Qabaqcıl təhsil işçisi

 

Son illər Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında yaranmış işgüzar əməkdaşlıq özünün müsbət nəticələrini verməkdədir.

Təhsil Nazirliyi və TİAHİ Respublika Komitəsinin birgə iştirakı ilə keçirilən müxtəlif tədbirlər özünün mahiyyətinə və əhəmiyyətinə görə ictimaiyyət tərəfindən maraqla qarşılanır. Bu işlərin uğurla həyata keçirilməsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin  müavini Şaiq Əsgərov yaxından iştirak edir.

Ş.Əsgərov 2000-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru yanında yaradılmış nəzarət və tərbiyə işləri üzrə komissiyanın sədri, 2001-ci ildən isə universitetdə tərbiyə işləri üzrə prorektor vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədə işlədiyi  müddətdə daim öz işinə məsuliyyətlə yanaşmış, dövlətimizin müəyyən etdiyi təhsil siyasətinin uğurla həyata keçirilməsində gərgin əmək fəaliyyəti göstərmişdir. Onun əməyi Təhsil Nazirliyi tərəfindən qiymətləndirilərək Fəxri fərmana layiq görülmüşdür. 2006-cı ilin dekabrınadək prorektor vəzifəsində çalışan Ş.Əsgərov elə həmin il  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini vəzifəsinə seçilmişdir. Ş.Əsgərov özünün yüksək təşkilatçılığı və bacarığı ilə fərqlənərək 2009-cu ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin qərarı ilə "Yubiley medalı"na layiq görülüb.

Ş.Əsgərov ATİAHİ Respublika Komitəsi sədrinin müavini kimi istər ölkəmizdə, istərsə də komitənin üzv olduğu beynəlxalq təşkilatlarda öz işini layiqincə yerinə yetirir. O, Təhsil Nazirliyi ilə keçirilən birgə tədbirlərin icrasına məsul şəxs kimi daim çalışdığı təşkilatın mənafeyini düşünür, eyni zamanda təhsil işçilərinin və  təhsil alanların əmək, sosial, iqtisadi hüquqlarının qorunmasına çalışır.  Onu da qeyd edək ki,  iqtisad elmləri namizədi olan Şaiq müəllim  hazırda ADİU-nun Marketinq və ticarət kafedrasının baş müəllimi kimi elmi fəaliyyətlə də məşğul olur.

Şaiq Əsgərovun hər zaman işinə məsuliyyətli olması, ölkənin təhsil sahəsində baş verən proseslərdə fəallığı, onun gərgin əməyi diqqətdən kənarda qalmayıb. Belə ki, bu günlərdə "Ən yaxşı ümumtəhsil  məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin, həmçinin şagirdlər arasında müsabiqə və olimpiadaların keçirilməsində yaxından iştirakı və xidmətlərinə görə o, Təhsil Nazirliyinin "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.

Bu münasibətlə Şaiq Əsgərovu təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq.

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.5.