Beynəlxalq Mendeleyev Olimpiadası başa çatdı

 

Azərbaycan məktəbliləri bir qızıl, üç bürünc medal qazandılar

 

Mayın 3-də Bakıdakı "Crescent Beash" otelində məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbiri təhsil naziri Misir Mərdanov açaraq məktəblilərin Beynəlxalq Mendeleyev Olimpiadası iştirakçılarını və qonaqları salamlayıb. Nazir olimpiadanın təşkilində Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, təşkilat komitəsinin həmsədri Valeri Vasilyeviç Luninin, kimyaçı alim, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasovun, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədovun xüsusi rolu olduğunu vurğulayıb və onlara təşəkkür edib. Təhsil naziri olimpiadanın gedişi zamanı 70 yaşı tamam olmuş V.V.Lunini təbrik edib, ona səmərəli fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən münsiflər heyətinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vaqif Abbasov Beynəlxalq Mendeleyev Olimpiadasına Azərbaycanda belə yüksək səviyyədə marağın olmasında dövlətimizin başçısı cənab İlham Əliyevin qayğısının xüsusi rol oynadığını qeyd edib. Möhtəşəm bilik yarışmasının uğurla başa çatdığını söyləyən Vaqif Abbasov olimpiadada fərqlənənlərə diplomların, qızıl, gümüş və bürünc medalların veriləcəyini nəzərə çatdırıb.

Sonra olimpiada qaliblərinə mükafatlar təqdim edilib. Qeyd edək ki, yarışın qalibləri görkəmli kimyaçı alimlərdən ibarət beynəlxalq tərkibli münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.

14 ölkənin məktəblilərinin qatıldığı olimpiadada 10 qızıl medaldan 1-ni, 27 bürünc medaldan 3-nü azərbaycanlı şagirdlər qazanıblar. Bilik yarışında ölkəmizi təmsil edən 12 məktəblidən Lənkəran Özəl Türk Liseyinin şagirdi Aqil Əzimzadə qızıl medala, Quba Özəl Türk Liseyinin XI sinif şagirdi Rəşad Yusifov, "Dədə Qorqud" liseyinin X sinif şagirdi Aqil Səfərəlizadə, Bakıdakı 60 nömrəli məktəbin XI sinif şagirdi Vüqar Mirzəxanov isə bürünc medala layiq görülüblər.

Məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının ikinci dəfə Bakıda keçirilməsindən məmnun olduğunu bildirən təşkilat komitəsinin həmsədri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin dekanı, fiziki kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Valeri Vasilyeviç Lunin ölkəmizdə müşahidə edilən hərtərəfli inkişaf və tərəqqidə ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük xidmətləri olduğunu vurğulayıb. Olimpiadaya yaxşı hazırlıq görüldüyünü qeyd edən V.V.Lunin bu bilik yarışının təşkilinə göstərdiyi köməyə görə təhsil naziri Misir Mərdanova və bütün digər təşkilatçılara minnətdarlığını çatdırıb.

44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının bütün qaliblərini təbrik edən təhsil naziri Misir Mərdanov təşkilatçılara təşəkkürünü bildirib. Azərbaycan müəllimlərinin, Azərbaycan şagirdlərinin, Azərbaycan alimlərinin belə bir mötəbər bilik yarışından qələbə ilə çıxdığını söyləyən nazir bir qızıl, üç bürünc medalın qazanılmasını böyük uğur hesab etdiyini nəzərə çatdırıb. Uğur qazanan uşaqların artıq M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Kanadanın Toronto Universiteti və dünyanın ən nüfuzlu digər universitetlərinə kimya ixtisası üzrə imtahansız qəbul olmaq imkanı əldə etməsini mühüm nailiyyət kimi dəyərləndirən təhsil naziri bildirib ki, indiyədək olimpiada qaliblərindən 21 nəfər Moskva Dövlət Universitetinin kimya fakültəsində təhsillərini uğurla davam etdirirlər.

 

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2010.- 7 may.- S.4.