"Gənclik - bərabər imkanlar" layihəsi çərçivəsində debat keçirilib

 

Mayın 14-də Xəzər Universitetində Bakı Beynəlxalq Tələbə Klubu (BBTK) Dünya Bankı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gənclik - bərabər imkanlar" layihəsi çərçivəsində debat təşkil etmişdir.

AzərTAc xəbər verir ki, Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Qərb Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti və digər ali məktəb tələbələrinin iştirak etdikləri debatda "Azərbaycanda gender problemi" mövzusu üzrə müzakirələr olmuş, ekspertlər fikirlərini açıqlamışlar. Gənclərin cəmiyyətdə fəallığının daha da artırılmasının zəruriliyi diqqətə çatdırılmışdır.

BBTK-nın prezidenti, "Gənclik - bərabər imkanlar" layihəsinin rəhbəri Aysəba Mirzəyeva layihə çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, gender bərabərliyi məsələsinin inkişaf etdirilməsinin vacibliyini söyləmişdir.

Sonra suallar cavablandırılmışdır.

 

 

Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.1.