Beynəlxalq Mendeleyev Olimpiadasının qızıl medalçısı

 

Xəbər verdiyimiz kimi, bu ilin mayında Bakıda məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası keçirilib. Dünyanın 14 ölkəsinin şagirdlərinin qatıldığı bu olimpiadada azərbaycanlı şagirdlər bir qızıl, üç bürünc medal qazanıblar. Bilik yarışında ölkəmizi təmsil edən 12 məktəblidən biri - Lənkəran Özəl Türk Liseyinin şagirdi Aqil Əzimzadə Beynəlxalq Mendeleyev Olimpiadasının qızıl medalına layiq görülüb. Elə bu yazımızda da qızıl medallı Azərbaycan məktəblisi haqqında bir qədər ətraflı söhbət açmaq istəyirik.

 

Aqil 1993-cü ildə Lənkəran rayonundakı Veravul kəndində dünyaya göz açıb. O, VI sinfə kimi Veravul kənd orta məktəbində oxuyub. Sonra Lənkəran Özəl Türk Liseyinin VII sinfinə qəbul olub. Hazırda həmin liseyin XI sinfində oxuyur.

A.Əzimzadə "əla" qiymətlərlə oxumaqla bərabər, öz əxlaqı, davranışı, səmimiliyi ilə liseyin müəllim və şagirdlərinin dərin hörmətini qazanıb.

O, 2008-2010-cu illərdə respublika kimya olimpiadalarında gümüş və qızıl medallara layiq görülüb.

2008-ci ildə Cənubi Koreya Respublikasında kimya, fizika və biologiya fənləri üzrə keçirilən V Beynəlxalq Elm Olimpiadasında 3-cü yeri tutaraq bürünc medalın sahibi olub.

2009-cu ilin aprelində Türkmənistanda keçirilən 43-cü Beynəlxalq Mendeleyev Olimpiadasında və elə həmin ilin iyulunda İngiltərədə təşkil olunan kimya üzrə Dünya Olimpiadasında da bürünc medal qazanıb.

Nəhayət, 2010-cu ilin mayında Bakıda məktəblilərin kimya üzrə keçirilən 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasında 3 turun nəticəsinə görə ən yüksək bal toplayan Aqil qızıl medala layiq görüldü.

Həmin olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi başa çatdıqdan sonra tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, təşkilat komitəsinin həmsədri Valeri Vasilyeviç Lunin, kimyaçı alim, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov Aqil Əzimzadəni və bürünc medala sahib çıxmış şagirdlərimizi bu möhtəşəm bilik yarışında uğur qazanmaları münasibəti ilə şəxsən təbrik etdilər.

Yeri gəlmişkən qeyd edim ki, bu olimpiadanın bağlanış mərasimində mən də iştiraki edirdim. Elə burada Aqillə görüşdüm, onu "Azərbaycan müəllimi" qəzeti redaksiyasının rəhbərliyi adından təbrik etdim, həyatda cansağlığı, təhsilində uğurlar dilədim.

Bu günlərdə isə Aqillə telefon əlaqəsi yaratdım. Onunla bir xeyli söhbət etdik. O, yüksək təhsil alması üçün hər cür şəraitin yaradıldığına görə ölkə Prezidenti cənab İlham Əliyevə, təhsil naziri Misir Mərdanova öz dərin təşəkkürünü bildirdi. Atası Adil kişiyə, oxuduğu Lənkəran Özəl Türk Liseyinin kimya müəllimi Yaqub Özkelikə,  Bakı Dövlət Universitetinin kimya müəllimi Xamməd Əsədova, Qafqaz Universitetinin müəllimi Yusif Abdullayevə yüksək bilik əldə etməsində hər cür köməklik göstərdiklərinə görə minnətdarlıq etdi. Sonra Aqil sevincək halda onu da fəxrlə qeyd etdi ki, artıq mən Kanadanın Alberta Universitetinin kimya mühəndisliyi fakültəsinə qəbul olunmuşam. Hazırda isə iyulda Yaponiyanın Tokio şəhərində kimya üzrə keçiriləcək Dünya Olimpiadasına hazırlaşıram. İnanıram ki, buradan da medalla qayıdacağam, valideynlərimin, müəllimlərimin  zəhmətini  itirməyəcək, başlarını uca edəcəyəm...

Biz Aqil Əzimzadəyə bütün bu möhtəşəm məsuliyyətli işlərində uğurlar diləyir, ona daha uca zirvələr fəth etməyi arzulayırıq.

 

 

Ədalət DAŞDƏMİRLİ 

 

Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.24.