Təhsil Nazirliyində görüş

 

Mayın 13-də təhsil naziri Misir Mərdanov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məmmədbaqir Bəhrami və Özəl İslam Universitetinin rektoru, doktor Abdullah Cassabinin rəhbərlik etdikləri nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları salamlayıb, Azərbaycanla İran arasında münasibətlərin daha da möhkəmlənməsində təhsil sahəsindəki əlaqələrin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Bakıda keçirilən İslam Dünyası Universitetləri Federasiyasının (İDUF) V baş konfransının uğurla başa çatdığını söyləyən nazir belə yüksək səviyyəli tədbirin təşkilində İSESKO-nun mühüm rolu olduğunu bildirib.

Azərbaycanla İran universitetlərinin əlaqələrinin potensial imkanlara uyğun gəlmədiyini qeyd edən təhsil naziri hər iki dövlət rəhbəri arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb. Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində belə görüşlərin mühüm əhəmiyyət daşıdığını bildirən Misir Mərdanov ali məktəblər arasındakı əlaqələrə diqqətin artırılmasının zəruriliyini önə çəkib.  

Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edən İranın Özəl İslam Universitetinin rektoru, doktor Abdullah Cassabi ölkələrimiz arasında ortaq mədəni əlaqələrin və səmərəli əməkdaşlığın mövcud olduğunu nəzərə çatdırıb. Qonaq ikitərəfli təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətlərindən söz açıb, rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib.

Aparılan müzakirələrin əhəmiyyətli olacağını bildirən nazir gələcəkdə ölkələrimizin təhsil sahəsində əlaqələrinin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

 

 

Azərbaycan müəllimi.- 2010.- 14 may.- S.2.