İKT üzrə
təlimlərə dair
təqdimat
Mayın 15-də Təhsil Nazirliyində
"Mədəd" təşkilatının
İKT-nin təhsilə
tətbiqi üzrə
təlimlərə dair
təqdimatı keçirildi. Təhsil Nazirliyinin rəhbər
işçilərinin, İKT sahəsində fəaliyyət
göstərən qurumların nümayəndələrinin və
müvafiq təlim kurslarından keçmiş təhsil
işçilərinin iştirak etdikləri tədbiri
giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov
son illər ölkəmizin təhsil sistemində həyata
keçirilən tədbirlər sırasında İKT-nin təhsilə
tətbiqini xüsusi qeyd edib, bu sahədə aparılan işlərin təhsil ictimaiyyətini
razı saldığını söylədi. Görülmüş
işlər barədə tədbir
iştirakçılarına məlumat verən nazir bildirdi
ki, ölkə Prezidentinin 2004-cü il 21 avqust tarixli 353
nömrəli Sərəncamı ilə "Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin
informasiya-kommunikasiya texnologiyaları ilə təminatı
Proqramı (2005-2007-ci illər)" təsdiq olunmuş,
üç il ərzində proqramın həyata keçirilməsi
üçün dövlət büdcəsindən 30 milyon
manat vəsait ayrılmışdır. Ayrılmış vəsaitin
80,6 faizinin texniki avadanlıqların
alınmasına, 15 faizinin elektron tədris vəsaitlərinin
hazırlanmasına, 4,0 faizinin təlimlərin keçirilməsinə,
0,4 faizinin isə proqramın idarə edilməsinə sərf
olunduğunu deyən təhsil naziri proqram çərçivəsində
3693 məktəbə 31677 kompüter, 1103 noutbuk və proyektor
dəsti, 2059 UPS, 2060 çap qurğusu və digər İKT
avadanlığı, 28661 kompüter masası və 23346 stul verildiyini, məktəblərdə
1722 kompüter sinfinin yaradıldığını diqqətə
çatdırdı.
Elektron tədris
vəsaitlərinin yaradılması, müəllimlərin İKT üzrə təlim kurslarına cəlbi istiqamətində atılmış addımlardan bəhs edən nazir Azərbaycan tarixi fənni üzrə 20 adda 37900, kimya fənni üzrə 8 adda 15160, biologiya fənni üzrə 12 adda 22740, fizika fənni üzrə 3 adda 10200 nüsxə elektron vəsaitin hazırlandığını, yerli və beynəlxalq
təşkilatlar tərəfindən
20000 nəfər müəllimin
treninqlərdən keçdiyini
söylədi.
Sonra Misir Mərdanov ölkə Prezidentinin 2008-ci il 10 iyun tarixli 2856 nömrəli Sərəncamı
ilə təsdiq olunmuş "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında
təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində
görülən işlər
barədə məlumat
verərək bir sıra statistik rəqəmləri tədbir
iştirakçılarının diqqətinə çatdırdı.
Nazir bildirdi ki, həmin proqrama uyğun olaraq 2008-2009-cu illərdə
Məlumat və Resurs Mərkəzi yaradılmış, 20 məktəb
"Elektron məktəb" pilot layihəsinə
qoşulmuşdur. 2005-ci ildə "Elektron məktəb"lərə
verilmiş 226 dəst kompüter avadanlığı
götürülərək modernləşdirilmiş və
digər rayonların təhsil şöbələrinə
çatdırılmışdır, əvəzində isə
həmin məktəblərə 300 yeni kompüter
paylanmışdır.
Daha sonra nazir Bakı və Sumqayıt şəhərlərindən "1 şagird - 1 kompüter"
layihəsi çərçivəsində
seçilmiş məktəblərə
Təhsil Nazirliyi tərəfindən 236, "İntel"
Şirkəti tərəfindən
100 ədəd netbukun
hədiyyə olunduğunu
vurğuladı. Nazir habelə ikinci Dövlət Proqramı çərçivəsində kompüterlərin lisenziyalı
proqramlarla təmin olunduğunu, 500 təhsil müəssisəsinin Azərbaycan
Təhsil Şəbəkəsinə
qoşulduğunu, Milli
Təhsil Portalının
yaradıldığını, 5800 nəfər inzibati idarəetmə, 25180 nəfər
pedaqoji və 800 nəfər texniki heyətin təlimlərə
cəlb olunduğunu, təhsil sisteminin informasiyalaşdırılması üzrə normativ-hüquqi
sənədlərin hazırlandığını,
ölkə üzrə
ümumtəhsil məktəblərinə
personal kompüterlər və
200 noutbuk və proyektor dəsti paylandığını, bütün
bu işlərin görülməsi üçün
2008-ci ildə 8 milyon
353 min, 2009-cu ildə isə
14 milyon 980 min manat vəsait xərcləndiyini
bildirdi.
Təhsil naziri çıxışında 2010-cu ildə Dövlət Proqramı çərçivəsində
görülməsi nəzərdə
tutulan işlərə
də toxundu və qeyd etdi
ki, bu il
Azərbaycan Təhsil
Şəbəkəsinə əlavə olaraq 400 təhsil müəssisəsinin
qoşulması və
onların sürətli
İnternetə çıxışla
təmin olunması,
2000 nəfər inzibati
idarəetmə, 2000 nəfər
"Elektron məktəb"
layihəsinə qoşulmuş
məktəblərin, 23000 nəfər
isə digər pedaqoji heyətin təlimlərə cəlb
olunması, Bakı və Sumqayıt şəhərlərinə 2005-ci ildə verilmiş kompüterlərin 1500 ədədinin
modernləşdirilib digər
regionlara göndərilməsi
və həmin müəssisələrə bir
o qədər kompüterin
verilməsi, "Elektron
məktəb" layihəsinə
regionlardan daha 10 məktəbin əlavə
olunması, "1 şagird
- 1 kompüter" layihəsinin
əhatə dairəsinin
genişləndirilməsi məqsədi
ilə əlavə
1500 netbukun verilməsi
planlaşdırılıb.
Təhsil naziri çıxışının sonunda onu da
vurğuladı ki, məktəblərə verilən
İKT avadanlığı nə qədər çox və müasir olsa da onlardan istifadənin
səmərəliliyi, ilk növbədə,
müəllimlərdən, onların bu işə necə hazırlanmasından asılıdır.
Bu baxımdan müəllimlərin İKT üzrə
müvafiq treninqlərdən keçirilməsinin ən vacib
işlərdən biri olduğunu söyləyən təhsil
naziri indiyədək bu işlə "Mədəd" təşkilatının
məşğul olduğunu, bu təşkilatın təhsildə
İKT-nin tətbiqi üzrə işlərin həyata
keçirilməsində mühüm xidmətləri
olduğunu bildirdi və görülmüş işlər barədə
tədbir iştirakçılarını da ətraflı məlumatlandırmaq
üçün sözü "Mədəd" təşkilatının
rəhbəri Emil Məmmədova verdi.
Tədbirdə Emil Məmmədov
və "Mədəd"
təşkilatının məsləhətçisi
Ülkər Babayeva təmsil etdikləri qurumun tarixi, məqsədi və fəaliyyət istiqamətləri,
son 5 ildə gördüyü
işlər barədə
geniş təqdimatla çıxış etdilər.
Təqdimatda bildirildi
ki, fəaliyyət göstərdiyi dövr ərzində "Mədəd"
təşkilatı bir
sıra beynəlxalq qurumlarla, o cümlədən
"İntel", "Ultra" və b. ilə əməkdaşlıq əlaqələri
qurmuşdur.
Təqdimatçılar təşkilatın
təhsildəki fəaliyyətinə
diqqəti yönəldərək
həmin fəaliyyətin
təkmilləşdirməni, pedaqoji ali təhsili,
inzibati heyəti, metodistləri, elektron təhsil vəsaitlərini,
qüsurlu uşaqları,
onlayn icmanı əhatə etdiyini söylədilər. Qeyd olundu ki, "Mədəd"
təşkilatı öz fəaliyyətini iki istiqamət
üzrə qurub, həyata keçirir. Bunlar beynəlxalq təcrübənin
öyrənilməsi və bu təcrübənin Azərbaycanda
tətbiqidir.
Təqdimatda hər iki istiqamət üzrə ayrıca məlumat verildi. Bildirildi ki, təşkilat tərəfindən
2003-2006-cı illər ərzində
beynəlxalq təcrübə
ilə tanışlıq
məqsədi ilə araşdırma aparılıb.
Sonra təqdimatda
Azərbaycan təcrübəsindən
bəhs olundu. Qeyd edildi ki,
"Mədəd"in ölkənin
təhsil sistemində
İKT üzrə təşkil
etdiyi təlimlərdə
məqsəd şəxsiyyətyönümlü
və interaktiv təlim metodlarına, fənn tədris proqramlarına əsaslanma,
pedaqoji və informasiya texnologiyalarından
səmərəli istifadə,
müəllimlərin həm
öyrədən, həm
də öyrənən
kimi iştirak etmələri, dərsin tədqiqat üsulu vasitəsi ilə qurulmasıdır.
Təqdimatda habelə
müəllimlərin peşə
səviyyəsinin təkmilləşdirilməsi,
inzibati idarə heyəti üçün
İKT-nin təhsilə
tətbiqi və idarəetmə sistemləri
üzrə təlim,
"Elektron məktəb"
layihəsi üçün
seçilmiş pilot məktəblərdə
təlimin hər biri haqqında ayrıca məlumat verildi. Müəllimlərin təlimdən əvvəlki
və sonrakı vəziyyəti müqayisəli şəkildə
diqqətə çatdırıldı, müəllim və
şagirdlərin nailiyyətləri qeyd olundu.
Təqdimatda 2005-ci ildən bəri keçirilən təlimlər haqqında bəzi rəqəmlər misal gətirildi. Qeyd olundu ki, təlimlər ölkənin 36 bölgəsinin 2500 məktəbini əhatə edib və 90 təlim mərkəzində aparılıb. Son iki il ərzində İKT üzrə təlim keçmiş müəllimlərin 95 nəfəri "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub.
Tədbirin sonunda bu sahədə fəaliyyəti daha da təkmilləşdirmək və səmərəli etmək üçün təkliflər irəli sürüldü, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov, Bakıdakı 220 nömrəli orta məktəbin direktoru Almaz Əsgərova "Mədəd" təşkilatının xətti ilə görülən işlər haqqında danışdılar.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.2.