Liseydə şagird elmi-praktik konfransı
Bakıdakı 147 nömrəli
texniki-humanitar liseydə
aprelin 29-da "Ekologiya
ili" çərçivəsində
şagird elmi-praktik konfransı keçirildi. Liseyin binasının birinci
mərtəbəsindəki foyedə Azərbaycanın
iqtisadi rayonlarına və bölgələrinə
aid şagirdlərin əl
işlərindən ibarət
maraqlı sərgi açılmışdı. Hər iqtisadi rayona və bölgəyə aid guşədə
həmin yer üçün xarakterik olan məhsullar, habelə bölgəni səciyyələndirən fəaliyyət
sahəsinə dair eksponatlar nümayiş olunurdu.
Foyenin bir tərəfində
isə ev quşları və heyvanlarından ibarət
canlı guşə var idi. Konfransa dəvət almış
qonaqlar - tanınmış alimlər, liseyin fəxri direktoru,
AMEA-nın müxbir üzvü, millət vəkili, professor
Nizami Cəfərov, akademik Urxan Ələkbərov, BDU-nun
kafedra müdiri, professor Qara Namazov, professorlar Cəlil
Nağıyev, Ülfət Bədəlbəyli, Məlikbaxış
Babayev, Xətai RİH-in şöbə müdiri Pənah
İmanov, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi müdirinin müavini Məhəmməd Bayramov,
"Azərbaycan məktəbi" jurnalının baş
redaktoru Nəcəf Nəcəfov
və başqaları sərgi ilə maraqla tanış
oldular.
Konfransın plenar
iclasını liseyin direktoru Həlimə Mehdiyeva açaraq
qonaqları salamladı, dəvətlərini qəbul edib gəldikləri
üçün onlara təşəkkür etdi.
H.Mehdiyeva son illər
liseylərində təhsilin keyfiyyətinin yüksəldilməsi
istiqamətində görülmüş işlər, liseyləri
ilə alimlər arasında yaranan sıx əməkdaşlıq
əlaqələri, bu əlaqələrin nəticəsi
olaraq müxtəlif elm sahələrini təmsil edən
mütəxəssis və alimlərin liseydəki tədris
prosesində, keçirilən tədbirlərdə
iştirakı, şagirdlərdə elmi-tədqiqatçılıq
bacarıq və vərdişlərinin inkişafı, məzunlarının
uğurları haqqında məlumat verdi. Liseyin
istedadlı şagirdləri
konfrans iştirakçılarını
mahnı və şeirlərlə salamladılar.
Plenar iclasda söz alan professor Nizami Cəfərov, Xətai RİH-in şöbə
müdiri Pənah İmanov, Bakı Şəhəri üzrə
Təhsil İdarəsi
müdirinin müavini
Məhəmməd Bayramov
ekoloji mövzuda sərginin onlarda xoş təəssürat
yaratdığını, təhsil
ocağında şagird
yaradıcılığına, axtarışlarına böyük
fikir verildiyini, son illər liseyin təhsil uğurlarının
xeyli artdığını
bildirdilər. Konfransın əhəmiyyətini
xüsusi qeyd edən qonaqlar belə tədbirlərin şagirdlərin intellektini
inkişaf etdirdiyini, müəllimlərin bu işdə aparıcı rol oynadığını
diqqətə çatdırdılar.
Sonra konfrans öz işini bölmələrdə
davam etdirdi. Hər birinə liseyin müəllimlərinin rəhbərlik
etdiyi, alim və mütəxəssislərin
ekspert qismində cəlb olunduqları "Ədəbiyyat", "Riyaziyyat
və informatika",
"Tarix və coğrafiya", "Fizika",
"Kimya, biologiya",
"İngilis dili"
bölmələrində 18 şagirdin məruzəsi dinlənilərək müzakirə
olundu. Müzakirələrdə çıxış edən alimlər şagirdlərin təqdim
etdikləri məruzələri
yüksək dəyərləndirib,
onların əhatəli
işləndiyini, məktəblilərin
işlədikləri mövzular
haqqında geniş məlumata malik olduqlarını qeyd etdilər.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 14 may.- S.7.