"Azərbaycanda təhsilin
inkişafı dövlət siyasətinin əsas prioritetlərindən
biridir"
Azərbaycan Respublikası təhsil nazirinin müavini
İsgəndər İsgəndərovla müsahibə
- İsgəndər müəllim,
bildiyimiz kimi, son illər digər sahələrdə olduğu
kimi, təhsil sahəsində də inkişaf, yeniliklər
müşahidə edilir. Bu
baxımdan, təhsilə dövlət qayğısı
haqqında nə deyə bilərsiniz?
- Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
uzaqgörən siyasəti və genişmiqyaslı
islahatçı fəaliyyəti, müstəsna təşkilatçılığı
sayəsində son illərdə qazanılmış nailiyyətlər
birmənalı şəkildə ulu öndər Heydər Əliyevin
dövlətçilik ideyalarına sadiqliyinin parlaq təcəssümü
olmaqla, hər bir Azərbaycan vətəndaşının qəlbində
milli iftixar və ölkəmizin işıqlı gələcəyinə
dərin inam hisslərini daha da gücləndirmişdir. Danılmaz faktdır ki, qısa müddət ərzində
Azərbaycanın bütün sahələrdə sürətli
inkişafı ölkə Prezidenti cənab İlham Əliyevin
yeni idarəetmə modeli sayəsində mümkün
olmuşdur. Təsadüfi deyildir ki,
dünyanın nüfuzlu ekspertləri və iqtisadçıları
Azərbaycanın dinamik inkişafının səbəblərini
də məhz İlham Əliyevin proqramlarla idarəetmə
modelinin nəticəsi kimi qiymətləndirirlər. Təhsil xərclərinin ilbəil artması Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsili
dövlət siyasətinin əsas prioritetlərindən biri
hesab etməsi ilə birbaşa bağlıdır. Möhtərəm
Prezident vurğulayıb: "Biz maddi dəyərlərimizi,
iqtisadi potensialımızı insan kapitalına çevirməliyik".
Bu mənada "Təhsil əsri" elan edilən
XXI əsrdə yüksək intellektə malik insan
kapitalının formalaşması və güclü
iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki
qədər aktual olmamışdır.
Son illərdə
təhsil xərclərinin artmasının əsasında da həmin
konseptual müddəalar dayanır. Təhsilə ayrılan büdcə
2003-cü illə müqayisədə 5 dəfədən
çox artaraq 2008-ci ildə 1,1 milyard
manata çatmış, 2009-cu ildə isə 1,3 milyard manat təşkil
etmişdir. Dövlət başçısı
tərəfindən son illərdə təhsil sahəsində
150-dən çox sərəncam imzalanmışdır.
Təhsil tariximizdə ilk dəfə olaraq Azərbaycan Respublikası
Prezidentinin sərəncamlarına əsasən "Ən
yaxşı ümumtəhsil məktəbi və ən
yaxşı müəllim mükafatlarının təsis
edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli Sərəncamı
imzalanmış, 2008 və 2009-cu illərdə "Ən
yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələri
keçirilmiş, həmin illərdə "Ən
yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin
qalibi olmuş 50 məktəbin hər birinə 10000 manat,
"Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi olmuş 100 müəllimin hər birinə 5000 manat məbləğində
birdəfəlik pul mükafatı verilmişdir. Bu müsabiqə məktəb və müəllimlər
arasında sağlam rəqabəti, innovativ fəaliyyəti
gücləndirməklə təhsilin keyfiyyətinin yüksəlməsinə
müsbət təsir göstərmişdir.
Azərbaycanda
təhsilə, təhsil işçilərinə diqqət və
qayğının parlaq təzahürüdür ki, son illərdə
elm və təhsilin inkişafındakı xidmətlərinə
görə 1000-dən çox təhsil işçisi
yüksək dövlət mükafatlarına, fəxri adlara və
fərdi təqaüdlərə layiq
görülmüşdür. Yalnız 2009-cu ildə
təltif edilən təhsil işçiləri 312 nəfər
olmuşdur.
- Hazırda təhsil sektorunun ayrı-ayrı sahələri
üzrə çoxsaylı inkişaf proqramları həyata
keçirilməkdədir. Həmin proqramlar
hansı sahələri əhatə edir?
- Məhz dövlət
başçısının təhsilə diqqət və
qayğısının nəticəsidir ki, təhsil tariximizdə
ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət
proqramı təsdiq olunmuş və uğurla həyata
keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin
inkişafı üzrə real vəziyyətin təhlili əsasında
hazırlanıb təsdiq edilmiş bu proqramların
reallaşdırılması nəticəsində təhsil
infrastrukturunun müasir tələblərə uyğun
qurulması, təhsilin məzmununun yeniləşdirilməsi,
yeni dərslik siyasətinin reallaşdırılması, təhsilalanların
nailiyyətlərinin qiymətləndirilməsi üzrə
yeni model və mexanizmlərin tətbiqi, əmək
bazarının tələbatına uyğun kadr
hazırlığı və təminatının yaxşılaşdırılması,
təhsil müəssisələrinin informasiya-kommunikasiya
texnologiyaları ilə təmin edilməsi və təhsil
sisteminin informasiyalaşdırılması, məktəbəqədər,
texniki peşə, ali təhsil, xaricdə təhsil,
istedadlı uşaqların inkişafı, xüsusi
qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili,
de-institutlaşdırma və digər bu kimi sahələrdə
əhəmiyyətli nailiyyətlər əldə
olunmuşdur.
Son 20 ildə heç bir məktəbəqədər
təhsil müəssisəsi tikilmədiyi halda, son 2 ildə
ilk dəfə olaraq ölkə üzrə 28 yeni uşaq
bağçası tikilib istifadəyə verilmiş, 31 məktəbəqədər
təhsil müəssisəsi əsaslı təmir edilmiş,
müasir avadanlıqlarla təchiz olunmuşdur. Həyata
keçirilən tədbirlər nəticəsində Bakı
şəhərində bağçalara cəlb olunmuş
uşaqların sayı 6 min nəfər artmış, təhsilin
bu pilləsi üzrə əhatə səviyyəsi 26 faizi
ötmüşdür. Müstəqillik tariximizdə ilk dəfə
olaraq uşaq bağçaları üçün müasir tələblər
səviyyəsində 137 adda təlim vəsaitləri
hazırlanıb müəssisələrə
çatdırılmışdır.
Məktəbəqədər
təhsil sahəsində "Azərbaycan Respublikasında məktəbəqədər
təhsilin yeniləşdirilməsi Proqramı(2007-2010-cu illər)"nda
nəzərdə tutulmuş tədbirlərin icrasının
davam etdirilməsi, monitorinq və qiymətləndirmə sisteminin
yaradılması, beşyaşlıların məktəbə
hazırlığının genişləndirilməsi, maddi-texniki
və tədris bazanın möhkəmləndirilməsi istiqamətində
tədbirlərin davam etdirilməsi həyata keçiriləcək
əsas tədbirlər kimi müəyyənləşdirilmişdir.
Son illərdə
Azərbaycanda 450 min şagird yerlik 2000-dək yeni məktəb
binası tikilərək istifadəyə verilmişdir. Məktəblərin
infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər
Əliyev Fondunun müstəsna xidmətləri olmuş, Fondun
təşəbbüsü ilə 300-ə yaxın yeni məktəb,
uşaq bağçası, uşaq evi, internat məktəbi
binası tikilib istifadəyə verilmiş, əsaslı təmir
və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz
edilmişdir. 450-dən çox məktəb əsaslı təmir
edilmiş, müasir avadanlıqlarla təchiz olunmuşdur. 708
məktəb və 10 rayon təhsil şöbəsi müasir
avadanlıqlarla təchiz edilmişdir. Azərbaycanda müstəqillik
illərində ilk dəfə olaraq 119 məktəb müasir
kimya və fizika laboratoriyaları ilə təmin edilmişdir.
600 məktəbin, o cümlədən Bakı şəhərinin
301 ümumtəhsil məktəbinin istilik sistemi əsaslı
təmir və bərpa olunmuşdur.
Yeni ümumtəhsil məktəblərinin
tikintisi, mövcud məktəblər üçün əlavə
korpusların inşası, onların əsaslı təmiri,
müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası,
ümumilikdə infrastrukturun yeniləşdirilməsi nəticəsində
ölkə üzrə 1050000 şagirdin (bütün
şagirdlərin 75 faizi) təlim şəraiti
yaxşılaşdırılmışdır. Məktəb
tikintisi sahəsində həyata keçirilən proqramlar nəticəsində
son 10 ildə ikinövbəli məktəblərin faizi 73,3-dən 44,5-ə, ikinci növbədə təhsil
alan şagirdlərin faizi isə 34-dən 21-ə enmişdir.
- Məzmun və qiymətləndirmə sahəsində
hansı yeniliklər tətbiq edilmişdir?
- Əlbəttə,
aparılan genişmiqyaslı işlər yalnız təhsil
infrastrukturunun yeniləşdirilməsi ilə bağlı
olmamışdır. Bu sahədə əhəmiyyətli
nailiyyətlərin əldə edilməsi və müasir tələblərə
uyğun şəraitin yaradılması məzmun
islahatları üçün əlverişli zəmin yaratmışdır.
Son illərdə Dünya Bankının maliyyə
yardımı ilə həyata keçirilən
islahatyönümlü tədbirlərin böyük əksəriyyəti
məhz ümumi təhsilin məzmununun yeniləşdirilməsinə
və mütərəqqi dünya təcrübəsinə
uyğunlaşdırılmasına yönəlmişdir. Əsas
məqsəd şagirdlərin idrak fəallığını,
ümumi inkişafını ləngidən mövcud
"yaddaş məktəbi"ndən "təfəkkür
və düşüncə məktəbi"nə keçmək
və bu əsasda ümumi təhsilin müasir modelini qurmaqdan
ibarətdir.
2008-2009-cu tədris ilində
ümumtəhsil məktəblərinin I siniflərində tədrisə
yeni fənn kurikulumları və müasir dərsliklərlə
başlanmış, bu proses 2009-2010-cu dərs ilində I və
II sinifləri əhatə etmişdir. Yeni kurikulumların tətbiqi
ilə əlaqədar I siniflərdə işləyən 18
minədək müəllim xüsusi proqram əsasında
öyrədici təlim kurslarından keçirilmiş və
nümunəvi tədris materialları ilə təmin
edilmişdir. Yeni kurikulumun tətbiqi sahəsində 2010-2011-ci
dərs ilində I siniflərdə dərs deyəcək
müəllimlərin treninqlərdən keçirilməsi,
III siniflərdə yeni kurikulumların tətbiqi üzrə
hazırlıq işlərinin aparılması, rəhbər
pedaqoji kadrların (RTŞ əməkdaşları, metodistlər,
məktəb direktorları, onların müavinləri)
kurikulumların tətbiqi üzrə təlim kurslarına cəlb
olunması, V-XI siniflər üzrə fənn
kurikulumlarının təsdiq olunması qarşıda duran vəzifələrdəndir.
Yeni məzmun yeni nəsil dərsliklərinin
hazırlanmasını zəruri etmişdir. 2003-2009-cu illərdə
milli mənəvi dəyərlər əsasında müasir tələblərə
uyğun məzmunda ümumilikdə 35 milyon nüsxə dərslik
çap edilmişdir. Təhsil tariximizdə ilk dəfə
olaraq yeni kurikulum tətbiq edilən I və II siniflər
üçün dərslik komplektləri (şagird
üçün dərslik, iş dəftəri, müəllim
üçün vəsait) hazırlanmış, Dərslikləri
Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirilib
müsbət rəy alındıqdan sonra çap
edilmişdir.
Dərslik siyasəti sahəsində
2010-2011-ci dərs ilinə ümumilikdə 111 adda, o cümlədən
I siniflər üçün 14 adda, III siniflər
üçün kurikulum əsasında 40 adda dərslik və
müəllim üçün vəsaitin hazırlanması və
Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən
qiymətləndirildikdən sonra çap etdirilməsi, VI, VIII-XI
siniflər üçün 57 adda dərsliklərin nəşri
üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur.
İstedadlı uşaqlarla
iş sahəsində respublikanın 8 bölgəsində
(Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri,
Şəki, Lənkəran, Quba, Ağdaş rayonları)
liseylərin yaradılması, Bakı şəhərində
Beynəlxalq Mendeleyev Olimpiadasının keçirilməsi, fənlər
üzrə istedadlı şagirdlərin müəyyənləşdirilməsi
məqsədilə seçim tədbirlərinin təşkili
məsələləri üzrə tədbirlər həyata
keçiriləcəkdir. Dünya və beynəlxalq fənn
olimpiadalarında Azərbaycan məktəbliləri 11
qızıl, 28 gümüş, 60 bürünc olmaqla,
ümumilikdə, 99 medal qazanmışlar. Əhalisinin
sayının az olmasına baxmayaraq, medalların sayına
görə Azərbaycan dünya ölkələri arasında
ilk onluqda yerini qoruyub saxlamışdr.
2009-cu ildə Təhsil
Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər
idman məktəblərinin yetirmələri respublika birinciliyi,
çempionat və digər yarışlarda 287 qızıl,
194 gümüş, 1181 bürünc olmaqla, ümumilikdə
1662 medal, Avropa, dünya birinciliyi və çempionatlarında
və digər beynəlxalq yarışlarda 57 qızıl, 51 gümüş,
60 bürünc olmaqla, ümumilikdə 168 medal qazanmışlar.
- Müasir dövrdə təhsil prosesini İKT-siz təsəvvür
etmək mümkün deyildir. Bu sahədə hansı
addımlar atılmışdır?
- Təhsilin
informasiyalaşdırılması sahəsində əhəmiyyətli
nailiyyətlər əldə edilmişdir. Dövlət
Proqramları çərçivəsində ölkənin
ümumtəhsil məktəbləri İKT ilə təmin
edilmiş, hər 20 şagirdə bir kompüter nisbəti təmin
olunmuşdur. Halbuki 2004-cü ildə hər 1063 şagirdə
bir kompüter düşürdü. 500 təhsil müəssisəsi
Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet)
və İnternet şəbəkəsinə qoşulmuş,
inzibati, pedaqoji və texniki heyət əhatə olunmaqla, 40 min
nəfər müvafiq treninqlərdən keçərək
İKT bacarıqlarına yiyələnmişdir. Təhsil
tariximizdə ilk dəfə olaraq fənlər üzrə
elektron tədris resursları hazırlanıb məktəblərə
verilmiş, 20 məktəbdə "Elektron Məktəb"
layihəsi həyata keçirilməyə
başlanmışdır. I-X siniflər üçün
"İnformatika" dərslikləri hazırlanmış,
bütün siniflərdə informatikanın tədrisinə
başlanmışdır.
Təhsillə bağlı məlumat
və resursların toplanması, onların təhlükəsizliyinin
təmin edilməsi məqsədilə Məlumat və Resurs Mərkəzi,
ictimaiyyəti təhsil sahəsindəki yeniliklərlə operativ
məlumatlandırmaq və elektron tədris resurslarından
istifadəni təmin etmək məqsədilə Milli Təhsil
Portalı, təhsil sahəsində çevik idarəetmə sisteminin
yaradılması məqsədilə Milli Təhsil Məlumat
Bazası yaradılmışdır.
Bir şagirdə bir
kompüter konsepsiyasının reallaşdırılması məqsədilə
"İntel" şirkəti ilə birlikdə 400 şagirdə
noutbuklar verilmişdir. "Xalq kompüteri" layihəsi
çərçivəsində isə 5000 müəllim
kompüterlə təmin olunmuşdur.
Təhsilin
informasiyalaşdırılması sahəsində Azərbaycan
Təhsil Şəbəkəsinə (İntranet) və
İnternet şəbəkəsinə əlavə 500 təhsil
müəssisəsinin qoşulması və onların yüksək
sürətli İnternetə çıxışının
təmin edilməsi, 25 min nəfər pedaqoji, 4 min nəfər
inzibati-idarəetmə və 500 nəfər texniki heyətin
İKT üzrə treninqlərdən keçirilməsi,
"Bir müəllim-bir kompüter", "Bir şagird - bir
kompüter" layihəsinin əhatə dairəsinin
genişləndirilməsi, "Elektron məktəb" layihəsinə
əlavə məktəblərin cəlb edilməsi əsas
perspektivlər kimi müəyyənləşdirilmişdir.
- Təhsil sistemində kadr təminatı və
ixtisasartırma təhsili sahəsində də müəyyən
yeniliklər baş verməkdədir. Bu yeniliklər barədə
də məlumat verməyinizi xahiş edirik.
- Kadr təminatı sahəsində
2005-2009-cu illəri əhatə edən Proqram başa
çatdırılmış, ümumilikdə 6179 müəllim
stimullaşdırıcı tədbirlər tətbiq edilməklə
respublikanın ucqar kənd məktəblərinə göndərilmişdir.
Beləliklə, ucqar kənd məktəblərində kadra
olan kəskin ehtiyac ödənilmişdir. Respublikanın
ümumtəhsil məktəblərinə müəllimlərin
işə qəbulu sahəsində yeni mexanizmlərin tətbiqinə
başlanmış, Bakı şəhərində müəllimlərin
işə qəbulu elektron vasitələr əsasında, ikimərhələli
müsabiqə mexanizmi tətbiq olunmaqla həyata
keçirilmişdir.
Pedaqoji kadr təminatı
sahəsində ölkənin ümumtəhsil məktəblərində
kadr təminatı vəziyyətinin monitorinqinin
aparılması, nəticələrin təhlili və təkliflərin
hazırlanması, beynəlxalq təcrübə nəzərə
alınmaqla ölkə səviyyəsində müəllimlərin
işə qəbulu sahəsində elektron vasitələrdən
istifadə edilməklə yeni mexanizmlərin tətbiqi,
hazırda işləyən müəllimlərin və rəhbər
pedaqoji işçilərin peşəkarlıq səviyyələrinin
qiymətləndirilməsi üzrə mexanizmin
hazırlanıb tətbiq edilməsi əsas prioritetlər kimi
müəyyənləşdirilmişdir.
Modul-kredit sisteminə əsaslanan,
rəqabət mühitinin yaradılmasını,
proqramların akkreditasiyasını,
stimullaşdırıcı vasitələrin tətbiqini,
karyera inkişafını nəzərdə tutan yeni
ixtisasartırma təhsili modeli hazırlanmışdır.
Əlavə təhsil
sahəsində modul-kredit sisteminə əsaslanan
ixtisasartırma təhsilinin tətbiqi istiqamətində
normativ-hüquqi bazanın təkmilləşdirilməsi,
ixtisasartırma proqramlarının akkreditasiyasını
aparmaq üçün Təhsil Nazirliyinin nəzdində
Akkreditasiya Şurasının yaradılması, 2010-2011-ci tədris
ilində ümumtəhsil məktəblərinin I siniflərində
işləyəcək müəllimlərin yeni model üzrə
ixtisasartırmadan keçirilməsinin təmin edilməsi, ixtisasartırma
təhsili sistemi üçün monitorinq və dəyərləndirmə
mexanizminin hazırlanması, xidmətlərin təklifi sahəsində
rəqabət mühitinin yaradılması, ixtisasartıma təhsilində
məcburilik prinsipinin təmin edilməsi, eyni zamanda təhsilalanlar
üçün stimullaşdırıcı tədbirlərin
nəzərdə tutulması mexanizmlərinin
hazırlanması, ali təhsil müəssisələrinin
professor-müəllim heyətinin ixtisasının
artırılması üzrə yeni mexanizmin yaradılması
kimi məsələlər təxirəsalınmaz vəzifələr
kimi müəyyənləşdirilmişdir.
- Texniki peşə təhsilinin inkişaf etdirilməsi
də qarşıda duran vəzifələrdən biridir. Bununla
əlaqədar Dövlət Proqramı da qəbul olunub.
Hazırda texniki peşə təhsili sahəsində Dövlət
Proqramının icrası ilə bağlı hansı tədbirlər
həyata keçirilir?
- Texniki peşə təhsilinin
inkişafı üzrə Dövlət Proqramına əsasən
Qəbələdə Turizm və Otelçilik üzrə
Peşə Tədris Mərkəzi yaradılmış, 8
texniki peşə təhsili müəssisəsi əsaslı
təmir edilmiş və müasir avadanlıqla təmin
olunmuşdur. İsmayıllı rayonunda Turizm və
Otelçilik üzrə Peşə Tədris Mərkəzinin
tikintisi aparılır. Son 20 ildə müxtəlif peşələr
üzrə ilk dəfə olaraq 7 adda dərslik
hazırlanmış və çap edilmişdir. YUNESKO, Avropa
Komissiyası, Cənubi Koreyanın DAEWOO şirkəti, Heydər
Əliyev Fondu, "Azərsun" Holdinq şirkəti,
"KÜR" MMC ilə birgə layihələrin
icrasına başlanmışdır.
Texniki peşə təhsili
sahəsində müəyyən edilmiş ixtisaslar üzrə
standartların və kurikulumların, yeni dərsliklərin,
ixtisas klassifikatorunun hazırlanması, məzunların
bacarıqlarının əmək bazarının tələblərinə
müvafiq qiymətləndirilməsi məqsədilə yeni
qiymətləndirmə mexanizminin işlənib
hazırlanması, Avropa Komissiyası ilə birlikdə həyata
keçirilən layihə çərçivəsində
İsmayıllı Turizm Peşə Məktəbinin
tikintisinin başa çatdırılması, beynəlxalq təşkilatlarla
birgə nəzərdə tutulmuş layihələrin
icrası tədbirlərinin həyata keçirilməsi,
müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi
işinin davam etdirilməsi nəzərdə tutulmuşdur.
- İsgəndər müəllim, "Təhsil
haqqında" yeni Qanunun qəbul edilməsindən müəyyən
müddət keçmişdir. Qanunun icrası istiqamətində
hansı addımlar atılmışdır?
- Son illərin ən
mühüm hadisələrindən biri, əlbəttə,
"Təhsil haqqında" Azərbaycan Respublikası
Qanununun qəbul edilməsi olmuşdur. Qanunun qəbul edilməsi
zərurəti, ilk növbədə, ölkədə və
dünyada dinamik inkişaf tendensiyaları, o cümlədən
təhsil sahəsində əsaslı dəyişikliklərin
olması, Azərbaycanın keyfiyyətcə yeni inkişaf mərhələsinə
qədəm qoyması, Avropa və dünya təhsil məkanına
inteqrasiya istiqamətində mühüm addımlar atması
ilə bağlı idi. Təbiidir ki, bütün bu proseslər
təhsil qanunvericiliyində, ən vacibi isə "Təhsil
haqqında" yeni Qanunda öz əksini tapmalı idi. Bu səbəbdən,
düşünürəm ki, qəbul edilmiş Qanun ölkəmizdə
təhsil siyasəti və strategiyasının əsas istiqamətlərini
əks etdirməklə yanaşı, ilk növbədə,
xalqımıza, Azərbaycanda təhsilin inkişafına xidmət
edəcək milli təhsil sisteminin dünya, Avropa təhsil
sisteminə inteqrasiyasını təmin edəcəkdir.
Qanunda 5
yaşlıların məktəbəqədər təhsilə
cəlbinin zəruriliyi, hər təhsil pilləsinə qəbul
zamanı məzunların əvvəlki təhsil pilləsindəki
nəticələrinin nəzərə alınması,
ixtisasartırma təhsilinin nəticələrinin
stimullaşdırılması, yaş senzinin müəyyənləşdirilməsi,
təhsil müəssisələrinin maliyyələşdirilməsinin
hər təhsilalana düşən xərc normaları nəzərə
alınmaqla həyata keçirilməsi, ali təhsilin
üçpilləli strukturu və digər yeni məsələlər
öz əksini tapmışdır. Qanunun icrası istiqamətində
Təhsil Nazirliyi tərəfindən 35 adda normativ sənəd
hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq
edilmişdir.
Azərbaycan müəllimi.- 2010.- 7 may.- S.5.