Qələbənin 65 illiyi Xalq Təhsili Muzeyində qeyd edildi

 

Mayın 4-də Təhsil Nazirliyinin Xalq Təhsili Muzeyində faşizm üzərində qələbənin 65 illiyinə həsr olunmuş tədbir keçirildi.

Mərasimə toplaşanlar əvvəlcə təhsil muzeyinin foyesində xüsusi zövqlə hazırlanmış "Qələbə-65" sərgisinə böyük maraqla baxdılar. Burada 1941-1945-ci illər müharibəsində iştirak etmiş müəllimlərin şəkilləri, həmin illər dərc edilmiş qəzetlər və s. nadir sənədlərlə tanış oldular.

Az sonra başlanan tədbiri açan Xalq Təhsili Muzeyinin direktoru Lalə Bayramova məclisə dəvət olunmuş müharibə veteranlarını və iştirakçıları salamladı. 1941-45-ci illər müharibəsində həlak olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra direktor bu dəhşətli müharibədə Azərbaycan döyüşçülərinin göstərdikləri şücaətlərdən, qələbənin əldə olunması üçün verdiyimiz itkilərdən söhbət açdı və faşizm üzərində qələbənin 65 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etdi.

İlk söz Respublika Veteranlar Şurasının məsul katibi Əlfayım İsmayılova verildi. O, atasının müharibəyə gedib qayıtmamasından, bu müharibənin törətdiyi dəhşətlərdən  ürəkağrısı  ilə  danışdı.

Tədbirdə Xalq Təhsili Muzeyinin şöbə müdiri Kəmalə Həsənova daha ətraflı çıxış edərək Azərbaycan müəllimlərinin ön və arxa cəbhədə necə fədakarlıqla iştirak etdiyini faktlar və rəqəmlərlə iştirakçıların nəzərinə çatdırdı.

Mərasimdə çıxış edən Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov təhsil naziri Misir Mərdanovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Sonra o, mərasimdə iştirak edən müəllim və şagirdlərə tövsiyə etdi ki, veteranları tək-tək məktəblərə dəvət edib görüşlər keçirsinlər, onların döyüş yolunu öyrənsinlər, xatirələrini dinləsinlər.

Həmin gün qələbənin 65 illiyinə həsr olunmuş tədbirdə Təhsil Nazirliyinin işçisi Təranə Aslanova, Nərimanov Rayon Veteranlar Şurasının sədri Alı Hüseynov müharibənin törətdiyi dəhşətlərdən danışdılar. 1941-45-ci illər müharibəsinin veteranları Bağır Məlikov, Fatmaxanım Səttarova, Səkinə Məmmədova, Boris Balasiyev və Şahlar Əliyev isə çıxış edərək  Qafqazdan Berlinədək keçdikləri şərəfli döyüş yolu barədə söhbət açdılar.

Tədbirin sonunda Bakının Sabunçu  rayonundakı 4 nömrəli musiqi məktəbinin, paytaxtın 190, 213, 218 və 239 nömrəli məktəb şagirdlərinin ifasında rəngarəng musiqi nömrələri ifa olundu, Vətənə, müharibəyə həsr olunmuş mahnılar oxundu, şeirlər söylənildi.

 

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2010.- 7 may.- S.6.