"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar

 

Mayın 6-da "Gülüstan" sarayında ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə İnformasiya texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Mərasimdən əvvəl tədbir iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə gül dəstəsi qoydular. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olundu. Mərasim iştirakçıları daha sonra Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsini andılar, məzarları üzərinə qərənfillər düzdülər.

Mərasimi təhsil naziri Misir Mərdanov açaraq qeyd etdi ki, hazırda müstəqil Azərbaycan dövləti tarixi bir hadisə - çağdaş dövlətçiliyimizin memarı və qurucusu, təhsil quruculuğu strategiyasının müəllifi, uşaqların, məktəblilərin, gənclərin böyük dostu ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsindədir. Bu günlər ölkəmizin hər yerində bütün idarə təşkilatlarda, dövlət qurumlarında, həmçinin təhsil müəssisələrində Azərbaycan dövlətinin banisi qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri ölkənin ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında keçirilmiş ulu öndər Heydər Əliyevin həyat fəaliyyətinə həsr olunmuş inşa yazı  müsabiqəsidir. Nazir bununla bağlı mərasim iştirakçılarına ətraflı məlumat verərək bildirdi ki, "Ulu öndər Heydər Əliyevi düşünərkən..." nominasiyası üzrə ümumtəhsil məktəbləri peşə liseylərinin 600 mindən artıq şagirdinin qatıldığı bu möhtəşəm bilik yarışı 3 mərhələdə (məktəb, rayon (şəhər) respublika) təşkil edilib. Sonuncu respublika mərhələsinə vəsiqə qazanmış 96 məktəblinin 21 nəfəri respublika turunun qalibi elan olunmuşdur, onlardan 5-i I yeri, 5-i II yeri, 11-i III yeri tutmuş, 56 nəfər isə Təhsil Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür.

Nazir Misir Mərdanov inşa yazılarında məktəblilərin ulu öndər haqqında öz fikir və düşüncələrini özünəməxsus səmimi hisslərlə, həm də bu dahi şəxsiyyətə dərin hörmət, sonsuz ehtiram duyğuları ilə ifadə etdiklərini bildirdi. Təhsil naziri onu da qeyd etdi ki, müsabiqənin respublika mərhələsində iştirak edən VII-XI sinif şagirdlərinin ümummilli lider Heydər Əliyevin şərəfli həyat yoluna, parlaq siyasi zəngin dövlətçilik fəaliyyətinə həsr olunmuş inşa yazılarının artıq bir ənənəyə çevrilmiş "Heydər Əliyev məktəblilərin gözü ilə" adı altında ayrıca kitab şəklində nəşr etdirilib qaliblərə onların oxuduqları məktəblərə hədiyyə edilməsi qərara alınıb. Naxçıvan Muxtar Respublikasında həmin nominasiya üzrə keçirilmiş müsabiqənin 10 nəfər qalibinin inşa yazıları da adıçəkilən kitaba daxil edilib.

Təhsil naziri müstəqil Azərbaycanın milli təhsil quruculuğu strategiyasının banisi Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən təhsil sisteminin davamlı inkişafını əks etdirən bəzi tarixi məqamları yada saldı.

Çıxışının sonunda təhsil naziri bütün təşkilatçılara, müsabiqənin keçirilməsində zəhməti olanlara təşəkkürünü bildirdi.

Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədov müsabiqənin keçirilməsinin əhəmiyyətini yüksək dəyərləndirib, müstəqil Azərbaycan dövlətinin banisinin zəngin irsini, ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsinin onlarda dövlətçilik təfəkkürünün baxışlarının formalaşmasına, müsbət təsir göstərdiyini dedi. YAP sədrinin müavini ötən il olduğu kimi bu il I, II, III yeri tutmuş qaliblərin hər birinə gələcəkdə hansı ali məktəblərə daxil olmalarından asılı olmayaraq Yeni Azərbaycan Partiyası tərəfindən hər ay təqaüdlərin verilməsinin nəzərdə tutulduğunu mərasim iştirakçılarının diqqətinə çatdırdı qalibləri təbrik etdi.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev ulu öndərin təhsilimizə, müəllimlərə hər zaman qayğı ilə yanaşdığını və bu işin hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən də diqqətdə saxlanıldığını söylədi. Millət vəkili müsabiqənin qaliblərinə nailiyyətlər arzulayaraq, onların pulla mükafatlandırılacaqlarını bildirdi.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti Mehriban xanım Əliyevanın təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırdı. Anar Ələkbərov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən təhsillə bağlı həyata keçirilən layihələrdən söz açdı. Heydər Əliyev Fondunun icraçı direktoru bir xoş xəbəri mərasim iştirakçılarına çatdıraraq bildirdi ki, Fondun prezidenti Mehriban xanım Əliyevanın qərarına əsasən bu müsabiqənin 21 qalibi Belçika Krallığına, Fransa Respublikası Almaniya Federativ Respublikasına səfər edəcəkdir.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə də çıxış edərək müsabiqənin qaliblərini təbrik edib, onlara istədikləri ali məktəblərə qəbul olmalarını arzu etdi.

Sonra Fəxri fərmana layiq görülən 56 nəfər səhnəyə dəvət edildi. I, II, III yerlərin qaliblərinin adları açıqlandı. Diplomlara layiq görülən I, II, III yerin sahiblərinə noutbuklar, Fəxri fərmanla təltif edilənlərə isə xatirə hədiyyələri təqdim olundu.

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.-2010.-7 may.-S.4.