Biz qələbənin varisləriyik"

 

Aprelin 28-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda faşizm üzərində Qələbənin 65 illiyinə həsr olunmuş "Biz qələbənin varisləriyik" mövzusunda elmi-praktik konfrans keçirildi. Tədbirdə institutun professor-müəllim heyəti, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri, II Dünya müharibəsi veteranları və digər qonaqlar iştirak edirdilər. Öncə iştirakçılar II Dünya müharibəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.  Tədbiri giriş sözü ilə açan institutun rektoru, professor Asəf Zamanov bildirdi ki,  möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamına əsasən 2010-cu ildə ölkəmizdə  faşizm üzərində qələbənin ildönümü bütün müəssisələrdə təntənəli şəkildə qeyd edilir.

Müharibənin başlanması tarixindən söhbət açan A.Zamanov qeyd etdi ki, Hitlerin  ildırımsürətli "Barbarossa" planına əsasən keçmiş SSRİ ərazisi tezliklə ələ keçirilməli və bir çox Avropa ölkələri kimi, burada da faşizm cəmiyyəti qurulmalı idi. Hitler  Bakını tezliklə ələ keçirərək müharibənin gedişində onun neftindən istifadə etməyi  qarşısına əsas məqsəd qoymuşdu. Bunun üçün xüsusi plan hazırladan Hitler artıq Qafqaza yaxınlaşmışdı. Lakin buna baxmayaraq, rəşadətli xalqımız sovet xalqları ilə birlikdə iyrənc faşizmə qarşı səfərbər olaraq silaha sarıldı. Onların qəhrəmanlığı və şücaəti sayəsində alman  faşistləri geri çəkilməyə məcbur oldular. Qoşunlarımız böyük hünər göstərərək hitlerçiləri məğlub etdilər. A.Zamanov  SSRİ-nin II Dünya müharibəsində qalib gəlməsində azərbaycanlıların və Bakı neftinin rolunun böyük olduğunu bildirərək müharibədə iştirak etmiş hər bir azərbaycanlı ilə fəxr etdiyini vurğuladı. O, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan söhbət açaraq, ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu bu ənənəni daim davam etdirməyin vacibliyini bildirdi.

Sonra söz Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayevə verildi. O, müharibənin dəhşətlərindən danışaraq bildirdi ki, bu müharibə bəşər tarixinin ən qanlı savaşı kimi daim insanların xatirəsində qalacaq. Belə müharibələrin bəşəriyyətə ağır zərbə vurduğunu və onun fəsadlarının əsrlərlə davam etdiyini bildirdi. Azərbaycanlıların bu müharibədə göstərdikləri hünərdən də söz açan E.Ağayev veteranlara və onların ailə üzvlərinə olan diqqət və qayğıdan danışdı. O bildirdi ki, respublikamızın hər yerində olduğu kimi, Binəqədi rayonunda da veteranlar və onların ailə üzvləri ilə mütəmadi olaraq əlaqə saxlanılır,  problemləri həll olunur.

Tədbirdə cıxış edən II Dünya müharibəsi veteranı Əmiralı Əmiralıyev özünün döyüş yolundan danışdı. O, azərbaycanlılardan təşkil olunan 416-cı diviziyanın faşistlər üzərində qələbədə misilsiz xidmətlərindən söhbət açdı. Polşanın faşistlərdən azad edilməsində yaxından iştirak edən və Berlinə qədər döyüş yolu keçən Ə.Əmiralıyev faşistlərin  məğlubiyyətə layiq olduqlarını qeyd etdi. O, bütün işğalçı dövlətlərin aqibətinin belə nəticələndiyini və faşistlərin məğlubiyyətinin işğalçılıqla bağlı olduğunu vurğuladı.

Digər cıxış edənlər də müharibənin tarixindən və fəsadlarından danışdılar.  

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.-2010.-7 may.-S.6.