Bakı təhsilinə həsr
olunmuş ilk sərgi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi mayın 19-da paytaxtımızdakı Əl oyunları sarayında Bakı təhsilinə həsr olunmuş "Təhsil, zaman və biz" mövzusunda baxış-sərgi keçirdi. Uzun müddətdən bəri hazırlıq görülən sərginin təşkilində təhsil idarəsinə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi yaxından dəstək vermişdir.
Sərginin açılışına həsr olunmuş mərasimdə təhsil naziri Misir Mərdanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, Milli Məclis sədrinin müavini Bahar Muradova, YAP sədrinin müavini - icra katibi, millət vəkili Əli Əhmədov, İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, millət vəkilləri, bir sıra dövlət qurumlarının rəhbər işçiləri, elm və təhsil ictimaiyyətinin nümayəndələri, müxtəlif müsabiqə və yarışlarda fərqlənmiş məktəb direktorları, müəllim və şagirdlər iştirak edirdilər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva mərasimi açaraq qonaqları və digər iştirakçıları salamladı, onları Bakı təhsilinin nailiyyətlərinə həsr olunmuş sərgidə görməsindən məmnunluq duyduğunu bildirdi. N.Rzaquliyeva qeyd etdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Azərbaycan dövlətinin, Prezident İlham Əliyev cənablarının, Heydər Əliyev Fondunun və onun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində son illər təhsilimiz xeyli inkişaf edib. Son 4 ildə tikilən, təmir olunan çoxlu sayda təhsil müəssisəsi bunun ən bariz nümunəsidir. İndi Bakıda, eləcə də respublikanın məktəblərində İKT ilə təminat başa çatdırılmışdır. Bu da təhsilimizin dünya standartlarına yaxınlaşdırılmasına, dünya təhsilinə inteqrasiya olunmasına imkan yaratmışdır.
N.Rzaquliyeva Bakı təhsilinin tarixində ilk dəfə təşkil edilən baxış-sərgidə əsas məqsədin uğurla həyata keçirilən təhsil islahatının nəticələrini və bu sahədə qazanılan uğurları cəmiyyətə təqdim etmək olduğunu söylədi. Bildirdi ki, tədbirə gələnlər baxış-sərginin hər bölməsi ilə tanış olduqca təhsilimizin inkişafındakı müsbət meyilləri, müasirləşməni görə və hiss edə biləcəklər. İlk dəfə məktəb, məktəbəqədər təhsil və məktəbdənkənar təhsil üzrə keçirilən sərgidə həmin sahələrdə fəaliyyətlərin konkret nəticələri təqdim olunub. Bununla da sərgi iştirakçılarında Bakı təhsili haqqında dolğun fikir formalaşdırmaq arzusu hədəf götürülüb.
BŞTİ-nin müdiri baxış-sərginin keçirilməsində göstərdiyi dəstəyə görə TİAHİ Respublika Komitəsinin sədri Səttar Mehbalıyevə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyətini daim yüksək qiymətləndirən təhsil naziri Misir Mərdanova, təklifi qəbul edib sərginin açılış mərasiminə gəlmiş digər qonaqlara təşəkkür etdi.
Açılış mərasimi paytaxtın bir sıra məktəbəqədər təhsil müəssisələrini, məktəblərini təmsil edən istedadlı uşaqların ifasında mahnı və rəqslərlə davam etdirildi. Onların məharətlə təqdim etdikləri qısa bədii proqramdan sonra geniş ekranda ümummilli lider Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin təhsilimizə və təhsil işçilərinə göstərdikləri qayğını, müxtəlif təhsil müəssisələrində olmalarını, şagird və müəllimlərlə görüşlərini əks etdirən videoçarx nümayiş olundu.
Açılış mərasimi başa çatdıqdan sonra təhsil naziri Misir Mərdanov və digər qonaqlar baxış-sərgini gəzərək burada nümayiş olunan eksponatlarla tanış oldular.
Yeri gəlmişkən qeyd edək ki, 44 bölməni əhatə edən baxış-sərgidə ümumi təhsilin pillələrini, təhsil sistemində tətbiq olunan layihə, proqram və innovasiyaların nəticələrini, ayrı-ayrı fənlər üzrə ən yaxşı tədris nümunələrini, kurikulumun tətbiqini, "Ekologiya ili" çərçivəsində həyata keçirilən tədbirləri, milli mənəvi dəyərlərin aşılanması, yol hərəkətinin təhlükəsizliyi, valideynlərlə işlə bağlı yaradılmış ən yaxşı təcrübə nümunələrini, idman nailiyyətlərini əks etdirən eksponatlar, əl işləri, rəsmlər nümayiş olunurdu.
Sərgini gəzən nazir və qonaqlar bütün bölmələr qarşısında ayaq saxlayıb onların hər biri ilə yaxından maraqlandılar, müəllim və şagirdlərlə söhbət etdilər.
Sərgi haqqında təəssüratını ifadə edən təhsil naziri Misir Mərdanov onun yüksək səviyyədə təşkil olunduğunu və keçirildiyini, sərginin Bakı təhsilində son illər görülmüş işlər, əldə olunan uğurlar barədə tam təsəvvür yaratdığını, iştirakçılara çox maraqlı tərtibatlar təqdim olunduğunu, müxtəlif təhsil müəssisələri kollektivlərinin baxış-sərginin hazırlanmasına böyük əmək sərf etdiklərini vurğuladı. Sərgidən razı qaldığını söyləyən təhsil naziri onun ənənəyə çevriləcəyinə, gələcəkdə belə sərgilərin bölgələrdə də təşkil olunacağına ümidvar olduğunu bildirdi.
YAP sədrinin müavini - icra katibi, millət vəkili Əli Əhmədov da baxış-sərgini yüksək qiymətləndirərək bildirdi ki, sərgi ilə tanış olanda Azərbaycan məktəblərində nə qədər böyük yeni işlərin görüldüyünü, təhsilin nə qədər inkişaf etdiyini, Azərbaycan gənclərinin, xüsusən məktəblilərin nə qədər geniş biliklərə sahib olduğunu, yeniliklər yaratdığını görmək mümkündür.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.2.