Rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldılar

 

Mayın 7-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" qalereyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə "Heydər Əliyev müstəqil Azərbaycan" mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan respublika rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Mərasimi təhsil nazirinin müavini Elmar Qasımov açaraq qonaqları sərgi iştirakçılarını salamladı. Nazir müavini bildirdi ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə "Heydər Əliyev müstəqil Azərbaycan" mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan rəsm müsabiqəsi 3 mərhələdə (məktəb, rayon (şəhər), respublika) keçirilib. Müsabiqədə respublikanın ümumtəhsil məktəblərindən on minlərlə şagird iştirak edib. Rayon mərhələsində I yer tutan işlər respublika mərhələsinə göndərilmişdir. Respublika mərhələsinə təqdim edilmiş 300-ə yaxın rəsm işindən 18-i qalib hesab olunub. E.Qasımov gənc rəssamların öz yaradıcılıq işlərində ulu öndərə sonsuz məhəbbətini dolğun təsvir etməyə çalışdıqlarını dedi. Nazir müavini çıxışının sonunda müsabiqənin keçirilməsində əməyi olanlara minnətdarlığını bildirib, qalibləri təbrik etdi.

Çıxış üçün söz alan millət vəkili Fəttah Heydərov dahi şəxsiyyət, əbədiyaşar lider Heydər Əliyevin həyat fəaliyyətinin ayrı-ayrı məqamlarından, Azərbaycan xalqının ulu öndərə tükənməz sevgisindən danışdı.

Təhsil naziri Misir Mərdanov ölkəmizin hər yerində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünün təntənə ilə qeyd edildiyini bildirdi. Nazir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən söz açdı. Keçirilən rəsm müsabiqəsinin əhəmiyyətinə toxunan təhsil naziri qaliblərə yeni-yeni uğurlar arzuladı.

Sonra qaliblərə Təhsil Nazirliyinin diplomları hədiyyələr təqdim olundu. Mükafatlandırılma mərasimindən sonra təhsil naziri Misir Mərdanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev və digər rəsmi şəxslər, millət vəkilləri uşaqların yaradıcılıq işləri ilə tanış oldular.

 

 

Samirə HÜSEYNQIZI

 

Azərbaycan müəllimi.- 2010.- 14 may.-S.2.