Braziliyada təhsil
(Əvvəli ötən
sayımızda)
Ali təhsil
Braziliyada ali təhsilin xüsusi şəbəkəsi vardır. Bu sahəyə rəhbərlik federal hökumət tərəfindən həyata keçirilir. Hər ştatda bir federal universitet fəaliyyət göstərir. Ümumiyyətlə, ölkədə 973 ali tədris müəssisəsi və 153 universitet vardır.
Braziliyada ilk
universitet 1920-ci ildə təsis olunmuşdur. Bu universitet (Rio-de-Janeyro
Universiteti) hazırda ölkədə ən böyük ali tədris müəssisəsi kimi
tanınır. Həmin universitetdə təsviri
sənət, fiziki tərbiyə və idman məktəbi,
fizika, kimya, riyaziyyat, biofizika, mikrobiologiya və sair sahələrə
aid tədris institutları fəaliyyət göstərir.
Belu-Orizonti şəhərində yerləşən və
1927-ci ildə bünövrəsi qoyulan Mikas-Jerays Federal
Universiteti də ölkənin ən böyük ali tədris ocaqlarından biri hesab olunur. Burada iqtisadiyyat elmləri, hüquq, fəlsəfə,
təsviri sənət, musiqi, ədəbiyyat fakültələri
fəaliyyət göstərir. Universitet
özündə həm də tədris və elmi-tədqiqat
institutlarını birləşdirir.
Braziliyada həm dövlət,
həm də xüsusi ali təhsil müəssisələri
vardır. Səviyyəsindən asılı
olmayaraq, bütün dövlət müəssisələrində
təhsil pulsuzdur.
Latın
Amerikası ölkələri içərisində ilk dəfə
Braziliyada 80-ci illərin ortalarından başlayaraq aspirantura və
doktorantura yaradılmışdır. Burada təkcə dövlət deyil,
həm də xüsusi ali təhsil müəssisələrini
bitirənlərin oxumaq hüququ vardır.
Müəllim hazırlığı
Braziliyada həyata
keçirilən təhsil islahatlarının sürəti
heyranedicidir. Az bir müddətdə xeyli işlər
görülmüşdür. Bu işlərin içərisində
müəllim hazırlığı xüsusi olaraq diqqət mərkəzində
saxlanılmışdır. Ümumiyyətlə,
keyfiyyətli təhsilin qurulmasında müəllim
hazırlığına xüsusi əhəmiyyət
verilmişdir. Ölkədə həyata
keçirilən təhsil islahatlarında bu məsələyə
həlledici amil kimi baxılmış, ölkənin təhsil
sistemində əsaslı dəyişikliklərin
aparılmasında bu qüvvənin peşəkarlıq səviyyəsinin
yüksəldilməsinə xüsusi
yanaşılmışdır. Ona görə
də ilkin olaraq ixtisasartırmanın məzmunu müəyyənləşdirilmiş,
müəllimlər üçün standartlar (kompetensiyalar)
hazırlanmışdır. Eyni zamanda
ixtisasartırmanın yeni modeli
formalaşdırılmışdır. Hazırda müəllimlərin
ixtisasartırmasının yeni modelindən ölkə ərazisində
istifadə olunur. San-Paolo yeganə şəhərdir
ki, müəllimlərin qiymətləndirilməsi
texnologiyasından daha geniş istifadə olunur. Təkcə ötən ilin noyabrından indiyədək
testdən keçərək qiymətləndirilən müəllimlərin
sayı 150 mindir.
Braziliyada məktəbəqədər
və əsas təhsil səviyyəsində işləyən
pedaqoji heyət üçün kursları bələdiyyələr
təşkil edir.
Ümumiyyətlə,
Braziliyada müəllimlərin ixtisasartırmadan keçməsinin
beş pilləsi vardır və hər
pillə üçün xüsusi bal göstəriciləri
müəyyənləşdirilmişdir. Müəllim hər
üç ildən bir testdən keçmək səlahiyyətinə
malikdır. Testdən keçən hər
kəsin əməkhaqqı 25% artır. Müəllim
ardıcıl olaraq hər üç ildən bir beş dəfə testdən keçdikdə,
böyük miqdarda əməkhaqqı almaq şansı
qazanır. Əgər müəllim hansı ildə testdən
keçə bilməsə, ona növbəti il
testdən keçmək üçün icazə verilir.
Bu iş tender yolu ilə cəlb
olunmuş qeyri-hökumət təşkilatları tərəfindən
həyata keçirilir. Beləliklə, müəllimə
ardıcıl olaraq özünü inkişaf etdirmək
üçün şərait yaradılır. Başqa sözlə, o, stimullaşdırılmaqla
bu işə təşviq olunur.
Müəllimlərin
ixtisasartırmasının belə bir sistemdə
aparılması, ilk növbədə, müəllimlərin
bacarıqlarının meydana çıxmasına imkan
yaradır.
Daha sonra müəllimlər arasında baş verə biləcək
əməkhaqqı və digər məsələlərlə
bağlı narazılıqların qarşısını
alır.
Müəllimlərə
özünü inkişaf etdirmək üçün şərait
yaradılır. Ehtiyacı olanlara kompüter almaq
üçün vəsait ayrılır. Maddi
vəziyyəti lap aşağı olanlarla nisbətən ucuz
alış-veriş təşkil olunur. Əvvəlki
sistemdən fərqli olaraq, onlarla kollektiv formada təlim
kursları şəklində iş aparılır. Müəllimlər əvvəl qısamüddətli,
sonra isə böyük kurslardan keçirlər. İlk dəfədir ki, universitetlərlə birlikdə
360 saatlıq təlim kursları yaradılmışdır.
Dörd ay müddətində davam edən bu kursu bitirmiş ali təhsilli şəxslər müəllimlik
hüququ qazanırlar.
Müəllimlərin
işə götürülməsində də seçim
formasından istifadə edilir. Ötən il 9
min vakant yerə qəbul olunmaq üçün 260 min ərizə
verilmişdir. Onlardan yalnız 230 mini keçid
balını toplayaraq müsabiqədə iştirak etmiş,
nəticədə yalnız 9 mini işə
götürülmüşdür.
Kurikulum və qiymətləndirmə
Yeni kurikulumların
yaradılması Braziliyada aparılan təhsil
islahatının özəyini təşkil edir. Ona görə
də ölkədə istər əvvəlki kurikulumlara əsasən
vəziyyətin öyrənilərək dəyərləndirilməsi,
istərsə də yeni kurikulumların hazırlanması əhəmiyyətli
bir problem kimi qiymətləndirilmişdir. Ölkədə
təhsil sahəsinə dair aparılmış
araşdırmalar zamanı məlum olmuşdur ki, təhsilə
cəlb olunmuş şagirdlərin 2%-i məktəbə gəlmir.
Təhsil prosesində mövcud durum şagirdlərin
təlim maraqlarının aşağı düşməsinə
səbəb olur. Eyni zamanda bir məktəbdə
bir neçə kurikulumun tətbiq edilməsi təlim
prosesinin nizamlı və sistemli qurulmasına mənfi təsir
göstərir. Ən başlıcası,
şagirdlərin ümumi inkişafının təmin
olunmasında çətinliklər yaradır. Ona görə
də 2006-cı ildən etibarən Braziliyada yeni vahid kurikulumların
yaradılmasına başlanılır. Bu zaman təhsilin
keyfiyyətini yüksəltmək əsas məqsəd kimi
qarşıya qoyulur.
Kurikulumlar
hazırlanarkən aparılan qiymətləndirmənin nəticələrinə
istinad olunmuşdur. Eyni zamanda Braziliyanın təhsil
qanunvericiliyi əsas götürülmüşdür. Nazirliyin işçiləri, cəmiyyətin
müxtəlif təbəqələrindən cəlb
edilmiş adamlar kurikulumların hazırlanmasında fəal
iştirak etmişlər. Ölkə
miqyasında təhsil standartlarının yaradılması
işini müvəffəqiyyətlə başa vurmuşlar.
Yeni
kurikulumların hazırlanmasının bir mühüm şərti
də əvvəlki kurikulumlarla işləyən müəllimlərin
fəaliyyətinin məhdudlaşdırılması ilə
bağlı idi. Onlar müxtəlif şəraitlərin tələbinə
uyğun strategiyalar seçməkdə sərbəst hərəkət
edə bilmirdilər. Lakin yeni kurikulumda müəyyənləşdirilmiş
standartlar təlimin keyfiyyət göstəricisi kimi
çıxış edərək müəllimdən nəticələrə
nail olmağı mühüm tələb kimi qarşıya
qoydu və təlim strategiyalarının müəyyənləşdirilməsində
ona sərbəstlik verdi. Beləliklə,
müəllim vahid standartlara çatmaq üçün şəraitə
uyğun fəaliyyət göstərmək imkanı
qazandı.
Görüşlərdə
kurikulum haqqında danışanlar onu "təhsil mədəniyyəti",
"mədəniyyətin daşıyıcısı"
kimi qiymətləndirməklə yeni kurikulumların şəxsiyyətyönümlü
xarakterini ifadə edirdilər. Onun şəxsiyyətdə
mədəniyyətlərin formalaşmasına istiqamətləndiyini
xüsusi olaraq vurğulayırdılar.
Braziliyada
hazırlanmış yeni kurikulumlarda oxu, yazı, öyrənməyi
öyrətmək, dünyagörüşü
formalaşdırmaq və s. prioritet istiqamətlər kimi nəzərə
alınmışdır. Məzmunun daha inteqrativ
olması diqqət mərkəzində saxlanmışdır.
Buna görə də əsas təhsil pilləsində
7, orta təhsil pilləsində 10-12 fənnin olması məqbul
hesab edilmişdir. IX-XI siniflərdə təhsilin
təmayüllər üzrə qurulması, bununla təhsilin
demokratik prinsiplərə uyğun olaraq seçim əsasında
davam etdirilməsi nəzərdə tutulmuşdur.
Kurikulumlarda həm
də müəllim və şagird fəaliyyətinin əsasında
duran ümumi tələblər, çalışma və
tapşırıqların icra qaydaları, eyni zamanda qiymətləndirmə
üçün tövsiyələr öz əksini
tapmışdır.
Braziliyada yeni
kurikulumlara keçilməsi eyni zamanda yeni qiymətləndirmə
sisteminin yaradılmasına rəvac vermişdir. Təhsilin
idarəolunmasının ən etibarlı üsullarından
biri kimi qiymətləndirmə mexanizmlərinin işlənib
hazırlanması sahəsində xeyli işlər
görülmüşdür. Maraqlı haldır ki, bu
gün bütövlükdə Braziliya təhsilinin məqsədəuyğun
inkişafında qiymətləndirmənin müxtəlif
növ və formalarından istifadə olunur, etibarlı nəticələr
əldə edilir. Yeni qiymətləndirmənin ətrafında
məhsuldar müzakirələr aparılır, proqramlar
verilir və gələcək fəaliyyət
üçün istiqamətlər müəyyənləşdirilir.
Braziliyada hər
bir məktəb hər ay özünün qiymətləndirilməsini
keçirir. Əsasən, portuqal dili, riyaziyyat, eləcə də
digər fənlərdən bir neçəsi məktəbdaxili
qiymətləndirmədə əhatə olunur. Məqsəd, təbii ki, məktəbin fəaliyyətinin
standart tələblərə nə dərəcədə
cavab verməsini müəyyənləşdirməkdən
ibarət olur. Qiymətləndirmənin nəticələri
təhlil edilir.
Ümumiyyətlə,
hər bir qiymətləndirmə o zaman tam başa
çatmış hesab olunur ki, onun nəticələri
ümumiləşdirilərək təhlil edilsin və
ümumi qənaətlər hasil olunsun. Bu zaman ən
vacib məsələlərdən biri kurikulumlarla, xüsusi
olaraq standartlarla əlaqədar fikirlərin
formalaşdırılması, təkliflərin irəli
sürülməsidir.
Braziliyada milli
qiymətləndirmədən geniş istifadə olunur. İstər
federal, istərsə də ştat səviyyəsində milli
qiymətləndirmənin aparılmasında uyğun
texnologiyalara müraciət edilir. Bu qiymətləndirmə
ibtidai, əsas və orta təhsil siniflərində
aparılır. Portuqal dili və riyaziyyat fənləri
üzrə keçirilir.
Ölkə miqyasında
şagirdlərin dörd nailiyyət səviyyəsi müəyyənləşdirilmişdir:
minimumdan aşağı, minimum, qənaətbəxş, əla.
Portuqal dili
Səviyyə IV sinif üzrə
ballar VIII sinif üzrə ballar XI sinif üzrə ballar
Minimumdan aşağı
<150 <200 <250
Minimum 150-200 200-275 250-300
Qənaətbəxş
200-250 275-325 300-375
Əla >250 >325 >375
Portuqal dili və
riyaziyyat üzrə milli qiymətləndirmənin nəticələrini
ümumiləşdirmək üçün nazirlik tərəfindən,
aşağıdakı cədvəllərdə olduğu kimi,
ballar müəyyənləşdirilmişdir.
Riyaziyyat
Səviyyə IV sinif üzrə
ballar VIII sinif üzrə ballar XI sinif üzrə ballar
Minimumdan aşağı
<175 <225 <275
Minimum 175-225 225-300 275-350
Qənaətbəxş
225-275 300-350 350-400
Əla >275 >350 >400
Təhsil üzrə tədqiqatlar
Təhsildə
nailiyyətlərin bir mühüm şərti də onu elmi əsaslara
istinadən inkişaf etdirməkdən ibarətdir. Xüsusən
təhsil sahəsində belə tədqiqatlara böyük
ehtiyac vardır. Hər hansı pedaqoji texnologiyanın
müəyyən olunması, onun təcrübəyə gətirilməsi,
yaxud bu və ya digər sosioloji, psixoloji durumun öyrənilməsi
xüsusi araşdırma, tədqiqat tələb edir. Heç şübhəsiz, Braziliyada təhsil tədqiqatlarına
diqqət yetirilməsi, onunla bağlı xüsusi qurumun
yaradılması məhz bu məntiqdən irəli gəlir.
Səfər
zamanı müşahidələrimiz, dinlədiyimiz təqdimatlar
açıq-aydın göstərirdi ki, Braziliyada təhsilin,
demək olar ki, bütün sahələri üzrə
araşdırmalar aparılır. İstər yeni məzmunun
formalaşdırılmasında, istər yeni
texnologiyaların, qiymətləndirmə mexanizmlərinin
yaradılmasında, istərsə də idarəetmə
sisteminin təkmilləşdirilməsində pedaqoji tədqiqatlardan
geniş istifadə edilir. Bütün
yanaşmaların əsasında tədqiqatların nəticəsi
olaraq əldə edilmiş obyektiv fikirlər dayanır.
Bütün
bunlarla yanaşı, Braziliyada təhsil üzrə tədqiqatlar
aparan xüsusi qurum - Təhsil Tədqiqatları İnstitutu fəaliyyət
göstərir. Bu institutun başlıca vəzifəsi
ölkədə təhsil siyasətinin
yaxşılaşdırılması ilə bağlı tədqiqat
aparmaqdan ibarətdir.
İnstitutun
strukturunda dörd bölmə vardır. Onlar aşağıdakı
kimi adlandırılmışdır:
1. Təhsil tədqiqatları.
2. Təhsilə dəstək.
3. İnformasiyaların (yeni
təcrübələrin) qiymətləndirilməsi və
yayılması.
4. İndikatorların
hazırlanması və qiymətləndirilmə.
Təhsil tədqiqatları
bölməsində qısahəcmli və geniş tədqiqatlar
aparılır. Həcm etibarı ilə beş səhifədən
çox olmayan qısa tədqiqatlar zamanı imtahanın nəticələri,
müəyyən məsələlərlə bağlı
hesabat tipli məlumatlar hazırlanır.
Geniş tədqiqatlar
üçün Təhsil Nazirliyi tərəfindən
sifarişlər verilir. Təhsil siyasətinin təkmilləşdirilməsi
ilə bağlı araşdırmalar aparılır. Bu
zaman bələdiyyələrdə təhsillə məşğul
olanların, yaxud təhsil menecerlərinin, məktəb rəhbərlərinin
peşəkarlığını meydana çıxarmaq,
onların ehtiyaclarını müəyyənləşdirmək
və s. məsələlər öyrənilir.
Təhsilə
dəstək bölməsində bilavasitə Təhsil
Nazirliyinin sifarişinə əsasən tədqiqatlar
aparılır. Məktəblərin ehtiyacına uyğun
müəyyən olunmuş resurslar, onlara aid nümunələr
hazırlanır.
Tədqiqat
mövzuları əvvəlcədən layihələşdirilir,
sonra müsabiqə yolu ilə seçilir. Daha sonra tədqiqat
mövzuları maliyyələşdirilir. Ona görə də
institutda aparılan araşdırmalar əhəmiyyətli tədqiqatlar
kimi qarşılanır və qiymətləndirilir.
İnnovasiyaların
(yeni təcrübələrin) qiymətləndirilməsi və
yayılması bölməsi məktəb təcrübəsində
olan innovasiyaları müəyyən edir, onların
qeydiyyatını aparır. Həmin təcrübələri
öyrənib yayır, ən yaxşı innovasiyaları yerli
bələdiyyələrə göndərir, onların davam
etdirilməsi üçün qrantların ayrılması ilə
məşğul olur.
İndikatorların
hazırlanması və qiymətləndirmə bölməsi
müxtəlif səviyyəli monitorinq və qiymətləndirmənin
keçirilməsi üçün indikatorlar
hazırlayır. Məsələn, şagirdlərin, tələbələrin,
müəllimlərin, təhsil müəssisələrinin və
s. monitorinqi ilə bağlı indikatorlar.
Braziliyanın təhsil
sistemi ilə bağlı bütün informasiyaları
özündə birləşdirən məlumat bankı bu
institutda yerləşir. Tədqiqatların nəticələri
olaraq təhsilin müxtəlif sahələri, istiqamətləri
üzrə yığılmış məlumatlar dövlət
əhəmiyyətli materiallar kimi mühafizə olunur.
Braziliya təhsilinin
özəllikləri çoxdur. Onu daha dərindən öyrənmək
üçün genişmiqyaslı araşdırmaların
aparılmasına ehtiyac vardır.
İsgəndər İSGƏNDƏROV,
Azərbaycan Respublikası təhsil nazirinin müavini,
Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun direktor müavini
Azərbaycan müəllimi.- 2010.- 21
may.- S.4.