İdmanda birinci, dərslərdə əlaçı
Elşən Elman oğlu Xəlilov Gəncə şəhərindəki C.Cabbarlı adına 6 nömrəli məktəbin 7-ci sinfində oxuyur. 2003-cü ildən idmanla müntəzəm məşğul olur. Əvvəllər idmanın taekvando növünə maraq göstərən Elşən müxtəlif yarışlarda mükafatçılar sırasına çıxıb, fəxri fərmanlarla təltif edilib. 2008-ci ildən isə məşqçi Mirağa Ağayevin təkidi ilə Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman Məktəbində ağırlıqqaldırma ilə məşğul olur. İdmana həvəsi, məşqçilərin verdiyi tapşırıqları inamla yerinə yetirməsi qısa zamanda yüksək nailiyyətlər qazanmağına zəmin yaradıb. Belə ki, Azərbaycan Respublikasi Təhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzinin Gəncə filialının ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağır atletika üzrə turnirində 62 kq çəki dərəcəsində iki hərəkətin cəminə görə 106 kq nəticə göstərərək I yerə layiq görülüb.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən şəhər birinciliyində 69 kq çəki dərəcəsində 125 kq nəticə göstərərək I yer, Gəncə şəhər 2 nömrəli UGİM-in yeniyetmələr və gənclər arasında keçirilən birinciliklərində müvafiq olaraq iki hərəkətin cəminə görə 125 kq və 135 kq nəticə göstərərək yarışların qalibi olub.
Elşənin uğurları bütün bunlarla qurtarmır. Şəhər birinciliklərinin qalibi olduqdan sonra məşqçisi Mirağa müəllim öz yetirməsini respublika əhəmiyyətli yarışlarda da sınamaq qərarına gəlir. "Zirvə" idman klubunun təşkil etdiyi ağır atletika üzrə zona birinciliyində yeniyetmələr arasında 62 kq çəki dərəcəsində çıxış edən Elşən 127 kq nəticə göstərərək turnirin qalibi olub.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Respublika UGİM ötən il və cari ildə keçirdiyi respublika oyunlarında Elşən 104 kq və 131 kq nəticə ilə II yerə layiq görülüb, kubok və medalla təltif edilib.
Elşən Xəlilovun uğurlarında məşqçisi M.Ağayevin xüsusi əməyi var. İdmana dövlət qayğısının gündən - günə artdığını, yeni olimpiya kompleksləri, idman saraylarının tikildiyini deyən Mirağa müəllim yetirməsini həmişə tapşırıqları səylə yerinə yetirdiyini, Elşənin gələcəkdə yaxşı idmançı olacağına inandığını vurğuladı.
Elşən idmandakı uğurları
ilə yanaşı, məktəbdə təhsilini
də yaddan çıxarmır. Sinif rəhbəri Təranə
Yusibova E.Xəlilovun dərslərini "əla"
və "yaxşı"
qiymətlərlə oxuduğunu,
nizam-intizamı ilə
həmişə yoldaşlarından
fərqləndiyini dedi.
Qarşıdakı məsul yarışlara hazırlaşan Elşən
Xəlilov Avropa və dünya çempionatlarında iştirak
etmək və qalib olmaq arzusundadır. Orta məktəbi
bitirdikdən sonra isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsilini davam etdirmək niyyətindədir.
Zirvələrə aparan yolda hələ kövrək addımlarını atan gənc Elşənə gələcək idman və təhsil həyatında uğurlar arzulayırıq.
Qabil YUSİFOĞLU
Azərbaycan müəllimi.- 2010.- 7 may.- S.8.