Bağçada ekologiya mövzusunda "açıq
məşğələ"
Aprelin 30-da Bakıdakı
335 nömrəli körpələr
evi-uşaq bağçasında
keçirilmiş "Doğma
diyar Azərbaycan"
mövzusunda "açıq
məşğələ"də məqsəd yuxarı yaş qrupunda tərbiyə alan uşaqların il ərzində ekoloji biliklərə nə dərəcədə yiyələndiklərini
aşkara çıxarmaq,
bu sahədə toplanmış təcrübəni
bölüşmək idi.
Tədbirdə
iştirak edən Təhsil Nazirliyinin Məktəbəqədər
təhsil sektorunun müdiri Nərminə Alnağıyeva,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
əməkdaşları Leyla İmanova, Tamilla Allahverdiyeva,
Südabə Abdullayeva, Tamilla Useynova, Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının elmi və
yaradıcı iş üzrə prorektoru, əməkdar incəsənət
xadimi, professor Gülnaz Abdullazadə və bir qrup
bağça müdiri öncə 2008-ci ildə istifadəyə
verilmiş bu təhsil ocağında uşaqların təlim-tərbiyəsi,
inkişafı, sağlamlığının qorunması
üçün yaradılmış şəraitlə tanış oldular,
tərbiyəçilərin və istedadlı uşaqların bağçanın
dəhlizlərində və foyesində nümayiş olunan
əl işləri və
rəsmlərinə
tamaşa etdilər.
Tədbiri
bağçanın müdiri Sevda Almuradova açaraq,
"açıq məşğələ"nin mövzusu,
bağçalarında uşaqların ekoloji tərbiyəsi
yönündə görülmüş işlər
haqqında danışdı.
Musiqi sədaları
altında zala daxil olan uşaqlar tədbir
iştirakçılarını salamladıqdan sonra məşğələ
başladı. Bağçanın böyük və məktəbəqədər
yaş qruplarından olan uşaqlarla "açıq məşğələ"ni
tərbiyəçilər Şəhla Vəliyeva və Nailə
Hacıyeva aparırdılar. Musiqi zalında Azərbaycanın
xəritəsi asılmış, hər birinin üzərində
ölkəmizin təbiətini, maddi və mənəvi sərvətlərini,
dövlətimizin atributlarını əks etdirən əyani
vəsaitlərin düzüldüyü masalar yerləşdirilmişdi.
Tərbiyəçilər əvvəlcə müxtəlif
suallar verməklə uşaqların xəritə üzrə
biliklərini yoxladılar.
Sonra tərbiyəçilər
onları dövlətimizin atributlarının təsvirləri
olan stolun ətrafına dəvət etdilər və suallar
verdilər. Uşaqlar verdikləri cavablarla dövlət
atributlarını tanıdıqlarını, onları təşkil
edən elementlərin mahiyyətini bildiklərini
nümayiş etdirib, onlara aid şeirlər, tapmacalar, atalar
sözləri söylədilər, xorla himnimizi ifa etdilər. "Sərvətlərimiz",
"Uşaq hüquqları və ordumuz",
"Yazıçılarımız, milli ornamentlərimiz"
adlandırılan digər masalar ətrafında da bu qaydada
iş aparıldı. "Açıq məşğələ"
uşaqların ifasında şeir və mahnılardan, rəqs
və səhnəciklərdən ibarət nömrələrlə,
bağçada keçirilmiş tədbirlərə dair
videoçarxın nümayişi ilə başa
çatdı.
Məşğələdən
sonra onun təhlili aparıldı. N.Alnağıyeva,
L.İmanova, G.Abdullazadə, S.Abdullayeva və b.
çıxış edərək "açıq məşğələ"nin
yaxşı keçdiyini, aparılan təlim-tərbiyə
işinin nəticəsində uşaqların ölkəmiz,
onun ekologiyası barədə zəruri bilik və məlumatlara
yiyələndiklərini, ümumiyyətlə, tədbirin
yüksək səviyyədə
hazırlandığını, qısa fəaliyyəti
dövründə bağçada bir çox istiqamətlərdə
müsbət təcrübə toplandığını qeyd
etdilər, pedaqoji kollektivə fəaliyyətində
uğurlar arzuladılar.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 14 may.- S.8.