İstedadlarla işə həsr
olunan konfransın yekun toplantısı
Mayın 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akt zalında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə keçirilən "İstedadlı şagirdlərin potensial imkanlarının inkişaf etdirilməsinin optimal yolları" mövzusunda elmi-metodik konfransın yekun toplantısı oldu. Toplantını Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri, əməkdar müəllim Nailə Rzaquliyeva açaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş konfransın istedadlı şagirdlərin aşkara çıxarılması və potensial imkanlarının inkişaf etdirilməsi sahəsində paytaxt müəllimlərinin yaradıcı fəaliyyətinə böyük təkan verdiyini bildirdi. Toplantının əlamətdar bir vaxtda keçirildiyini söyləyən N.Rzaquliyeva ulu öndərin istedadlı uşaq və gənclərin inkişafına həmişə böyük diqqət yetirdiyini, onun 1996-cı il 22 iyun tarixli fərmanı ilə Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"nın yaradıldığını diqqətə çatdırdı, bu siyasətin hazırda ölkə başçısı tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın istedadlı gənclərə böyük diqqət və qayğı göstərdiklərini vurğuladı.
N.Rzaquliyeva konfrans çərçivəsində keçirilmiş müsabiqənin yekunları ilə toplantı iştirakçılarını tanış edərək yaradıcılıq yarışında paytaxtın 65 müəlliminin qalib gəldiyini, onların məqalələrinin toplu şəklində dərc olunduğunu, daha çox fərqlənən 21 müəllimin isə Fəxri fərman və hədiyyələrlə mükafatlandırıldığını söylədi və qalibləri təbrik etdi.
Sonra müsabiqə qaliblərindən Bakının 8 nömrəli məktəbinin biologiya müəllimi Sevinc Əliyeva, 1 nömrəli məktəbin müəllimi Vüsalə Həsənova, bağça-məktəb-lisey kompleksinin psixoloqu Elnarə Məmmədova, 8 nömrəli məktəbin müəllimi İlhamə Əkbərova və 5 nömrəli məktəbin direktoru Nərminə Gündüzlünün təqdimat çıxışları dinlənildi.
Toplantıda çıxış edən BDU-nun professoru Qasım Hüseynov, Bakının Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov ümummilli lider Heydər Əliyevin Vətənimiz, xalqımız qarşısındakı xidmətlərindən, istedadlı gənclərin inkişafına göstərdiyi qayğıdan danışdılar.
Sonra qaliblərə
mükafatlar təqdim olundu.
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri, millət vəkili
Səttar Mehbalıyev, təhsil naziri Misir Mərdanov qalibləri
təbrik etdilər. Təhsil naziri təbrik
çıxışında bu günlər ölkəmizin hər
yerində ümummilli lider Heydər Əliyevin anadan
olmasının 87-ci ildönümünün əsl bayram təntənəsi
ilə qeyd olunduğunu bildirdi. Bütün dünyada
istedadların cəmiyyətin sərvəti, aparıcı
qüvvəsi kimi dəyərləndirildiyini diqqətə
çatdıran təhsil naziri ölkəmizdə də
onların dövlətin qayğısı ilə əhatə
olunduğunu, istedadların vaxtında aşkara
çıxarılıb inkişaf etdirilməsində müəllimlərin
böyük rol oynadığını söylədi. Misir Mərdanov
konfransın əhəmiyyətini yüksək qiymətləndirib
onun keçirilməsinə dəstək verdiyinə, təhsil
işçiləri ilə bağlı bir çox tədbirlərin
təşəbbüsçüsü kimi
çıxış etdiyinə görə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri S.Mehbalıyevə
minnətdarlığını bildirdi.
Y.ƏLİYEV
Azərbaycan müəllimi.-2010.-7 may.-S.4.