"Azəri inciləri" Türkiyədən qayıdıb

 

Bakının Nizami rayonundakı  Uşaq-Gənclər  Yaradıcılıq  Mərkəzinin "Azəri inciləri" rəqs kollektivi, hər il olduğu kimi, bu il də  Türkiyədə keçirilən 23 Nisan Beynəlxalq Uşaq Festivalında   iştirak edib. Bu günlərdə  rəqs qrupu  Türkiyənin Fəthiyə şəhərindən qayıdıb. Minlərlə tamaşaçının toplaşdığı  şəhər stadionunda  "Qızıl günəş"  adı altında  keçirilən rəqs yarışmasında  20 ölkənin  uşaq  rəqs  kollektivi iştirak edib.   Kipr, Bolqarıstan, Rumıniya, Yunanıstan, İndoneziya,  Rusiya, Gürcüstan, Litva    başqa  ölkələrdən gələn rəqs qrupları  milli  geyimlərdə  rəngarəng  proqramla   ən gözəl rəqslərini nümayiş etdiriblər.

"Azəri inciləri"nin 3 rəqsi -" Nəlbəki", "Naz eləmə", "Qaytağı"nı  özündə birləşdirən kompozisiya ilə çıxışı  tamaşaçıların alqışları  ilə qarşılanıb. 20 kollektivin içərisindən  bizim rəqqaslar  ilk  üçlüyə  daxil olaraq, yüksək pillələrdən birini  - III yeri qazanıb,  ödül və medallara sahib olublar.

Rəqs qrupumuz  Fəthiyə şəhərində keçirilən böyük qala konsertində də iştirak edib. Konsertin əvvəlində  mərkəzin dram dərnəyinin  üzvü  Elnur Əliyev  xalq şairi Bəxtiyar Vahabzadənin  "Azərbaycan-Türkiyə" şeirini söyləyib. Tamaşaçılar Elnurun çıxışını sürəkli alqışlarla  qarşılayıblar. Sonra  rəqs qrupu  konserti öz şux rəqsləri ilə açıb. Çıxışdan sonra şəhərin  bələdiyyə başqanı səhnəyə qalxaraq  kollektivin üzvlərinə ödül və medallar təqdim edib. Beləliklə, "Azəri inciləri" Vətənə bu il də  qələbə ilə qayıdıb.

 

 

Sifai  SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2010.- 14 may.- S.6.