Yeni təlim metodları dərsin səmərəliliyini artırır

 

Müəllim... Bu müqəddəs adı şərəflə daşımaq, onu uca tutmaq hər müəllimə nəsib olmur. O müəllim xoşbəxtdir ki, şagirdlərinin sevimlisi olur. Belə müəllimlərdən biri Xırdalan şəhər 5 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Mariya Muradxanovadır. O, 1965-ci ildə Qusar rayonunda anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası metodikası fakültəsini bitirərək pedaqoji fəaliyyətə başlamışdır.

Dərs dediyi hər bir şagirdi öz övladı hesab edən M.Muradxanova  onların gələcəkdə yüksək səviyyəli şəxsiyyət kimi formalaşması üçün var gücü ilə çalışır. Peşəsini sevən və işindən zövq alan Mariya müəllim tələbkarlığı və sadəliyi ilə həm şagirdlərinin, həm də valideynlərin hörmətini qazanıb. Onun gərgin əməyi şagirdlərin yüksək nəticələr əldə etməsinə gətirib çıxarır. Həmin şagirdlər hər zaman çevikliyi və fəal olmaları ilə seçilirlər. M.Muradxanova bir sıra nailiyyətlər də əldə etmişdir. Belə ki, 2007-2008-ci tədris ilində aparılan yekun test imtahanı zamanı dərs dediyi sinif yüksək nəticə göstərib. Bu uğurlarına görə M.Muradxanova RTŞ tərəfindən tərifnamə və diplomla mükafatlandırılıb.

M.Muradxanovanın dediklərindən:

- Hər bir müəllim kimi mən də çalışıram ki, şagirdlərimə yüksək bilik və tərbiyə verəm. Bu bizim qarşımızda duran əsas vəzifələrdən biridir. Biz müəllimlər çalışmalıyıq  ki, gələcəyin qurucuları olan şagirdlər yüksək savad və intellektə sahib olsunlar. Onlar nə qədər elmli olsalar, ölkəmiz bir o qədər güclü, qüdrətli olar. Ulu öndər Heydər Əliyev çox gözəl qeyd edirdi ki, "Təhsil millətin gələcəyidir".

Hazırda respublikamızda bütün sahələrlə yanaşı təhsil sahəsində də islahatlar aparılır. Belə islahatlardan biri də kurikulum islahatıdır. Yeni təlim metodu ilə keçdiyimiz dərslər şagirdlər tərəfindən daha tez öyrənilir. Onlar dərslərdə sərbəst olurlar və bu, ümumi işin xeyrinə müsbət təsir göstərir. Onu da qeyd edim ki, məktəbimizdə şagirdlərin yaxşı təhsil alması ücün hər cür şərait var. Pedaqoji kollektiv bu şəraitdən maksimum yararlanaraq şagirdlərin və respublikamızın gələcəyi naminə var gücü ilə çalışır. Biz arzu edirik kı, bugünkü şagirdlər gələcəkdə beynəlxalq səviyyəli tədbirlərdə, siyasi arenalarda ölkəmizi ləyaqətlə təmsil etsinlər. Biz buna inanırıq və bu inam bizim gücümüzü daha da artırır.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.7.