Azərbaycan Demokratik Cümhuriyyəti
dövründə xalq maarifi
Böyük Oktyabr sosialist inqilabından sonra parçalanmış Rusiya imperiyasının ucqarlarından olan Zaqafqaziyada xüsusi qurum - Zaqafqaziya hökuməti - Zaqafqaziya Komissarlığı (noyabr 1917 - mart 1918) yaradıldı. 1918-ci il aprelin 28-də Zaqafqaziya Seymi Rusiyadan asılı olmayan Azərbaycan, Gürcüstan və Ermənistanı birləşdirən Zaqafqaziya Demokratik Federativ Respublikasını elan etdi. Zaqafqaziya Demokratik Federativ Respublikası dərhal xüsusi nazirliklər, o cümlədən də Maarif Nazirliyi təsis etdi.
Xoyski Fətəli xan İsgəndər oğlu (7.12.1875 - 19.06.1920) Zaqafqaziya Demokratik Federativ Respublikasının ilk maarif naziri olmuşdur.
1918-ci ildə müvəqqəti
Zaqafqaziya hökuməti dağıldı. Gürcüstan
müstəqil respublika elan olundu. Bundan sonra ilk mərkəzi Gəncə
şəhəri olan Azərbaycan Demokratik Cümhuriyyəti
elan edildi. Bu tarixi hadisə Azərbaycanda baş verən
ictimai-siyasi mübarizələrin tarixi nəticəsi idi.
Dövrün milli mətbuatında
mövcud gerçəklikdən narazılıq, etiraz və
şikayət notları gələcək istiqlal
konsepsiyasının əsası kimi müəyyənləşirdi.
Milli təfəkkürə, qan yaddaşına, soykökə
qayıdış, milli oyanış, xalqın
varlığında qaynayan azadlıq istəyi artıq
gerçək həqiqətə çevrilirdi. Azərbaycanda
fəaliyyət göstərən
bir sıra partiyalar həqiqətə çatmaq naminə
birləşərək Azərbaycan vətəndaşının
ictimai mübarizələr səhnəsinə
atılmasını başlıca vəzifə sayırdı.
Bu vəzifənin
reallaşması isə millətin milli müstəqilliyə
malik olmasını tarixi zərurətə çevirmişdi.
M.Ə.Rəsulzadənin çıxardığı siyasi-fəlsəfi
nəticə belə idi: "Milli müstəqilliyə malik
olmayan bir millət azadlıq və haqqını qoruya bilməz".
Artıq bu tarixi-siyasi arzu
reallaşmışdı. 28 may 1918-ci ildə milli müstəqilliyini
elan edən Azərbaycan hökumətinin fəaliyyətində
mühüm yer tutan başlıca istiqamətlərdən biri
ölkənin ərazi bütövlüyünü
qorumaqdısa, digəri yeni əsasda, tarixi dəyərlər
və təcrübə zəminində xalq maarifi qurmaq idi...
30 iyun 1918-ci ildə
respublikada xalq maarifini, məktəb təhsilini qaydaya salmaq,
milli ali, orta və ibtidai məktəb şəbəkəsi
yaratmaq, mövcud məktəbləri milliləşdirmək məsələlərini
həll edəcək qurum kimi Xalq Maarif Nazirliyinin (XMN) ştat
cədvəli və əsasnaməsi hökumətə təqdim
edildi.
Həmin ilin 2 avqustunda təsdiqlənmiş
Əsasnaməyə görə, aşağıdakı
strukturda nazirlik yaradıldı: I. Nazir. II.Nazir müavini.
III.Naziryanı şura (buraya nazir, nazir müavini, şöbə
müdirləri, dəftərxana müdiri, iclaslara dəvət
olunan mütəxəssislər, elm nümayəndələri
daxil idi). Nazir şurası aşağıdakı məsələlərə
baxırdı: a)qanunverici müəssisələrə təqdim
olunacaq qanun layihələrinin hazırlanması; b)respublikada tədris-maarif
işini və elmin inkişafını təmin edə biləcək
tədbirlərin işlənib hazırlanması; c)nazirliyin
bütün müəssisələrinin illik pul smetası;
ç)nazirliyin bütün idarə və tədris müəssisələrinin
illik hesabatı; d)nazirin şuranın müzakirəsinə təqdim
etdiyi bütün işlər və məsələlər.
IV. Məktəbləri idarə edən üç şöbə
- ali və orta, ixtisas təhsili sahələri şöbələri.
Hər şöbəyə şöbə müdiri rəhbərlik
edirdi ki, onların da vəzifələrinə
aşağıdakılar daxil idi: a)məktəblərin
inzibati və pedaqoji təftişi; b)məktəblərin yenidən
təşkili, yeni məktəblərin açılması,
köhnə məktəblərin ləğvi haqqında
planların və smetaların işlənib
hazırlanması; c)işə qəbul və azad olanların
nazirə təqdimi; ç)xidmətçilərin təyini və
azad edilməsi. V.Nazirliyin dəftərxanası.
ADC-nin ilk xalq maarifi naziri Nəsib
bəy Yusifbəyli olub.
***
Azərbaycan Demokratik
Cümhuriyyətinin təhsil sahəsində həyata
keçirdiyi ilk tədbirlərdən biri hökumətin
1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan
(türk) dilinin dövlət dili elan edilməsi idi. Azərbaycan
hökuməti ilk günlərdən başlayaraq, milli
kadrların hazırlanmasına, bu sahədə təhsilin
tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət
verirdi. Nazirliyin təhsil sahəsində həyata
keçirdiyi ilk və ən mühüm tədbirlərdən
biri məktəblərin milliləşdirilməsi oldu.
Azərbaycan Cümhuriyyəti
hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən,
bütün ibtidai tədris müəssisələrində təhsil
şagirdlərin ana dilində aparılmalı, dövlət
dili olan Azərbaycan dilinin tədrisi isə məcburi surətdə
həyata keçirilməli idi. Ali, ibtidai və orta tədris
müəssisələrində dərslər dövlət
dilində aparılmalı idi. Azərbaycan dilini bilməyən
şagirdlər üçün 3-cü və 4-cü siniflərdə
Azərbayan dili şöbələri açılmalı və
burada Azərbaycan dili elə intensiv
tədris olunmalı idi ki, iki ildən sonra həmin
şagirdlər artıq bu dildə təhsillərini davam etdirə
bilsinlər.
Cümhuriyyət hökumətinin
həyata keçirdiyi tədbirlər nəticəsində
artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda
dövlət hesabına 23 orta ixtisas təhsili məktəbi və
637 ibtidai məktəb fəaliyyət göstərirdi.
Müəllimlər
seminariyaları istisna olmaqla, 1919-20-ci tədris ilində Azərbaycanın
orta məktəblərində 9611 şagird təhsil
alırdı ki, onların da 3115 nəfəri azərbaycanlı
idi. Xalq təhsilini milli zəmin üzərində yenidən
qurmaq üçün ixtisaslı müəllim kadrları və
dərs vəsaitlərinə böyük ehtiyac var idi. O
dövrdə Azərbaycanda mövcud müəllim kadrları
və dərs vəsaiti heç də kifayət qədər
deyildi. Vəziyyətdən başlıca
çıxış yolu Türkiyədən müəllim
kadrları dəvət etmək idi.
XMN məktəbləri dərs vəsaitləri ilə təmin
etmək məqsədilə xüsusi komissiya
yaratmışdı. Həmin komissiyanın fəaliyyətinə
o dövrün görkəmli pedaqoqları Hüseyn Cavid,
Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli,
Səməd bəy Acalov, Fərhad Ağazadə, Abdulla bəy
Əfəndizadə və b. cəlb edilmişdilər.
1919-cu il sentyabrın 18-də
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə
xalq məktəbləri üçün Türkiyədən
dərs kitabları almaq məqsədilə Xalq Maarifi Nazirliyinə
bir milyon manat vəsait ayrılmışdı.
Azərbaycan Demokratik
Cümhuriyyəti hökuməti və Xalq Maarifi Nazirliyi
ölkədə Bakı Dövlət Universitetinin, Əkinçilik
İnstitutu və Dövlət Konservatoriyasının təsis
edilməsi barədə məsələ qaldırdı.
Bunlardan ancaq birini - Bakı Dövlət Universitetini açmaq
mümkün oldu.
ADC dövründə ibtidai
təhsil şəbəkəsinin genişləndirilməsi
mümkün oldu. 1919-cu ildə ölkədə dövlət
hesabına 15 ali ibtidai məktəb fəaliyyət göstərirdi.
Bakı, Gəncə,
Xalq maarifinin milli konsepsiyada təşkili
ön plana çəkildi; ümumi icbari təhsil layihələri
hazırlandı; kənd və şəhərlərdə
yeni məktəblər açıldı. Məktəbin tərəqqisinin
müəllimlərlə bağlı olduğunu dərk edən
nazirlik milli məktəblər üçün müəllim
hazırlanması probleminin həllini darülmüəllimlər
şəbəkəsinin genişləndirilməsində
görürdü.
Artıq 1919-cu ildə Azərbaycanda
23 dövlət orta təhsil müəssisəsi vardı: 6
kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3
müəllimlər seminariyası, 3 "Müqəddəs
Nina" qız məktəbi, politexnik məktəb və
kommersiya məktəbi. Bakı Qadın Seminariyası kişi
seminariyasına çevrildi, orada təhsil alanlar
üçün (40 nəfər idi) pansion açıldı.
1918-1919-cu illərdə Gəncə
Müəllimlər Seminariyası milliləşdirilmiş,
Bakıda Darülmüəllimin və Darülmüəllimat,
Nuxada Darülmüəllimin açılmış, Zaqatala,
Ağdam və Şuşada belə tipli müəssisələrin
yaradılması nəzərdə tutulmuşdu.
Qori Müəllimlər
Seminariyasının Azərbaycan şöbəsinin
bütün kitablarını, avadanlığını və
vəsaitini vaqonlara doldurub 1918-ci il sentyabrın 1-də Qazax
şəhərinin 9 kilometrliyində olan Ağstafa
stansiyasına gətirmişdilər. Bütün bu işlər
F.B.Köçərlinin rəhbərliyi və bilavasitə
iştirakı ilə görülmüşdü. Sentyabrın
17-də seminariyada dərslər başlanmış, Firudin bəy
Köçərli Qori Seminariyasının məzunları
Y.Qasımov, İ.Vəkilov, Ə.Hüseynov, M.Hüseynovu
müəllim sifəti ilə seminariyaya cəlb etmişdi.
Cümhuriyyət
dövründə maarif sahəsində fəaliyyət təkcə
bunlarla məhdudlaşmırdı. Tədqiqatların nəticələrində
qeyd olunur: Azərbaycan Demokratik Cümhuriyyəti zamanı Xalq
Maarifi Nazirliyi bir tərəfdən xalqın gələcəyini
təmin edə biləcək ürfan ordusunun
hazırlanması üçün ali, orta və ibtidai məktəblər
açır, kurslar təşkil edir, digər tərəfdən
nəşriyyat - tərcümə komissiyasının köməyi
ilə dərsliklər, tədris vəsaitləri
hazırladıb çap etdirirdi.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təhsil sahəsində uğurlu tədbirlərindən biri də təhsil tariximizdə ilk dəfə olaraq dövlət səviyyəsində məktəbəqədər tərbiyə müəssisələrinin nümunəsini yaratması idi. Bu dövrdə peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin təşkili, yaxud mövcud olanların inkişaf etdirilməsi sahəsində də konkret addımlar atıldı.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və parlamenti təkcə mümkün olanların deyil, hətta o zamana görə mümkünsüz sayılan bir çox ümummilli problemlərin həllində real addımlar atmış, yaxud da tariximizin ondan sonrakı dövrlərində həyata keçirilmiş çoxsaylı maarif, təhsil, mədəniyyət məsələlərinin təməlini, əsasını qoymuş, görüləcək bir çox işlərin ilkin layihələrini hazırlamış, ideya əsaslarını vermişdir.
Azərbaycanda dövlət
universitetinin açılması haqqında rəsmi qanun
1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti tərəfindən
qəbul olunmuşdur. Tarix-filologiya, fizika-riyaziyyat, hüquq və
tibb fakültələri olacaq ali məktəbdə ilk dərslər
həmin il noyabrın 15-də başlamışdır.
Ali təhsil sahəsində
ADC-nin fəaliyyəti təkcə Bakı Dövlət
Universitetini yaratmaq, bu yolla ölkə üçün
yüksək ixtisaslı kadrlar hazırlamaq məsələsini
həll etməklə məhdudlaşmamışdır.
Xaricdə ali təhsilli
mütəxəssis hazırlığı məsələsi
dövlət və hökumət səviyyəsində
müzakirə obyekti oldu.
"Azərbaycan
Parlamenti 1919-cu il sentyabrın 1-də Bakıda dövlət
universitetinin açılması haqqında qanunla bərabər,
1919-20-ci tədris ilində dünyanın müxtəlif ali məktəblərində
dövlət hesabına təhsil almaq üçün 100 nəfər
azərbaycanlı gəncin xaricə göndərilməsi
haqqında da qərar qəbul
etdi. Bunun üçün 7 milyon manat vəsait ayrıldı.
Avropa ali məktəblərinə göndərilən hər
tələbəyə 400 frank təqaüd təyin olundu və
1000 frank yol xərci ayrıldı. Dövlət hesabına təhsil
alacaq tələbələr ali məktəbi bitirdikdən
sonra dörd il icbari qaydada Azərbaycan hökumətinin təyinatına
əsasən göndərildiyi yerdə işləməli idilər".
Deməli: a) Azərbaycanda
XIX əsrin ortalarından tarixi ənənələr zəminində
dünyəvi - milli təhsilə maraq və meyil olmuş, bu
işdə maarifçilik hərəkatı mühüm rol
oynamışdır; b) XX əsrin əvvəllərində
sosial-siyasi, ictimai-iqtisadi sahələrdə oyanış və
intibah ümummilli hərəkatın faktorlarına
çevrilmiş, nəticədə dünyəvi təhsili
qurub inkişaf etdirmək üçün müəllim
kadrları hazırlığı vacib və ümdə amil
sayılmışdır; c) bu niyyətlə orta ixtisas səviyyəli
pedaqoji kadr hazırlayan seminariya və məktəblərin
açılması istiqamətində xüsusən ADC
zamanında uğurlu addımlar atılmış,
"dünyəvi dövlət, dünyəvi təhsil və
mədəniyyət prinsipləri ardıcıl həyata
keçirilmişdir"...
Azərbaycan
müəllimi.- 2010.- 28 may.- S.1, 8.