Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş elmi-praktik konfrans

 

Aprelin 30-da Bakı Pedaqoji  Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda  görkəmli elm xadimi, tanınmış oftalmoloq Zərifə xanım  Əliyevanın anadan olmasının 87-ci  ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Mərasimdə  Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.    

Rektor  Asəf Zamanov  konfransı giriş sözü ilə  açaraq  Zərifə xanım Əliyevanın tibb elminin inkişafındakı  xidmətlərindən, bu sahədə  yaratdığı  fundamental  əsərlərdən,  qazandığı misilsiz nailiyyətlərdən söz açdı. Bildirdi ki,  Zərifə xanım  Əliyeva aspiranturanı bitirib elmi əməkdaş kimi fəaliyyət göstərdiyi illərdə  respublikanı traxoma xəstəliyi ağuşuna almışdı. O vaxtlar  bu xəstəliyə qarşı təsirli müalicə üsulların olmasından onunla  mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə ölkənin səhiyyəsi üçün vacib idi.  Belə bir dövrdə  Zərifə xanım traxoma  xəstəliyinə qarşı aparılan  müalicəvi və profilaktik tədbirlərin  keçirilməsində fəal iştirak edirdi.  Beləliklə, Zərifə xanımın ilk elmi araşdırmalarının  mövzusunu həyat özü müəyyənləşdirdi.1960-cı ildə uğurla müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi. Görkəmli oftalmoloq-alim, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 160-a yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur "Alim, həkim, insan" adlı məruzəsində  Zərifə xanım  Əliyevanı  fenomen adlandırdı, Azərbaycanda nadir  şəxsiyyətlərdən biri, çoxşaxəli istedad sahibi kimi səciyyələndirdi. Qeyd etdi ki, Azərbaycan oftalmologiya elmi bilavasitə Zərifə xanımın adı ilə bağlıdır. Bu elmin ən zəngin çalarları görkəmli alim tərəfindən öyrənilmiş və elmə məlum olmayan bir çox yeniliklər  ixtira edilmişdir. Professor elm sahəsində  qazandığı uğurlara  görə Zərifə xanımın  ixtiralarından bəhrələndiyini qeyd etdi.

Bakı PKİYİ-nin  kitabxanasının müdiri  Güldanə  Mehdiyeva   "Nur və həyat rəmzi" mövzusunda  geniş məruzəsində  qeyd etdi ki, çox vaxt  insanın dünyaya gəldiyi fəsillə onun təbiətində uyğunluq olur. Bu cəhətdən akademik Zərifə xanım   Əliyevanı  "bahar təbiətli" adlandırmaq olar. Çünki  görkəmli oftalmoloq-alim, qayğıkeş həkim, ən yaxşı ana, fədakar həyat yoldaşı  Zərifə xanım  Əliyeva  təbiətin oyandığı, torpağın canlandığı, istinin və işığın artdığı bir fəsildə  dünyaya göz açmışdır. Onun elmi  fəaliyyətinin istiqamətlərindən biri  gözün  oftalmoloji, histomikroskopik və histokimyəvi  tədqiqinə həsr edilmişdir. Zərifə xanımın  elmi fəaliyyətinin  digər sahələrindən biri  klinik-diaqnostik istiqamətdə apardığı tədqiqatlardır ki, onların da nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmlənmişdir.

ATU-nin Oftalmologiya kafedrasının dosenti  Solmaz İsayeva Zərifə xanımla bağlı xatirələrindən, psixologiya  elmləri namizədi  Hökümə Əliyeva, Təbiət elmləri kafedrasının müdiri  Zərifə Dəmirova, pedaqoji elmlər namizədi  Fikrət Əliyev çıxışlarında  böyük alim, zəkalı qadın, qayğıkeş ana, nəcib və xeyirxah şəxsiyyət  Zərifə xanım Əliyevanın tibb elminə verdiyi tövhələrdən söz açdılar.

Sonda rektor Asəf  Zamanov  böyük oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinin daim qəlblərdə yaşayacağını, yaddaşlardan  heç vaxt silinməyəcəyini vurğulayaraq, dedi ki, dahilər heç vaxt ölmürlər, onlar ən sevimli bəndələr kimi Tanrı dərgahına qovuşurlar.

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.-2010.-7 may.-S.4.