Braziliyada təhsil

 

Təhsil Nazirliyinin bir qrup əməkdaşı 2010-cu il aprelin 9-dan 18-dək təhsil sahəsində yeni strategiya və təcrübələri öyrənmək məqsədilə Braziliya Federativ Respublikasında tədris səfərində olmuşdur. Onlar Braziliyanın Rio-de-Janeyro, San-Paolo və Braziliya şəhərlərindəki federal və ştat səviyyəsində təhsil nazirliyində, təhsil departamentlərində, məktəblərdə olmuş, görüşlər və müzakirələr keçirmişlər.

 

İlk tanışlıq

 

Braziliya portuqal dilində "braza" sözündən olub mənası  "isti", "közərmiş kömürlər" deməkdir. Bu sözü eşidərkən istər-istəməz kofe, futbol və karnavalı xatırlamalı olursan. Özünəməxsus əsrarəngiz gözəllikləri, geniş çəmənlikləri, böyük  meşələri, quşqonmaz zirvələrə malik dağları olan bir bölgəni yada salırsan. Bu, Braziliya Federativ Respublikasıdır.

Braziliya Latın Amerikasında ən böyük ölkədir. Onun 8514215 km2 ərazisi, 189961704 nəfər əhalisi vardır. Bu ölkə şimaldan Qayana, Venesuela, Surinam, Fransız Qvianası, şimal-qərbdən Kolumbiya, qərbdən Peru və Boliviya, şimal-qərbdən Uruqvay və Argentina ilə həmsərhəddir.  Onun şərq sahillərini isə Atlantik okeanının suları yuyur.

Braziliya ərazisinə və əhalisinin sayına görə dünyada 5-ci ölkə sayılır. Zəngin təbii ehtiyatları, yararlı iqlimi, məhsuldar torpaqları və sərfəli coğrafi şəraiti onun dünya iqtisadiyyatının liderlərindən birinə çevrilməsinə imkan yaratmışdır. Burada ekvatorial iqlim hökm sürür. Dünyanın ən bol sulu çayı - Amazonka  Braziliyadadır. Dünyanın böyük çaylarından olan San-Fransisko, Parana da Braziliyadadır. Burada , qara və qarışıq irqdən olan insanlar yaşayırlar. Onların əksəriyyəti (80%) katolikdir.

Bu ölkənin tarixi 1494-cü ildən - onun kəşf olunduğu vaxtdan başlayır. 1500-cü ilin aprelində  portuqaliyalı gəmiçi Pedro Alvares Kabral Hindistana getmək üçün səfərə çıxır, lakin o, Cənubi Amerikaya gəlir və ölkənin  Portuqaliya kralı adına zəbt olunduğunu elan edir. Sonralar böyük bir tarixi yol keçən Braziliyada 1930-1945-ci illər arasında avtoritar bir rejim, 1964-1985-ci illər arasında hərbi diktatura hökm sürür. 1988-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunur və 90-cı illərdə ona dəyişikliklər edilir. Bu dövrdə əhalisinin beşdə birinin savadsızlığı, iqtisadi çətinliklərin dərinləşməsi ölkənin iqtisadi, siyasi həyatında əsaslı dəyişikliklərin aparılmasını ciddi vəzifə kimi qarşıya qoyur.

 

Ölkənin təhsil siyasəti

 

Latın Amerikasının əksər ölkələri ilə müqayisədə Braziliyada müasir təhsil ənənələri nisbətən gec formalaşmağa başladı. Hələ ötən əsrin 70-ci illərində Braziliyanın əhalisinin 15 yaşından yuxarı 20%-i savadsız idi. Buna baxmayaraq, ölkədə yaranan canlanma, insanların öyrənməyə marağının artması dəyişikliklərlə nəticələnirdi. Xüsusən təhsil sistemində irəliləyişlər inkişafa səbəb oldu. Dövlət və xüsusi tədris müəssisələrini ehtiva edən Braziliya təhsil sistemi yaranmağa başladı. Bu sistemdə məktəbəqədər təhsil, ibtidai, əsas, universitet təhsili, eləcə də universitetə hazırlıq əhatə olunurdu. Məktəbəqədər və ibtidai təhsil bələdiyyələr, orta təhsil bələdiyyə və ştatlar, universitetlər isə federal hökumət tərəfindən maliyyələşdirilir. Ölkənin təhsil sahəsində siyasəti Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir və aparılır. Bu işin sistemli və ardıcıl olaraq həyata keçirilməsində müxtəlif strukturlar: federal hökumət, ştatlar və bələdiyyələr məsuliyyət daşıyırlar. Təhsilin müxtəlif mərhələsində maliyyələşdirilmənin aparılmasında, məktəblərin maddi-texniki bazalarının möhkəmləndirilməsində, ehtiyacların ödənilməsində hər kəsin vəzifələri konkretləşir.

Braziliyanın tarixi inkişafında, o cümlədən yeni təhsil sisteminin formalaşmasında gecikmələr olsa da, müasir dünyanın inkişaf tempinə uyğun olaraq orada da təhsilə proqressiv mövqedən yanaşılır və onun inkişafına böyük təkan verilirdi. Bu inkişaf 2006-cı ildən etibarən islahatlarla müşayiət olunmağa başladı.

Braziliyada aparılan təhsil islahatının özəlliyi onun sürətli olmasında, son on ildə ölkənin bütün ərazisini əhatə edə bilən mükəmməl təhsil şəbəkəsinin yaradılmasındadır. Bu şəbəkə Braziliyanın ən kiçik yaşayış məntəqəsinə qədərki bütün ərazilərini əhatə edir.

Səfərdə olduğumuz müddətdə bir fikri tez-tez eşidirdik: Ölkədə hamı təhsillə əhatə olunmuşdur, təhsildən kənarda qalan yoxdur.

Braziliya Təhsilinin İnkişaf Planında göstərildiyi kimi, milli təhsil siyasətinin məqsədləri 1988-ci ildən etibarən Federal Konstitusiyanın da fundamental məqsədi olaraq aşağıdakı vəzifələri ehtiva edir:

· həmrəy, azad və ədalətli cəmiyyət qurmaq;

· milli inkişafa zəmanət vermək;

· yoxsulluğu və cəmiyyətdən təcrid olmanı ləğv etmək;

· hər kəsin rifahına nail olmaq üçün sosial və regional bərabərsizlikləri azaltmaq;

· irqindən, rəngindən, mənşəyindən, cinsindən asılı olmayaraq, ayrı-seçkilik qoyulmadan hər kəsin hərtərəfli inkişafını təmin etmək.

Bu vəzifələrin yerinə yetirilməsi azad və ədalətli cəmiyyətin qurulmasını, yoxsulluğun ləğv olunmasını və s. təmin edir. Nəticədə sosial və regional bərabərsizliklər aradan qalxır. Beləliklə, cəmiyyətin ehtiyac və tələbatlarına uyğun təhsil sisteminin qurulması üçün normal şərait yaranır.

Bu gün Braziliyanın təhsil məkanında formalaşmış bir sistem fəaliyyət göstərir. İnsanların oxuma, öyrənmə marağını nəzərə alan, onları davamlı fəaliyyətə hazırlayan bu sistemin konkret və aydın bir məqsədi vardır: keyfiyyətli təhsilin qurulması.

Braziliyada keyfiyyətli təhsil insanların inkişafı, həyata hazırlanması səviyyəsi ilə ölçülür. Onların mədəniyyətləri əxz etmələri mühüm tələb kimi diqqət mərkəzində dayanır. Təhsil müəssisələrinin fəaliyyəti bu vəzifələrin yerinə yetirilməsi baxımından dəyərləndirilir.

Ölkənin təhsil siyasətində keyfiyyətli təhsilin həyata keçirilməsi üçün fəaliyyətin aşağıdakı mühüm prioritet istiqamətlərdə qurulması əhəmiyyətli hesab edilir:

· təhsil sahəsində fəaliyyət göstərən şəxslərin vəzifə və öhdəliklərinin müəyyənləşdirilməsi;

· müxtəlif səviyyələrdə təhsilin idarəolunmasının həyata keçirilməsi;

· hesabatvermə: monitorinq və dəyərləndirmənin həyata keçirilməsi;

· kadr məsələlərinin həll olunması.

Federal səviyyədə təhsili inkişaf etdirmək üçün göstərilən istiqamətlərdə ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

Braziliyada təhsil sahəsində fəaliyyətlərin konkret istiqamətləndirilməsi üçün məsuliyyətin bölüşdürülməsinə zəruri prinsip kimi xüsusi diqqət yetirilir. Həmin prinsipə istinad olunmaqla təhsil sahəsində məsuliyyəti olan federal hökumətlə ştatların funksiyaları konkretləşdirilir. Bu zaman ştatlar (26 ştat və bir federal dairə (FD), Braziliya şəhəri, bələdiyyələr və məktəblər) hökumətə aid edilir.

Federal hökumətin fəaliyyət dairəsində kurikulumların hazırlanması, maliyyələşdirmə qaydalarının müəyyənləşdirilməsi, yeni təhsil modellərinin və strategiyalarının işlənməsi, bərabər imkanların yaradılmasına dair strategiyaların tərtib edilməsi, monitorinq və qiymətləndirmə üzrə sistemin formalaşdırılması məsələləri əhatə olunur. Ölkə üzrə universitetlər onun idarəçiliyində fəaliyyət göstərir.

Ştat səviyyəsində əsas və orta təhsil idarə olunur. Onun maliyyələşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi məsələləri məhz bu mərhələdə həll edilir.

Bələdiyyələr vasitəsilə məktəbəqədər və ibtidai təhsil müəssisələri idarə edilir. Ümumiyyətlə, Braziliyada dövlət təhsili təlimin bütün səviyyələrində pulsuzdur.

Braziliyanın təhsil sistemi məktəbəqədər təhsili, ibtidai (I-IV), əsas (V-VIII) və orta (IX-XI) məktəbləri, universitet təhsilini, eləcə də universitetdən sonrakı hazırlığı əhatə edən həm dövlət, həm də xüsusi tədris müəssisələrini özündə birləşdirir.

1988-ci ildə qəbul olunmuş Braziliya Konstitusiyasına görə, dövlət vergilərindən gələn gəlirin 18%-i, ştatların və bələdiyyənin vergi gəlirlərinin isə 25%-i təhsil sahəsinin ehtiyaclarına sərf olunur.

Təhsil Nazirliyi ali təhsilin bütün sisteminə nəzarət edir. Əsas qanunverici orqan Təhsil üzrə Federal Şuradır. Federal hökumət ən azı hər ştatda bir federal universitet saxlayır.

Ötən əsrin 80-ci illərinin ortalarında Braziliya Latın Amerikasında məzunların və alimlərin aspirantura və doktoranturada təhsil almalarına vəsait ayıran ilk ölkələrdən biri olmuş, bu hüquqdan həm dövlət, həm də xüsusi ali məktəblərin yetirmələri istifadə etmişlər. Bu ənənə indi də davam etməkdədir.

Braziliya Konstitusiyasının 2 və 3-cü paraqraflarında müəyyənləşdirildiyi kimi, ibtidai məktəblərin əksəriyyəti ya bələdiyyələr, ya da ştatlar tərəfindən maliyyələşdirilir. 

 

Ümumi təhsil

 

Dünyanın bütün ölkələrində olduğu kimi, Braziliyada da ümumi təhsil cəmiyyətin savadlanmasında, ümumi inkişafında həlledici rol oynayır.  Ona görə də Braziliya hökuməti bu mərhələnin formalaşması və inkişafına xüsusi qayğı ilə yanaşır. Ümumtəhsil səviyyəsi 0-17 yaşları (0-3; 4-6; 7-17 yaşları) əhatə edir. Göründüyü kimi, burada həm məktəbəqədər, həm də məktəb təhsili səviyyələri əhatə olunub. Məktəb səviyyəsi özü də ibtidai, əsas və orta olmaqla səviyyələrə ayrılır. Əsas təhsil yalnız 7-14 yaş səviyyələrini, yəni I-VIII siniflərdə təhsil alan şagirdləri əhatə edir. Ölkədə bu yaşdan olan şagirdlərin sayı 46364183-dür. Bu yaş səviyyəsində oxuyanlar üçün təhsil pulsuzdur. Bələdiyyələr və şəhərlər əsas təhsilin normal fəaliyyət göstərməsi üçün məsuliyyət daşıyırlar. Orta təhsilin həyata keçirilməsi işi ştatlar tərəfindən reallaşdırılır.

Ümumiyyətlə, Braziliyada tədris hər ilin fevralında başlayır və noyabrında başa çatır. Adətən, ənənəvi karnaval başa çatdıqdan sonra dərs ili başlayır. Şagirdlərə iyulda bir aylıq tətil verilir.

Braziliyanın dövlət dili portuqal dilidir. Ümumiyyətlə, ölkənin məktəblərində təlim dili portuqal dilidir. Əvvəllər xarici dil kimi yalnız ingilis dili tədris olunurdu. Son vaxtlar ingilis dili ilə yanaşı, ispan dili də xarici dil kimi tədris olunmağa başlamışdır.

Xarici dillərin öyrənilməyə başlanması ölkədə vahid qaydada deyildir. Belə ki, xarici dil bəzi məktəblərdə 6-cı sinifdən, bəzilərində  isə  1-ci  sinifdən  tədris  olunmağa  başlayır.  Kompüter bacarıqları şagird məktəbə ayaq  basdığı  vaxtdan  öyrədilir.

Braziliyanın əksər ümumtəhsil məktəbləri üçün xarakterik olan bir cəhət vardır. Belə ki, həmin məktəblər altı gün işləsə də, tədris beş gündə həyata keçirilir. Altıncı gün məktəbə yalnız valideynlər gəlirlər. Onlar övladlarının, ümumiyyətlə, məktəbin problemləri ilə bağlı müzakirələr keçirir, konkret istiqamətlər üzrə iş aparırlar.

Ümumiyyətlə, müəllimlər bir gündə 4, bir həftədə 22 saata qədər dərs aparırlar. Hələ də ali təhsili olmayan müəllimlər vardır. Rio-de-Janeyro şəhərində ali təhsili olan müəllimlər 96% təşkil edir.

Ənənəvi olaraq ümumtəhsil məktəblərinin bütün müəllimləri üçün hər tədris ilinin əvvəlində həftəlik kurslar təşkil olunur. Müəllimlər bu kurslardan keçməklə növbəti tədris ilində fəaliyyət göstərmək üçün hüquq qazanırlar. Eyni zamanda da keyfiyyətli fəaliyyət göstərmək üçün istiqamətlər alır, tövsiyələrlə yaxından tanış olurlar.

Kommunal xərcləri, dərslik və məktəbli forması üçün bələdiyyələr tərəfindən məktəbə pul vəsaiti verilir. Uşaqlar günün müxtəlif vaxtlarında yeməklə təmin olunurlar. Müəllimlər bələdiyyələr tərəfindən təyin edilirlər.

Braziliyada keyfiyyətli təhsil ölkənin müstəqillik atributu kimi qəbul olunmuşdur. Son vaxtlar belə qərara gəlinmişdir ki, Braziliyada keyfiyyətli təhsilə nail olunarsa, o zaman ölkə özünün bütün sahələrdə potensialını gücləndirər, müstəqilliyini artırar. Ona görə də ölkə miqyasında uzun müddət üçün - 2022-ci ilə qədər perspektiv məqsədlər müəyyənləşdirilmiş, həmin məqsədlər fəaliyyət hədəfləri kimi qəbul olunmuşdur. Onlar aşağıdakılardan ibarətdir.

1. Hər 4 yaşdan 17 yaşa qədər uşaq və gəncin məktəbdə qeydiyyatının olması.

2. Hər 8 yaşlı şagirdin oxumağı və yazmağı bilməsi.

3. Hər bir şagirdin siniflər üzrə tələb olunan təlim nəticələrinin əsas obyekti olması.

4. Bütün 19 yaşda olan gənclərin orta təhsilə malik olması.

5. Əsas təhsil üçün investisiyanın artırılması və onun yaxşı idarə olunması.

Braziliyada ümumi təhsilin perspektiv inkişafını xarakterizə edən bu məqsədlər müəyyənləşdirilməklə onun gələcək istiqamətlərini konkretləşdirmək mümkün olmuşdur. Nəzərdə tutulmuş məqsədlərin xarakterinə uyğun aşağıdakı strategiyalar hazırlanmışdır:

· Keyfiyyətli təhsilin tələbləri.

· Keyfiyyətli təhsilin təchizatı.

· Təhsilin nəticələrin gözü ilə müşahidə olunması.

Beləliklə, Braziliyanın ümumi təhsilinin gələcək inkişafı üçün konturlar cızılmışdır. Eyni zamanda konkret məqsəd və strategiyalar müəyyən olunmuşdur.

Hazırda  həmin məqsəd və  strategiyaların  reallaşdırılması istiqamətində işlər aparılır.

 

Texniki peşə təhsili

 

Dünyada texnologiyalardan istifadə genişlənir, peşəkarlığın  cəmiyyət üçün faydalılığı getdikcə artır. Bütün bunlar sosial ehtiyaclar  kimi  təhsilin qarşısında yeni-yeni vəzifələr qoyur. Məktəbin fəaliyyət istiqamətini bilavasitə cəmiyyət və insan probleminin həllinə yönəltmək bu prosesdə şəxsiyyətin formalaşdırılmasını, onun qabiliyyətli bir insan kimi yetişdirilməsini  qabarıqlaşdırır. Ona görə də bu gün dünyanın ən inkişaf etmiş ölkələrində müasir texnikanın dilini bilən, peşəkarlığı ilə seçilən insanların yetişdirilməsinə daha üstün yer ayrılır.

Braziliyada da bu problemin həlli  gündəmdə  dayanır. Bu ölkədə yaşayan insanların texniki peşə təhsilinin müasir tələblər səviyyəsində qurulması ölkənin təhsil quruculuğunda prioritet istiqamətlərdən biri hesab edilir. Federal səviyyədə peşə təhsilinin şəbəkəsinin genişləndirilməsi strateji fəaliyyət xətlərindən biri kimi  diqqət mərkəzində saxlanılır. Ölkənin peşə təhsili sahəsində həyata keçirdiyi siyasət onun  iqtisadi inkişaf planına uyğun olaraq aparılır.    

Braziliyada peşə təhsili sahəsində siyasətin davam etdirilməsində bir neçə vacib şərt əsas götürülür.

Birinci, Braziliya təhsili üçün xarakterik olan əks-mərkəzləşdirmə  peşə məktəblərinin    fəaliyyətinin əsasını təşkil edir. Ona görə də məktəblərin  yaradılması  fəaliyyət göstərməsində bu cəhətin nəzərə alınması  xüsusi tələb kimi icra olunur.

İkinci, Braziliyada  peşə məktəblərinin  yerləşdirilməsində  sistemsizliklər mövcuddur. Məktəblərin ərazi üzrə düzgün paylanmaması müşahidə edilir. Bəzi ştatların mərkəzində peşə məktəbləri və onların filialları fəaliyyət göstərir. Belə bir  vəziyyət  peşə məktəblərinin iş ahənginə, məhsuldarlığına mənfi təsir göstərir. Ona görə   ölkənin daxilində bu məktəblərin proporsional qaydada yerləşdirilməsi onun inkişaf etdirilməsinin mühüm cəhətlərindən biri kimi diqqət mərkəzində saxlanılır.

Nəhayət, peşə məktəblərinin əhalinin daha çox olduğu ərazilərdə yerləşdirilməsi də onun inkişaf etdirilməsinin mühüm amili kimi nəzərə alınır.

Bütün bunlarla yanaşı, əvvəlki yanaşmalardan fərqli olaraq, Braziliya təhsilinin inkişafının  müasir mərhələsində peşə məktəblərinə ayrıca götürülmüş təhsil  müəssisəsi kimi deyil, ümumi təhsil məktəbləri ilə  qarşılıqlı əlaqə saxlayan bir təhsil müəssisəsi kimi yanaşılır. Ona görə də son dövrlərdə bu əlaqələr peşə məktəblərinin fəaliyyətində aydın görünür.

Braziliyada peşə təhsilinin üç səviyyəsi vardır: əsas təhsil pilləsində peşə təhsili; orta təhsilin yuxarı pilləsində - peşə məktəblərində peşələrin öyrədilməsi; ali peşə təhsili. Bu ölkənin peşəkarlara, xüsusən texniki peşə sahəsində mütəxəssislərə daha çox ehtiyacı vardır. Ona görə də texniki peşə məktəbləri ayrıca fəaliyyət göstərir. Belə məktəblərin sayı 270-dir. Hazırda peşə almaq istəyənlərin sayı günbəgün artır. Ona görə də texniki peşə məktəbləri bu tələbatı ödəyə bilmir.

Ölkədə 18 yaşdan 35 yaşa qədər vətəndaşların peşə öyrənmək hüququ vardır. Lakin yaşı çox olanların da (50 yaşa qədər) peşə öyrənməyə maraq göstərdiyi müşahidə edilir. Hazırda ali məktəbə qəbul olunanların 10%-i peşə məktəblərindəki kursların müdavimləridir.

Ölkə üzrə uşaqların 30%-i peşələrə cəlb olunur. Hökumət bu rəqəmi 50%-ə çatdırmaq üçün tədbirlər həyata keçirir.

Texniki peşə məktəbləri müəyyən sənaye və kənd təsərrüfatı müəssisələrinin nəzdində də fəaliyyət göstərir. Ona görə də bu tip məktəblər ölkənin hər tərəfində geniş yayılmışdır. Lakin Braziliyada olan texniki peşə məktəblərinin üçdən biri San-Paolo şəhərində yerləşir.

Bu gün Braziliyada peşə məktəbləri federal hökumətə tabe olan bir müəssisə kimi fəaliyyət göstərir. Artıq ənənəsi yaranmış bu müəssisələrin yüzdən artıq yaşı vardır. Ölkədə aparılan təhsil islahatının tələblərinə uyğun olaraq onların funksiyaları dəyişmiş, cəmiyyətin ehtiyac və tələbatlarına uyğun fəaliyyət göstərən digər təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə işləyən bir müəssisəyə çevrilmişdir.

Ölkədə peşələrə olan ehtiyac federal hökumət səviyyəsində fəaliyyət göstərən peşə məktəblərinin şəbəkəsinin daha da genişləndirilməsini bir tələb kimi qarşıya qoymuş, təkcə federal səviyyədə deyil, eyni zamanda ştatlarda da belə məktəblərin yaradılmasını zəruri etmişdir.

Braziliyanın peşə təhsili üçün önəmli olan bir xüsusiyyəti də bu məktəblərə elementar savadı olmayan şəxslərin qəbul edilməsi ilə bağlıdır. Belə ki, heç bir təhsil görməmiş, savadsız bir şəxs peşə öyrənmək məqsədilə məktəbə müraciət edə bilir. Məktəb onun arzusuna əsasən qəbul olunması barədə qərar verir. Beləliklə, vətəndaşa peşələri öyrənmək üçün şərait yaradılmaqla yanaşı, savad təlimi üzrə bacarıqlar da aşılanır. Bu, əslində, humanist prinsiplərə əsasən atılan addım kimi qiymətləndirilə bilər. Çünki belə bir yanaşma zamanı ölkədə yaşayan hər bir vətəndaşın arzu və istəyini nəzərə almaq mümkün olur. İnsanlara münasibətdə dininə, milliyyətinə, irqinə görə ayrı-seçkiliyə yol verilmir. Onların inkişaf etməsinə şərait yaradılır. Hətta həbsxanada olanların cəmiyyətə adaptasiya olunması istiqamətində iş aparılır. 

 

 

(Ardı var)

 

İsgəndər İSGƏNDƏROV,

Azərbaycan Respublikası təhsil nazirinin müavini,

 

Ənvər ABBASOV,

Təhsil Problemləri İnstitutunun direktor müavini

 

Azərbaycan müəllimi.-  2010.- 14 may.- S.4.