Təhsil Nazirliyində
görüş
Mayın 20-də təhsil
naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ali təhsil
nazirinin birinci müavini Məhəmməd Cabir Əbu Ali, bu
ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Sabir Əbdülqədir Mənsur və Misir Mədəniyyət
Mərkəzinin direktoru Adel Darvişlə
görüşüb
Qonaqları səmimi
salamlayan təhsil naziri öncə Misirlə Azərbaycan
arasındakı hərtərəfli əlaqələrdən
söz açaraq təhsil sahəsində mövcud olan
geniş əməkdaşlıq istiqamətlərindən
danışıb. Nazir bildirib ki, qədim tarixi köklərə
malik olan Azərbaycan-Misir əlaqələri, başqa sahələrdə
olduğu kimi, təhsil sahəsində də yüksələn
xətt üzrə inkişaf etməkdədir. Misir Ərəb
Respublikası ilə təhsil əlaqələrinin müxtəlif
istiqamətlər üzrə aparıldığını
qeyd edən nazir tələbə mübadiləsi məsələsinə
də toxunub. Misir Mərdanov bildirib ki, hazırda ölkəmizin
ali məktəblərində 29 nəfər Misir Ərəb
Respublikasının vətəndaşı təhsil alır,
onlardan 26-sı magistratura və aspirantura səviyyələrində
dövlət xətti ilə oxuyur. Eyni zamanda nazir Misir tərəfinin
2010-2011-ci tədris ilində daha 11 vətəndaşının
Azərbaycanda dövlət xətti üzrə təhsil
alması təklifi ilə Təhsil Nazirliyinə müraciət
etdiyini diqqətə çatdırıb. Misir Mərdanov məlumat
verib ki, bu ölkənin ali məktəblərində 21 azərbaycanlı
tələbə təhsil alır. Nazir ali təhsil müəssisələri
arasında qurulan əməkdaşlıqdan da söz
açıb, bir müddət
öncə əldə edilən müvafiq razılaşmaya əsasən
Azərbaycan Dövlət Neft Akademiyasının Misir Ərəb
Respublikasında filialının açılması üzrə
məsələyə də toxunub.
Misir Mərdanov iki
ölkə arasındakı əlaqələrdə təhsil
sahəsinin böyük rolu olduğunu önə çəkərək
Misir Ərəb Respublikasının ali təhsil nazirinin
birinci müavininin Azərbaycana səfərinin bu əməkdaşlığın
daha da genişləndirilməsinə öz töhfəsini verəcəyini
əminliklə vurğulayıb.
Səmimi qəbul
üçün minnətdarlığını bildirən səfir
Sabir Əbdülqədir Mənsur ölkələr
arasındakı ikitərəfli təhsil əlaqələrinin
səmərəliliyinin artırılması və daha da
inkişaf etdirilməsi baxımından görülən
işləri qeyd edib, tələbə mübadiləsinin
genişləndirilməsindən və bu istiqamətdə nəzərdə
tutulan məsələlərdən danışıb.
Ali təhsil nazirinin
birinci müavini Məhəmməd Cabir Əbu Ali
çıxış edərək, öncə Misir Ərəb
Respublikasının ali təhsil nazirinin səmimi
salamlarını çatdırıb. Məhəmməd Cabir Əbu
Ali ötən gün Azərbaycanın ali məktəb
rektorları ilə görüşdə müzakirə olunan
istiqamətlərə diqqət çəkib, bu
görüşün əməkdaşlıq üzrə
yüksək əhəmiyyəti olduğunu vurğulayıb. Daha
sonra qonaq Azərbaycan Dövlət Neft Akademiyasının
Misirin Süveyş Kanalı Universitetinin nəzdində
filialının açılmasının nəzərdə
tutulduğundan, bununla bağlı görüləcək
işlərdən söz açıb. Ali təhsil nazirinin
birinci müavini Misir - Azərbaycan ali təhsil əlaqələrinin,
tələbə mübadiləsinin inkişaf etdirilməsinin
önəmli olduğunu bildirib. Çıxışının
sonunda Məhəmməd Cabir Əbu Ali Azərbaycan
Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətini
öz ölkəsinə rəsmi səfərə dəvət
edib.
Misir Mədəniyyət
Mərkəzinin direktoru Adel Darviş Təhsil Nazirliyi tərəfindən
göstərilən dəstək üçün təşəkkürünü
bildirib və mövcud əməkdaşlığın
genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.
Səmimi və
qarşılıqlı anlaşma şəraitində
keçən görüşdə tərəflər təhsil
sahəsində əlaqələrin inkişafı üzrə
digər məsələlər ətrafında da müzakirələr
aparıblar.
Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.2.