Təlim kursunu başa vuran müəllimlərə sertifikatlar təqdim olundu

 

Artıq üçüncü ildir ki, Bakıdakı 7 pilot orta məktəbdə Təhsil Nazirliyi ilə "British Council" təşkilatının birgə ingilis dilinin intensiv tədrisi layihəsi həyata keçirilir. Layihənin icrasına başlandığı 2008-2009-cu dərs ilində pilot məktəblərin I və V, cari dərs ilində isə həmin siniflərlə yanaşı II və VI siniflərində də ingilis dili xüsusi tədris planı və proqramı əsasında intensiv şəkildə öyrədilib. Bununla əlaqədar 2008 və 2009-cu illəri əhatə edən iki mərhələnin hər birində pilot siniflərində işləyən 55 nəfər ingilis dili müəllimi Böyük Britaniya məktəblərində tətbiq olunan dərslik və dərs vəsaitlərindən istifadə edilməklə müvafiq treninqlərdən keçirilib. Növbəti dərs ilindən pilot məktəblərinin III və VII sinifləri də layihəyə qoşulacaq. Bu məqsədlə layihənin üçüncü mərhələsi çərçivəsində ingilis dili müəllimləri üçün növbəti treninq keçirilib. 7 pilot məktəbinin bütün ingilis dili müəllimlərinin cəlb olunduğu bir həftəlik təlim kursunu ötən il olduğu kimi bu il də Böyük Britaniyadan gəlmiş mütəxəssis Cülyetta Şonmən aparıb.

Mayın 21-də Bakıdakı 23 nömrəli məktəbdə təlim kursunun başa çatmasına və həmin kursu bitirmiş 110 ingilis dili müəlliminə sertifikatların verilməsinə həsr olunmuş mərasim keçirildi.

Mərasimi giriş sözü ilə açan "British Council" təşkilatının proqramlar üzrə meneceri Gülşən Hüseynova layihənin əhəmiyyətini qeyd edib, onun icrası istiqamətində görülən işlərdən danışdı.

Sonra Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov layihə üzrə növbəti treninqi uğurla başa vurmaları münasibəti ilə ingilis dili müəllimlərini təbrik etdi. Təhsil Nazirliyinin layihəyə böyük önəm verdiyini, onun həyata keçirilməsinə xeyli vəsait ayırdığını deyən şöbə müdiri layihə çərçivəsində fəaliyyət göstərən müəllimlərin kifayət qədər bacarığa və təcrübəyə yiyələndiyini söylədi. Qeyd etdi ki, ötən il aparılan monitorinqlər bir sıra müəllimlərin qarşıya qoyulan məqsədlərə nail olmaqda çətinlik çəkdiklərini aşkarlasa da, bütövlükdə layihə uğurla həyata keçirilir. Gələcəkdə layihənin əhatə dairəsinin daha da genişləndiriləcəyini deyən F.Qədirov monitorinqlərin nəticələrinin pilot məktəblərində müzakirəsinin təşkilini həmin məktəblərin tədbirdə iştirak edən direktorlarına tövsiyə etdi.

Tədbirdə çıxış edən britaniyalı mütəxəssis Cülyetta Şonmən də təlim kursunu başa vurmuş müəllimləri təbrik edib onlara ürək sözlərini çatdırdı, bəzi tövsiyələr verdi.

Sonra F.Qədirov və Conmən treninqdən keçmiş müəllimlərə sertifikatlar təqdim etdilər.

 

 

Y.ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.3.