"Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi 

 

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi keçirilib.

Məşğələni akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq, ulu öndər Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində respublikamız üçün gördüyü işlərdən, Azərbaycan dövlətçiliyinin bərpası, ölkəni parçalanmaq təhlükəsindən qurtarmaq üçün həyata keçirdiyi tədbirlərdən, müstəqilliyimizin qorunub saxlanılması istiqamətində apardığı məqsədyönlü daxili və xarici siyasətin çoxşaxəli istiqamətlərindən bəhs edib. Sonra XX əsr Azərbaycan tarixinin inkişaf mərhələləri, Azərbaycanda ictimai-siyasi sabitliyin qorunub saxlanılması, respublikanın beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində Heydər Əliyevin apardığı siyasətdən söz açıb və həmin siyasi kursun bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini qeyd edib. Rektor həmçinin ölkə Prezidenti İlham Əliyevin apardığı düşünülmüş siyasətin Azərbaycanın işıqlı gələcəyi üçün böyük perspektivlər vəd etdiyini bildirib.

Tədbirdə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru, professor Hafiz Paşayev çox maraqlı və ətraflı çıxışında Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti, bacarıqlı təşkilatçılıq, idarəçilik qabiliyyəti nəticəsində mümkün olduğundan söz açıb. Natiq ulu öndərin diqqət və qayğısı ilə yaradılmış Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üçün layiqli kadrlar hazırlandığına əmin olduğunu bildirib.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.1.