Azərbaycanda milli qiymətləndirmə
təcrübəsi
Şagird nailiyyətlərinin yoxlanması üçün milli qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsi təhsil siyasətində önəmli yer tutur. Milli qiymətləndirmə təhsili öyrənmək üçün aparılan tədqiqatdır və bu tədqiqatın məqsədi ayrı-ayrı şagirdlərin imtahan nəticələrini öyrənmək deyil, ümumilikdə təhsilə qiymət verməkdir. Milli qiymətləndirmədə təhsillə bağlı bütün amillər tədqiqata cəlb edilir, şagird ana dili və riyaziyyat fənləri üzrə verilən suallarla yanaşı, onun təhsilə münasibətini, yaşadığı mühitin təhsilə təsirini öyrənən sorğulara da cavab verir. Geniş və ətraflı təhlil aparmaq məqsədilə tərtib olunan sorğu kitabçaları həmin şagirdlərin valideynləri, fənn müəllimləri və təhsil aldıqları məktəb direktorları üçün də hazırlanır. Nəticədə təhsilə təsir edən bütün amillər ən xırda təfərrüatına qədər təhlil edilmək imkanı qazanır.
Bu təcrübədən ilk dəfə Amerika federal hökuməti 1969-cu ildə ölkədə şagirdlərin
nailiyyətlərinin təhsil standartlarına uyğunluğunu öyrənmək üçün istifadə etmiş və
sonrakı illərdə fənn üzrə təlim standartlarının hazırlanmasında, təkmilləşdirilməsində milli qiymətləndirmənin
göstəriciləri nəzərə alınmışdır. Bu təcrübənin səmərəliliyi
onun daha geniş
yayılmasına və digər ölkələrdə də
müvəffəqiyyətlə tətbiq olunmasına gətirib
çıxardı. Hazırda dünyanın əksər
ölkələrində milli qiymətləndirmə tədqiqatları
həyata keçirilir.
Məlumdur ki, təhsil
standartlarının
hazırlanmasında təhsilalanların fənlərin məzmununa dair bilik və bacarıqlarını
nə dərəcədə reallaşdıra bilməsini müəyyənləşdirmək çox mühüm əhəmiyyətə
malikdir. Təhsil standartlarına qoyulan tələb təhsilalanların potensial imkanlarını
aşmamalıdır, eyni zamanda bu imkanlardan da
aşağı
olmamalıdır. Bu baxımdan, təhsilə qoyulan tələblə şagirdlərin
potensial imkanlarının uyğunluğunu yoxlamaq
üçün ən optimal yol
milli qiymətləndirmənin aparılmasıdır.
Təhsilin bir səviyyəsindən digərinə keçid zamanı, yəni 4 və 9-cu siniflərdə aparılan milli qiymətləndirmədə
ölkədə təhsil alan bütün şagirdlərin iştirakı mütləq deyil. Çünki bu
qiymətləndirmədə şagirdlərin seçimi kəmiyyətə görə deyil, digər parametrlərə əsasən
aparılır. Seçilən məktəblər yerləşdiyi
əraziyə, tipinə, statusuna görə müəyyənləşdirilir.
Milli qiymətləndirməyə cəlb edilən məktəblər həm ölkə paytaxtını,
paytaxtın mərkəzini və
şəhər ətrafını, bütün bölgələri
və ucqar dağ kəndlərini təmsil etməklə tipinə görə ibtidai, əsas
və orta məktəblərini, lisey, gimnaziya və internatları əhatə edir.
İndiyə qədər Azərbaycanda aparılan milli qiymətləndirmə
seçmə üsuluna əsaslanıb.
Eyni zamanda dünyada
seçim etmədən
ölkənin bütün
məktəblərini əhatə
edən milli qiymətləndirmə aparmaq təcrübəsi də var. Ölkənin
bütün məktəblərinin 9-cu siniflərində ana
dili və riyaziyyat fənləri üzrə mərkəzləşdirilmiş
qaydada yoxlama və buraxılış imtahanlarının
keçirilməsi belə bir təcrübənin Azərbaycanda yalnız 4-cü
siniflərdə reallaşdırılmasını tələb
edir. Qeyd edək ki, 2013-cü
ildə ibtidai təhsil səviyyəsinin sonunda (4-cü sinifdə)
bütün ölkədə milli qiymətləndirmənin
aparılması nəzərdə tutulur.
Həmin ildə fənn kurikulumlarının tətbiq olunduğu siniflərin ibtidai təhsil səviyyəsini başa vurması milli qiymətləndirmənin aparılmasının əhəmiyyətini daha da artırır.
Təhsil Sektorunun İnkişafı üzrə II layihə çərçivəsində milli qiymətləndirmə 2009-cu il 12-28 may tarixlərində respublikanın seçilmiş 216 məktəbində həyata keçirildi. Məktəblərin və şagirdlərin seçimi üçün istifadə olunan məlumatlar Təhsil Nazirliyinin məlumat bazasından götürülərək xüsusi kompüter proqramına yerləşdirildi. Həmin məlumatlar aşağıda göstərilən prinsiplər əsasında yığıldı:
·
İqtisadi regionlar;
· İqtisadi regionlara daxil olan rayonlar;
·
Hər rayondakı orta, əsas və ibtidai məktəblərin
sayı;
·
Məktəbdəki 4-cü
və 9-cu siniflərin sayı;
·
Məktəblərin Azərbaycan
bölməsinin 4 və 9-cu siniflərində təhsil
alan şagirdlərin sayı;
·
4-cü və 9-cu siniflərdə dərs deyən ana
dili və riyaziyyat müəllimlərinin sayı.
Tədqiqatda 4-cü və 9-cu siniflər üzrə
11 822 nəfər iştirak etdi.
Seçim edilərkən müəyyən meyarlar əsas götürüldü. Bu prosesdə şagirdlər ilkin olaraq oğlan-qız, şəhər və kənd kriteriyaları üzrə bölündülər.
4-cü siniflərdə şəhər və kənd məktəblərində oğlan və qızların nisbəti:
Oğlan
Qız Cəmi
Şəhər 1225 1125 2350
Kənd 1876 1815 3691
Cəmi 3101
2940 6041
9-cu siniflərdə
şəhər və kənd məktəblərində oğlan və qızların nisbəti:
Oğlan Qız Cəmi
Şəhər 1161 1136 2297
Kənd 1801 1683 3484
Cəmi 2962
2819 5781
Tədqiqat üçün
məqsədli olaraq bəzi meyarlar da müəyyən edildi. Məsələn,
Dünya Bankı tərəfindən
Təhsilin İnkişafı üzrə İkinci Layihə
çərçivəsində respublikanın bir sıra
ümumtəhsil məktəblərinin
kitabxanalarının zənginləşdirilməsi
nəzərdə tutulur. Bu siyahıda olan məktəblərin
içərisindən də müəyyən sayda məktəblər
hədəf qrupu kimi tədqiqata cəlb edildi və həmin məktəblərin
şagirdləri ilə də tədqiqat aparıldı. Məqsəd
həmin məktəblərdə mövcud vəziyyəti bilmək
və növbəti milli qiymətləndirmələr
zamanı kitabxanaların təkmilləşdirilməsinin
şagirdlərin nailiyyətlərinə necə təsir etdiyini öyrənməkdir.
Milli qiymətləndirmə tədqiqatlarının uğurla həyata
keçirilməsi üçün ən vacib şərtlərdən
biri həqiqiliyin və
etibarlılığın tələblərini ödəyən
qiymətləndirmə vasitələrinin
hazırlanmasıdır. Qiymətləndirmənin həqiqiliyi onun məqsədinin
birbaşa hədəfə yönəlməsi, yəni
ölçmək istədiyimizi
ölçməyimizdir.
Etibarlılıq isə qiymətləndirmə vasitələrinin tam bu məqsədə
yönəldiyini müəyyən
edir. Məsələn, biz
şagirdin riyazi bilik və
bacarığını ölçmək istədiyimiz
halda,
tapşırığın şərtini şagirdin
başa düşə bilməyəcəyi tərzdə
yazsaq, məqsədə nail ola bilmərik.
Bu şərtləri əsas
tutaraq tədqiqat keçirmək üçün
qiymətləndirmə vasitələri hazırlandı və
bir neçə məktəbdə ilkin sınaqdan keçirildi. Bu
sınağı keçirməkdə
məqsəd testlərin ağırlıq səviyyəsini
düzgün müəyyənləşdirmək idi. İlkin sınağın nəticələri
göstərdi ki, qiymətləndirmə vasitələri tədqiqatın
əsas tələblərinə cavab verir.
4-cü siniflər üzrə
isə 6041 nəfər şagirdin
64,9%-i ana dilindən, 75%-i riyaziyyatdan sualların 20%-indən çoxuna
düzgün cavab verib.
9-cu siniflər üzrə 5781 nəfər şagirdin 54%-i -
ana dilindən, 46,6%-i riyaziyyatdan sualların 20%-indən çoxuna
düzgün cavab verib.
4-cü və 9-cu siniflərin
şagirdləri, həmin siniflərdə dərs deyən ana
dili və riyaziyyat müəllimləri, məktəb
direktorları və valideynlər üçün
hazırlanmış anket sorğularının təhlili milli
qiymətləndirmənin ən maraqlı mərhələsidir.
Şagird üçün
sorğu anketində onun ailə
şəraiti, məktəbdənkənar fəaliyyəti, təhsilə,
ana dili və riyaziyyat fənlərinə, müəllimlərə,
dərslərə, dostlarına, məktəbin şəraitinə
münasibəti, məktəbin onun üçün əhəmiyyəti haqqında suallar verilmişdir.
Müəllimlər
üçün sorğuya onların
yaşı, pedaqoji stajı,
təhsili və iş təcrübəsi,
istifadə etdiyi təlim və qiymətləndirmə
metodları barədə suallar daxil edilmişdir.
Məktəb direktoru ilə
sorğunun aparılmasında məqsəd tədris şəraitinin,
məktəbin daxili qaydalarının şagirdlərin nailiyyətlərinə təsirini öyrənməkdir.
Valideynlərlə sorğu
keçirməkdə məqsəd şagirdlərin valideynlərinin
müəyyən hissəsinin
cavablarını
övladlarının nəticələri ilə
qarşılaşdıraraq təhlil aparmaq və ailə
mühitinin şagirdin nailiyyətinə təsirini öyrənməkdir.
Testlərdə iştirak edən 11822 nəfər
şagird, 216 məktəb direktoru, həmin məktəblərdə
işləyən 600 nəfərdən çox ibtidai
sinif, ana dili və riyaziyyat
müəllimi, 2000 nəfərdən çox valideyn sorğu anketinə cavab
vermişdir.
Şagird sorğusunun nəticələrinə
görə, şəhər və kənd məktəblərinin
hər iki sinif üzrə şagirdlərinin nailiyyət səviyyəsi
arasında fərqlər var və
yüksək nəticə şəhər məktəblərinə
məxsusdur. Şəhər məktəblərində
şagirdlərin yüksək nəticələri məktəblərin
texniki təchizatının daha
yaxşı səviyyədə olması, yüksək səviyyəli
müəllim kadrlarının şəhər məktəblərində
toplanması ilə izah oluna bilər.
Valideynləri tərəfindən qayğı ilə əhatə
olunan və təhsili üçün normal şərait
yaradılan şagirdlərin nəticələri müxtəlifdir.
Belə şagirdlərin 76%-i hər iki fənnə ciddi
yanaşdığını və gələcək həyatlarında
bu fənlərin əhəmiyyətini başa
düşdüklərini göstərirlər. IX sinif
şagirdlərinin 60%-i ev təsərrüfatının idarə
olunmasında valideynlərinə kömək etdiklərini
göstərib ki, bunlar da əsasən kənd məktəbliləridir.
Bu şagirdlərin əksəriyyəti vaxt
azlığından dərslərə diqqət yetirə bilmədiklərini bildirib. Buna baxmayaraq, həmin
şagirdlərin 30%-i suallara yaxşı cavab verib. Şagirdlərin
riyaziyyatı sevməsi onların nəticələrinə
müsbət təsir göstərir. Riyaziyyatı çox sevən
şagirdlərin 50,4%-i, riyaziyyatı heç sevməyən şagirdlərin isə 39,1%-i
yaxşı nəticə göstərib. Şagirdlərin ana
dili fənninə münasibəti onların nəticələrində
hiss olunmur. Belə ki, şagirdlərin 71,7 %-i ana dilini sevmədiyini göstərsə
də, onların 65 %-i sualların 20%-nə düzgün cavab
verib. Dərs oxumaq
üçün sakit guşəsi,
kompüteri, kalkulyatoru və
digər ləvazimatları olan
4-cü sinif şagirdlərinin nəticələri digərlərinə nisbətən
yüksək olub. Suallara yaxşı cavab verən 9-cu sinif
şagirdlərinin 72,8%-nin dərs
oxumaq üçün sakit guşəsi, kompüteri,
kalkulyatoru və digər vəsaitləri var.
Müəllimlərin sorğusundan aydın olmuşdur ki, ibtidai siniflərdə dərs deyən müəllimlərin çoxu gənc və orta yaşlı mütəxəssislərdir. 4-cü sinif müəllimlərinin
62%-i, 9-cu sinif müəllimlərinin
56% -i 20-50 yaş
arasındadır. Müvafiq olaraq yaşı 70-dən
çox olan müəllimlər 9% və 10% təşkil edir.
Hər iki sinifdə orta yaşlı müəllimlərin
şagirdlərinin nailiyyətləri digərlərindən
yüksəkdir. 9-cu sinif müəllimlərinin 70%-i şagirdlərinin dərslərdə
onların köməyi olmadan, sərbəst işlədiyini
bildirir. Müəllimlər əsasən şagirdlərin fərdi
şəkildə işləməsinə üstünlük
verir. Qeyd edək ki, kiçik qruplarla tez-tez iş aparan müəllimlərin
şagirdləri sorğulara daha
aydın və əhatəli cavab verib. Bu, şagirdlərin məsələyə
yaradıcı yanaşmasından irəli gəlir.
Məktəb
direktorlarının cavablarından belə qənaətə gəlmək
olar ki, tədrisin vəziyyətinin
yaxşılaşmasına mane
olan əsas amil bacarıqlı müəllimlərin
çatışmazlığı və texniki təlim vasitələrinin tələblərə
uyğun olmamasıdır. Məktəb
direktorlarının 97%-i dərsləri
mütəmadi olaraq müşahidə etdiyini göstərir və
müəllimlərin öz üzərində
çalışması üçün onlara tövsiyələr
verdiyini göstərir. Lakin təəssüf ki, bu deyilənlərin
şagirdlərin nəticələrinə təsiri hiss
olunmur.
Eyni zamanda valideynlərin təhsil səviyyəsinin də şagirdlərin nəticələrinə təsiri olmadığı görünür. Belə ki, 4-cü sinif
şagirdlərinin valideynlərinin təxminən 40%-i orta,
29%-i orta-ixtisas və təxminən 28%-i ali təhsillidir. 9-cu sinif şagirdlərinin
valideynlərinin təxminən 37%-i orta, 29%-i orta-ixtisas və
təxminən 32%-i ali təhsillidir. Lakin bu göstəricilər
şagirdlərin nəticələrinə əhəmiyyətli
təsir etməmişdir.
2009-cu ildə seçmə
yolu ilə aparılan Milli qiymətləndirmənin nəticələri aşağıdakı məsələləri
aktuallaşdırır.
1.Bu nəticələrdən
ümumi orta və tam orta təhsil səviyyəsi
üçün fənn kurikulumlarının
hazırlanması prosesində istifadə edilməli, biliyin
bacarığa çevrilməsini təmin etmək məqsədilə dərsliklərdə verilən oxu
və anlama bacarıqlarını inkişaf etdirən mətnlərin
və bu yönümlü qiymətləndirmə vasitələrinin
sayı
artırılmalıdır.
2.Ana dili fənni üzrə
dərsliklərdə oxu bacarıqlarının
inkişafına kömək edən, riyaziyyat fənni üzrə
dərsliklərdə məntiqi
təfəkkür tələb edən tapşırıqlara geniş yer
verilməlidir.
3.Həndəsə fənninin
tədrisi vəziyyəti
yaxşılaşdırılmalıdır.
4.Təcrübəli müəllimlərin
şagirdlərinin testlərdə
daha yaxşı nəticələr göstərdiyini nəzərə
alaraq, 5 ilə qədər
pedaqoji iş stajına malik olan müəllimlərin ixtisasartırma kurslarına cəlb
edilməsinə xüsusi diqqət yetirilməlidir.
5.Yeni qiymətləndirmə
qaydaları ilə işləmək bacarıqlarını
inkişaf etdirmək üçün fənn müəllimləri
təlim kurslarına cəlb edilməlidir.
6.Ailədə
uşaqların təhsilinə
mane olan amilləri aradan qaldırmaq məqsədilə məktəb-valideyn
əlaqələri gücləndirilməli və RTŞ-lar tərəfindən bu məsələdə kənd məktəblərinə
xüsusi diqqət yetirilməli, məktəb
direktorlarının müəllimlərə
metodiki kömək göstərmək sahəsində və
şagirdlərin fəallığının
artırılmasına yönəlmiş fəaliyyəti
gücləndirilməlidir.
Təranə HACIYEVA
Azərbaycan müəllimi.- 2010.- 14 may.- S.5.