Təhsil Nazirliyinin kollegiya
iclasında
Mayın 1-də
Təhsil Nazirliyində növbəti kollegiya iclası
keçirildi.
İclasda "Metodik xidmətin təşkili vəziyyəti
və onun yaxşılaşdırılmasına dair tədbirlər",
"Məktəb şəbəkəsinin
optimallaşdırılması" və "2009-2010-cu dərs
ilində IX və XI siniflərdə mərkəzləşdirilmiş
qaydada keçirilmiş yoxlama imtahanlarının nəticələri
və buraxılış imtahanlarına hazırlıq"
mövzusunda məsələlər müzakirə olundu.
Kollegiya üzvləri ilə
yanaşı, Təhsil Nazirliyinin
şöbə müdirləri
və struktur bölmələrinin, həmçinin müəllim
hazırlığı, ixtisasartırma təhsili ilə məşğul
olan təhsil müəssisələrinin rəhbərləri,
rayon və şəhər təhsil
şöbə müdirləri, Təhsil Nazirliyinə
birbaşa tabe olan ümumtəhsil müəssisələrinin
direktorlarının iştirak etdikləri kollegiya
iclasını təhsil naziri Misir Mərdanov açaraq zala
toplaşanları salamladı, iclasın iş qaydası
haqqında onlara məlumat verdi. Hər
üç məsələnin aktuallığını,
onların müzakirəsinə xeyli müddətdən bəri
hazırlıq işləri görüldüyünü
söyləyən təhsil naziri öncə son illər
ölkəmizin təhsil sistemində görülmüş
işlər, əldə olunmuş nailiyyətlər
haqqında danışdı. Bildirdi ki, əsası
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş siyasət bu gün onun layiqli davamçısı,
ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin
birbaşa rəhbərliyi, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət
vəkili Mehriban xanım Əliyevanın yaxından dəstəyi
ilə respublikada digər sahələrdə olduğu kimi, təhsildə
də ciddi uğurlar qazanılıb. Ölkədə
siyasi stabillik mövcuddur. Artıq Azərbaycanda
təhsili inkişaf etdirmək, onu dünyanın
aparıcı ölkələrinin təhsili səviyyəsinə
qaldırmaq üçün əlverişli mühit və səmərəli
şərait yaradılıb. Nazir ölkədə təhsilin
inkişafı, keyfiyyətinin yüksəldilməsi istiqamətində
görülən işlər barədə geniş məlumat
verdi.
Təhsili yeni keyfiyyət səviyyəsinə qaldırmaq üçün müəllim amilinin həlledici rol oynadığını vurğulayan təhsil naziri müəllimin öz vəzifəsini layiqincə yerinə yetirə bilməsi üçün müasir təlim-təhsil texnologiyalarına yiyələnməsinin, metodik səviyyəsini artmasının vacib olduğunu, bu işdə metodik xidmətin mühüm rol oynadığını qeyd etdi.
Təhsil naziri Misir Mərdanov sonra "Metodik xidmətin təşkili vəziyyəti və onun yaxşılaşdırılımasına dair tədbirlər" mövzusunda məruzə-təqdimatla çıxış etdi.
Metodik xidmətin təşkilində islahatların zəruriliyindən danışan nazir hazırkı şəraitdə metodik işin məzmunu və formalarının təkmilləşdirilməsinin, təhsil şöbəsi metodik kabinetlərinin daha səmərəli təşkilinin, metodik kabinetin əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsinin və metodik xidmət sahəsində bacarıqlarının artırılmasının, metodik xidmətin təşkilində müasir metodologiya və mexanizmlərin tətbiq edilməsinin, bu sahədə dünya təcrübəsinin öyrənilməsinin vacib olduğunu söylədi.
Metodik xidmətin təşkili sahəsində mövcud vəziyyətlə kollegiya iştirakçılarını tanış edən təhsil naziri bildirdi ki, hazırda ölkənin 73 şəhər və rayonunda (Naxçıvan MR daxil olmaqla) təhsil şöbələrinin (idarələrinin) nəzdində metodik kabinetlər, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində isə metodik mərkəz fəaliyyət göstərir. Metodik kabinetlərin respublikanın şəhər və rayonları üzrə paylanmasını, onların ştatlarının, metodik kabinetlərdə fənlər üzrə metodistlərin sayını əks etdirən cədvəllər ekranda kollegiya iştirakçılarının diqqətinə çatdırıldı və müvafiq təhlillər aparıldı. Nazir çıxışında metodik xidmətin təşkilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin, Sumqayıt Şəhər Təhsil Şöbəsi metodik kabinetinin yeni kurikulumların tətbiqi, şagird nailiyyətlərinin qiymətləndirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin monitorinqi, dayaq məntəqələrinin işinin təşkili sahəsində müsbət təcrübə topladıqlarını qeyd etdi. Təhsil naziri habelə Gəncə, Şirvan şəhərlərində, Beyləqan, Samux, Neftçala, Yevlax, Zərdab, Hacıqabul, İsmayıllı, Qazax və Xaçmaz rayonlarının metodik kabinetləri tərəfindən də təhsil müəssisələrinə göstərilən metodik xidmətin qənaətbəxş olduğunu bildirdi. Qeyd olundu ki, son illərdə metodistlərin "öyrədənlər" kimi kurikulumlar üzrə təlimlərə cəlb olunmaları istiqamətində məqsədyönlü iş aparılır.
Məruzə-təqdimatda metodik kabinetin vəzifələrinə
ətraflı toxunan nazir qeyd etdi ki, metodik kabinet kadrlarla aparılan metodik işləri
istiqamətləndirir, onların təkmilləşdirilməsi,
ixtisasının artırılması və yenidənhazırlanması
işini təşkil edir. Metodik
kabinet həmçinin dayaq məntəqələrinin
işini qurur, bu prosesə fənlər üzrə ən
qabaqcıl müəllimləri cəlb edir, müəllimlərin
pedaqoji,psixoloji və metodik sahələr üzrə
ehtiyaclarını öyrənir, onların tələbatlarına
uyğun təkmilləşdirmə və ixtisasartırma
prosesinə hazırlıq işlərini aparır, müvafiq
təkliflər hazırlayır, müəllimlərin
ixtisasartırma kurslarında olmasını tənzimləyir.
Metodik kabinetlər həm
özləri, həm də pedaqoji kadrlar tərəfindən
kurikulumların, yeni pedaqoji texnologiyaların, müasir təlim
metodları və strategiyalarının öyrənilməsi və
tətbiqi işini təşkil edir, bu istiqamətdə müəllimlərlə
seminarlar və treninqlər keçirir, müəllimlərin
dərslərinin dinlənilməsini və müzakirəsini təşkil
edir, onların peşəkarlıq səviyyəsinin
artırılması və inkişafı barədə təkliflər
hazırlayır. Yeni qiymətləndirmə
sisteminin tətbiqi ilə əlaqədar məktəb rəhbərləri
və müəllimlərə metodik kömək göstərir
və s.
Nazir
çıxışında daha sonra metodik xidmətin təşkilində
mövcud problemləri diqqətə çatdırdı. Təəssüf hissi ilə
qeyd etdi ki, bir sıra metodik kabinetlərdə metodistlərin
işə qəbulunda mövcud əsasnamənin tələbləri
pozulur, 5 il pedaqoji stajı tamam olmayan
müəllimlər metodist kimi işə qəbul edilirlər.
Belə faktların aşkarlandığı
rayon təhsil şöbələrinin bir neçəsinin
adı çəkildi, onların rəhbərlərinə vəziyyəti
düzəltmək barədə tapşırıqlar verildi.
Qeyd olundu ki,
aparılan təhlillər metodik kabinetlərin ştat vahidlərindən
düzgün istifadə edilmədiyini göstərir. Məhz
bu səbəbdən hazırda 73 metodik kabinetdən (mərkəzdən)
42-də kimya, 50-də biologiya, 58-də fizika, 65-də
informatika, 44-də fiziki tərbiyə, 53-də əmək
hazırlığı, 71-də musiqi, təsviri incəsənət,
36-da məktəbəqədər təhsil, 23-də isə
ibtidai təhsil ixtisasları üzrə metodist yoxdur. Verilən
məlumatdan aydın oldu ki, metodik kabinetlərin (mərkəzin)
əməkdaşlarından 200 nəfəri (27,6
faizi) məktəblərdə dərs aparmır. Belə halların daha çox olduğu rayon və
şəhərlərdəki metodik kabinetlərin
adlarını, işçilərin ümumi sayı və
onlardan dərs yükü olmayanların sayını əks
etdirən cədvəllər nümayiş olundu. Nazir
bu və digər problemlərlə bağlı
iradlarını bildirdi.
Kollegiyada
müzakirə olunan məsələ ilə bağlı xarici
ölkələrin təcrübəsindən də söz
açıldı və metodik xidmətin təkmilləşdirilməsi
üzrə təkliflər iclas
iştirakçılarının diqqətinə
çatdırıldı. Təhsil naziri Misir Mərdanov
çıxışının sonunda müzakirə olunan məsələ
ilə bağlı iclas iştirakçılarına bir
sıra tövsiyələr verdi.
***
Sonra kollegiya
ikinci məsələnin müzakirəsinə başladı. "Məktəb şəbəkəsinin
optimallaşdırılması" mövzusunda həmin məsələ
barədə təhsil naziri Misir Mərdanov geniş məruzə-təqdimatla
çıxış etdi.
Təhsil naziri öncə ölkəmizdə məktəb şəbəkəsinin təşəkkülü tarixindən söz açaraq bildirdi ki, ötən əsrin əvvəllərində Azərbaycanda ümumtəhsil məktəblərinin sayı barmaqla sayılacaq qədər olduğu halda, 20-30-cu illərdən etibarən müxtəlif obyektiv və subyektiv səbəblərdən təhsil müəssisələrinin sayı artmağa başlayıb. Əvvəlcə ümumi icbari ibtidai təhsilə keçid, sonralar isə ümumi icbari 7-illik, 8-illik, 9-illik və orta təhsilin tətbiqi bu prosesi sürətləndirib. Hamıya ümumi icbari təhsil vermək məqsədinə nail olmaq üçün ən xırda yaşayış məntəqələrində, hətta çobanların yaşadıqları müvəqqəti qışlaq və yaylaqlarda da məktəblər açılıb. Belə məktəblərin, az da olsa, bu gün də mövcud olduğunu bildirən təhsil naziri onların yaradılmasının xoş niyyətdən irəli gəldiyini, lakin bu vəziyyətin zaman-zaman təhsilin keyfiyyətinə mənfi təsir göstərdiyini söylədi. Nazir məktəbi təhsilalanın yanına aparmaqdansa, təhsilalanı məktəbə gətirməyin daha düzgün yol sayıldığını, dünyada bu cür təcrübənin artıq mövcud olduğunu, bir sıra ölkələrdə nəinki kiçik yaşayış məntəqələrində, hətta iri şəhərlərdə belə şagirdlərin məktəblərə aparılıb gətirilməsinin təşkil olunduğunu, bu məqsədlə xüsusi avtobuslar ayrıldığını diqqətə çatdırdı.
Bu baxımdan, ölkədə məktəb şəbəkəsinin rasionallaşdırılmasının ümumi təhsilin ən ciddi problemlərindən biri olduğunu söyləyən təhsil naziri şagirdlərinin sayı
az olan ümumtəhsil məktəbləri haqqında məlumatla kollegiya iştirakçılarını
Sonra təhsil naziri şagirdlərinin sayı az olan ümumtəhsil məktəblərinin rayonlar üzrə paylanmasını əks etdirən cədvəli kollegiya iştirakçılarının diqqətinə çatdırdı. Aydın oldu ki, ölkənin 61 şəhər və rayonunda belə məktəblər vardır. Qeyd olundu ki, şagirdlərinin sayı 100-dək olan məktəblər Laçın, Kəlbəcər, Ağdam, Lerik, Quba, Xaçmaz və s. rayonlarda daha çoxdur. Belə ki, Laçın rayonunda 103, Kəlbəcərdə 81, Ağdamda 72, Lerikdə 70, Qubada 68, Xaçmazda 52 belə məktəb fəaliyyət göstərir.
Təhsil naziri şagirdlərinin sayı az olan orta məktəblərin yerləşdiyi rayonların üzərində xüsusi dayandı və belə məktəblərin daha çox olduğu rayonların adlarını çəkdi. Qeyd olundu ki, Şamaxı və Daşkəsən rayonlarının hərəsində 2, Kürdəmir, Qusar, Füzuli, Kəlbəcər, Xocalı rayonlarının isə hərəsində 1 orta məktəb vardır ki, onlarda şagirdlərin sayı 30-dan azdır.
Şagirdlərinin sayı 31-dən 50-dək olan orta məktəblərin daha çox olduğu rayonlardan isə Laçının (19 orta məktəb), Kəlbəcərin (11), Ağdamın (8), Füzulinin (2) və s. adları qeyd olundu.
Təhsil naziri daha sonra şagirdlərinin sayı 30-dək, 31-dən
50-yə və 51-dən 100-dək olan ibtidai,
əsas və
orta məktəblər haqqında məlumatın əks olunduğu cədvəllərlə kollegiya iştirakçılarını
Məruzə-təqdimatda bir yaşayış məntəqəsində fəaliyyət göstərən məktəblər haqqında da məlumat verildi. Nazir bildirdi ki, məktəb şəbəkəsinin mövcud vəziyyətinin öyrənilməsi məqsədi ilə aparılan tədqiqat ölkənin bir sıra regionlarındakı kəndlərdə iri məktəblərlə yanaşı, şagird kontingenti az olan kiçik məktəblərin də fəaliyyət göstərdiyini aşkara çıxarıb. Nümayiş olunan cədvələ istinadən qeyd edildi ki, Balakən, Bərdə, Cəlilabad, Daşkəsən, Gədəbəy, Göygöl, İmişli, Qəbələ, Qobustan, Quba, Qusar və digər rayonların hərəsində 2, 3, hətta 5 məktəb olan kəndlər çoxdur.
Sonra Misir Mərdanov kollegiya iştirakçılarına məlumat verərək bildirdi ki, ölkədə məktəb şəbəkəsinin rasionallaşdırılması nəzərdə tutulur. Bunun üçün Ucar pilot rayon olaraq müəyyənləşdirilmiş və burada məktəb şəbəkəsinin rasionallaşdırılması üçün təkliflər hazırlanmışdır. Həmin təklifləri kollegiya iştirakçılarının diqqətinə çatdıran təhsil naziri qeyd etdi ki, hazırlanmış rasionallaşdırma planına əsasən, rayonun 4 kəndindəki əsas məktəbin həmin kəndlərdə fəaliyyət göstərən orta məktəblərlə birləşdirilməsi nəzərdə tutulub. İki ibtidai məktəb yerli imkanlar çərçivəsində eyni yaşayış məntəqəsindəki digər məktəblərlə birləşdiriləcək.
İclasda ölkədə məktəb şəbəkəsinin rasionallaşdırılması üzrə kollegiyanın müəyyənləşdirdiyi tapşırıqlar da diqqətə çatdırıldı. Qeyd olundu ki, hər bir yeni məktəbin açılması, tipinin dəyişdirilməsi məsələləri ciddi nəzarətə götürülməli, hər bir təklif nazirliyin müvafiq şöbələri tərəfindən ətraflı araşdırılmalı, zəruri ehtiyac olmadığı müəyyənləşdirildiyi hallarda bu məsələlərin qarşısı alınmalıdır.
RTŞ-lara tapşırıldı ki, 2010-2011-ci tədris ilinə bir yaşayış məntəqəsində fəaliyyət göstərən təhsil müəssisəsinin ciddi problem yaranmadan və daşınmaya ehtiyac olmadan digər təhsil müəssisəsi ilə birləşdirilməsi imkanlarını araşdırsınlar, müvafiq tədbirlər görüb nəticə barədə cari il avqustun sonunadək nazirliyə məlumat versinlər.
Tapşırıqlarda habelə yerlərdən daxil olan məlumatların və təkliflərin Təhsil Nazirliyində araşdırılıb təhlil edilməsi və ümumiləşdirilərək ölkə üzrə Məktəb Şəbəkəsinin Rasionallaşdırılması Proqramının hazırlanıb təsdiqə təqdim edilməsi nəzərdə tutulmuşdur.
İclasda habelə müəllimlərlə bağlı aparılmış ilkin təhlilin nəticələri də kollegiya iştirakçılarına təqdim olundu. Qeyd edildi ki, ölkə üzrə 1845 müəllim iki məktəbdə işləyir. Belə halların daha çox müşahidə olunduğu rayonların adları açıqlandı, üç məktəbdə işləyən müəllimlərin, onların çalışdıqları məktəblərin, tədris etdikləri fənlərin adlarının, hər fənn üzrə dərs yükünün miqdarını, habelə 2 məktəbdə işləyən və 30 saatdan artıq dərs yükü olan müəllimlərin adlarını əks etdirən cədvəllər iclas iştirakçılarına təqdim olundu. Təhsil naziri bu məsələnin də araşdırılmasını və müvafiq ölçü götürülməsini aidiyyəti rayonların təhsil şöbə müdirlərinə tapşırdı.
***
Kollegiya iclasında müzakirə olunan üçüncü məsələ haqqında da təhsil naziri Misir Mərdanov məlumat verdi.
"2009-2010-cu dərs ilində IX və XI siniflərdə mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarının nəticələri və buraxılış imtahanlarına hazırlıq" mövzusunda məruzə-təqdimatında nazir ümumtəhsil məktəblərində buraxılış imtahanlarının yeni qaydada keçirilməsinin əhəmiyyətindən danışaraq qeyd etdi ki, imtahanların mərkəzləşdirilmiş qaydada aparılması son illər Təhsil Nazirliyinin həyata keçirdiyi ən mühüm tədbirlərdən biridir. Bu barədə ictimaiyyətə vaxtaşırı olaraq məlumat verildiyini söyləyən təhsil naziri bu il XI siniflərlə yanaşı, IX siniflərdə də buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçiriləcəyini diqqətə çatdırdı. Misir Mərdanov bir neçə illik zəhmətin hədər getmədiyini, vəziyyətin ildən-ilə yaxşılaşdığını, imtahanların mərkəzləşdirilmiş qaydada aparılmasının ictimaiyyət tərəfindən razılıqla qarşılandığını vurğuladı. Bildirdi ki, yeni qiymətləndirmə siyasəti təhsilimizin inkişafına, ölkədə məktəbin, müəllimin nüfuzunun yüksəldilməsinə xidmət edir və təhsil prosesinin iştirakçılarında məsuliyyət hissini artırır.
Builki yoxlama imtahanlarında nəticələrin ötən ilkinə nisbətən 10 faiz yaxşılaşdığını deyən təhsil naziri imtahanların yekunlarını əks etdirən ümumi statistik rəqəmləri kollegiya iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, builki yoxlama imtahanlarında IX siniflər üzrə 138006 şagirddən 127796-sı, yəni 92,6 faizi iştirak edib. Bunlardan 82691 nəfər, yəni 64,71 faizi müsbət qiymət alıb.
XI siniflər üzrə 96394 şagirddən 90134-ü, yəni 93,5 faizi imtahanda iştirak edib və onlardan 37181 nəfəri, yəni 41,25 faizi müvəffəq qiymət alıb.
Nazir yoxlama imtahanlarında iştirak edən XI sinif şagirdlərinin yarıdan çoxunun müvəffəq qiymət almamasını nöqsan saydı və bu məsələ üzərində ciddi düşünmək lazım gəldiyini söylədi.
Təhsil naziri kollegiya iştirakçılarının diqqətini bir fakta da yönəldərək bildirdi ki, 2009-cu il sentyabrın 16-dan 2010-cu il aprelin 28-dək təhsil şöbələri tərəfindən 1927 nəfər XI sinif şagirdi məzunların sırasından qeyri-müəyyən səbəblərdən çıxarılmışdır. Nazir XI sinifdə şagirdlərin yerlərinin dəyişdirilməsinə yol verilməməsi barədə müvafiq göstərişin olmasına baxmayaraq, xeyli sayda şagirdin oxuduğu sinifləri tərk edib başqa məktəblərə getməsini mənfi hal kimi qiymətləndirdi, rayonlardan XI sinif şagirdləri barədə Təhsil Nazirliyinə göndərilən məlumatlarda qeyri-dəqiqliklərə yol verildiyini diqqətə çatdırdı, rayon (şəhər) təhsil şöbələrinin rəhbərlərinə, məktəb direktorlarına bu məsələyə məsuliyyətlə yanaşmalarını tapşırdı.
Təhsil naziri
daha sonra 2009-2010-cu dərs ilində IX və XI siniflərin mərkəzləşdirilmiş
qaydada keçirilmiş yoxlama imtahanlarında müvəffəqiyyət
faizlərindəki fərqləri əks etdirən cədvəlləri
kollegiya iştirakçılarının diqqətinə
çatdırıb, ayrı-ayrı rayonlar üzrə
onların təhlilini apardı. Bütövlükdə, IX siniflər
üzrə müvəffəqiyyət göstəricilərinin
XI siniflər üzrə göstəricilərdən yüksək
olduğunu bildirən məruzəçi bunun IX sinifdə
imtahanın 2 fəndən aparılması və IX sinif
şagirdlərinin imtahanlara daha məsuliyyətlə
yanaşmaları ilə izah olunduğunu söylədi.
Məruzə-təqdimatda habelə 2009-2010 və 2008-2009-cu dərs illərindəki yoxlama imtahanlarının rayonlar üzrə müvəffəqiyyət faizlərindəki fərqləri əks etdirən cədvəl kollegiya iştirakçılarına nümayiş etdirildi. Cədvəl üzrə aparılan təhlildən aydın oldu ki, bütövlükdə builki yoxlama imtahanlarının müvəffəqiyyət faizi, demək olar ki, rayonların böyük əksəriyyəti üzrə ötən ildəkindən yüksək olub. Yalnız bir neçə rayonda müvəffəqiyyət faizi ötən ildəkindən aşağıdır. Ölkə üzrə bu fərq orta hesabla 10 faizə yaxın artımdır. Eyni zamanda bildirildi ki, builki yoxlama imtahanlarında ölkə üzrə 48 rayonun 271 məktəbində şagird nailiyyətlərinin müvəffəqiyyət faizi sıfır olub. Daha çox məktəbinin müvəffəqiyyət faizi sıfır olan rayonların adlarını, onların bütün məktəblərinin və sıfır nəticə göstərən məktəblərin sayını əks etdirən cədvəl diqqətə çatdırıldı.
Təhsil naziri məruzə-təqdimatında imtahana hazırlıq işini yüksək səviyyədə təşkil etmiş şəhər və rayon təhsil şöbələrinin adlarını açıqladı, bu baxımdan Gəncə şəhər, Qazax, Tovuz, Şəmkir, Balakən, Qax, Göyçay, İsmayıllı və Siyəzən rayonlarının təhsil şöbələrinin fərqləndiyini bildirib, onların müdirlərinə təşəkkür etdi. Nazir, eyni zamanda mərkəzdən göndərilən imtahan rəhbərlərinin bəzi rayonlarda işin təşkilindən narazı qaldıqlarını diqqətə çatdırdı. Məruzədə habelə bir neçə rayonda imtahanlara hazırlıq işinin aşağı səviyyədə qurulduğu qeyd olundu.
Təhsil naziri imtahanlarda nümunəvi fəaliyyəti ilə fərqlənən nəzarətçilərin də adlarını qeyd edərək onlara kollegiya adından təşəkkür etdi, eyni zamanda işini çox aşağı səviyyədə yerinə yetirmiş nəzarətçilərin adları çəkildi, onların növbəti imtahanlara cəlb olunmaması tövsiyə edildi.
Bakı şəhərində və Yasamal rayonunda ayrı-ayrı fənlər üzrə müvəffəqiyyət faizlərini əks etdirən hesabatlar diqqətə çatdırıldı.
Nazir buraxılış imtahanlarına hazırlıqla bağlı görüləcək işlərə də kollegiya iştirakçılarının diqqətini yönəldərək bildirdi ki, imtahanlara qalan vaxt ərzində IX və XI siniflər üzrə illik qiymətlərin şagirdlərin məlumat bazasına daxil edilməsi, təkrar və eksternat qaydasında imtahan verəcək şagirdlərin siyahısının hazırlanması, imtahanlardan azad olunacaq şagirdlərin siyahısının və şagirdlərin adlı siyahısının dəqiqləşdirilməsi, nəzarətçi müəllimlərin məlumatlandırılması istiqamətində işlər aparılmalıdır. Nazir R(Ş)TŞ müdirlərinə, məktəb direktorlarına imtahanlara hazırlıq və onların mütəşəkkil keçirilməsi ilə bağlı bir sıra tapşırıqlar da verdi.
Məruzə-təqdimatda hazırda ən ciddi məsələlərdən olan beynəlxalq və milli qiymətləndirmə sahəsində həyata keçirilmiş və keçiriləcək tədbirlərdən də söz açıldı. Nazir qiymətləndirmə siyasətinin tərkib hissəsi olan sorğuların aparılması, testlərin keçirilməsi haqqında danışaraq bildirdi ki, bu il aprelin 12-14-də 4-cü sinif şagirdlərini, valideynləri və onlara dərs deyən müəllimləri, məktəb direktorlarını əhatə edən TİMSS və PİRLS beynəlxalq sınaq mərhələsi keçirilmiş və 216 ümumtəhsil məktəbinin 6041 nəfər IV və 5781 nəfər IX sinif şagirdi test suallarını və sorğuları cavablandırmışlar. Nazir testlərin nəticələri ilə kollegiya iştirakçılarını tanış etdi.
Şagird və müəllimlər, valideyn və məktəb direktorları ilə keçirilmiş sorğuları da təhsil naziri Azərbaycan təhsili üçün yeni hadisə adlandıraraq həmin sorğuda məqsədin şagirdlərin fənlərə və məktəbə münasibətini, ev şəraitinin onların nailiyyətinə təsirini müəyyənləşdirmək, ailə mühitinin, məktəbdəki tədris şəraitinin, müəllimin peşə hazırlığının, iş təcrübəsinin, istifadə etdiyi təlim və qiymətləndirmə metodlarının şagirdin nailiyyətlərinə təsirini öyrənmək olduğunu söylədi.
Məruzəçi hər dörd sorğunun nəticələrinə əsasən ekspertlərin verdiyi tövsiyələrlə də kollegiya iştirakçılarını
Çıxışının sonunda təhsil naziri nazirliyin müvafiq şöbə və struktur bölmə rəhbərlərinə, rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə və məktəb direktorlarına tövsiyə və tapşırıqlar verdi.
Samirə KƏRİMOVA
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 7 may.- S.3.