Bakı Slavyan
Universitetində I Beynəlxalq
elmi konfrans öz işinə başlayıb
Mayın 3-də Bakı
Slavyan Universitetinin akt zalında bu ali təhsil
müəssisəsinin Naxçıvan
Dövlət Universiteti
və Gəncə Dövlət Universiteti ilə birgə təşkil etdikləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr
olunmuş "Azərbaycanşünaslığın
aktual problemləri"
mövzusunda I Beynəlxalq
elmi konfrans öz işinə başlayıb.
Konfrans iştirakçıları öncə
Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə tər çiçəklər düzüblər.
Konfransda təhsil
nazirinin müavini Elmar Qasımov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı
Nəsib Məhəməliyev,
konfransa dəvət almış xarici ölkə alimləri, respublikanın ali
təhsil müəssisələrinin
nümayəndələri, universitetin müəllim və tələbə heyəti və KİV təmsilçiləri iştirak
ediblər.
Tədbiri giriş
sözü ilə açan BSU-nun rektoru,
professor Kamal Abdullayev ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr
edilmiş "Azərbaycanşünaslığın
aktual problemləri"
mövzusunda I Beynəlxalq
elmi konfransın nəinki BSU-nun 10 illik fəaliyyəti çərçivəsində,
eləcə də bütün Azərbaycanın
elmi-mədəni mühitində
mühüm hadisə
olduğunu diqqətə
çatdırıb. Azərbaycanşünaslığın
inkişafı, xarici ölkələrdə təbliği
və eləcə də həmin ölkələrdə
fəaliyyət göstərən
Azərbaycan diaspor təşkilatları ilə
sıx əlaqələrin
yaradılması məqsədilə
keçirilən konfransın
bölmə iclaslarının
mayın 3-dən 8-dək Bakı,
Naxçıvan və
Gəncə şəhərlərində
təşkil ediləcəyini
bildirib. Rektor konfransın təşkilatçısı
olan Bakı Slavyan Universitetinə bu işdə Gəncə Dövlət Universitetinin və Naxçıvan Dövlət
Universitetinin yaxından
kömək göstərdiklərini
vurğulayıb.
Natiq konfrans çərçivəsində tanınmış rusiyalı
alim, professor Yuri Pompeyevin
Qarabağ həqiqətlərini
əks etdirən
"Qarabağ
gündəliyi" kitabının təqdimatının keçiriləcəyini də qeyd edib.
Professor Kamal
Abdullayev həmçinin
konfransın işinin
müasir azərbaycanşünaslığın
müxtəlif aspektlərini
ehtiva edən siyasət, hüquq, tarix, etnoqrafiya, dil və ədəbiyyat,
mədəniyyət, incəsənət,
elm və təhsil, iqtisadiyyat və coğrafiya istiqamətlərində
aparılacağını, işçi dilləri Azərbaycan, rus və ingilis dilləri olan konfransa respublika ali məktəblərindən
150-dən çox, Türkiyə,
Fransa, Rusiya, Gürcüstan, Litva, İraq, Qazaxıstan universitetlərindən isə
40-a yaxın elmi məruzənin təqdim olunduğunu, konfransda bir neçə xarici ölkə alim və mütəxəssislərinin
elmi məruzələrlə
çıxış edəcəklərini
toplantı iştirakçılarının
nəzərinə çatdırıb.
Sonra çıxış
üçün söz
təhsil nazirinin müavini Elmar Qasımova verilib.
Nazir müavini öncə xarici qonaqları və konfrans iştirakçılarını nazirliyin rəhbərliyi adından salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Konfransın çox aktual
bir mövzuya həsr olunduğunu və ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə
həsr edilməsinin təsadüfi olmayıb, zərurətdən irəli
gəldiyini toplantı
iştirakçılarının diqqətinə çatdırıb.
Dünyada öz müdrik və uzaqgörən siyasəti
ilə tanınan və dahi bir
şəxsiyyət kimi
sevilən ümummilli
lider Heydər Əliyevin məhz azərbaycanlı olduğunu
və Azərbaycan dilinin, mədəniyyətinin, ədəbiyyatının,
incəsənətinin və
musiqisinin inkişafı
və təbliği üçün böyük
işlər gördüyünü,
unudulmaz lider kimi hazırda xatirələrdə yaşadığını
diqqətə çatdırıb.
Natiq Heydər Əliyevi Azərbaycanı təbliğ
edən ən böyük şəxsiyyət
kimi qiymətləndirib.
E.Qasımov konfransda xarici
ölkə alimlərinin
iştirakının və
ölkəmizin 140-a yaxın
alim və tədqiqatçısının bu tədbirə qatılmasının əhəmiyyətini
açıqlayıb və
bu tədbirin Bakıda, Gəncədə,
həm də Naxçıvanda keçiriləcəyinin
önəmli olduğunu
qeyd edib. Konfransın dövlət səviyyəsində
keçirilməsinin gələcəkdə
bu işin davam etdirilməsinə xüsusi təkan verəcəyini vurğulayan
nazir müavini tədbirin təşkilatçılarına,
BSU-nun rektoru Kamal Abdullayevə və təşkilat komitəsinə
dərin təşəkkürünü
bildirib. Azərbaycanşünaslığın
ən böyük anlam olduğunu diqqətə çatdıran
E.Qasımov məhz bu gün Azərbaycanın
müəyyən problemlərinin,
xüsusilə Qarabağ
probleminin dünya ölkələrinə çatdırılmasının
vacibliyini bildirib, yalnız bu yolla həqiqətin aşkar oluna biləcəyini deyib.
Heydər Əliyev siyasətini və kursunu təbliğ etmək üçün müxtəlif
universitetlərdə mərkəzlərin
yaradılmasının vacibliyini
vurğulayan nazir müavini bunun yalnız gənclərimizin
savadlanmasına, azərbaycançılıq
mövqeyindən tərbiyə
olunmasına, milli mentalitetimizin qorunmasına
və bəşəri
dəyərlərə hörmətlə
yanaşılmasına xidmət
edəcəyini konfrans
iştirakçılarının nəzərinə çatdırıb.
Elmar Qasımov Bakı Slavyan Universitetinin işini Moskvada və Polşanın paytaxtı Varşavada belə mərkəzlər
yaratdığına görə
yüksək qiymətləndirib.
Daha sonra konfransda çıxış
edən Yuri Pompeyev (Rusiya), Mişel Malerb (Fransa), Kavaliauskas Vidas (Litva), Olqa Kiras
(Rusiya) və Alla Axundova (Rusiya) Azərbaycana gəlmələrindən məmnunluq
duyduqlarını bildirərək
burada hörmətlə
qarşılanmalarından, ümumiyyətlə Azərbaycanın
füsunkar bir ölkə olmasından, insanlarının qonaqpərvərliyindən
söz açıblar.
Nahar fasiləsindən sonra
professor Y.A.Pompeyevin "Qarabağ
gündəliyi" kitabının
təqdimat mərasimi
keçirilib. Təqdimatda çıxış edənlər ağrılı
yerimiz olan Qarabağ probleminə öz münasibətlərini
bildirib, onları maraqlandıran suallarla kitabın müəllifinə
müraciət ediblər.
Konfrans öz işini davam etdirir.
Nizami MİRZƏ
Azərbaycan
müəllimi.-2010.-7 may.-S.2.