Müəllim nüfuzuna həsr olunmuş mətbuat konfransı

 

Mayın 14-də "Trend" Agentliyinin mətbuat mərkəzində Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının təşkilatçılığı ilə "Müasir müəllimin nüfuzu - bu gün və sabah" mövzusunda mətbuat konfransı keçirilmişdir. Müəllim nüfuzunun bərpası və qorunmasında ictimaiyyət və KİV-in rolu məsələsinin müzakirə olunduğu konfransda müxtəlif elm sahələrini təmsil edən nüfuzlu alimlər, məktəb rəhbərləri, müəllimlər, valideynlər və KİV nümayəndələri iştirak edirdilər.

Mətbuat konfransını Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova açaraq müzakirəsinə yığışdıqları məsələnin vacibliyinə və aktuallığına diqqəti yönəltdi. Müəllim nüfuzunun aşağı düşməsinin nəticə etibarı ilə təhsilin keyfiyyətinə mənfi təsir göstərdiyini deyən icraçı direktor bu məsələnin məktəb təhsili almış, müəllim əlindən çıxmış hər kəsi ciddi düşündürməli olduğunu, mövcud vəziyyətin təmsil etdiyi qurumu da narahat etdiyini və bu mövzuda mətbuat konfransı keçirmək təşəbbüsünün də məhz həmin narahatçılıq hissindən irəli gəldiyini diqqətə çatdırdı. T.Şərifova bildirdi ki, bu məsələ rəhbərlik etdiyi təşkilatın idarə heyətində də bir neçə dəfə müzakirə olunmuş, müəllim nüfuzunun aşağı düşməsinin səbəblərinin araşdırılması, təhlili və əldə edilən nəticələrə dair müvafiq təkliflərin hazırlanması məqsədi ilə Azərbaycan Milli VMA müəllimlər və valideynlər arasında sosioloji sorğu keçirmişdir.

Sonra T.Şərifova konfrans iştirakçılarını sorğunun nəticələri ilə tanış etdi. Nümayiş olunan slaydlara istinadən verilən məlumatdan aydın oldu ki, sorğu paytaxtdan və bölgələrdən olan 345 müəllim və valideyni əhatə etmiş, onlara "Azərbaycan reallığında müasir müəllimin mövcud nüfuzu hansı səviyyədədir", "Müasir müəllimin çətinlik və ehtiyacları nədədir", "Klassik müəllimlə müasir müəllim arasında olan fərqlər nədədir", "Müasir Azərbaycan müəllimi hansı keyfiyyətlərə malik olmalıdır", "Müəllimin cəmiyyətdə müqəddəs peşə sahibi kimi nüfuzunu necə bərpa etmək olar" və s. kimi 9 suala cavab vermək təklif olunmuşdur. Respondentlərin 120-si müəllim nüfuzunun aşağı, 195-i orta, 30-u isə yüksək olduğunu bildirmişdir. Müəllim nüfuzunun aşağı düşməsi səbəbləri sırasında maddi-sosial təminat, qeyri-peşəkarlıq, işə məsuliyyətsizlik, mənəvi dəyərləri yüksək tutmamaq və s. amillər ön sırada qeyd olunmuşdur.

T.Şərifova, eyni zamanda psixoloqlar tərəfindən peşə seçmək ərəfəsində olan gənclər arasında müəllimlik sənətinə marağın öyrənilməsi məqsədi ilə keçirilmiş sorğunun nəticələri haqqında da məlumat  verdi. Bildirdi ki, sorğuda iştirak etmiş 300 nəfər IX-XI sinif şagirdinin heç biri özünün gələcək sənəti kimi müəllimliyi qeyd etməmişdir. Bu faktın onda dərin təəssüf hissi doğurduğunu deyən VMA rəhbəri həmin sorğunun nəticələrini də cəmiyyətdə müəllim nüfuzunun aşağı düşməsinin daha bir sübutu kimi dəyərləndirdi. T.Şərifova çıxışının sonunda ümummilli lider Heydər Əliyevin müəllimliyə çox yüksək qiymət verdiyini xatırladaraq bu müqəddəs peşə sahiblərinin nüfuzunun bərpası və qorunmasının hamının müqəddəs vəzifəsi olduğunu vurğuladı.

Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri, professorlar Vaqif Abbasov, Sudeyif İmamverdiyev, Bakıdakı Beynəlxalq Təhsil Kompleksinin direktoru Sara Xanlarova, 177 nömrəli məktəbin direktoru Həqiqə Məmmədova, İctimai Televiziyanın əməkdaşı Cəsarət Valehov və başqaları müəllim nüfuzuna təsir edən amillər, müəllim nüfuzunun aşağı düşməsinin səbəbləri, müasir müəllimlər üçün zəruri olan keyfiyyətlər və s. məsələlərdən söz açıb mövzu ilə bağlı öz fikir və mülahizələrini bildirdilər. Bəzi KİV-lərdə müəllimlərin ünvanına deyilən haqsız iradlar, ayrı-ayrı neqativ halların ümumiləşdirilərək bütün müəllimlərə aid edilməsi, daha çox mənfi hallara diqqət yetirilməsi, müsbət təcrübə nümunələrinin, yaxşı müəllimlərin işinin təbliğinə az yer ayrılması tənqid olundu, müəllimdən, məktəbdən yazarkən, danışarkən daha ehtiyatlı olmaq, bu müqəddəs peşə sahiblərinin heysiyyatına toxunan, şəxsiyyətini təhqir edən söz və ifadələrin işlədilməməsi tövsiyə olundu.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.7.