Fransa Politexnik Məktəbi

 

Yerləşir:                                       Fransa, Paris şəhəri, Palezo qəsəbəsi  

Yaranma tarixi:                           1794-cü il

Tipi:                                               Dövlət  

Müəllimlərin ümumi sayı:           660 nəfər 

Tələbələrin sayı:                           2690 nəfər

İllik büdcəsi:                                 172 milyon avro (2010)

Rəsmi saytı:                                   www.polytechnique.fr 

 

Fransa  Politexnik Məktəbi (fransızca Ecole Polytechnique "X") Fransanın paytaxtı Paris şəhərinin cənubunda Palezo adlanan şəhərətrafı qəsəbədə yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Fransa Politexnik Məktəbi 100 ən yaxşı ali məktəb arasında   36-cı yerdə sıralanıb.

Fransa Politexnik Məktəbini, adətən, "İks" (X), tələbələrini isə "ikslər" adlandırırlar. Bunu məktəbin daha çox riyaziyyat yönümlü olması və gerbində iki çarpazlaşdırılmış topun əks edilməsi ilə əlaqələndirirlər. Fransa Politexnik Məktəbi Fransanın Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Ali məktəb hazırda hərbi akademiya olmasa da, ona general rəhbərlik edir. Məktəbin tələbələrinə hərbi hazırlıq dərsləri keçilir. Buna baxmayaraq məktəbin hərbi yönümlülüyü və bu sahədə karyera əldə edən tələbələrin sayı getdikcə azalır. Təntənəli tədbirlərdə tələbələr, XIX əsrdə olduğu kimi, hərbi uniforma - üçkünc şlyapa, bikorne (Avropa hərbi-dəniz zabitlərinin geyim forması, daha çox Napoleon ordusunda geyilib) geyinərək paradlarda iştirak edirlər. 1980-ci ilin ortalarından tələbələrin dərslərdə uniforma geyinmək tələbi aradan qaldırılır.

Fransa  Politexnik Məktəbi "Politexnik mühəndisi" adı ilə məşhur olan mühəndislik proqramları ilə tanınır. 

 

Büdcə və təhsil haqqı

 

Fransada yerli tələbələr üçün təhsil pulsuzdur. Burada yerli və əcnəbi tələbələr "Tələbə fondu" tərəfindən təqaüdlər alır. Tələbələrin təqaüdü orta hesabla ayda 830 avro təşkil edir. Maddi durumu çətin olan tələbələrə Sosial fond tərəfindən ayda əlavə 500 avro təklif olunur. Dünyanın bir çox universitetlərində olduğu kimi, burada da bir neçə təqaüd formaları var. Əcnəbi tələbələr təqaüd almaq üçün ölkələrinin Fransadakı səfirliklərinə də müraciət edə bilərlər.

2009-cu ildə Fransa Politexnik Məktəbinin illik gəlirləri, təxminən, 85 milyon avro təşkil edib. Bu məbləğin 61 milyonu dövlət subsidiyası, 2,9 milyonu sazişlər, 2,2 milyonu təhsil haqqı, qalanları isə digər vəsaitlər hesabına əldə olunan gəlirlərdir.

Həmin il ali məktəbin illik xərcləri isə, təxminən, 90 milyon avroya bərabər olub. Xərclərin 52 milyonunu müxtəlif xidmətlər, 5,9 milyonunu kommunal xərclər, 3,6 milyonunu tikinti xərcləri, qalanlarını isə digər xərclər təşkil edib.

2009-cu ildə Fransa  Politexnik Məktəbi tədqiqatlar aparmaq üçün 12 milyon avro xərcləyib. 2010-cu il üçün ali məktəbin illik büdcəsi 172 milyon avro təşkil edir.

 

Tarixi

 

Fransa İnqilabından sonra  1794-cü il iyulun 11-də İctimai Qurtuluş Komitəsi Dövlət İşləri Komitəsini toplayaraq yeni məktəb yaradılması haqqında qərar qəbul edir. Təhsil müəssisəsinə Dövlət Qulluğu Məktəbi adı verilir və Pale-Burbon binasında yerləşdirilir. Burada dərs demək üçün ölkənin ən görkəmli alimləri seçilir, şagirdlər isə bütün Fransa üzrə keçirilən müsabiqə yolu ilə qəbul olunur. Məktəbdə ilk dərs 1794-cü il dekabrın 21-də keçilir. Şagirdlər maddi çətinlik çəkməsinlər deyə onların Parisə gəlmək üçün yol xərcləri ödənilir, 900 frank məbləğində isə təqaüd verilir. Məktəbin fəaliyyətinin birinci ilində bura müxtəlif yaşda və savadda 400 nəfər şagird qəbul olunur. İlk üç ay onlara "inqilab dərsləri" keçilir, təhsil iki il davam edir.

1795-ci ilin sentyabrında Dövlət Qulluğu Məktəbinin adı dəyişdirilərək Politexnik Məktəb olur. Məktəbin məqsədi şagirdlərə riyaziyyat, fizika və kimya yönümlü mükəmməl təhsil verərək onları xüsusi dövlət qulluğu ali təhsil ocaqları olan Artilleriya və Mühəndislik, Şaxta, Körpü və Yollar məktəblərinə hazırlamaqdan ibarət idi.

1784-1804-cü illər ərzində Politexnik Məktəbini riyaziyyatçılar Simeon-Deni Puasson, Lui Puanso, fiziklər Jan-Batist Bio, Oqüsten Frenel, kimyaçı Lui-Hey Lüssak, astronom Fransua Araqo və s. kimi dahi alimlər bitirir. Fransa imperatoru Napoleon Bonapart Misirə elmi-hərbi ekspedisiyası zamanı özü ilə  Politexnik Məktəbin müəllimləri Qaspar Monj və Lui Bertolleni, eləcə də 42 nəfər tələbəni götürdükdən sonra məktəbinin şöhrəti daha da artır. 1804-cü ildə Napoleon Bonapart məktəbə hərbi status verir və "Vətən, Elm və Şöhrət üçün" şüarı müəyyən edir.

I Dünya müharibəsi zamanı məktəb hospitala çevrilir və burada yaralılar müalicə edilir. Məktəbin 200 tələbəsi müharibədə həlak olur. II Dünya müharibəsi dövründə isə Politexnik Məktəbi azad (müharibə getməyən) zona olan Liona köçür.

Müharibə bitdikdən sonra ali təhsil ocağı tədricən bərpa olunmağa və ölkəsinə xidməti davam etdirməyə başlayır. 1970-ci ildə məktəb Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən dövlət müəssisəsinə çevrilir. 1972-ci ildən Politexnik Məktəbə qızlar qəbul edilir. 1976-cı ildə məktəb təəssüflə Sent-Jenevyev dağını tərk edir və Parisin cənub-qərbindəki Palezo şəhərətrafı qəsəbəsində geniş və rahat binaya köçürülür. Məktəbdə yeni-yeni elmi tədqiqatlar aparılır, tədrisin səviyyəsi yüksəlir.

1985-ci ildən Politexnik Məktəbdə elmi dərəcələr verilməyə başlanılır. Politexnik Məktəbdə Fransa dövlətinə qulluqçular hazırlandığı üçün burada təkcə Fransa vətəndaşları təhsil alır. Yalnız 1995-ci ildən başlayaraq ali məktəbə müsabiqə yolu ilə əcnəbi tələbələr qəbul edilir. 2000-ci ildə Politexnik Məktəbdə tədris islahatları aparılır və 4 illik təhsil qəbul olunur. 2005-ci ildən isə ali məktəbdə magistr dərəcəsi verilir. 

 

Universitet bu gün

 

Fransa Politexnik Məktəbinin şəhərciyi Parisdən 15 km aralıda 164 hektarlıq ərazidə Palezoda yerləşir. Ali məktəbin kampusu Plato de Saclay adlanır. Şəhərcikdə akademik binalar, yataqxana, yeməkxana və mehmanxanalar, bərbərxanalar, idman kompleksləri, yanğın idarəsi, üç bank, poçt bölməsi, terminal stansiya və s. mövcuddur. Kampus daxilində xüsusi avtobuslar və digər nəqliyyat vasitələri tələbə və müəllimlərə xidmətlər göstərir.

Fransa Politexnik Məktəbinin nəzdində Biologiya, Kimya, Riyaziyyat, Tətbiqi riyaziyyat, Mexanika, Fizika, İqtisadiyyat, Kompüter elmləri, Humanitar və sosial elmlər, Dil, mədəniyyət və kommunikasiya departamentləri, eləcə də bir Ali Məktəb fəaliyyət göstərir.

Fransa Politexnik Məktəbinə tələbələr müsabiqə yolu ilə qəbul olunur. Məktəbə qəbul olmaq istəyən əcnəbi tələbələrin lazımi səviyyədə TOEFL nəticələri olmalıdır. Bakalavr təhsili 4 il, magistr təhsili isə (19 ixtisas üzrə) 2 il davam edir.

Fransa Politexnik Məktəbinin nəzdində fəaliyyət göstərən Ali Məktəb müxtəlif magistr proqramları təklif edir: tətbiqi riyaziyyat (riyaziyyat və modelləşdirmə), ehtimal nəzəriyyəsi, molekulyar kimya, mürəkkəb informasiya sistemləri, kompüter elmləri, iqtisadi analiz, siyasət, mexanika, molekulyar və hüceyrə biologiyası, fizika, atom enerjisi və s. Məktəbdə doktorluq dərəcəsi də təklif edilir. Doktorantura pilləsində hazırda 490 nəfər təhsil alır. Onlar məktəbin sənaye müəssisələrində çalışır və 22 laboratoriyasında elmi-tədqiqatlar aparır.

Bakalavr pilləsində tədrisin ilk iki ili ümumi təhsilə ayrılır. Birinci kursda tədris planına əsasən tələbələrə fənn seçimi imkanı yaradılır. İkinci kursda tələbələr 8 fəndən 6-sını seçir. Dəqiq elmlər üzrə ixtisas alanlar riyaziyyat, tətbiqi riyaziyyat, mexanika, kompüter elmləri, biologiya, fizika, kimya, iqtisadiyyat, humanitar sahə üzrə ixtisas alanlar isə xarici dillər və ümumi humanitar sahələr üzrə çoxçeşidli tədqiqatlar aparır.

Məktəbdə təhsil alan tələbələr birinci il 8 ay müddətində hərbi hazırlıq proqramı keçir. Əvvəllər bu müddət 12 ay davam edirdi. Bütün tələbələr Barseloneta adlı poliqonda bir aylıq məşq edir. Ayın sonunda onlar piyada, suda (dəniz), hərbi hava qüvvələrində qulluq üçün qızıl medalla təltif edilirlər. Bütöv qulluq üçün hazırlanan tələbələr Fransa hərbi məktəblərində 2 ay təcrübə keçir. Məktəbin hərbi statusu olduğu üçün tələbələr hərbi forma geyərək bütün hərbi paradlarda və bayram tədbirlərində iştirak edir.

Təhsillərinin üçüncü ilində tələbələr 20 proqram arasında seçim edir və tədqiqatlara xüsusi diqqət ayrılır. Kurs 3-5 ay davam edən təcrübə ilə tamamlanır. Energetika, nəqliyyat, sabit inkişaf və s. mühəndislik sahələrinə xüsusi diqqət ayrılır. Ali məktəbin məqsədi tələbələrinə XXI əsr elmləri üzrə xüsusi hazırlıq keçməkdir.

Təhsillərinin 4-cü ilində tələbələr xüsusi tədqiqatlarla məşğul olur, həmçinin magistratura pilləsinə, ölkənin və xarici dövlətlərin digər universitetlərinə hazırlaşırlar. Tələbələr xüsusi ilə ABŞ universitetlərinə qəbul olunmağa can atırlar. Ümumilikdə, Fransa Politexnik Məktəbi ilə dünya universitetləri arasında 158-dən çox beynəlxalq saziş imzalanıb. 

Fransa Politexnik Məktəbinin kitabxanası 1794-cü ildə yaradılıb və zəngin ensiklopedik kolleksiyaya (xüsusilə fundamental elmlər üzrə) malikdir. Kitabxanaya 300000 cild kitab, 2709 dövri nəşr, 182804 monoqrafiya, 5317 elektron jurnal, 788 elektron kitab, 6 verilənlər bazası, 141 onlayn lüğət və s. daxildir. İnternet vasitəsilə kitabxana oxucularına çoxlu sayda kitab, jurnal, ensiklopediya və lüğət, dissertasiya, verilənlər bazası və elektron resurs təqdim edir. Kitabxana texniki xidmətlə yanaşı, zəngin ədəbi irs, çoxsahəli təhsil, fundamental sənədlər toplanılan elm mərkəzi kimi fəaliyyət göstərir.

2008-ci ildən Fransa Politexnik Məktəbinin prezidenti xanım Marion Guilloudur. Məktəbin direktoru isə general Xavier Mişeldir. Fransa Politexnik Məktəbində 660 nəfər müəllim çalışır. Onların 14-ü Fransa Elmlər Akademiyasının üzvüdür, 19% isə əcnəbi müəllimlərdir. Müəllimlərin 350 nəfəri professordur. Məktəbdə 640 nəfər tədqiqatçı fəaliyyət göstərir. Fransanın digər dövlət universitetlərindən fərqli olaraq Politexnik Məktəbin müəllimləri dövlət vəzifələrində xidmət etmirlər.

Hazırda Fransa Politexnik Məktəbində ümumilikdə 2690 tələbə təhsil alır. Onların 2000 nəfərini bakalavr, 200 nəfərini magistr, 490 nəfərini isə doktorantlar təşkil edir. Məktəbdə 64 millətin nümayəndəsi olan 700 tələbə oxuyur. Əcnəbi tələbələrin əksəriyyəti Livan, Mərakeş, Tunis, Braziliya, Çili, Ekvador, Çin, Vyetnam, İran, Rumıniya, Rusiya, Sinqapurdan olan şəxslərdir. Politexnik Məktəbdə ümumilikdə "Bina" adlandırılan 100-dən çox tələbə təşkilatı fəaliyyət göstərir.

Fransa Politexnik Məktəbinin yataqxanaları hər bir şəraitlə təmin olunub. Evli tələbələr üçün ayrıca iki bina mövcuddur. Məktəbin ən tanınmış yataqxanalarından La Pacaterie, Les Jardins de Fleming, Les Rives de l'Yvette, le Bosquet, Jean Zay, Chatenay-Malabry  rezidensiyalarını qeyd etmək olar.

Politexnik Məktəbdə doktorant, müəllim, hərbiçi, kampusda təşkil olunan seminarlarda iştirak etmək üçün bura gələn digər ailəli şəxslərin qısa müddətə qalmaqları üçün qonaq evləri var.

Məktəbin yeməkxana və restoranları bütün ilboyu açıq olur və gündə üç dəfə tələbə və əməkdaşlara zəngin çeşiddə yeməklər təklif edir. 

Məktəbin ictimai fəaliyyət komitəsi tədbirlərin, ekskursiyaların, sosial tədbirlərin təşkilinə nəzarət edir. Tibbi-psixoloji Mərkəz kampusun mərkəzində yerləşir və tələbə və müəllimlərə tibbi xidmətlər təklif edir. Məktəbdə üç keşiş (protestant, katolik və yəhudi dini) tələbə və müəllimlərin xidmətindədir.

Fransa Politexnik Məktəbi qlobal elmi-tədqiqatlar aparılan təhsil müəssisəsi olaraq qədim ənənələrinə sadiq qalır. Artıq 200 ildən çoxdur ki, Politexnik Məktəb Fransa mühəndislik məktəbləri arasında ən birinci sıradadır. Bu da məktəbin müəllimlərinin, tələbələrinin, tədqiqatçılarının yüksək səviyyəli biliyə, təcrübəyə   yeni-yeni nailiyyətlər əldə etmək həvəsinə malik olmalarından irəli gəlir. 

Bütün fəaliyyəti ərzində universitet dünyaya çoxlu sayda görkəmli şəxsiyyətlər bəxş edib. Onların hamısını bir adla qeyd edərək demək olar ki, "İks"lər texnoloji tərəqqinin bütün sahələrində - atom enerjisinin işlənməsi, kosmosun fəthi, telekommunikasiya, ən müasir nəqliyyat və s. üzrə xüsusi xidmətlər göstəriblər. Onlar özəl və dövlət elmi-tədqiqat təşkilatlarında çalışaraq bütün böyük milli və beynəlxalq layihələrdə iştirak edir, sənaye, xidmət, siyasət, mədəniyyət, idman və digər sahələr üzrə öz töhfələrini verməyə davam edir.

 

 

  Universitetin məşhur məzunları

 

  Mari Fransua Sadi Karno                                         Fransanın sabiq prezidenti   

  Albert Lebern                                                            Fransanın sabiq prezidenti  

  Valeri Jiskar dTEsten                                               Fransanın sabiq prezidenti və maliyyə naziri  

  Frensis Mer sabiq                                                      maliyyə naziri  

  Konrad Şlyumberje                                                   "Schlumberger" kampaniyasının yaradıcısı  

  Mauris Allais                                                              iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  

  Henri Becquerel                                                         fizika  üzrə Nobel mükafatı laureatı  

  Jozef  Joffr                                                                  Ferdinand Foş marşallar  

  Fransua Jan Araqo                                                     dahi fizik və astronom  

  Oqüst Kont                                                                  dahi filosof və sosioloq  

  Jak Attali                                                                     filosof və iqtisadçı  

  Jan Fransua Klervoy                                                  məşhur astronavt  

  Filipp Perrin                                                                 məşhur astronavt  

 

 

 Hazırladı: Lamiyə ƏLİYEVA

 

Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.6.