Melburn Universiteti
Yerləşir: Avstraliya, Viktoriya ştatı, Melburn şəhəri
Yaranma tarixi:
1853-cü il
Tipi: Dövlət
İşçi heyəti: 6500 nəfər
Tələbələrin sayı: 45800 nəfər
İllik gəlirləri: 1530601000
Avstraliya dolları
İllik xərcləri: 1525329000 Avstraliya dolları
Rəsmi saytı: www.unimelb.edu.au
Melburn
Universiteti (
Melburn
Universiteti Avstraliyanın "Səkkizlik Qrupu"nun,
"Universitetlər 21" beynəlxalq elmi-tədqiqat, Sakit
okean regionu universitetləri assosiasiyalarının
üzvüdür. Avstraliya ali məktəbləri arasında Melburn
Universiteti biznes, pedaqogika, texnologiya, incəsənət,
hüquq və tibb sahələri üzrə liderlik əldə
edib.
Tarixi
1853-cü ildə
dövlət xadimi Hyu Çaylders Viktoriya ştatının
parlamentinə Melburn Universitetinin yaradılması haqqında akt
təqdim edir və bu təklif qəbul edilir. Universitetdə
ilk dərslər 3 professor və 16 tələbənin
iştirakı ilə 1855-ci ildə keçilir.
Universitet binasının rəsmi açılışı
1855-ci il oktyabrın 3-də ştatın
vitse-qubernatoru Çarlz Hothemin iştirakı ilə baş
tutur. Ali məktəbin ilk kansleri Redmond Barri təyin
edilir və o, bu vəzifədə ömrünün sonuna qədər,
1880-ci ilədək qalır.
Universitetdə
ilk vaxtlar yalnız hüquq elmi tədris olunur, lakin şəhər
sakinlərinin tələbi nəticəsində 1857-ci ildə
burada tibb, 1860-cı ildə isə mühəndislik fakültələri
açılır. 1881-ci ildə universitetə qızlar qəbul
olunmağa başlayır. Sonrakı illər Melburn
Universitetində gərginlik yaşanır, 1902-ci ildə isə
ali məktəb faktiki olaraq müflis olur.
1886-cı ildən 1901-ci ilə qədər universitetin xəzinədarı
vəzifəsində çalışmış Frederik
Diksonun dələduzluq edərək külli miqdarda vəsaiti
mənimsəməsi faktı aşkarlanır və o, yeddi il müddətinə azadlıqdan məhrum
edilir. Universitetdə kral komissiyası təşkil
olunur, nəticədə yeni maliyyə, tədris, təsərrüfat,
təhsil strukturları yaradılır, önəmli islahatlar
həyata keçirilir.
I Dünya
müharibəsi zamanı universitetdə yenə idarəolunma
ilə bağlı problemlər yaranmağa başlayır. 1923-cü ildə
rəhbərlik universitet Senatına həvalə olunur. Tələbələr iki Senat üzvü seçmək
hüququna malik olur. Həmin dövrdə isə tələbələrin
əksəriyyəti varlı ailələrin övladları
idi, istedadlı və təqaüd alan tələbələr
azlıq təşkil edirdi. Universitetin vitse-kansleri Reymond
Pristli ilk olaraq burada maaş tətbiq edir.
1922-ci ildə Melburn Universiteti Mətbuatı yaradılır,
bu, Avstraliyada ilk ali məktəb mətbuatı
olur.
II Dünya
müharibəsindən sonra Avstraliya dövləti Melburn
Universitetinə maliyyə yardımlarını artırır,
tələbələrin sayı artır və bir sıra təhsil
islahatları aparılır. Universitet sürətli
inkişaf yoluna qədəm qoyur. 1955-ci ildə
Avstraliyada ilk kompüter hazırlanır və Melburn
Universitetində quraşdırılır. 1989-cu ildə Melburn
Universiteti AARNET-ə birləşərək İnternetə
ilk qoşulan Avstraliya universiteti olur.
2003-cü ildə Melburn Universiteti təntənəli
surətdə 150 illik yubileyini qeyd edib. 2008-ci ildə
universitetdə yeni tədris proqramı qəbul olunub. Həmin proqram hazırda Melburn təhsil modeli kimi
tanınır.
Büdcə və təhsil haqqı
2009-2010-cu tədris ilində
Melburn Universitetində təhsil alan
avstraliyalı tələbələrin təhsil haqqı məktəb
və fakültədən asılı olaraq bakalavr pilləsində
17600-47300 Avstraliya dolları (AU$), magistratura və doktorantura
pillələrində isə 11300-30650 Avstraliya dolları
arasında dəyişir. Əcnəbi tələbələrin
təhsil haqqı tələbənin oxuduğu fakültə
və proqramdan asılı olaraq bakalavr pilləsində
16000-58700 Avstraliya dolları arasında dəyişir. Əksər fakültələrin qiyməti 29500
Avstraliya dolları təşkil edir. Ən
bahalı fakültə tibb elmləri fakültəsidir (58700
dollar). Magistratura və doktorantura pillələrində
oxuyan əcnəbi tələbələrin təhsil haqqı
isə 21250-44650 Avstraliya dolları arasında dəyişir.
Melburn
Universitetinin təqaüd proqramı Avstraliyanın ən
böyük və dolğun proqramlarından biridir. 300-dən
çox tələbə (yerli, əcnəbi, aborigen və s.)
universitetin ayırdığı təqaüddən bəhrələnir.
Təqaüd təhsil haqqını qismən və ya tam örtə
bilər. Təqaüd almaq üçün tələbələrin
qarşısında bir sıra şərtlər qoyulur: ailə
büdcəsi, savadlılıq, yaradıcılıq,
istedadlılıq, davamiyyət. Tələbə
bütün meyarlara cavab verərsə, təqaüd ala bilər.
Burada tələbələrə verilən təqaüdün
məbləği təxminən ildə 5000-20000, 60000
Avstraliya dolları arasında dəyişir. Melburn Universitetində də, digər dünya
universitetlərində olduğu kimi, müxtəlif təqaüdlər
təklif olunur. Bundan əlavə, Avstraliya
hökuməti ayrıca tələbələr
üçün təqaüd ayırıb.
2009-cu ildə
Melburn Universitetinin illik gəlirləri ümumilikdə
1530601000 Avstraliya dollarına bərabər olub. Həmin məbləğin
676565000 Avstraliya dollarını Avstraliya dövlətinin
qrantları, 412354000 Avstraliya dollarını təhsil haqqı
və rüsumlar, 83179000 Avstraliya dollarını investisiya gəlirləri,
23069 Avstraliya dollarını məsləhətləşmə
və müqavilələr, 6516 Avstraliya dollarını ticarət
nişanı və lisenziyalar, qalanlarını isə digər
gəlirlər təşkil edib.
Həmin ildə
universitetin illik xərcləri isə ümumilikdə 1525329000
Avstraliya dolları olub. Bu vəsaitin 765662000 Avstraliya dollarını
işçi heyətin maaş və məvacibləri, 87067000
Avstraliya dollarını qiymətdən düşmə və
amortizasiya, 54663000 Avstraliya dollarını investisiya xərcləri,
51190000 Avstraliya dollarını təmir və xidmətlər,
qalanlarını isə digər xərclər təşkil
edib.
Universitet bu gün
Melburn
Avstraliyanın ikinci ən böyük və kosmopolit şəhəridir. 3,5 milyon
əhalisi olan şəhəri adətən Avstraliyanın mədəniyyət
və idman paytaxtı adlandırırlar. Ümumdünya
Səhiyyə Təşkilatı Melburn şəhərini
yaşamaq və oxumaq üçün ən təhlükəsiz
və rahat yer kimi qiymətləndirib. YUNESKO
isə Melburnu "Ədəbiyyat şəhəri" adlandırıb.
Əgər siz dinamik şəhər
axtarırsınızsa, Melburnda istədiyinizi tapa bilərsiniz.
Melburn
Universitetinin əsas kampusu Melburn şəhərinin ətraf qəsəbəsi
olan Parkvilldə yerləşir. Müxtəlif
üslublarda inşa edilmiş tikililər, fontanlar, parklar
kampusa xüsusi gözəllik bəxş edir. Kampusun binaları ilk vaxtlar qotik və Renessans
üslublarda tikilsə də, 1950-ci ildən inşa edilən
tikililər modern üslubdadır. Bundan irəli
gələrək, hazırda kampusda müxtəlif
görünüşlü binalara rast gəlmək olar. Kampusdan Melburn şəhərinin mərkəzi
aeroportuna 30 dəqiqəlik məsafə var. Kampus daxilində
tələbə və müəllimlərə xidmət
göstərən çoxlu sayda avtobus və tramvay
mövcuddur.
Melburn
Universitetinin Viktoriya ştatında bir neçə kampusu var.
Bunlar Burnli, Kresvik, Duki, Uerrib, Soutbank, Şipperton, Houtorn,
Viktoriya İncəsənət Kolleci kampuslarıdır. Həmçinin
universitetin Avstraliya Funksional Genomika Zavodu, Qoulbern Valli regionunda
kənd təsərrüfatı, səhiyyə və təhsil
mərkəzləri mövcuddur.
Melburn
Universiteti tələbələrin burada qalmaları
üçün çoxlu sayda variant təklif edir. Tələbələrin əksəriyyəti
kampus daxilindəki yataqxanalarda, bir qismi kampusda onlar
üçün ayrılmış xüsusi evlərdə,
digər qismi isə şəhərdə universitetə yaxın yerləşən
evlərdə kirayə və ya ailələrdə qalmağa
üstünlük verir. Tələbə Yataqxana Xidmətinin
köməyi ilə gənclər şəhərdə istədikləri
şəraitə uyğun yaşayış yeri tapa bilərlər.
Kampus daxilindəki
böyük yataqxanalardan Triniti, Ormond, Kuins, Nyumən, Müqəddəs
Meri, Müqəddəs Hilda, Uitli kollecləri, Cenet Klark, Midli,
Beynəlxalq və s. rezidensiyaları qeyd etmək olar. Yataqxanalarda 52 həftəlik qalmağın qiyməti
otağın sayından və şəraitdən asılı
olaraq 14700-35000 Avstraliya dolları arasında dəyişir.
Ailələrdə 40 həftə qalmaq tələbəyə
14800-19200 Avstraliya dollarına başa gəlir. Birillik qidalanmaq, kommunal, telefon, nəqliyyat, şəxsi
xərcləri ödəmək üçün isə tələbəyə
500-750 Avstraliya dolları lazımdır.
Melburn Universitetinin nəzdində
memarlıq, inşaat və planlaşdırma fakültəsi,
Melburn Dizayn Məktəbi; incəsənət fakültəsi,
Humanitar və Sosial Elmlər Ali Məktəbi (magistr və
doktorantlar üçün) biznes və iqtisadiyyat fakültəsi,
Biznes və İqtisadiyyat Ali Məktəbi; Melburn Təhsil
(pedaqogika) Ali Məktəbi, Tədris, Ali Təhsil məktəbləri;
Melburn Mühəndislik Məktəbi, Mühəndislik Ali Məktəbi;
Yer və Ətraf Mühit Elmləri Məktəbi, Yer və Ətraf
Mühit Elmləri Ali Məktəbi, Ekoloji Proqramlar Ofisi;
Hüquq Məktəbi, hüquq doktorluğu, magistrı
fakültələri; tibb, stomatologiya və səhiyyə, tibb, stomatologiya və səhiyyə
sahələri üzrə tədqiqatlar magistraturası; Melburn
Tədqiqatlar Ali Məktəbi, Melburnda tədqiqatlar
magistraturası; dəqiq elmlər fakültəsi, Melburn Elmlər
Ali Məktəbi; baytarlıq elmləri fakültəsi, baytarlıq elmləri sahəsi
üzrə tədqiqatlar magistraturası; VCA və musiqi
fakültəsi, Tədqiqatlar Ali Məktəbi, Melburn Biznes Məktəbi,
Mt Eliza İdarəedici Təhsil Məktəbi fəaliyyət
göstərir. Burada fakültələrdə bakalavrlar, ali məktəblərdə isə magistr və
doktorantlar təhsil alır. Universitet 340-dan
çox magistr və doktorluq proqramı təklif edir.
Melburn
Universitetinin təhsil modeli Avropanın, Asiyanın, Şimali
Amerikanın təhsil sisteminin ən yaxşı xüsusiyyətlərini
özündə cəmləşdirən tədris
proqramıdır. Bu model üç nəticədən (əmək fəaliyyəti,
ali ixtisas, yüksək tədqiqat dərəcələri)
birinə gətirən 87 əsas sahə üzrə 6 yeni səviyyədən
ibarətdir: incəsənət, biotibb, kommersiya, ətraf
mühit, musiqi, elmlər bakalavrı səviyyələri. Böyük təcrübə nəticəsində
universitet elmi-tədqiqat layihələrini daha da genişləndirir,
yeni-yeni tədris proqramları qəbul edir, doktorluq tədqiqatlarını
və akademik mobilliliyi gücləndirir. Melburn
Modeli tələbənin şəxsi keyfiyyətlərinin
inkişafı, onun magistratura və doktorantura pilləsinə
daha da hazırlıqlı olması, gələcəkdə
uğurlu karyera əldə etməsi məqsədi ilə
işlənilib.
Melburn Universiteti ilə əlaqəli
elmi-tədqiqat mərkəzlərindən Piter Doherti
İnfeksiya və İmmunitet, Flori Neyroelmlər, Bio21 Molekulyar
Tədqiqatlar və Biotexnologiya, Melburn Tətbiqi İqtisadi və
Sosial Tədqiqatlar, Viktoriya ştatının Əqli
Sağlamlıq Tədqiqatları, Merdok Uşaq Tədqiqatları,
Müqəddəs Vinsent Tibbi Tədqiqatlar, Makfarleyn Bernet Tibbi Tədqiqatlar və
Səhiyyə, Yaşlaşma Milli Elmi-Tədqiqat, Bionik Qulaq,
Postkolonial Elmlər, Piter
MakKallem Xərçəng, Uolter və Eliza Tibbi Tədqiqat,
Tasmaniya-Asiya-Sakit okean və Tasmaniya, Nossal Qlobal Səhiyyə
institutları, Avstraliya Göz Tədqiqatları Mərkəzi,
Avstraliya və Yeni Zellandiya Hökumət Məktəbini qeyd
etmək olar.
Melburn
Universitetinin kitabxanası Avstraliyanın ən zəngin
kitabxanalarından biridir. Hər gün
kitabxanaya minlərlə oxucu gəlir. Kitabxanaya 3,5
milyon cild kitab, DVD və fotoslayd, not, xəritə,
dövri və çaplı nəşr,
eləcə də 32000 elektron kitab, yüzlərlə verilənlər
bazası, 63000 ümumi və xüsusi rəqəmsal jurnal və
s. daxildir. Kitabxananın kataloqunda 111000 ingilis
dilində kitabının disk yazısı mövcuddur. Bunlar İngiltərə, İrlandiya, Şotlandiya,
Uels, Şimali Amerikanın Britaniya müstəmləkəsi
olduğu dövrdə çap edilmiş kitablardır.
Kitabxana sistemində Memarlıq, Beylye İncəsənət,
Braunless Biotibbi, Kimya, Yer Elmləri, Şərqi Resurs Mərkəzi,
Giblin İqtisadiyyat və Ticarət, Torpaq və Qida
Resursları, Hüquq, Lenton Parr Musiqi, Təsviri və
İfaçılıq İncəsənəti, Luiza
Hanson-Dayer Musiqi, Riyaziyyat, Fizika, Baytarlıq kitabxanaları fəaliyyət
göstərir. Kitabxananın personalı
oxuculara müəlliflik hüququ, informasiya və bilik idarəetməsi,
informasiya arxitekturası və layihəsi, eləcə də
digər məsələlərlə bağlı məsləhətlər
verir.
Hazırda
Melburn Universitetinin kansleri ixtisasca hüquqşünas olan Aleks
Çernov, vitse-kansleri isə Qlin Devisdir. Universitetdə
6500-dən çox əməkdaş çalışır.
Onların əksəriyyəti dünya üzrə
tanınmış alimlər, Nobel mükafatı laureatları
(Mikrobiologiya və immunologiya şöbəsinin əməkdaşı,
professor Piter Doerti, iqtisadçılar Ceyms
Mirrlis və Klayv Qrencer), Rods təqaüdçüləridir.
Melburn Universiteti bütün sahələr
üzrə beynəlxalq seminarlarda, konfranslarda iştirak edir və
fərqli tədqiqat nümayiş etdirir.
Melburn
Universitetində ümumilikdə 45800 tələbə təhsil
alır. Onların 11000-dən çoxu dünyanın 120-yə
yaxın ölkəsindən olan əcnəbi tələbələrdir.
Əcnəbi tələbələrin əksəriyyəti
Asiyadan, xüsusilə Çin, Malayziya, Sinqapur və
İndoneziyadan olan gənclərdir.
Melburn
Universitetinin Tələbə Təşkilatı burada oxuyan gənclərə
geniş xidmətlər təklif edir. Təşkilat hər
tələbəyə görə universitet rəhbərliyi
qarşısında cavabdehlik daşıyır. 1925-ci ildən universitetdə "Farrago" tələbə
qəzeti dərc olunur.
Universitetdə
tələbə həyatı çox maraqlı təşkil
olunub. Tələbələr müxtəlif laboratoriyalara,
institutlara, zavodlara, xəstəxanalara, fermalara və digər
müəssisələrə ekskursiyalar təşkil edir,
şəhərcikdə keçirilən tədbirlərdə,
tamaşalarda, sərgilərdə, seminarlarda, kütləvi
mühazirələrdə, idman yarışlarında
iştirak edir, özlərinə yeni-yeni dostlar qazanırlar.
Melburn
Universiteti ölkə universitetləri arasında təşkil
olunan idman yarışlarında çox zaman ölkə
çempionu olub. Universitetdə 39-dan çox idman klubu fəaliyyət
göstərir. Universitetin kampusunda fitnes və
sağlamlıq üzrə Boreper Mərkəzi var. İkimərtəbəli
mərkəzdə açıq və örtülü fitnes zalları, hovuz, masaj və
fizioterapiya klinikaları, yoqa və pilates guşələri
yerləşir. İdman kompleksində isə
stadion, voleybol, basketbol, xokkey, velosiped, qaçış
meydançaları, skvoş, kriket zalları, tennis kortları
və s. var. Ali məktəbin futbol klubu 1859-cu ildən fəaliyyət
göstərir. Universitetin reqbi futbol klubu
bu sahə üzrə Avstraliyanın ən güclü
komandalarından biridir. "Mugars"
qadın reqbi komandası, Kriket Klubu (onları sadəcə
"Universit" də adlandırırlar), xokkey, velosiped
komandaları da idman yarışlarında böyük nailiyyətlər
əldə ediblər.
Melburn
Universiteti tələbələrə zəngin və hərtərəfli
təhsil verməklə yanaşı, onlara tədqiqatlara və
tədrisə sərbəst yanaşmaq, şəxsi fikirlər
irəli sürmək imkanı yaradır. Tələbələr
universitetin müəllim və tədqiqatçıları ilə
əməkdaşlıq əlaqələri quraraq hər
hansı bir nəticənin əldə olunmasına birlikdə
nail olurlar. Beləliklə, effektli tədris təcrübəsinin
əldə olunması və inkişaf etdirilməsində tələbənin
də rolu olur. Bununla yanaşı, tədris prosesi
zamanı tələbələr başqa universitetlərin tələbələri
ilə əlaqələr yaradır, ali təhsil
ocağının məktəbdənkənar həyatında,
diskussiya və debatlarda fəal işirak edir, universitetin
akademik şərtlərinə, xüsusilə müəlliflik
hüquqlarına hörmətlə yanaşır və onlara
riayət edir. Bir sözlə, Melburn Universiteti gənclərin
arzuladıqları təhsili ala biləcəyi ən mükəmməl
elm ocaqlarından biridir.
Universitetin məşhur məzunları
Alfred Dikin Avstraliyanın
2-ci Baş naziri
Robert Menzies Avstraliyanın
12-ci Baş naziri
Harold Holt
Avstraliyanın 17-ci Baş naziri
Cim Keyrns Avstraliyanın Baş
nazirinin müavini
Kris Maksvell Avstraliya
Apelyasiya Məhkəməsinin prezidenti
Baron Riçard Kesi Avstraliyanın
16-cı general-qubernatoru
İsmayıl Əbdül
Rəhman Malayziyanın Baş
nazirinin sabiq müavini
Kirsti Svord Gusmao Şimali Timorun birinci
xanımı
Frank Makfrleyn Burnet tibb üzrə Nobel
mükafatı laureatı
Con Keryu Ekkles tibb üzrə Nobel
mükafatı laureatı
Elizabet Blekburn tibb üzrə
Nobel mükafatı laureatı
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.14-15.