Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə
bir baxış
(Əvvəli qəzetimizin ötən
saylarında)
Hörmətli oxucular, bu məqalədə Təhsil
Nazirliyi və Avropa İttifaqı arasında əməkdaşlıq
əlaqələri, təhsil sahəsində həyata
keçirilən birgə layihə və proqramlar çərçivəsində
görülən işlər barədə fikirlərimi diqqətinizə
çatdırmağa çalışacağam.
Azərbaycanın Avropa
İttifaqı ilə təhsil sahəsində əməkdaşlığı
bu təşkilatın TASİS proqramı çərçivəsində
həyata keçirdiyi TEMPUS və Erazmus Mundus proqramları ilə
bağlıdır.
TEMPUS proqramı Avropa
İttifaqının ali təhsil sahəsində yeni müstəqil
dövlətlər (keçmiş sovet respublikaları), Qərbi
Balkan, Avropa İttifaqına üzv olmayan Şərqi Avropa və
Aralıq dənizi hövzəsi dövlətləri ilə həyata
keçirdiyi əməkdaşlıq proqramıdır.
Proqramın əhatə etdiyi ölkələrdə ali təhsil
sisteminin inkişafının ölkənin sosial və iqtisadi
tərəqqisi üçün əhəmiyyətli amil
olması nəzərə alınır.
TEMPUS proqramı
1990-cı ildə Almaniyada Berlin divarı aradan
götürüldükdən sonra yaranmışdır. Onun məqsədi
keçmiş sosialist düşərgəsinə daxil
olmuş Mərkəzi və Şərqi Avropa ölkələrində
universitetlərin modernləşdirilməsi və ali təhsil
sahəsində islahatlara yardım göstərməkdir. Proqram
universitetlərlə əməkdaşlıq vasitəsilə
tərəfdaş ölkələrdə, o cümlədən
Azərbaycanda ali təhsilin inkişafına dəstək
göstərməklə Avropaya inteqrasiyaya zəmin yaradır.
Fəaliyyət göstərdiyi
müddətdə kifayət qədər uğur və rəğbət
qazanan TEMPUS proqramı tədricən Mərkəzi və
Şərqi Avropaya yayılmış, 90-cı illərin
ortalarında keçmiş SSRİ-də baş verən
siyasi dəyişikliklərlə bağlı yeni müstəqil
dövlətləri və Monqolustanı da əhatə
etmişdir. 2000-ci ildə Xorvatiya, 2001-ci ildə Yuqoslaviya
Federativ Respublikası TEMPUS-a qoşulmuş, beləliklə,
proqram bütün Şərqi Balkanı əhatə
etmişdir. 2002-ci ildə TEMPUS Aralıq dənizi hövzəsi
ölkələrinə də şamil olunmuşdur. Bu
genişlənmə xalqlar və mədəniyyətlər
arasında qarşılıqlı anlaşmanın daha da
yaxşılaşdırılması və gənc nəsillər
arasında mübadilə və əlaqələrin genişləndirilməsinə
səbəb olmuşdur.
TEMPUS proqramı
Belçikanın paytaxtı Brüsseldə yerləşən
Avropa Komissiyasının Təhsil və Mədəniyyət
üzrə Baş Direktorluğu tərəfindən idarə
olunur. Texniki yardım Avropa Komissiyasına İtaliyanın
Turin şəhərində yerləşən Avropa Təhsil
Fondunun TEMPUS Departamenti tərəfindən göstərilir.
Tərəfdaş
ölkələrdə, o cümlədən Azərbaycanda fəaliyyət
göstərən ali təhsil müəssisəsi, yaxud fərdlər
tərəfindən təqdim olunan layihələrin icrası
Avropa İttifaqı ölkələrinin hər hansı bir
universiteti ilə yaradılan "konsorsium" çərçivəsində
həyata keçirilir. Başqa sözlə, layihə
Avropadakı tərəfdaş universitetlə birgə həyata
keçirilir. Eyni bir layihənin icrasında bir deyil, bir
neçə üzv ölkənin universitetləri iştirak
edə bilərlər. Eləcə də layihə tərəfdaş
ölkənin bir neçə universiteti tərəfindən təqdim
oluna bilər.
TEMPUS üçün
bütün tərəfdaş ölkələrin ali məktəbləri
tərəfindən təqdim olunan layihələrə Avropa
Komissiyasında müxtəlif ölkələrin ekspertlərindən
təşkil olunmuş seçim komandası tərəfindən
baxılır və qiymətləndirilir. Məhz hər hansı
bir layihənin məqbul hesab olunması, qəbul edilməsi və
layihənin icrası üçün müvafiq məbləğdə
maliyyə vəsaitinin ayrılması bu qurumun qərarından
asılıdır. Ayrı-ayrı vaxtlarda Azərbaycan ali məktəblərinin
müxtəlif əməkdaşları da bu qrupun tərkibində
ekspert kimi çalışmışlar. Azərbaycanı bu
qurumda təmsil edən Bakı Dövlət Universitetinin Xarici
dillər kafedrasının müdiri, dosent Möminət
Ömərova olmuş, sonrakı illərdə Azərbaycan
Dillər Universitetinin rektoru, professor Səməd Seyidov, həmin
ali məktəbin dosenti Fiala Abdullayeva və Azərbaycan Beynəlxalq
Universitetinin beynəlxalq əlaqələr üzrə
prorektoru Bəylər Hacıyev bu qurumda Azərbaycanı təmsil
etmişlər.
TEMPUS proqramı ali təhsil
sektorunun inkişafına aşağıdakı mexanizmlər
vasitəsilə yardım edir:
-yeni kursların/fənlərin
tədris olunmasına, yaxud mövcud olanların təkmilləşdirilməsinə
kömək edir. Məsələn, TEMPUS hüquq, yaxud tibb
ixtisasları tədris olunan universitetlərdə yeni tədris
planının hazırlanması və yeni kursların tədrisinə
başlanmasına kömək göstərir. Bu yolla müasir
tədris metodologiyalarının tətbiqinə şərait
yaradılır;
- ali təhsil müəssisələrində
tədrisin yenidən qurulmasına kömək etməklə,
universitetlərə mühəndislik fakültəsini yenidən
qurmaq, yaxud universitetin idarə olunması və akademik
planlaşdırma üçün müasir texniki vasitələr
təqdim edir. Ali məktəblərdə kredit sisteminin tətbiqində,
yaxud universitet - istehsalat əməkdaşlığı
strategiyasının hazırlanmasında yardım göstərir;
- ayrı-ayrı ali təhsil
müəssisələrini xüsusi ixtisaslar üzrə kadr
hazırlığında birgə işləməyə həvəsləndirir.
Məsələn, qaz və neft mühəndisliyi
texnologiyası şəbəkəsinin yaradılmasında
kömək edir;
- ali təhsil müəssisələrinə
sosial, iqtisadi və qeyri-akademik fəaliyyət sahələrində
yardım göstərməklə təlimlər təşkil
edir;
- TEMPUS layihələrinin
məqsədlərinə çatmaq üçün zəruri
olan maddi köməyi təmin edir. Məsələn, akademik
jurnallara abunə yazılışına, kompüter və tədris
materiallarının alınması da daxil olmaqla,
kitabxanaların yenidən qurulmasına kömək edir.
Göründüyü
kimi, TEMPUS layihələri ali təhsildə, demək olar ki,
bütün sahələri əhatə edir və bu proqramdan bəhrələnmək
üçün həlledici rol ali məktəblərin, yaxud
onların struktur bölmələrinin, bir çox hallarda isə
ayrı-ayrı professor və müəllimlərin təşəbbüskarlığından
çox asılıdır.
TEMPUS proqramı
üç istiqamətdə təqdim edilən layihələri
maliyyələşdirir:
1. Birgə Avropa layihələri
- 2-3 il müddətində müəyyən konkret məqsədə
çatmaq üçün universitetlər tərəfindən
təqdim olunmuş layihələrdir. Bu layihələrin
maksimum məbləği 300 mindən 500 min avroya qədərdir
(müddətindən asılı olaraq).
2. Struktur və əlavə
tədbirlər - milli islahatları və xüsusi ehtiyaclara
yönəlmiş fəaliyyəti dəstəkləmək
üçün həyata keçirilən qısamüddətli
layihələrdir. Bu layihələrin müddəti bir neçə
həftədən bir ilədəkdir, maksimum büdcə 150
min avroya qədərdir.
3. Fərdi səfər
qrantları - fərdlərin, yəni professorların,
mühazirəçilərin, təhsili idarəetmə
orqanları əməkdaşlarının səfərlərini
maliyyələşdirir. Bu qrantlar bir həftədən səkkiz
həftəyə qədər müddəti əhatə edir.
Azərbaycan TEMPUS
proqramına 1995-ci il
də qoşulmuşdur. 1998-ci ildən Bakıda proqramın nümayəndəliyi
fəaliyyətə başlamışdır. TEMPUS
proqramının Azərbaycanda fəaliyyətini şərti
olaraq 4 mərhələyə ayırmaq olar:
1. 1990-1994-cü illər -
TEMPUS I.
2. 1994-2000-ci illər - TEMPUS
II.
3. 2000-2006-cı illər -
TEMPUS III.
4. 2007-2013-cü illər -
TEMPUS IV.
Təhsil
Nazirliyi TEMPUS-un Azərbaycandakı milli ofisi ilə yaxından
əməkdaşlıq edir. Hər il payızda yeni TEMPUS layihələrinin
təqdim olunması ərəfəsində Təhsil Nazirliyi
proqramın Milli ofisində Avropa Komissiyasının Təhsil
və Mədəniyyət Departamentinin ekspertlərinin
iştirakı ilə "TEMPUS günü" adlı
xüsusi təqdimat keçirir. Həm Bakıda, həm də
regionlarda yerləşən ali məktəblərin
beynəlxalq əlaqələr üzrə qurumlarının rəhbərlərinin,
eləcə də bu sahə ilə maraqlanan professor və
müəllimlərin iştirak etdikləri bu tədbirlər
maarifləndirmə məqsədi daşıyır. Bu təqdimatlarda hər növbəti ildə Azərbaycan
üçün müəyyən olunmuş prioritetlər,
layihələrin hazırlanma qaydaları, seçim
prosedurları və sair məsələlər müzakirə
olunur.
TEMPUS
proqramının hər bir tərəfdaş ölkə
üçün müəyyən etdiyi prioritet istiqamətlər
bir-birindən fərqlənir. Azərbaycan üçün müəyyən
olunan prioritetlər proqramın hər dəfə yeni mərhələsi
başlandıqda ali məktəblərin təklifləri
əsasında Təhsil Nazirliyi tərəfindən Avropa
Komissiyasının TEMPUS Departamentinə təqdim olunur.
Avropa
İttifaqı 1995-2008-ci illər ərzində Azərbaycanda
18 TEMPUS layihəsi və 20-yə yaxın fərdi səfərlər
maliyyələşdirmişdi. Azərbaycanın ali
təhsil müəssisələri hər il TEMPUS proqramı
çərçivəsində 7-13 layihə təqdim edir.
TEMPUS III-nün sonunadək həyata keçirilən layihələrə
sərf olunan vəsaitin ümumi məbləği 6 milyon
avrodan artıq olmuşdur.
1995-ci ildən
Azərbaycanda icra olunan TEMPUS layihələrində Avropa
İttifaqına üzv ölkələrin universitetləri
iştirak etmişlər. Belə ki, Almaniya 5, İtaliya,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığı və Niderlandın hər biri 6, Fransa və
Yunanıstanın hər biri 11, Belçika 2, İspaniya,
Portuqaliya və Polşanın hər biri 1 layihənin
icrasında iştirak etmişlər.
Azərbaycanda TEMPUS layihələrinə
ümumilikdə 15 ali təhsil müəssisəsi
və Təhsil Nazirliyi cəlb olunmuşdur. Ötən
müddət ərzində Beynəlxalq əlaqələrin
inkişafı (Bakı Dövlət Universiteti),
Etimologiyanın tədris proqramlarının modernləşdirilməsi
(Bakı Dövlət Universiteti), universitet səviyyəsində
turizmi idarəetmə üzrə mərkəzin
yaradılması (Qərb Universiteti), Bazar iqtisadiyyatı şəraitində
şəhər memarlığı (Azərbaycan Memarlıq və
İnşaat Mühəndisləri Universiteti), Turizm və
mehmanxana biznesini idarəetmə mərkəzinin
yaradılması (Qərb Universiteti), Avropa - Xəzər dənizi
beynəlxalq əlaqələr üzrə tədrisin
inkişafı (Bakı Dövlət Universiteti), Akademik
proqramların keyfiyyətini yüksəltmək üzrə mərkəzin
yaradılması (Xəzər Universiteti), Ətraf mühit və
neft sənayesi (Azərbaycan Dövlət Neft Akademiyası),
İdarəetmənin modernləşdirilməsi (Azərbaycan
Dövlət İdarəçilik Akademiyası), Beynəlxalq
əlaqələr şöbəsinin yaradılması
(Naxçıvan Dövlət Universiteti), Ətraf mühit sahəsində
mütəxəssislərin hazırlanması (Təfəkkür
Universiteti), Elektrotexnika fakültəsində tədrisin modernləşdirilməsi
(Azərbaycan Texniki Universiteti), Bank sahəsində beynəlxalq
əlaqələr (Azərbaycan Dövlət İqtisad Universiteti),
İdarəetmənin modernləşdirilməsi (Bakı
Dövlət Universiteti), Tələbə xidmətlərinin
yaradılması (Xəzər Universiteti), Binanın
iqtisadiyyatı: inşaat və saxlanma (Azərbaycan Memarlıq
və İnşaat Universiteti), Azərbaycan universitetlərində
mühəndislik ixtisasları üzrə təhsilin təkmilləşdirilməsi
(Mingəçevir Politexnik İnstitutu, Sumqayıt Dövlət
Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan
Texniki Universiteti), Cənubi Qafqazda biotibbi və baytarlıq təhsili
üzrə milli mərkəzlərin qurulması (Bakı
Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti), Cənubi
Qafqaz regionunda ətraf mühitlə əlaqədar təlimin
təşkili (Azərbaycan Dövlət Aqrar Universiteti), Azərbaycanda
energetikanın idarə edilməsi üzrə magistr kursu (Azərbaycan
Texniki Universiteti), Ekologiyanın idarə edilməsi (Azərbaycan
Dövlət Aqrar Universiteti, Bakı Dövlət Universiteti),
Azərbaycan universitetlərində keyfiyyətin təmin
olunması sisteminin hazırlanması (Bakı Dövlət
Universiteti, Azərbaycan Dillər Universiteti, Xəzər
Universiteti), Azərbaycanda dövlət akkreditasiyası və
lisenziya qaydaları (Təhsil Nazirliyi, Azərbaycan Dillər
Universiteti) və digər sahələrdə layihələr
reallaşdırılmışdır.
2004-cü ildə Avropa
Komissiyasının Təhsil və Mədəniyyət üzrə
Baş Direktorluğu TEMPUS III mərhələsinin prioritetlərini
müəyyənləşdirmək üçün hər
bir tərəfdaş ölkənin nümayəndələrini
Brüsselə dəvət etmişdir. 25 mart 2004-cü il
tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin
nümayəndəsinin iştirakı ilə Azərbaycanla
bağlı danışıqlar aparılmışdır. Proqramın
2004-2006-cı illərdə (TEMPUS III) Azərbaycan
üçün prioritet istiqamətləri
aşağıdakılar olmuşdur:
1. Fənlərin tədris
planının qurulması.
- mühəndislik, neft
və qaz sənayesi;
- ətraf mühit elmləri;
- iqtisadiyyat;
- informasiya texnologiyaları,
telekommunikasiyalar;
-
avropaşünaslıq;
- hüquq (beynəlxalq
hüquq, mülki hüquq, ticarət hüququ).
2. Ali təhsil müəssisələrinin
idarə edilməsi.
- keyfiyyətə zəmanət
və özünüqiymətləndirmə sistemləri;
- xarici əlaqələr
şöbəsinin yaradılması.
3. İnstitusional
inkişaf mərhələsində təlim kursları.
- dövlət
qulluqçuları üçün dövlət idarəçiliyi.
4. Struktur və əlavə
tədbirlər.
- keyfiyyətə zəmanət
və qiymətləndirmə sistemlərinin yaradılması.
Təhlil göstərir
ki, hazırda Azərbaycanın ali təhsil sistemində həyata
keçirilən layihələr kifayət qədər aktual
sahələri əhatə edir. Hər bir layihənin konkret məqsədi,
icra mexanizmi və icraçıları mövcuddur. Bu layihələrin
hər biri haqqında geniş və ətraflı məlumat
verməyə ehtiyac olmasa da, həyata keçirilən layihələrin
aktuallığını diqqətə çatdırmaq
üçün yalnız bir layihə üzərində
dayanmaq istərdim.
Layihənin adı: Azərbaycan Respublikası Təhsil
Nazirliyində və ali təhsil müəssisələrində
akkreditasiya, lisenziya verilməsi və kredit sisteminin tətbiqi
sahəsində çalışan mütəxəssislər
üçün treninqlərin keçirilməsi.
Layihədə iştirak edən qurumlar:
1. Təhsil qanunvericiliyi
və siyasəti üzrə Mərkəz (Niderland).
2. Azərbaycan Respublikası
Təhsil Nazirliyi.
3. Azərbaycan Dillər
Universiteti.
4. Tilburq Universiteti (Niderland).
5. Belçika
Universitetlər Şurası (Belçika).
Layihənin məqsədi:
1. Avropanın qabaqcıl
ekspertləri tərəfindən keçiriləcək
xüsusi treninq vasitəsilə Azərbaycan mütəxəssislərinə
(15 nəfər) akkreditasiya, lisenziya verilməsi və kredit
sisteminin tətbiqi sahəsində Avropa standartları və
Avropa ölkələri təcrübəsi haqqında ətraflı
məlumatın verilməsi və bu prosesin Azərbaycanda həyata
keçirilməsi ilə bağlı tövsiyələrin
hazırlanması.
2. Azərbaycanda akkreditasiya və
lisenziya verilməsi prosedurunun Avropa standartlarına və tələblərinə
uyğunlaşdırılması.
3. 2007-ci ilin aprel ayında
Bakıda beynəlxalq konfransın keçirilməsi.
4. Təhsilin keyfiyyətinin
təmin edilməsi, ali təhsil sahəsində
kvalifikasiyaların qarşılıqlı tanınması,
akkreditasiya barədə Ümumavropa standartları üzrə
sənədlərin Azərbaycan dilinə tərcüməsi.
Layihənin müddəti: 8
ay.
Layihənin ümumi maliyyə
dəyəri: 120370 avro.
Layihə çərçivəsində
görülən tədbirlər:
1. 15 nəfər mütəxəssis
üçün Belçikada treninq kursu keçirilmişdir
(sentyabr, 2006-cı il).
2. Treninq materialları və
Avropa Şurasının müvafiq sənədləri Azərbaycan
dilinə tərcümə edilmişdir (sentyabr, 2006 - aprel,
2007-ci il).
3. Bakıda beynəlxalq
konfrans keçirilmişdir (35 azərbaycanlı və 15 xarici
ekspertin iştirakı ilə).
TEMPUS
proqramının təsdiq olunmuş III mərhələsi
2006-cı ilin sonunda başa çatmış, IV mərhələ
2007-ci ildə başlanmışdır. 2008-ci ildə
Azərbaycanda 3 layihə maliyyələşdirilmişdir.
Həmin ildə "Avropa İttifaqı - Azərbaycan Fəaliyyət
Planı" hazırlanmış, aşağıdakı istiqamətlərdə
tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur:
- Azərbaycanda təhsil
sisteminin təkmilləşdirilməsi;
- kifayət qədər
maliyyə vəsaiti ayrılmaqla, təhsil üçün
hüquqi bazanı hazırlamaqla, gender məsələlərinə
yer ayırmaqla, təhsil sektorunda şəffaflığı
təmin etməklə, peşə təhsili də daxil olmaqla
təhsil islahatlarını aparmaqla, davamlı təhsili təşviq
etməklə, 2003-2013- cü illər üzrə milli təhsil
islahatı strategiyasının həyata keçirilməsi
vasitəsilə sahə üzrə Minilliyin İnkişaf Məqsədlərinə
uyğun olaraq hamı üçün yüksək keyfiyyətli
təhsilalma imkanının təmin edilməsi;
- TEMPUS proqramının təklif
etdiyi vasitələrdən istifadə etməklə
akkreditasiya sisteminin və ali təhsil
müəssisələrində idarəetmənin təkmilləşdirilməsi,
keyfiyyətin təmin edilməsi;
- Boloniya prosesinin prinsiplərinə
uyğun olaraq ali təhsil sektorunda
islahatların aparılması, eləcə də siyasətin
hazırlanması və həyata keçirilməsi
üçün yerli imkanların yaradılması, TEMPUS
proqramı vasitəsilə ali təhsildə islahatların təşviq
edilməsi;
- vətəndaş
cəmiyyətindən tərəfdaşların və
maraqlı tərəflərin cəlb edilməsi vasitəsilə
ali və texniki peşə təhsilinin əmək bazarı və
iqtisadiyyatın tələblərinə
uyğunlaşdırılması;
- Erazmus Mundus, TEMPUS, eləcə
də yeni təqaüd proqramlarında iştirak vasitəsilə
tələbələrin mobilliyinin təşviq edilməsi;
- Yan Mone Fəaliyyəti
(proqramı) vasitəsilə Avropa elmləri və Avropa
hüququ üzrə kafedraların yaradılması və gənc
tədqiqatçılar üçün tədris
imkanlarının genişləndirilməsi;
- Avropa İttifaqı və
Azərbaycan hökuməti arasında təhsil siyasəti sahəsində
əməkdaşlığın davam etdirilməsi və
genişləndirilməsi;
- gənclər
üçün mübadilə və əməkdaşlığın
gücləndirilməsi, mədəniyyətlərarası
dialoqun təşviq edilməsi.
Hazırda əsas diqqət
Azərbaycanın regionlarında yerləşən ali təhsil müəssisələrinə, o
cümlədən mühəndislik (neft və qaz), ətraf
mühit, iqtisadiyyat, telekommunikasiya, informasiya texnologiyaları və
s. kimi sahələrə yönəldilir.
2009-cu ildə Azərbaycanın
ali təhsil müəssisələri tərəfindən
TEMPUS proqramı çərçivəsində təqdim
olunmuş aşağıdakı iki layihə maliyyələşdirilmişdir:
1. Cənubi
Qafqazda biotibbi elmlər sahəsində elektron və distant təhsilin,
qiymətləndirmənin inkişafı layihəsi. Bu layihə
Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti tərəfindən
həyata keçirilir.
2. Müəssisələrlə
əməkdaşlığın inkişafı məqsədilə
universitetlərarası şəbəkənin innovasiyası
layihəsi. Layihə Azərbaycan Dövlət
Neft Akademiyası və Sumqayıt Dövlət Universiteti tərəfindən
həyata keçirilir.
Göründüyü kimi,
Azərbaycanın bir sıra ali təhsil
müəssisələri Avropa Birliyinin TEMPUS proqramından bəhrələnə
bilmişlər. Lakin burada bir məsələni qeyd etmək
yerinə düşərdi ki, ali məktəb rəhbərlərinin
təşəbbüskarlığı və beynəlxalq əlaqələr
üzrə strukturların işgüzarlığı,
fakültə - kafedra səviyyəsində xarici dilləri,
xüsusilə Avropa dillərini bilən təşəbbüskar
əməkdaşların olması belə layihələrin cəlb
olunması, ali məktəblərin daha çox layihələrdə
iştirakını təmin etmək üçün
mühüm şərtdir. Təəssüflə qeyd etmək
lazımdır ki, bəzi ali məktəblərimizdə
TEMPUS layihələrində iştirakla bağlı inkişaf
və dinamika arzuolunmaz səviyyədədir. Bu gün ali məktəblərimizdə TEMPUS layihələrində
iştirakla bağlı səriştəli komandanın
formalaşdırılması, rəqabətqabiliyyətli layihələrin
hazırlanıb təqdim olunması və əldə olunan
qrantlar vasitəsilə müəssisənin inkişafı,
Avropa təhsil məkanına inteqrasiyası universitetlərin əsas
vəzifələrindən biri olmalıdır.
2007-ci ildən Avropa
İttifaqının Erazmus Mundus "Xarici əməkdaşlıq
təşəbbüsü" proqramı Azərbaycanda fəaliyyətə
başlamışdır. Bu proqramın məqsədi Avropa
İttifaqı və üçüncü ölkələr
arasında tələbələrin və akademik heyətin fərdi
səfərləri vasitəsilə ali təhsil sahəsində
əməkdaşlığı inkişaf etdirməkdir.
Mövcud biliklərin
sürətlə köhnəlməsi, bu səbəbdən
onun çevik yenilənməsi zərurəti təhsil
sektorunun iqtisadiyyatın və cəmiyyətin tələblərinə
cavab verə bilməsi üçün yüksək adaptasiya
qabiliyyətinə malik olmasını tələb edir. Qlobal
bilik dünyasına zəif inteqrasiya olunan ölkələr
özlərini əlverişsiz şəraitdə hiss edir və
əhali üçün müvafiq sosial - iqtisadi şəraiti
təmin edə bilmirlər. Qloballaşma kontekstində biliklərdə
olan fərqlər ölkələr arasında ahəngdar
münasibətlərin yaranmasına və insanlar arasında
qarşılıqlı anlaşmanın təmin olunmasına
mane olur ki, bu da siyasi sabitliyə mənfi təsir göstərir.
Məhz Avropa İttifaqının Erazmus Mundus "Xarici əməkdaşlıq
təşəbbüsü" proqramı bu prinsipə əsaslanır.
Belə şəraitdə Avropa İttifaqı
üçüncü ölkələrin ali təhsil müəssisələri
arasında beynəlxalq əməkdaşlığın,
xüsusilə universitetlərarası mübadilənin
stimullaşdırılmasına, ölkələrin
qarşılıqlı inkişafına və insanlar
arasında daha yaxşı anlaşmanın təmin
olunmasına potensial yardım baxımından əhəmiyyətli
proqram həyata keçirir və bu proqram
iştirakçı ölkələr tərəfindən
yüksək qiymətləndirilir.
Erazmus Mundus "Xarici əməkdaşlıq
təşəbbüsü" proqramının məqsədi
ali təhsil müəssisələri səviyyəsində
bilik və bacarıqların mübadiləsi vasitəsilə
Avropa İttifaqı və üçüncü ölkələr
arasında faydalı əməkdaşlığı təmin
etməkdir. Proqramın əsas məqsədləri
aşağıdakılardır:
- tələbələrin
və akademik heyətin fərdi səfərləri vasitəsilə
qabaqcıl biliklər və müsbət təcrübə
mübadiləsini stimullaşdırmaqla üçüncü
ölkələrin ali təhsil müəssisələrinin
beynəlxalq əməkdaşlıq potensialını gücləndirmək;
- tələbələri
və akademik heyəti göndərən və qəbul edən
ali təhsil müəssisələri arasında əməkdaşlığı
inkişaf etdirərək Avropa və üçüncü
ölkələrdə bu müəssisələrin tədris
mühitini təkmilləşdirmək;
- tələbələrin
başqa ölkələrdə aldıqları təhsil təcrübəsi
çərçivəsində onların dil, mədəniyyət
və təhsil baxımından faydalanmasını təmin
etmək, yüksəkixtisaslı, geniş
dünyagörüşlü və beynəlxalq təcrübəyə
malik peşəkarlar və liderlər bazası yaratmaqla cəmiyyətin
qarşılıqlı təkmilləşməsinə nail
olmaq;
- Boloniya prosesinə
uyğun olaraq yaradılan Vahid Ali Təhsil Məkanı
konsepsiyasının praktik icrasını dəstəkləyərək
bilik və ixtisasların
uyğunlaşdırılmasını və
tanınmasını sürətləndirmək;
- əhalinin zəif təbəqələrindən
(məsələn, qaçqın, məcburi
köçkün, əlil tələbələr və sair)
olan tələbələrin təhsil səviyyəsinin daha da
artırılmasına, peşəkar inkişafına
yardım edərək Avropa İttifaqının sosial və
demokratik dəyərlərinin yayılmasını dəstəkləmək;
- müəllim
mübadiləsi vasitəsilə ali təhsil müəssisələri
heyətinin bacarıq və səriştələrini
artırmaq;
- dövlət və
özəl ali təhsil müəssisələri arasında
keçirilən fərdi səfərlər prosesində
(xüsusilə doktorantura, postdoktorantura proqramlarında)
iştirakını təmin etməklə bu sektorların
potensialını gücləndirmək;
- Avropa İttifaqı və
üçüncü ölkələr arasında mədəni,
təhsil və iqtisadi əlaqələri gücləndirmək.
Erazmus Mundus "Xarici əməkdaşlıq
təşəbbüsü" birtərəfli inkişafa
yardım proqramı deyildir. Bu əməkdaşlıq
proqramında hər iki tərəf, yəni həm
Avropanın, həm də üçüncü ölkələrin
ali təhsil müəssisələri tələbə və
müəllim heyətinin mübadilə proqramının
hazırlanması və həyata keçirilməsi istiqamətində
bərabərlik prinsipləri əsasında fəaliyyət
göstərməlidirlər. Proqramda Avropa İttifaqına 27
üzv ölkə, İslandiya, Lixtenşteyn, Norveç, habelə
İttifaqa daxil olmaq üçün namizəd ölkələr
olan Xorvatiya və Türkiyə vardır.
III ölkələr isə
Azərbaycan da daxil olmaqla MDB-yə üzv ölkələri,
habelə Yaxın Şərq və Aralıq dənizi hövzəsi
ölkələrindən ibarət 24 ölkəni əhatə
edir. Bu ölkələr də, öz növbəsində, 9
coğrafi bölgədə təmsil olunmuşlar. Azərbaycan
Gürcüstan və Ermənistanla birlikdə qeyd olunan doqquz
bölgədən birini təşkil edir.
Avropa İttifaqı bu
proqram çərçivəsində Avropa ali təhsil
müəssisələri ilə üçüncü ölkələrin
ali təhsil müəssisələri arasında mübadilə
proqramlarının maliyyələşdirilməsini təmin
edir.
Maliyyələşdirilən
mübadilə proqramları aşağıdakılardır:
- Təhsil alanlar
üçün - bakalavrlar, magistrlər, doktorantlar və
doktoranturadan sonra elmi işlə məşğul olmaq istəyən
şəxslər üçün mübadilə proqramları;
- Professor-müəllim
heyəti üçün - tədris, praktik məşğələlər
və tədqiqat işləri ilə məşğul olmaq istəyənlər
üçün mübadilə proqramları.
Avropa
İttifaqının Avropa və üçüncü ölkələrin
ali təhsil müəssisələrindən ibarət
qarışıq konsorsiumların layihələrinin maliyyələşdirilməsini
dəstəkləmək məqsədilə
ayırdığı qrantlar ali təhsil müəssisələrinin
tələbələri və professor-müəllim heyətinin
mübadiləsinə, fərdi səfərlərin həyata
keçirilməsinə çəkilən xərclərin
kompensasiyası üçün nəzərdə tutulur. Təmin
olunan maksimum qrant məbləği 6 milyon avro təşkil
edir.
"Konsorsium"
anlayışına aydınlıq gətirək. Bu tender təkliflərinin
əhatə etdiyi bir və ya bir neçə coğrafi
bölgə daxilində mübadilə proqramını həyata
keçirmək niyyətində olan ali təhsil müəssisələri
(Avropa və üçüncü ölkələr) və
Avropanın ali təhsil müəssisələrinin təşkil
etdiyi qrupdur. Maliyyələşdirmə tələblərinə
cavab verə bilmək üçün konsorsium ən azı
üç Avropa İttifaqı ölkəsini təmsil edən
minimum beş Avropa ali təhsil müəssisəsi, coğrafi
bölgəyə daxil olan, mübadilə təklifi ilə
çıxış edən üçüncü ölkələrin
hər birindən ən azı bir ali təhsil müəssisəsindən
ibarət olmalıdır. Belə ki, Azərbaycanın hər
hansı bir ali məktəbi, yaxud ali məktəbləri
Erazmus Mundus proqramında iştirak etmək istəyirsə,
onda Avropa İttifaqının üç ölkəsini təmsil
edən beş universitetin, eləcə də bölgəyə
daxil olan Gürcüstan və Ermənistanın hər birindən
ən azı bir universitetin təmsil olunduğu konsorsium
yaratmalıdırlar. Yalnız bu konsorsium qrant almaq
üçün layihə təqdim edə bilər. Lakin burada
bir məsələni də nəzərə almaq
lazımdır ki, hər ölkəyə mübadilə
proqramları üçün müəyyən kvota
ayrılır. Üçüncü ölkədən
neçə ali məktəbin konsorsiumda iştirak etməsindən
asılı olmayaraq, həmin ölkədən mübadilə
proqramlarında iştirak edənlərin sayı bu kvotanı
aşa bilməz.
İlkin məlumatlara
görə, Erazmus Mundus "Xarici əməkdaşlıq təşəbbüsü"
çərçivəsində 2007-2008-ci dərs ili
üçün Azərbaycanda müxtəlif pillələr
üzrə təhsil almaq və tədqiqat aparmaq məqsədilə
30 mübadilə proqramının maliyyələşdirilməsi
üçün yerlər ayrılmışdır.
Azərbaycan
Respublikası Prezidentinin 1 iyun 2005-ci il tarixli, 834 nömrəli
Sərəncamı ilə "Azərbaycan
Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət
Komissiyası" yaradılmışdır. Azərbaycan
Respublikasının təhsil naziri həmin komissiyanın
üzvüdür. Bu komissiya Azərbaycan Respublikasının
Avropa İttifaqının "Avropa qonşuluq siyasəti"nə
daxil olması və Azərbaycan üzrə fəaliyyət
planının işlənib hazırlanılmasına dair
Avropa İttifaqının müsbət qərarının qəbul
edilməsi istiqamətində səmərəli fəaliyyət
göstərmiş, nəticədə Avropaya inteqrasiyanın
keyfiyyətcə yeni mərhələyə qədəm
qoymasına, Avropa İttifaqı ilə əlaqələrin
inkişafına zəmin yaranmışdır.
1999-cu ildə Avropa
İttifaqı ilə Tərəfdaşlıq və Əməkdaşlıq
Sazişinin imzalanmasından sonra həyata keçirilən
ardıcıl tədbirlərin nəticəsi olaraq, 2006-cı
ilin noyabrında "Avropa qonşuluq siyasəti" üzrə
Azərbaycanın tədbirlər planı Avropa İttifaqı
tərəfindən təsdiq olunmuşdur. Tədbirlər
planı Azərbaycanla Avropa İttifaqı arasında
bütün sahələrdə, o cümlədən elm və
təhsil sahəsində əməkdaşlıq
üçün geniş imkanlar açmışdır.
Azərbaycanın Avropa
İttifaqı ilə təhsil əlaqələrinin başqa
bir istiqaməti Boloniya prosesi ilə bağlıdır. Həm
Avropa Şurası, həm də Avropa İttifaqının
müvafiq qurumları Boloniya prosesinin uğurla həyata
keçirilməsi və Vahid Avropa Ali Təhsil Məkanının
yaradılması üçün çox ciddi səy göstərirlər.
Məhz Azərbaycanın 2005-ci ilin mayında Boloniya prosesinə
qoşulması və Azərbaycanda ali təhsilin məzmununda
Boloniya prinsiplərinə uyğun islahatların
başlanması gələcəkdə Avropa İttifaqı ilə
əməkdaşlığın daha məhsuldar və səmərəli
olmasına zəmin yaradır.
Avropa İttifaqı ilə
təhsil sahəsində əməkdaşlığın
inkişaf etdirilməsi və bu qurumun imkanlarından
lazımınca bəhrələnmək məqsədi ilə
Təhsil Nazirliyi tərəfindən "Avropa İttifaqı
ilə Azərbaycan Respublikasının hökuməti
arasında təhsil, elm və tədqiqat sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu"nun layihəsi aidiyyəti
dövlət qurumlarının rəy və təklifləri nəzərə
alınmaqla hazırlanmış, imzalanmasına səlahiyyət
verilməsi üçün müvafiq prosedurların
aparılması ilə bağlı Nazirlər Kabinetinə və
qarşı tərəflə
razılaşdırılması üçün Xarici
İşlər Nazirliyinə təqdim edilmişdir.
Memorandumun əsas məqsədi
Tərəflər arasında təhsil, elm və tədqiqat
sahələrində ümumi maraq kəsb edən sahələr
üzrə birgə fəaliyyətin dəstəklənməsi
və inkişaf etdirilməsi, vəzifəsi isə Avropa
İttifaqı və Azərbaycan Respublikasının
xalqları arasında dili və mədəniyyətlər
üzrə qarşılıqlı anlaşmanı inkişaf
etdirmək, insan resurslarının inkişaf səviyyəsini
yüksəltmək, Avropa İttifaqının üzv dövlətləri
ilə Azərbaycan Respublikası arasında təhsil, elm və
tədqiqat sahələrində əməkdaşlıq fəaliyyətlərini
stimullaşdırmaq, tələbə mobilliyinin keyfiyyətini
yüksəltmək, təhsil, elm və tədqiqat sahələrində
baş verən yeniliklər üzrə təcrübə
mübadiləsini təmin etmək, Avropa İttifaqı və
Azərbaycan Respublikasında fəaliyyət göstərən
ali təhsil, elm və tədqiqat institutları, peşə
assosiasiyaları, dövlət orqanları, biznes və digər
assosiasiyalar arasında müvafiq qaydada tərəfdaşlığı
inkişaf etdirməkdir.
(Ardı var)
Misir MƏRDANOV
Azərbaycan müəllimi.- 2010.- 14 may.- S.3.