Şeir mahnı müsabiqəsinə yekun vuruldu

 

Mayın 5-də 12 nömrəli Bakı Peşə Liseyinin akt zalında paytaxtın ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş "Şeir mahnı" müsabiqəsi keçirilmişdir.

Xatırladaq ki, bu ilin 15-16 aprel tarixlərində bədii qiraətçiləri və mahnı ifaçılarının müsabiqəsinin II seçim turu keçirilmiş, ən yaxşılar bu final mərhələsinə çıxmışlar.

Mərasimdə Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov, Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov, Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin direktoru Məmməd Novruzov və başqaları iştirak edirdilər.                                                

Gərgin keçən final mərhələsinə şagirdlər bir-birindən maraqlı ifalarla gəlmişdilər.

Həmin gün münsiflər heyətinin qərarı ilə mahnı nominasiyası üzrə I yeri 6 nömrəli Bakı Peşə Liseyinin şagirdi Pünhan Hüseynov, II yeri 10 nömrəli Bakı Peşə Məktəbinin şagirdi Sevinc Məmmədova, III yeri 12 nömrəli Bakı Peşə Liseyinin şagirdi Çinarə Heybətova, IV yeri 9 nömrəli Bakı Peşə Liseyinin şagirdi Nailə Muxtarova tutmuşlar.

Müsabiqənin şeir nominasiyası üzrə isə I yeri 2 nömrəli Bakı Peşə Məktəbinin şagirdi Vaqif Həsənov, II yeri 10 nömrəli Bakı Peşə Məktəbinin şagirdi Şəms Əliyeva, III yeri 2 nömrəli Bakı Peşə Liseyinin şagirdi Tofiq Cəlilov, IV yeri isə 17 nömrəli Bakı Peşə Liseyinin şagirdi Ayşən Yaqublu tutmuşlar.

Müsabiqənin sonunda qaliblər Təhsil Nazirliyinin diplom və hədiyyələrilə mükafatlandırıldılar.

 

 

Vüqar SƏLİMOV

 

Azərbaycan müəllimi.- 2010.- 7 may.- S.5.