Şərəfli həyat yolu
Hər bir
şəxs özünün
keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş
anlarını, günlərini
xəyalından keçirəndə
istər-istəməz kimlərlə
ünsiyyət saxladığı,
kimlərlə yoldaşlıq
və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki,
onların həyatı,
fəaliyyəti elinə,
xalqına, vətəninə
xidmətə həsr
olunur. Müdriklər
demişkən, "xalq
üçün, vətən
üçün yaşanan
ömür əsl insan ömrüdür".
Belə insanların ömrü çətin,
mənalı və şərəfli olur, başı həmişə
el içində uca olur. Onlar öz
xoşbəxtliyini, səadətini,
varlığını vətənə,
xalqa ləyaqətlə
xidmətdə görür.
Belə insanlar öz xalqının, millətinin mənəvi
siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət
və qürurla deyə bilərik ki, belə insanlardan biri də
istedadlı alim, ustad-pedaqoq, sözün həqiqi mənasında,
gözəl insan, iqtisad elmləri namizədi, dosent Şakir
Şahpur oğlu Bədəlovdur. Mən
Şakir müəllimi
tələbəlik illərindən
tanıyıram.
Şakir Bədəlov
1940-cı il mayın 15-də Azərbaycanın
İsmayıllı rayonunun Zarat kəndində kolxozçu ailəsində
anadan olmuşdur. O, hələ körpə ikən ata
qayğısından məhrum olmuş, atası Böyük Vətən
müharibəsində iştirak etmiş, 1945-ci ilin mart
ayında ağır yaralanaraq həlak olmuşdur. Kolxozçu
işləyən anası üç bacı və bir
oğuldan ibarət ailəni çox çətinliklə
saxlamışdır. 1957-58-ci dərs ilində orta məktəbi
müvəffəqiyyətlə bitirən Şakir Bədəlov
1959-cu ilin axırına qədər kolxozda işləyir, ailəyə
köməklik göstərir. 1960-cı ilin yanvarında
Bakıya gələrək Qaradağ Mexanikləşdirilmiş
Daş Karxanasında fəhlə kimi işə düzəlir.
İşləyə-işləyə ali məktəbə qəbul
imtahanlarına hazırlaşır və sənədlərini
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universiteti) iqtisad fakültəsinə təqdim edir və qəbul
imtahanlarını yüksək qiymətlərlə verərək
maliyyə və kredit ixtisasına qəbul olunur.
Universitetdə əla
qiymətlərlə oxuyan Şakir Bədəlov elmi tədqiqata
həvəs göstərir və II kursdan başlayaraq tələbə
elmi cəmiyyətinə üzv olur. Hələ 1963-cü ildə III kursda oxuyarkən
"Yeni cəmiyyət quruculuğunun iqtisadi qanunauyğunluqları"
mövzusunda TEC-də etdiyi elmi məruzə görkəmli
alim, iqtisad fakültəsinin dekanı, Siyasi iqtisad
kafedrasının müdiri, professor Həsən Dadaşovun və
professor Bəhmən Axundovun diqqətini cəlb edir və
onların tövsiyəsi ilə həmin məruzə
universitetin Tələbə Elmi Əsərləri məcmuəsində
nəşr olunur (Bakı, ADU mətbəəsi 1963. səh.
3-18).
Şakir Bədəlov
1965-ci ildə Azərbaycan Dövlət Universitetini maliyyə
və kredit ixtisası üzrə fərqlənmə diplomu ilə
bitirmişdir. Universitetin Elmi Şurası onu aspiranturaya qəbul
olunmağa tövsiyə edir.
Şakir Bədəlov
professor Həsən Dadaşovun rəhbərliyi altında
"Marksın kredit haqqında təlimi" mövzusunda
diplom işi yazmışdır. Diplom işinə verdiyi rəyin
sonunda professor H.Dadaşov qeyd edir ki, "əgər dövlət
imtahan komissiyası diplom işini müdafiə etdikdən və
dövlət imtahanlarını verdikdən sonra Ş.Bədəlovun
gələcək ixtisaslaşma üçün yararlı və
qabiliyyətli olduğunu müəyyən edərsə, onda
arzu edərdim ki, komissiya onun aspiranturaya qəbul olunması
üçün tövsiyə edilməsi məsələsini
müzakirə etsin". Belə də olur. Fakültənin təqdimatına
əsasən universitetin Elmi Şurası Şakir Bədəlovun
aspiranturaya qəbul olunmasını tövsiyə edir.
Şakir Bədəlov təyinatla
1965-ci ilin avqustundan 1966-cı ilin sentyabrına qədər
Abşeron rayon maliyyə şöbəsində baş
büdcə inspektoru vəzifəsində çalışır. 1966-cı
ilin sentyabr ayında D.Bünyadzadə adına Azərbaycan
Xalq Təsərrüfatı İnstitutunun Maliyyə və
kredit kafedrasına müəllim vəzifəsinə dəvət
edilmişdir. Bununla da o, öz taleyini İqtisad Universiteti ilə
bağlamışdır.
Şakir Bədəlov 1968-ci ilin noyabrında zabit kimi həqiqi
hərbi xidmətə çağrılır və 1969-cu
ilin noyabrına qədər hərbi hissədə maliyyə təminatı
xidmətinin rəisi vəzifəsində
çalışır. Ordudan tərxis edildikdən sonra yenidən Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunda elmi-pedaqoji fəaliyyətini davam etdirir, 1970-ci
ildə Maliyyə və kredit kafedrasının baş müəllimi
seçilir.
Səmərəli
elmi-pedaqoji fəaliyyətinə və institutun ictimai işlərində
fəal iştirakına görə 1974-cü ildə
"Sosializm yarışının qalibi" döş
nişanı ilə təltif edilmişdir.
1975-ci ilin dekabrında
Moskva Maliyyə İnstitutunda (indiki Maliyyə Akademiyası) maliyyə,
pul tədavülü və kredit ixtisası üzrə namizədlik
dissertasiyası işini müvəffəqiyyətlə müdafiə edərək iqtisad
elmləri namizədi alimlik dərəcəsi almışdır.
1982-ci ildə
Az.XTİ-nin Maliyyə və kredit kafedrasının dosenti vəzifəsinə
seçilmişdir. Şakir Bədəlov uzun illər
fakültənin və institutun ictimai işlərində fəal
iştirak etmişdir. 1970-1976-cı illərdə fakültə
həmkarlar təşkilatının sədri, 1976-1982-ci illərdə
fakültə xalq nəzarəti qrupunun sədri və institut
xalq nəzarətinin üzvü, 1982-1984-cü illərdə
institut kuratorlar şurasının sədri vəzifələrində
çalışmışdır. Uzun illər fakültə
və institutun (universitetin) elmi və elmi-metodiki
Şuralarının üzvü olmuşdur. 1994-2001-ci illərdə
"İqtisad elmləri: nəzəriyyə və
praktika" jurnalının redaksiya heyətinin üzvü
olub.
Şakir Bədəlovun
bir neçə elmi məqaləsi keçmiş İttifaqın
mərkəzi jurnallarında dərc olunmuşdur.
1984-cü ilin
oktyabrında maliyyə-statistika fakültəsinin dekan
müavini təyin edilmiş, 1987-ci ilin aprel ayında müsabiqə yolu ilə
həmin fakültənin dekanı vəzifəsinə
seçilmişdir. 1988-ci ildə AzXTİ-nin ləğv edilməsi
və N.A.Voznesenski adına Leninqrad Maliyyə İqtisad
İnstitutu Bakı filialının yaradılmasından sonra
köçürmə yolu ilə həmin vəzifədə
çalışmış, 1989-cu ilin yanvarında yenidən
dekan vəzifəsinə seçilmişdir.
1990-cı ilin
sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetinin
yaradılması ilə maliyyə və kredit fakültəsinin
dekanı seçilmiş və 1996-cı ilə qədər
bu vəzifədə çalışmışdır.
Şakir Bədəlov
1990-cı ildə Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin
müvafiq əmri ilə yüksək ixtisaslı
iqtisadçı kadrların hazırlanmasında, elmi-tədqiqat
işlərinin təşkilində və institutun maddi-texniki
bazasının möhkəmləndirilməsində göstərdiyi
xidmətlərinə görə nazirliyin Fəxri fərmanı,
1991-ci ildə SSRİ Dövlət Sığortasının
70 illiyi münasibəti ilə Azərbaycan Respublikası
Dövlət Sığorta Şirkətinin Fəxri fərmanı
ilə təltif edilmişdir.
Şakir Bədəlovun
təşkilatçılıq qabiliyyəti və işgüzarlığı nəzərə
alınaraq 2001-ci ildə
yenidən Azərbaycan
Dövlət İqtisad
Universiteti maliyyə və kredit fakültəsinin dekanı
seçilmiş və
2005-ci ilə qədər
bu vəzifədə çalışmışdır. İşlədiyi dövrdə
səmərəli elmi-pedaqoji
fəaliyyətinə və
təşkilatçılıq qabiliyyətinə görə
universitet rəhbərliyinin
bir sıra təşəkkür və
mükafatlarına layiq
görülüb.
Şakir Bədəlov
"Maliyyə və kredit", "Müəssisələrin
və xalq təsərrüfatı sahələrinin
maliyyəsi", "Maliyyə",
"Büdcə sistemi"
dərsliklərinin həmmüəllifi,
bir sıra dərs vəsaitlərinin
və çoxsaylı
proqram və metodiki vəsaitlərin,
50-dən artıq elmi
məqalənin müəllifidir.
Bir sıra beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxışlar
etmişdir.
Şakir müəllim
maliyyə, büdcə
sistemi, büdcə proqnozlaşdırılmasının problemləri və s. fənləri tədris etməklə, mühazirə
və seminar məşğələlərini
yüksək elmi-nəzəri
səviyyədə qurur
və təcrübə
ilə sıx əlaqələndirir. Tədris
işini günün tələbləri səviyyəsində
qurmaq üçün
daim öz üzərində çalışır,
tədrisin interaktiv formalarını geniş tətbiq edir, üzərinə düşən
vəzifələrin vaxtında
və yüksək keyfiyyətlə yerinə
yetirilməsinə daim
səy göstərir.
Hazırda elmi-tədqiqat
işlərini davam etdirməklə yanaşı,
yeni dərslik və dərs vəsaitlərinin hazırlanması
üzərində işləyir.
Şakir müəllim
TEC xətti ilə də tələbələrin
elmi-tədqiqat işlərinə
daim rəhbərlik edir, onun rəhbərliyi
ilə çoxsaylı
tələbələr tələbə
elmi konfranslarında etdiyi elmi məruzələrinə
görə diplom və mükafatlara layiq görülmüşlər.
O, həm
özünə, həm
də tələbələrinə
və yoldaşlarına
qarşı tələbkarlığı,
eyni zamanda qayğıkeşliyi, səmimiliyi
və təvazökarlığı
sayəsində universitetin
tələbə kollektivinin
və professor-müəllim
heyətinin dərin hörmətini qazanmışdır.
Şakir Bədəlov
yaxşı ailə başçısıdır, üç
övladı var, onların hamısı ali təhsilli və ailəlidir, bir oğlu iqtisad
elmləri namizədidir.
Şakir müəllim
həm də sədaqətli, etibarlı
və təmənnasız
dostdur.
Keçdiyi çox
çətin, lakin olduqca məzmunlu və şərəfli həyat yolunun 70 illiyini, səmərəli
əmək və elmi-pedaqoji fəaliyyətinin
50 illiyini səmimi-qəlbdən
təbrik edir, ona möhkəm cansağlığı, uzun
ömür, ailə səadəti və elmi-pedaqoji fəaliyyətində
daha böyük uğurlar arzulayırıq.
Bəybala XANKİŞİYEV
Azərbaycan müəllimi.- 2010.- 14 may.- S.7.