika üzrə ekspert Jay-Çunq Çeni, Con
Hopkins Universitetinin məşhur professoru Çih-Yunq
Çeni, biotexnologiya üzrə mütəxəssis və
Merilend Biotexnologiya İnstitutunun prorektoru, professor Şayn-Dou
Kunqu və b. nümunə göstərmək olar. Honq Konq Elm və Texnologiya Universitetində elmi dərəcələr
1993-cü ildən verilməyə başlanılır.
1990-cı ildə
Honq Konq Elm və Texnologiya Universitetinə maliyyə və idarəetmə
işləri üzrə vitse-kansler təyin edilmiş Honq
Konqun nəqliyyat katibi Yan Makferson yeni universitetin tikinti işlərinə
nəzarət edir və işini uğurla yerinə yetirir. 1992-ci ildə universitetdə
idman obyektləri, laboratoriyalar, kabinetlər, auditoriyalar və 7000 tələbə
yerləşə biləcək yataqxana kompleksi tikilir. 2009-cu
ildə də ali məktəbin genişləndirilməsi
üzrə bir sıra layihələr həyata keçirilib.
Honq Konq Elm və Texnologiya Universiteti hazırda mükəmməl
kampusa malik ali təhsil ocağıdır.
1991-ci ildən bugünədək
Honq Konq Elm və Texnologiya Universiteti fizika, texnologiya, mühəndislik,
biznes və menecment, humanitar və sosial elmlər üzrə
böyük nailiyyətlər əldə edib. Ali
məktəbin yaradıcı və təşəbbüskar məzunları
şəxsi kampaniyalar, yüksək texnologiyalı şirkətlər,
tədqiqat mərkəzləri yaradaraq cəmiyyətdə
xüsusi çəkiyə malik şəxsiyyətlərə
çevriliblər.
Büdcə və təhsil haqqı
2009-2010-cu tədris
ilində Honq Konq Elm və Texnologiya Universitetinin illik gəlirləri
2780000 Honq Konq dollarına bərabər olub. Bu məbləğin 1681000
Honq Konq dollarını dövlət yardımları, 589000
Honq Konq dollarını təhsil haqqı və proqramlar, 118000
Honq Konq dollarını investisiya, 171000 Honq Konq dollarını
ianə və yardımlar, 219000 Honq Konq dollarını isə
digər gəlirlər təşkil edib.
Həmin tədris
ilində universitetin xərcləri 2401000 Honq Konq dolları dəyərində
olub. Xərclərin
1579000 Honq Konq dollarını tədris və tədqiqat, 79000
Honq Konq dollarını kitabxana, 68000 Honq Konq dollarını
hesablama vəsaitləri, 46000 Honq Konq dollarını müxtəlif
akademik xidmətlər, 361000 Honq Konq dollarını bina və
avadanlıqlar, 109000 Honq Konq dollarını tələbələrə
göstərilən xidmətlər, qalanlarını isə
digər xərclər təşkil
edib.
Honq Konq Elm və
Texnologiya Universitetində istedadlı və maddi durumu çətin
olan tələbələrə təqaüdlər təklif
edilir. Təqaüd tələbəyə təhsil
haqqını ödəməyə, ona təhsilini artırmaq
üçün müxtəlif kurs və proqramlara
yazılmağa şərait yaratmaq məqsədi ilə
verilir. Burada Honq Konqdan olan tələbələr
ildə orta hesabla 42100, Çindən olan və əcnəbi
tələbələr isə 80000 Honq Konq dolları dəyərində
təqaüd alırlar.
Honq Konq Elm və
Texnologiya Universitetində tələbələrin təhsil
haqqı isə yerli tələbələr üçün
orta hesabla 60000, Çindən və xarici dövlətlərdən
olan tələbələr üçün isə 100000 Honq
Konq dolları təşkil edir.
Universitet bu gün
Honq Konq Elm və
Texnologiya Universitetinin kampusu Təmiz Su Körfəzi (
Kampusda,
xüsusilə LG1, LG5 və LG7 adlanan ərazilərdə
çoxlu sayda restoranlar var. Nyu Holl yataqxanasının birinci mərtəbəsində
körfəzin kənarında gözəl kafelər yerləşir. Bu restoran və
kafelərdə münasib qiymətə Çin mətbəxinin
bütün təamlarından dadmaq olar. Kampusda
supermarketlər, banklar, kitab mağazaları və mətbəə,
bərbərxanalar və s. çoxluq təşkil edir. İdman kompleksi stadiondan, örtülü idman
zallarından, açıq və örtülü hovuzdan,
mini-futbol, basketbol, voleybol, qaçış
meydançalarından, tennis kortlarından, fitnes-mərkəzlərdən,
stolüstü tennis zallarından və skvoş-kortlardan ibarətdir.
Korpusda geniş çeşidli idman ləvazimatları
var, bütün bunlardan tələbə və müəllimlər
pulsuz istifadə edə bilərlər. İdmanla
məşğul olan tələbələr İdman
Assosiasiyası və klubları yaradıb.
Universitetin
idman kompleksinin yaxınlığında, kampusun LG1 adlanan ərazisində
Tibb mərkəzi yerləşir. Tibb Mərkəzində
tibbi və stomatoloji klinika vardır. Burada əyani
oxuyan tələbələrə pulsuz xidmət göstərilir.
Allergiya, dermatologiya, daxili təbabət,
mamalıq və ginekologiya, oftalmologiya, pulmonologiya, cərrahiyyə
və fizioterapiya sahələri üzrə xüsusi xidmətlər
mövcuddur.
Universitetdə
tələbə və doktorantlar üçün yataqxanalar
var. Yataqxanalara 7000-dən çox tələbə yerləşdirmək
olur. Buna baxmayaraq tələbələrin
çoxluğundan burada yenə də yer
qıtlığı yaşanır. Əcnəbi
tələbələrə rezidensiyalarda yerlə təminatla
bağlı zəmanət verilsə də, həmin tələbələr
yataqxanalara əsasən müsabiqə yolu ilə
götürülür. Yataqxana qiyməti
kampusdan kənar yerlərə nisbətən xeyli ucuz
olduğundan, tələbələr daha çox burada
qalmağa üstünlük verirlər. Bir
otaqda 2-3 tələbə məskunlaşır. Yataqxanalarda hamam, mətbəx ümumidir. Otaqda televizor, boyler, mikrodalğalı soba, telefon və
soyuducu olur. Yataqxanaların ümumi
balkonları körfəz tərəfdən qoyulub. Bütün otaqlar İnternetə qoşulub.
Balkonlar tədqiqat və qrupların yığışıb
söhbət etmələri üçün nəzərdə
tutulub. Kampusda tələbələrin
qalmaları üçün xüsusi evlər də
mövcuddur. Evlərin sayı məhduddur
və burada qiymətlər xeyli bahadır.
Honq Konq Elm və
Texnologiya Universitetinin kitabxanası kampusun mərkəzində
10550 m2 ərazini əhatə edən beşmərtəbəli
binada yerləşir. Oxu zalında 2000-nə yaxın oxucu üçün
yer var. Kitabxanada tədqiqat, seminar və prezentasiya otaqları,
kompüter laboratoriyaları var. Kitabxana geniş spektrdə
informasiya resursları, 680000 media-vəsait, 28000 elektron və çap
edilmiş jurnal, çoxlu sayda elektron kitab, verilənlər
bazası və digər rəqəmsal informasiyaya malikdir.
Audiovizual materiallarla xüsusi avadanlıqlar
quraşdırılmış otaqda
Tədris
korpusu mühazirə zalları, auditoriya, kabinet və
laboratoriyalardan, administrativ müəssisələrdən ibarətdir. Bütün
kampus ECH simsiz şəbəkə sisteminə qoşulub və
korpusun otaqlarında audiovizual avadanlıq
quraşdırılıb.
Honq Konq Elm və Texnologiya
Universitetinin nəzdində Elm, Mühəndislik, Biznes və
Menecment, Humanitar və Sosial Elmlər, Fok Yinq Tunq Ali məktəbləri
fəaliyyət göstərir. Elm
Məktəbinə kimya, biologiya, biokimya, fizika, riyaziyyat
bölmələri, Mühəndislik Məktəbinə
kimya və biomolekulyar mühəndislik, vətəndaş və
ekologiya mühəndisliyi, kompüter elmləri və
texnologiya, elektronika və
kompüter texnologiyası, sənaye
mühəndisliyi və maddi-texniki təminat, mexanika mühəndisliyi
bölmələri, Biznes və
Menecment Məktəbinə mühasibatlıq, iqtisadiyyat,
maliyyə, informasiya sistemləri, biznes-statistika və əməliyyatların
idarəolunması, marketinq, idarəetmə məsələləri
bölmələri, Humanitar və
Sosial Elmlər Məktəbinə humanitar, sosial elmlər
bölmələri, Fok Yinq Tunq
Ali Məktəbinə isə 11 tədqiqat mərkəzi, 1
mərkəzi tədqiqat fakültəsi, Nanşa Elm və Mədəniyyət
Mərkəzi daxildir. Məktəblər bakalavr
(BSc, BEng, BBA), magistr (MA, MSc, MPhil, MTM, MBA, EMBA, IEMBA) və
doktorluq (PhD, MD-PhD) dərəcələri verir.
Universitetdə fəaliyyət
göstərən elmi-tədqiqat mərkəzlərinə
Genişləndirilmiş Mürəkkəb Materiallar, Tətbiqi Genomika,
Atmosfer Tədqiqatları, Biomühəndislik və
Biotibbi Qurğular, Demoqrafiya və Sabit İnkişaf, Tikinti
Materialları və Etibarlılıq, Qrin Məhsullar və
Emal Texnologiyaları, Polimer və Sistemlərin Emalı, Rəqəmsal
Həyat Tədqiqatı, Honq
Konq-Pekin UST Müştərək Tədqiqatlar, Okean
Dinamikası Proqramları və
Modelləşdirmə Nanoelektronika Hazırlanması mərkəzləri aiddir.
Honq Konq Elm və Texnologiya
Universitetinin ali akademik orqanı
Senatdır. Senat 55 üzvdən ibarətdir və
onlara prezident sədrlik edir. Universitetin
prezidenti, vitse-prezidentləri, dekanlar, akademik bölmələrin
rəhbərləri, müəllimlər və digər əməkdaşlar
Senatın üzvləridir. Senatın
cavabdeh olduğu vəzifə və borcların bir qismi də
məktəb şuralarının üzərinə
düşür.
Bu ali təhsil
müəssisəsinin ali konsultativ orqanı isə Universitet Məhkəməsidir.
Məhkəmə universitetin ümumi siyasəti
ilə bağlı məsləhətlər verir. Məhkəmə universitetin inkişafında, onun
Honq Konqda və digər ölkələrdə
maraqlarını müdafiə edir. Məhkəmə
2 sədrdən, 8 vəzifəli şəxsdən və 44
üzvdən ibarətdir. Hər tədris ilində məhkəmə
bir dəfədən az olmayaraq iclas
keçirir.
2009-cu ilin
martından Honq Konq Elm və Texnologiya Universitetinin prezidenti
professor Toni Çan, 2009-cu ilin yanvarın 1-dən isə
vitse-prezidenti professor Metyu Yun seçilib. Hazırda universitetdə
3062 nəfər işçi çalışır,
onların 489 nəfərini professor-müəllim heyəti,
qalanlarını isə inzibati işçilər təşkil
edirlər.
Honq Konq Elm və
Texnologiya Universitetində ümumilikdə 9515 nəfər təhsil
alır. Onların 6010 nəfərini bakalavr, 3505 nəfərini
isə magistrant və doktorantlar təşkil edirlər.
Dünyanın bir çox ölkələrinin gəncləri
bu ali təhsil ocağında oxumaq,
xüsusilə MBA təhsili almaq üçün Honq Konq Elm və
Texnologiya Universitetinə gəlirlər.
Honq Konq Elm və Texnologiya
Universitetinin tələbələri Honq Konqun və
oxuduqları ali təhsil müəssisəsinin
qanunlarından kənara çıxmamaq şərti ilə
istənilən təşkilat yaratmaq və istədikləri fəaliyyətlə
məşğul olmaq hüququna malikdirlər. Burada
bütün tələbələr Tələbə Təşkilatına
qoşulur və kampusun sinifdənxaric həyatında fəal
iştirak edirlər.
Tələbə
Təşkilatı dövlət tərəfindən qeydiyyata
alınıb və universitetdən asılı deyil. Burada Tələbə
Təşkilatını bütün gənclər cəmiyyətinin
çətiri hesab edirlər. Hazırda təşkilata
idman, ictimai, mədəniyyət, incəsənət və
elmi fəaliyyətlə məşğul olan 100-ə
yaxın cəmiyyət və klub daxildir.
Honq Konq Elm və
Texnologiya Universiteti fundamental tədqiqatları, novator fəaliyyəti
nəticəsində biotibb və nanotexnologiyalar sahəsində
mükəmməl nailiyyətlər əldə edib. Ali məktəb
tələbələrə yaradıcı, tənqidi
düşüncə, qlobal perspektiv, mədəni
özunüanlama bacarığı, bir sözlə, hərtərəfli
təhsil verir. Honq Konq Elm və Texnologiya Universitetinin məqsədi
ölkənin mədəni, sosial və iqtisadi
inkişafına töhfələr vermək, dünyanın ən
nüfuzlu elmi-tədqiqat mərkəzləri arasında
qabaqcıl yerləri tutmaqdır.
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2010.- 7 may.- S.7.