Qələbədə payı
olanlar
Çərkəz müəllim hər il 9 May Qələbə günü ən gözəl, yaraşıqlı kostyumunu geyinər, müharibədə ona verilən müxtəlif dərəcəli orden və medalları qürur hissi ilə pencəyinin yaxasına düzüb rayona, hərbi nümayişə tələsərdi. O vaxtlar mən buna o qədər də fikir verməzdim. Lakin indi atamın döyüş yoluna nəzər saldıqda onun necə vətənpərvər və igid bir döyüşçü olduğunu anlayıram.
Babam Köçəriyev Mənsim İsrafil oğlu 37-ci ilin qurbanlarından olduğu üçün atama müharibəyə getmək üçün çağırış vərəqi verilməmişdir. Elə bu səbəbdən də atam babama əvvəlcə bəraət almış, sonra isə İ.Stalinə müharibəyə çağırılması üçün ərizə ilə müraciət etmişdir. Ərizəsində atam göstərmişdir ki, əgər atam Köçəriyev Mənsim İsrafil oğlunun bir günahı varsa, Vətənimin qarşısında mən bu günahı öz qanımla yumağa hazıram. Bundan sonra İ.Stalinin əmri ilə 1942-ci ildə atam müharibəyə çağırılmış, alman faşizmi üzərində qələbəyə qədər döyüşən orduda olmuşdur. Donbasın alınmasında, Oder-Visla əməliyyatında 2 dəfə yaralanmışdır. 18 iyul 1943-cü ildə Krasnadon şəhərini düşməndən təmizləyərkən 6 saylı şaxtanın alınmasında xüsusi igidlik göstərmişdir. Öz bölməsi ilə 100 nəfərə qədər alman zabit və əsgərini əsir götürmüşdür. 17-yə qədər müxtəlif dərəcəli orden və medalla təltif edilmişdi.
Atam müharibəyə leytenant kimi getmiş, kapitan kimi geri dönmüşdü. 2-ci qrup Vətən əlili idi.
Müharibədən əvvəl orta təhsilli müəllim olan atam müharibədən sonra təhsilini davam etdirmiş, 1946-cı ildə V.İ.Lenin adına APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya fakültəsini bitirmişdi. İmişli şəhər 2 nömrəli orta məktəbdə dil-ədəbiyyat müəllimi, rayon təhsil şöbəsində metodist işləmişdi. O, Bəhrəmtəpə qəsəbə məktəbində uzun müddət məktəb direktoru işləmiş, ömrünün sonuna qədər həmin məktəbdə direktor müavini, dil-ədəbiyyat müəllimi kimi çalışmışdı. İmişli Rayon Əmək və Müharibə Veteranları Şurasının sədri idi. Doğru deyiblər ki, həyatın ağrı-acısını dadmış insanlar humanist olurlar, ailə qədri bilir, övladlarının xoşbəxtliyi üçün çalışırlar.
Çərkəz müəllim mehriban ata idi. 10 övlad böyüdüb tərbiyə etmişdi. Övladlarından 4 nəfəri ali təhsilli, 6 nəfəri isə orta ixtisaslı mütəxəssislərdir.
Atam 1998-ci ildə dünyasını dəyişmişdir.
Böyük Vətən müharibəsində dünyanı faşizm taunundan xilas edənlərin - dünyasını dəyişənlərin, bu gün həyatda olanların xatirəsi, hörməti hamı üçün əzizdir, müqəddəsdir. Bu gün keçmiş şagirdləri, vaxtilə birgə çalışdığı insanlar atamı təcrübəli pedaqoq, xeyirxah insan, vətənpərvər soydaş kimi xatırlayarkən bunun bir daha şahidi olur, bir övlad kimi rahatlıq tapıram.
Nüşabə KÖÇƏRİYEVA
Azərbaycan müəllimi.-
2010.- 7 may.- S.6.