Azərbaycan Müəllimlər İnstitutu Fransadan əlavə təhsil sistemini öyrənir

 

Azərbaycan Müəllimlər İnstitutu özünün təkmilləşmə və yeniləşmə ənənəsinə sadiq qalaraq təhsillə bağlı mühüm məsələləri öyrənmək və tətbiq etmək məqsədilə ali məktəbin rektoru, professor A.Naxçıvanlının rəhbərliyi ilə dörd nəfərdən ibarət nümayəndə heyəti Fransa Respublikasına səfər etmişdir. Fransanın Versal Akademiyası (İUFM) nəzdindəki  Müəllimlər İnstitutunun dəvəti ilə işgüzar səfərdə olan heyət Fransa Respublikasının təhsilindəki islahatlarla yaxından tanış olmuş, islahatdan əvvəlki və sonrakı vəziyyəti müqayisəli təhlil etmişdir.

 

Səfər iştirakçıları Fransa təhsil sisteminin strukturu, bakalavr təhsil pilləsinin məzmunu, təşkili, idarə edilməsi, təhsildə qiymətləndirilmə sistemi, ölkənin universitetlərində pedaqoji kadrların diplomdansonrakı əlavə təhsilinin təşkili məsələlərini öyrənmiş, təcrübə mübadiləsi aparmışlar.

Fransa Respublikası Georgi-Pontuase Universiteti (UCP) Versal Akademiyasının Müəllimlər İnstitutunun (İUFM-in) direktoru cənab Jan-Pyer Şovalye, beynəlxalq əlaqələr üzrə direktoru Liliyan Lö Pözan, onun köməkçisi Ann-Mari Polo, beynəlxalq xidmətin şöbə müdiri Eliz Reusser, Ann Frank adına kollecin direktoru Lamber, Fransa pedaqoji araşdırmalar üzrə beynəlxalq mərkəzinin rəhbəri Fristan Lesok, həmin mərkəzin layihələr üzrə meneceri Liza Bidanova, pedaqoji araşdırmalar laboratoriyasının aparıcı əməkdaşlarından tarix-coğrafiya fənləri üzrə mütəxəssisləri Valeri Potresm, Pidye Misenar, riyaziyyat-informatika mütəxəssisi Monik Paryes, Paris Təhsil Mərkəzinin mütəxəssisləri Silyan Anr, Fransuaz Sabin, Brijif Riyera, musiqi üzrə mütəxəssis Silvi Falmpen, məktəb, inkişaf və öyrənmə prosesi üzrə mütəxəssis Bruno Robb və başqaları Versal Akademiyasında pedaqoji araşdırmalar mərkəzində, ibtidai məktəb və kolleclərdə, lisey və ilkin pedaqoji kadr hazırlayan müəssisələrdə tətbiq edilən yeni mexanizmlər və hazırda Fransa təhsilində aparılan təhsil islahatlarının zəruriliyinə və əlavə təhsilin vacibliyinə dair  maraqlı söhbətlər, mühazirələr və debatlar aparmışlar.

Dinlənilən mühazirələr, aparılan debatlar və keçirilən görüşlər söyləməyə əsas verir ki, Fransa Respublikasında ixtisasartırma təhsili UNİM-lərdə (Universitet Nəzdində İnterna Məktəbi) həyata keçirilir. Respublikada məktəblərin gələcəyi, proqram  və istiqamətini nəzərə almaqla 25 aprel 2005-ci ildə UNİM-lə  bağlı qanun qəbul olunmuşdur. Versal Akademiyasında ilk UNİM 1 yanvar 2007-ci ildə Serj-Pantuaz Universitetinin interna məktəbi olmuşdur. Fransa Respublikasında hər akademiya üzrə 1 UNİM fəaliyyət göstərir. Ümumilikdə, 31 UNİM fəaliyyətdədir. Bunlardan 26-sı paytaxtda, 4-ü Dominikan Respublikasında, 1-i Sakit okeanda yerləşir.

 

UNİM- lərin vəzifələri bunlardır:

 

- Tələbələrin birinci və ikinci dərəcəli müəllimlərin ixtisasartırması müsabiqəsinə hazırlanması;

- Təcrübəçilərin ilkin peşə hazırlığı, müsabiqə qalibi;

- Dərəcəli müəllimlərin ixtisasartırmada iştirakı;

- Təhsildə ixtisasartırmada təzminat.

Fransa Respublikasında müəllimin keçdiyi inkişaf yolu təqdim olunan sxem üzrə reallaşır:

Sxemdən göründüyü kimi, islahata qədər - yəni 2010-cu ilədək  Fransa Respublikasında müəllim ixtisası üzrə təhsil alan 3 illik lisans təhsildən sonra iki il ərzində 2 mərhələdə -  müsabiqə yolu ilə I UNİM və dərəcə almaq məqsədilə II UNİM-dən keçir və maqistr-1 dərəcəsi alırdı. Daha 2 semestr təhsil alaraq maqistr-2 dərəcəsinə layiq görülür və müsabiqədən keçərək tam təhsilli müəllim hesab olunurdu. Sxemə əsasən söyləmək olar ki, islahatdan sonra tam təhsilli mütəxəssisə verilən tələblər kifayət qədər dəyişmişdir. Belə ki, 3 illik lisans təhsildən sonra bir il iki semestr təhsil alaraq magistr-1dərəcəsi alan müəllim ikinci il yenə də iki semestrdə təhsilini davam etdirərək (Universitet+UNİM) maqistr-2 dərəcəsinə layiq görülür. Sonuncu mərhələ kimi müsabiqəyə qoşulur və tam təhsilli müəllim-dövlət məmuru statusu alır. Bu inkişaf yolu ilə Azərbaycan müəlliminin keçdiyi inkişaf yolunu müqayisə etdikdə fərq aydın görünür:

 

Azərbaycan müəlliminin keçdiyi inkişaf yolu

 

Müqayisə etməkdə məqsəd Fransa təhsilini təqlid etmək deyil. Bu,əlbəttə, mümkün deyil. Lakin bəzi məqamlar düşündürücüdür. Burada insanın təhsilə ayırdığı vaxtın həm səmərəli, həm də qənaətlə istifadəsi, təlimin əsasən peşəkar bacarıqların formalaşmasına xidmət etməsi, düşünürük ki, təqdirəlayiqdir. Xüsusilə, respublikamızda ixtisasartırma təhsilinin kredit sisteminə keçidi ərəfəsində bu məqamlara diqqət yetirmək bizim üçün faydalı ola bilər.

Fransada müəllim hazırlığında həm lisans, həm də ixtisasartırma təhsilində ən çox diqqətimizi çəkən tədris-tematik planın tərtibidir. Belə ki, lisans səviyyəsində müxtəlif fənlər üzrə tədris-tematik planda hər semestrdə 30 kreditin 4-ü,  312 saatın isə 48-i metodologiya ilə bağlı staj üçün ayrılmışdır. Demək, müəllim ixtisası alan  bir tədris ilində 96 saat metodoloji staj keçir ki, bu da təhsil alanın peşəkar bacarıqlarının formalaşmasına xidmət edir.

Fransa Respublikasında I dərəcəli tədris və təlim peşələri ixtisasının   iki istiqaməti var: I- Bağçatipli və ibtidai məktəb müəllimi ixtisası, II- Qarşılıqlı münasibətlərdə təlim-tərbiyə işinin öyrənilməsi. Bu iki ixtisasın hər biri üzrə təhsil alan üçün isə metodologiya ilə bağlı staja ayrılan saat daha çoxdur. Bu ixtisasların hər birinə yiyələnmək üçün tələbə 4 semestr təhsil alır. I istiqamət üzrə təhsil alan tələbə hər semestrdə müxtəlif sayda staj keçir. I semetrdə dərs yükü ilə bərabər, o, ikihəftəlik - 54 saatlıq müşahidə stajı (passiv) keçir, II semestrdə yenə ikihəftəlik təcrübə stajı (aktiv) 54 saat, III semestrdə isə o, birhəftəlik - 27 saatlıq staj (passiv), IV semestrdə 3 həftəlik 81 saat staj keçir. Ümumilikdə 4 semestr ərzində tələbə 216 saat həm passiv, həm də aktiv staj keçir.Əlbəttə, qeyd olunanlar bizim təhsil sistemimizdə bakalavr səviyyəsində təhsil alan tələbə üçün ayrılan təcrübə saatı ilə müqayisə olunmazdır. Beləliklə, Fransada tələbədə bacarıqların formalaşması istiqamətində gedən iş onun gələcəkdə yüksək peşəkarlığa malik müəllim kimi yetişməsinə xidmət edən vacib amillərdən biridir və düşünürük ki, örnək olası bir məsələdir.

Təcrübə mübadiləsi əsasında öyrəndik ki, ixtisasartırma təhsilində də staja kifayət qədər saat ayrılmışdır. Əldə etdiyimiz informasiyaya və bizə təqdim olunmuş rəsmi sənədlərə əsasən demək olar ki, Fransa Respublikasında müəllimlərin ixtisasartırma təhsili "Öyrədənlərin öyrədəni" ixtisası  iki istiqamətdə aparılır: I istiqamət - Öyrədənləri öyrədən, II istiqamət - Peşəkarlığın öyrədilməsi. Qeyd etmək lazımdır ki, I istiqamət  bizim əlavə təhsil sistemindəki ixtisasartırma təhsilinə, II istiqamət isə müəllimlərin təkmilləşdirilməsi və staj keçməyə uyğun gəlir.

Lakin yenə də burada təcrübəyə ayrılan saat diqqəti cəlb edir. Belə ki, hər iki istiqamətdə tədris-tematik planda təcrübəyə 40 saat yer verilmişdir. Bu halda bizim "Oyrədənlərin öyrədilməsi" kurslarına üç mərhələdə birlikdə cəmi 18 saat təcrübəyə vaxt ayrılmışdır. Beləliklə, təhlillər belə bir qənaətə gəlməyə əsas verir ki, ümumiyyətlə, Fransa təhsilində təcrübə nəzəri biliklərin önündə gedir. Bu isə təhsilin keyfiyyətinin təminatıdır desək, yanılmarıq. Fikrimizcə, bu gün respublikamızda müəllim hazırlığında bizim ən böyük ehtiyacımız olan  təcrübə gələcəkdə bizim müəllimlərin də peşəkarlığının yüksəlməsinə  müsbət təsir göstərə bilər, əlbəttə, əgər tədris-tematik planlarımızda müvafiq dəyişikliklər edə bilsək.

İxtisasartırma kurslarının tədris - tematik planında diqqətimizi çəkən daha bir məsələ tədrisin bir hissəsinin distant təhsillə təklif olunmasıdır. Bu istiqamətdə distant təhsildən istifadə bir çox baxımdan səmərəli ola bilər. Əlbəttə, bu gün respublikamızda bu təhsil növü hələ geniş tətbiq olunmasa da, gələcəkdə onun məhz ixtisasartırma təhsili istiqamətində tətbiqi həm bu təhsilə israf edilən maliyyəyə qənaət baxımından, həm də peşəkarlığını artırmaq istəyənlərə əlverişli şərait yaratmaq və onların çoxsaylılığını təmin etmək baxımından kifayət qədər məqsədəuygun hesab oluna bilər.

"Çox gəzən çox bilər", - deyiblər atalar. Fransa Respublikasına səfərin nəticələri bu deyimin də təsdiqinə rəvac verdi. Bu səfərdən AMİ-nin nümayəndə heyəti dərin təəssüratla, gərəkli materiallar və ən əsası, təcrübə mübadiləsi üçün müqavilə təklifi ilə dönmüşdür.     

 

 

Rahim ƏZİZOV,

 

Rafiq RƏSULOV

 

Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.5.