Acı uşaqlıq xatirələrimdən
Çox uzun müddət
üçün adətən insan xoş xatirələri
qoruyub saxlamaq istəyir. Mənim də belə xoş xatirələrim
çoxdur. Ancaq heç zaman unuda bilmədiyim və unutmaq istəmədiyim
dəhşətli müharibə haqqında acı xatirəmi
nəinki unutmaq istəyirəm, hətta onun ən kiçik
detallarını da mühafizə edib saxlamağa səy
göstərirəm. Müharibə başlayanda hələ məktəbə
getmirdim, ancaq doğru deyirlər ki, uşağın
yaddaşı güclü olur. Bəlkə də
uşaqlıqda ata-anasını erkən itirmiş və
atamın oğlu kimi saxladığı əmim oğlu Məhərrəmin
əsgərliyə getməsini o vaxt yaşlı olan adamlar
sonradan mənim kimi xatırlamırlar.
Bütün Azərbaycanın
rayonlarında olduğu kimi, Kürdəmirin də hərbi
komissarlığının qarşısında övladlarını
və qohumlarını faşizmə qarşı müharibəyə yola salmağa
çoxlu adamlar toplaşmışdılar.
Komissarlıq qarşısında
olanların arasında atam, anam
da mənimlə əmim oğlu Məhərrəmi hərbi
xidmətə yola salmağa gəlmişdilər.
Əmim oğlu ilə o qədər dərin ünsiyyətdə idim ki, hərbi komissarlığın qarşısında ondan ayrılmaq istəmədiyimdən məni aldadıb ata mindirdilər və evimizə gətirdilər. Əmimoğlu əsgəri
xidmətini Belarusiyanın Bobruyski rayonunda keçirirdi. Biz isə
günləri sayırdıq. O, əsgər gedənə kimi
ailəmiz gününü şənliklə keçirirdi. Məhərrəm
gedəndən sonra ailəyə sükut gəldi. Atam Siracəddin
kəndimizin nüfuzlu adamlarından sayılırdı. Elə
buna görə də o, öz qəmini təklikdə çəkirdi.
Evdə tək olanda ağlayırdı. Biz görməyək
deyə, "Gözümə tüstü doldu, ona görə
gözüm yaşarır", - deyirdi. Ancaq mərhum
bacım Səbirə onu bilirdi deyə, atamı tək
buraxmırdı. Anam Xatın təbiətcə sakit qadın
olsa da, Məhərrəmin şəklinə və onun
qızı Məhbubəyə baxan zamanlar daha çox
ağlayırdı. Mən isə həmişə onun nə
vaxt gələcəyini soruşurdum. Əvvəlcə dediyim
kimi, Məhərrəm Belarusiyanın Babruyski şəhərində
xidmət edirdi və çox tez-tez evə, anama və Səbirəyə
məktub yazırdı. O, o qədər həyalı idi ki, kənddə
poçtalyon bildirər deyə, həyat yoldaşı Həmidəyə
ayrıca məktub yazmazdı. Səbirənin vasitəsilə
öz sözünü və sorğusunu
çatdırardı.
Xidmətini başa vurub evə qayıtmasına az qalırdı. Atam ondan bir məktub aldı və oxuyub çox bikeflədi. Atam bu məktubdan bir qədər əvvəl ona yazmışdı ki, sənə ev tikdirirəm.
Məhərrəm yazırdı: "Əmi, yazırsan ki, sənə ev tikdirirəm. Əmi, tikdirmə, günümüz çox pis yerdə axşamladı. Sonra mənim üçün tikdirdiyin ev sənin üçün gözdağı olar".
Məhərrəm
bu məktubu təxminən 1941-ci ilin aprel ayında
yazmışdı. Onun xidmət vaxtı isə sentyabrda
başa çatırdı.
Müharibə başlanan
vaxta kimi atam evi tikdirdi. Əmim oğlu 27 milyonluq sovet
adamlarından biri kimi müharibədən qayıtmadı.
Atam, anam, bacılarım vəfat edənə kimi, mənə
və qızı Məhbubəyə isə indiyə kimi
atamın əmim oğlu üçün tikdirdiyi ev
gözdağı oldu. Atam Məhərrəm həsrətinə
dözə bilməyib, bizi həyatda körpə qoyub
dünyasını dəyişdi. Mən hər dəfə
"Tütək səsi" filminə baxarkən İsfəndiyar
obrazında atamı təsəvvür edib ağlayıram.
Dəhşətli müharibə
başa çatdı. Onunla birlikdə xidmət etmiş Ataxan
Xələfov kəndə qayıtdı. Onun dediyinə
görə, Məhərrəmlə 1943-cü ilin
sentyabrına qədər bir alayda xidmət edib. Sentyabr
günlərinin birində qızğın vuruşmada o, Məhərrəmdən
ayrı düşüb və sonra görüşməyiblər.
Bax, budur mənim bu acı və
qoruyub saxlamaq istədiyim xatirəm. Elə bilirəm ki, həmin
xatirəni unutsam, mən yaşamaram. Kimin belə xatirəni
unutmağa haqqı var?
Ancaq uşaqlıq xatirəmə
qələbənin olacağı çox möhkəm daxil
olmuşdu. Belə də oldu, müharibə qurtardı. Bu xəbəri
ilk dəfə eşidənlərdən Alcan adlı
oğlanla mən olduq. Kürdəmirə bazara gedərkən
1945-ci il mayın 8-də müharibənin
qurtardığını eşitdik. Dəmiryol keçidindən
kəndə qədər təxminən 10 kilometrlik yolu
qaça-qaça gəlib kəndə xəbər verdik.
Müharibəyə gedənlərdən
sağ qalanlar qayıtdılar. Həlak olan və əsir
düşənlər qayıtmadılar. Qayıtmayanlar
arasında əmim oğlu Məhərrəm də həsrətli
gözlərimizi yolda qoydu. İndi bu yaşımda, müharibədən
65 ildən çox vaxt keçir, hələ də mən
cavan əmim oğlu, əzizimiz Məhərrəmi (Məhəri)
gözləyirəm. Elə bilirəm ki, mən
yaşlaşsam da, Məhərrəm cavan qalıb.
Aman Allah, fikrimcə,
bütün əzab-əziyyət dözülən olsa da, həsrətli
intizar dözülməzdir.
Tacəddin VAHİDOV
Azərbaycan müəllimi.-2010.-7 may.-S.6.