Azərbaycan-Latviya Təhsil Forumu
keçirildi
2010-cu ilin
24-26 may tarixlərində Bakı şəhərində Azərbaycan-Latviya
Təhsil Forumu keçirildi.
Mayın 24-də forum iştirakçıları öncə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstəsi qoydular. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olundu. Tədbir iştirakçıları daha sonra Şəhidlər xiyabanına gedərək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə qərənfillər düzdülər.
Sonra Bakı Dövlət Universitetində Azərbaycan-Latviya Təhsil Forumunun açılış mərasimi oldu. Forumdan əvvəl Latviya Respublikasının təhsil və elm naziri xanım Tatyana Koke və rəhbərlik etdiyi nümayəndə heyəti universitetdəki Heydər Əliyev muzeyi ilə tanış oldular. Muzeydə ulu öndərin zəngin həyat və fəaliyyətindən, BDU-da təhsil aldığı illərdən bəhs edən sənədlərlə, fotoşəkillərlə tanışlıq qonaqlarda xoş təəssüratlar yaratdı. Azərbaycan və Latviya ali təhsil müəssisələrinin informasiya stendləri ilə tanışlıqdan sonra forum öz işinə başladı.
Təhsil naziri Misir Mərdanov
forum iştirakçılarını salamlayaraq Latviya
Respublikasının təhsil və elm naziri Tatyana Kokeni və
onun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanda
görməyindən məmnunluq hissi keçirdiyini söylədi.
Nümayəndə heyətinin tərkibində Latviya
Respublikası Təhsil və Elm Nazirliyinin məsul şəxslərinin,
bu ölkənin bir neçə universitet və qeyri-universitet
tipli özəl ali təhsil
müəssisəsi rektorları və digər əməkdaşların
olduğunu deyən təhsil naziri onları forum
iştirakçılarına təqdim etdi.
Azərbaycanla Latviya arasında mövcud dostluq əlaqələrindən söz açan təhsil naziri ölkələrimiz arasında belə bir yüksək səviyyədə keçirilən Təhsil Forumunun hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Nazir forumun keçirilməsində əsas məqsədin Latviyanın ali təhsil sistemi ilə tanış olmaq, bu ölkənin təhsil qurumları ilə Azərbaycanın təhsil qurumları arasında əlaqələr qurmaq, ali məktəblər arasında müqavilələr, sazişlər imzalamaq, elm sahəsində əməkdaşlıq, həmçinin müəllim- tələbə mübadilələri həyata keçirmək və digər məsələlərin müzakirə edilməsi olduğunu qeyd etdi. Forumun, eyni zamanda hər iki ölkənin ali təhsil müəssisələrinin nümayəndələri arasında əməkdaşlıq üzrə təcrübə və perspektivlərin müzakirə edilməsi baxımından da səmərəli olacağını bildirdi.
Təhsil naziri Misir Mərdanov
sonra "Azərbaycanda təhsil" mövzusunda geniş məruzə-təqdimatla
çıxış etdi.
Nazir öncə ölkəmiz
haqqında qonaqlara məlumat verərək, 2009-cu ilin
yekunlarına görə Azərbaycanın dünya
miqyasında ən sürətlə inkişaf edən ölkələr
sırasında olduğunu bildirdi. Ölkəmizin
bütün sahələrdə
uğurlu inkişafından danışan təhsil naziri
xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə də toxundu.
Qeyd olundu ki, konflikt nəticəsində Azərbaycanın tərkib
hissəsi olan Dağlıq Qarabağ və onun ətrafındakı
7 rayon işğal olunmuş, 1 milyondan çox azərbaycanlı
qaçqın və məcburi köçkün
düşmüş, 20 mindən çox insan həlak, 50 min
nəfər əlil olmuşdur. Bu hadisələrdə Azərbaycanın
təhsil sisteminə də böyük ziyan dəymiş,
işğal olunmuş ərazilərdə 1 ali məktəb,
3 ali məktəb filialı, 6 orta ixtisas, 693 orta və texniki
peşə məktəbi, 855 uşaq bağçası
dağıdılmışdır. Həmin faktları
qonaqların nəzərinə çatdıran nazir qeyd etdi
ki, ölkə başçısı cənab İlham Əliyevin
bu problemin həlli istiqamətində apardığı
işlər dünya ölkələrinin də diqqətindədir. Təhsil naziri
tezliklə torpaqlarımızın geri
qaytarılacağına ümidvar olduğunu bildirdi.
Azərbaycanın təhsil
sistemi haqqında geniş məlumat verən nazir Misir Mərdanov
ölkəmizdə təhsilin ən prioritet sahələrdən
biri olduğunu söylədi. Təhsilin bütün pillələri
əhatə olunmaqla hazırlanmış xüsusi cədvəllər,
təhsil sistemi haqqında məlumatlar ekranda forum
iştirakçılarına nümayiş etdirildi. Təhsillə
bağlı 16 Dövlət Proqramının həyata
keçirildiyini qeyd edən nazir bunların hər biri barədə
ayrı-ayrılıqda danışdı. Məruzə-təqdimatda
son illərdə təhsilin inkişafı sahəsində əldə
edilən nailiyyətlərdən geniş bəhs olundu. Azərbaycanda
ali təhsilin inkişafı, yeniləşməsi ilə
bağlı görülən işlər barədə də
ətraflı danışıldı. Ölkəmizin təhsil
sistemi barədə müfəssəl məlumat verən nazir
Misir Mərdanov çıxışının sonunda forumun Azərbaycanla Latviyanın təhsil
sahəsində əlaqələrinin
genişləndirilməsində, inkişaf etdirilməsində
mühüm rol oynayacağını bildirdi.
Çıxış üçün söz alan Latviya Respublikasının təhsil və elm naziri Tatyana Koke nümayəndə heyətinin adından səmimi qarşılandıqlarına görə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova təşəkkür etdi. Azərbaycanla təhsil sahəsində əməkdaşlıqda maraqlı olduqlarını söyləyən Tatyana Koke bu forumda böyük həvəslə iştirak etdiklərini bildirdi.Nazir ölkələrimizin ali təhsil sistemində oxşar cəhətlərin olduğunu dedi. Sonra latviyalı nazir forum iştirakçılarını öz ölkəsinin təhsil sistemi ilə ətraflı tanış etdi. Xanım Tatyana Koke Latviyanın çoxillik təhsil ənənələrinə malik universitetləri barədə məlumat verdi, ölkəsində elmi-tədqiqat işlərinə böyük maraq göstərilməsindən danışdı. Latviya Respublikasının ali məktəblərində 13 azərbaycanlı gəncin təhsil aldığını deyən nazir onların sayının artmasını arzuladı. Tatyana Koke forumun hər iki ölkənin təhsil və elm sahələrində mühüm işlərin həyata keçirilməsində, xüsusilə ali təhsil müəssisələri arasında birbaşa əlaqələrin yaranmasında, alimlərin bir-biri ilə işgüzar münasibətlərinin qurulmasında, birgə elmi-tədqiqatların aparılmasında, müəllim-tələbə mübadiləsində mühüm rol oynayacağına ümidvar olduğunu bildirdi.
Forumda çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik, millət vəkili Abel Məhərrəmov Azərbaycanın ən qocaman ali təhsil ocaqlarından biri olan BDU-nun 90 illik tarixi dövründə əldə olunan nailiyyətlərdən danışdı.
Riqa Texniki Universitetinin rektoru, akademik İvars Knets və Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı tərəfindən də təqdimatlar edildi.
Sonra Bakı Dövlət
Universiteti ilə Riqa Texniki Universiteti arasında protokol
imzalandı.
Forumda daha sonra Azərbaycan və
Latviya təhsil işçilərinin təqdimatları oldu. Təqdimatda
öz əksini tapmış məsələlər ətrafında fikir mübadiləsi
aparıldı.
***
Mayın 25-də forum iştirakçılarının ölkəmizin bir sıra ali təhsil müəssisələrində professor-müəllim heyətləri ilə görüşləri keçirildi. Azərbaycan-Latviya Təhsil Forumu mayın 26-da başa çatdı.
Samirə
KƏRİMOVA
Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.2.