İbtidai siniflərdə
şagirdlər İKT biliklərinə həvəslə
yiyələnirlər
Orta ümumtəhsil məktəblərində İKT-dən istifadə genişləndiyindən şagirdlərdə informasiyalaşmış cəmiyyətin tələblərinə uyğun zəruri məlumatlarla işləmə bacarıqları və kompüterdən istifadə vərdişləri xeyli artmışdır.
229 nömrəli orta məktəbin direktoru Fəridə Bağırova bildirdi ki, rəhbərlik etdiyi təhsil müəssisəsində iki kompüter otağı yaradılıb. Tədris zamanı şagirdlərdə ətraf aləmi informasiya baxımından təhlil və qərar qəbul etmək bacarıqlarının formalaşdırılmasına ciddi diqqət yetirilir. Hazırda I və II siniflərdə oxuyan şagirdlər informatika müəllimləri Bahar Bayramova və Sultanə Qurbanovanın gərgin əməyi sayəsində İKT-nin sirlərinə həvəslə yiyələnirlər.
242 nömrəli orta məktəbin direktoru Akif Rəsulov isə qeyd etdi ki, cari tədris ilinin əvvəlindən I və II siniflərin informatika müəllimi Saçlı Əhmədova ilk gündən şagirdlərdə bu fənnə qarşı böyük maraq oyadıb. Şagirdlər artıq kompüterlə sərbəst davranır və onda lazımi əməliyyatları yerinə yetirirlər. Həm də şagirdlərdə alqoritmik təfəkkür elementlərinin yaradılması və kompüter texnikasından istifadə etmək qabiliyyətinin formalaşdırılmasına nail olunur.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.8.