Əməkdar müəllim

 

Azərbaycan Dövlət Universitetini bitirdiyim 1969-cu ildən bu günədək mətbuatdayam. Mənim bir jurnalist kimi bəxtim onda gətirdi ki, respublika mətbuatında əmək fəaliyyətimin təməli xeyirxah insanların əlləri ilə qoyuldu. O xeyirxah insanlar professor, respublikanın əməkdar müəllimi Tofiq Rəsulov və görkəmli yazıçı-jurnalist Cəmil Əlibəyovdur. O vaxt Tofiq müəllim Azərbaycan KP MK-da işləyirdi, Cəmil müəllim isə "Azərbaycan gəncləri" qəzetinin redaktoru idi.

 

Bu iki dostun birgə qayğısı məni beləcə respublika mətbuatına bağladı. Və mən, əslində, onların simasında böyük xeyirxahlığın nə demək olduğunu gördüm. Bu qayğı mənim taleyimdə əsas rol oynadı. Hansı mətbuatda rəhbər vəzifədə işləmişəmsə, Cəmil müəllim kimi olmağa çalışmışam. Hansısa problemlə üz-üzə qalmış insan görmüşəmsə, Tofiq müəllim kimi yaxşılıq etməyə səy göstərmişəm.

Məni Tofiq müəllimlə atam Əhməd kişi 40 il öncə tanış etmişdi. Atalarımız çox mehriban dost olmuşdular. O vaxt Tofiq müəllim - məndən 20 yaş böyük olan bu gözəl insan boynumu qucaqlayıb demişdi: "Gəl, biz də atalarımız kimi yaxşı dost olaq!". Bu, onun sadəliyindən irəli gəlirdi.

Tofiq müəllimi çox istəyirəm. O, həqiqi ziyalı, son dərəcə səmimi insandır. Bu il mayın 22-də 80 yaşını qeyd edəcəyik. Müdrikliyindən, ürəyinin saflığındandır ki, öz gümrahlığı ilə bizi sevindirə bilir, onun varlığı qohumlar və dostlar üçün Allahdan arzulanan şirin bir diləkdir.

Tofiq Əli oğlu Rəsulov 1930-cu ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində doğulmuşdur. 1947-ci ildə Zəngilan rayonunun Pirçivan qəsəbə orta məktəbini bitirib həmin ildə də Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra, 1952-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunda kabinet müdiri vəzifəsində əmək fəaliyyətinə başlamış, 1954-57-ci illərdə SSRİ EA Fəlsəfə İnstitutunun aspiranturasında təhsil almış, 1958-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, 1958-61-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır. 1961-62-ci illərdə Azərbaycan KP MK-da mühazirəçi, 1962-66-cı illərdə "Azərbaycan kommunisti" jurnalı baş redaktorunun müavini, 1966-69-cu illərdə Bakı Ali Partiya Məktəbinin Fəlsəfə kafedrasının dosenti vəzifələrində işləmişdir. 1969-cu ilin sentyabrında irəli çəkilərək Azərbaycan KP MK-da mühazirəçilər qrupunun rəhbəri təyin olunmuşdur. 1981-ci ildə Bakı Ali Partiya Məktəbinin Fəlsəfə kafedrasının müdiri seçilmişdir. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Fəlsəfə və sosial psixologiya kafedrasının müdiridir.

Tofiq Rəsulov həm gözəl müəllim, həm də gözəl tədqiqatçıdır. Tələbələrinə fəlsəfəni sevdirməyi bacarır. Onun elmi-tədqiqat fəaliyyəti fəlsəfə tarixi, sosiologiya, insan və cəmiyyət, demokratik cəmiyyət quruculuğu prosesində dövlət idarəçiliyinin mənəvi əsasları probleminin işlənilməsinə həsr olunmuşdur. O, ümumi həcmi 90 çap vərəqi təşkil edən 80-dən artıq elmi məqalə, tədris-metodik vəsait, monoqrafiya və kitabların müəllifidir. Çoxsaylı əsərlərin elmi redaktorudur.

Professor Tofiq Rəsulov Azərbaycanda pozitivizm fəlsəfəsi və sosiologiyasının tədqiqi sahəsində ilk müəlliflərdən biridir. Pozitivizmin baniləri O. Kontun, H.Spenserin yaradıcılıqlarına dair bir sıra məqalələr ona məxsusdur. 1960-cı ildə çap olunmuş monoqrafiyasında o, pozitivizmin tarixi formalarını, xüsusən neopozitivizmi nəzərdən keçirir. O zamanlar bu məsələlərin məzmununa tənqidi yanaşılırdı. Bu səpgidə T.Rəsulov tərəfindən Moskvada çıxan "Voprosı filosofii" jurnalının 1956-cı il 6-cı sayında dərc olunmuş "Pitirim Sorokinin türkiyəli həmfikri" məqaləsi indi də maraq doğurur. Burada İstanbul Universitetinin professoru Nurettin Sazi Kösemihalın "Sosiologiya tarixi" kitabında şərh olunmuş sosioloji cərəyanlar, xüsusilə "İktisadi okul" başlığı altında verilmiş Marksın baxışlarının Qərb sosiologiyasının XX əsrdə görkəmli nəzəriyyəçisi, Rusiya mənşəli Pitirim Sorokinin "Müasir sosioloji cərəyanlar" adlı kitabı ilə səsləşməsi, onunla həmfikir olması işıqlandırılır. O zamanlar üçün türk sosioloqu və professorunun əsərini "Voprosı filosofii" jurnalının oxucularına təqdim etmək xüsusi dəyərləndirilməlidir.

Professor Tofiq Rəsulovun təltifləri çoxdur. Lakin onun üçün ən əzizi "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adıdır. Bu ad ona çox yaraşır. Tofiq Rəsulov kimi təmiz, xeyirxah insanlara bu gün daha böyük ehtiyac vardır. Ona 80 yaşın mübarək deyib, yüz ildən çox ömür sürməyini arzulayıram!

 

 

Məhəmməd  BAHARLI

 

Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.7.